Sağlığında özünə ehsan verən, lənətlənmiş evdə yaşayan Xalq artisti

Sağlığında özünə ehsan verən, lənətlənmiş evdə yaşayan Xalq artisti
14 may 2024
# 14:00

Bu gün tanınmış tarzən Bəhram Mansurovun anım günüdür.

Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub. İlk təhsilini mədrəsədə, sonra isə rus-tatar məktəbində alıb. 1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə xalq musiqi alətlərinin ilk notlu orkestrinə dəvət olunub. Bir müddət keçdikdən sonra Maqomayevin təklifi ilə Bəhramı Radio Komitəsində birinci dərəcəli tar ifaçısı kimi işə götürülüb.

Gallery

Bəhram Mansurov uşaqlıqdan evlərində təşkil olunan musiqi məclislərinin şahidi olub. Babası Məşədi Məlik dövrünün açıq fikirli şəxslərindən biri, həm də istedadlı musiqişünas, mahir çalğıçı idi. Hər axşamçağı İçərişəhərdəki evlərinin pəncərələrindən muğamların və xalq mahnılarının ecazkar, həzin melodiyaları dalğa-dalğa axıb bütün küçəyə yayılanda qonşuluqda yaşayan molla: "Allah sizə qənim olsun, bu evdə şeytan yuva salıb" - deyə qəzəblə lənət yağdırardı.

***

Evlərində çoxlu tar var olub. Atası evdən bir yerə gedən kimi az yaşlı Bəhram dərhal divardan asılan tarlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asarmış. Məşədi Süleyman evə qayıdanda Bəhramın tara toxunduğunu başa düşər və "mənim tarıma kim toxunub? "- deyə soruşardı. Bəhram da günahını boynuna alaraq "hardan bildin ki, mən toxunmuşam" - deyə uşaq məsumluğu ilə soruşar, atası "tarın kökündən" - deyə cavab verərdi.

İlk dəfə YUNESKO-da Azərbaycan muğamlarını təmsil edən musiqiçi məhz Bəhram Mansurov olub. 1967-ci ildə Bakıya gələn bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi nümayəndələri Alen Daniyelu və Jak Klark bir çox musiqiçilərin ifasında Azərbaycan muğamlarını dinləmiş və yalnız Bəhram Mansurovun çalğısını bəyənmişlər. O vaxtdan YUNESKO-nun rəsmiləri Bəhram Mansurovla sıx əməkdaşlıq etməyə başlayırlar. Bu təşkilatın xətti ilə Bəhramın ifasında 2 val buraxılır.

***

Bəstəkar Fikrət Əmirovla çox yaxın dost olublar. YUNESKO-nun siyahısına düşmə xəbərini də Bəhram müəllimə ilk dəfə Firkət Əmirov xəbər verib.

Gallery

“O, olmasın, bu olsun” filmindəki toy səhnəsindəki tarzən rolunu Bəhram Mansurov canlandırıb. Filmdə o, böyük muğam ustadı Xan Şuşinskini müşayiət edib.

***

Deyilənə görə Bəhram Mansurovun adı sağlığında bir neçə dəfə fəxri ad siyahısından çıxarılıb. Bu səbəbdən də bir neçə dəfə infarkt da keçirib. Oğlu, bəstəkar Eldar Mansurov müsahibələrinin birində bu məsləyə toxunaraq deyir: Atam bu kimi məsələlərin fikrini çəkən adam olmayıb. Düzdür, xoşagəlməz hal idi. Təsəvvür edin ki, 1956-cı ildə ona əməkdar artist, 1978-ci ildə, iyirimi iki ildən sonra isə xalq artisti adı verilib. Atamın bütün tələbələri xalq artisti olmuşdu, o isə yox. Yəni müəyyən adamlar vardı ki, onu vururdular, ad almasına imkan vermirdilər. Adamlar vardı ki, atama doğurdan da yaxşılıq etmək istəyirdilər, adların siyahısı açıqlanan gündən bir gün əvvəl zəng vurub xəbər edirdilər ki, sabah adın siyahıda çıxacaq. Səhəri gün atam qəzeti alırdı, görürdü ki, adı siyahıda yoxdur.”

Gallery

Bəhram müəllim dörd dəfə infarkt keçirib. Onun evi beşinci mərtəbədə yerləşib. İlk infarktdan sonra pillələri düşüb-qalxmaqda çətinlik çəkirmiş. O, hər dəfə işdən gələndə ailə üzvlərindən kimsə əlində stul onu qarşılamağa düşürmüş. Hər mərtəbədə stul qoyurmuşlar, o, dincini alıb sonra o biri pilləkəni çıxırmış. Beş mərtəbəni yarım saata qalxırmış. Bundan sonra oğlu Eldar Mansurov hər mərtəbədə onun üçün divara bərkidilmiş stul düzəldir.

***

Bir dəfə Bəhram Mansurov təsadüfən işə - filarmoniyaya gəlməyib. Bəhram Mansurovun gecikməsini ağlına gətirməyənin biri deyib ki, kişi yəqin vəfat edib. Bu yəqin söhbəti ağızdan ağıza həqiqət kimi yayılıb. Kollektiv yığışıb gediblər Bəhram Mansurovgilə. Gəlib toplaşıblar həyətə, kədərin ağırlığından kimsə yuxarı çıxa bilməyib. Axırda ustadın yetirməsi hətta Bəhram Mansurova "papaşa” deyən Sərvər İbrahimovu göndəriblər ki, sən bu ailəyə daha yaxınsan. Qapını onun üzünə Bəhram Mansurovun özü açıb, əvvəlcə yerində donan Sərvər birdən başlayıb ağlamağa. Ustad heç nə başa düşməyib. Sərvərin işarəsi ilə pəncərədən həyətə boylananda məsələni anlayıb. Həmin gün Bəhram Mansurov çağırılmamış qonaqlara restoranda qonaqlıq verib.

***

Alim Qasımovun dünya miqyasında tanınmasında Bəhram Mansurovun böyük rolu olub. O, Alim Qasımovu 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumuna aparır. Orda onu təqdim edir. Bundan sonra hamı Alimi tanıyır.

***

Qırx yaşı olanda oğlu Eldar dünyaya gəlib. Oğlunun doğulmasına görə çox sevinən tarzən sevincini bu sözlərlə ifadə edib: Elə bil dünyaya ikinci dəfə gəlmişəm.

Gallery

Həyat yoldaşını çox sevib. Xanımı ondan məhz onun üçün segah ifa etməsini arzulayıb. Bəhram müəllim onun bu arzusunu yerinə yetirib, xanımının arzuladığı segahı tarda ifa edərək lentə yazdırıb.

***

Ölümündən iki həftə əvvəl həkimlər ona təcili əməliyyat təyin ediblər. Evindən son dəfə çıxanda qayıdıb yarım saat tar çalıb. Sonra tarını divardan asaraq deyib: “İllərin dostu, bir də səninlə iki həftədən sonra görüşəcəyik”.

Lakin, Bəhram Mansurov əməliyyatdan sağ çıxsa da, sonradan vəziyyəti pisləşir və 1985-ci il mayın 14-də dünyasını dəyişir. Yasamaldakı köhnə qəbiristanlıqda dəfn olunur.

# 919 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #