Kulis.az Həcər Paşayevanın “407 dərəcəli çevrə” adlı yeni hekayəsini təqdim edir.
- Salam.
- Salam.
- Necəsiniz?
- Yaxşıyam, sağ olun…
- Evdən çıxıb bir yerə gedə bilirsiz?
- Demişdim axı, tibb bacısıyam. Bizə icazə var…
Onlar sosial şəbəkədə yenicə tanış olmuşdular. Aytənin tanış olduğu ilk adamdı Fərhad. Fərhadın isə dostluğunda minəcən tanışı vardı. Karantin başlayandan işləmək icazəsi olduğu üçün Aytən hər gün evdən çıxır və bomboş şəhər, adamsız küçələr ürəyində qüssə və sıxıntı, hüzn yaradırdı. Televizorda baxdığı xəbərlər üzüntüsünü daha da artırırdı. Bu arada qardaşı qızı ona baş çəkəndə dedi:
- Bibi, sənə sosial şəbəkədə səhifə yaradım. Maraqlıdır. Çoxlu dostlar taparsan. Yazışarsan, başın qarışar.
- Niquşum, neyləyirəm dostları? Lazım deyil. İnternetdə o qədər maraqlı məlumatlar olur ki. Hövsələm olanda, vaxtım olanda baxıram, - deyə Aytən etiraz etdi.
Təkcə dostlar deyil ki. Hər şey var. Yeniliklər, paylaşılan fikirlər... Maraqlıdır, bibi. Səhifəni yaradırsan, sonra yavaş-yavaş özü gedəcək,-deyə qardaşı qızı onu razı sala bilmişdi.
Səhəri gün işdən gələndən sonra noutbuku açdı. Bir neçə dostluq təklifi göndərən olmuşdu:
- Çoxu kişidir. Nə bilim, hansı yuvanın quşudurlar? – deyib noutbuku söndürdü və yerinə uzandı. İşdə bərk yorulmuşdu. Başını yastığa qoyan kimi ismarıc səsindən diksinib telefona baxdı. Messengerə yazmışdılar. İlk dəfə idi ki, buradan ismarıc gəlirdi:
- Tanış olaqmı? Dostluğumu qəbul edin. Lütfən. Yazışaqmı bir az?
Gözünü zilləyib bir müddət baxdı. Pis iş tuturmuş kimi oldu. Sanki hamı onu görürmüş kimi həyəcanlandı. Bir az düşünüb yazdı:
- Sizi tanımıram. Nə yazışacağıq?
İsmarıcı göndərən kimi də: “Nə mənasız söz yazdım”, - deyə düşündü.
- Tanış olsaq, yazmağa nəsə tapılar. Məsələn, mənim adım Fərhaddır. İxtisasca terapevtəm. Özəl klinikada işləyirəm. Qırx iki yaşım var. İlişkim yoxdur.
“Terapevt” sözü onu cəsarətləndirdi sanki. Yazdı:
- Tibb bacısıyam. Dövlət xəstəxanasında işləyirəm.
-Aha, gördünüzmü? Eyni sahənin adamlarıyıq. Təvəllüdünüz 1983, Ailəli deyilsiz, yəni ilişkiniz yox... Bakıda yaşayırsız.
- Aa, nə danışırsız? Ailəli olmamağım da yazılıb? Uff.
- Feysbuk səhifəsində məlumatları özünüz yazmamısınız?
- Yox, dünən qardaşım qızı yazıb. Bilmirdim ki, bu məlumatları da yerləşdirib. Xatakar.
- Hirslənməyin, Aytən xanım. Yalan yazmayıb ki. Şəkildəki də özünüz olarsız, yəqin.
- Yox, qonşunun şəklidir..
- ))))))
- Balıq skeleti nə üçündür?
Yarım mötərizələrin daha uzunu yenə ekranda göründü və ardınca:
- Bunlar gülüşü bildirir feysbuk dilində, - deyə qarşı tərəf yazdı.
Söhbət davam etdikcə yuxusu qaçdı. Yad kişi ilə danışmaq ona çox namünasib və xoşagəlməz görünürdü. Əri öləndən sonra oğlu ilə tək qalmış, çox qapalı və fərəhsiz yaşamışdı. Hər gün ancaq iş, ev qayğıları... Oğlunun məktəb hazırlıqları... Hərdən rəfiqələri və qohumlarla gəzintiyə çıxır, məclislərə gedirdi. Evə gələndə isə soyuq divarlar onu məngənə kimi sıxırdı. İki gündən bir lap yaxında yaşayan dayısıgilə qaçıb orda qalan oğlunun xətrinə dəymirdi:
- Ürəyi istəyir, qoy qalsın. Ora tünlükdür, nənəsi, dayısı uşaqları ilə gününü keçirir. Heç olmasa, oğlum sıxıntı çəkməsin,- deyirdi...
Fərhad yenə:
- Üzr istəyirəm, neçə gündür, yazışırıq, arada sizin tibb işçisi olmanızı unutdum, deyəsən.
- Unutmayın ..
- Əmrmi?
- Yox, nə əmrdir, nə xahiş. Sadəcə təklif...
Qarşı tərəfdə fasilə yarandı və dialoqu özü davam etdirdi:
- Bu karantinin sonu necə olacaq? Nə vaxt bitəcək? Hərə bir söz deyir. Bilmirsən, kimə inanasan?
- Öz intuisiyanıza inanın. Qorxmayın, hər şey yaxşı olar.
- Olar, - deyirsiz. Demək, o qədər də yaxşı olmayacaq.
- Siz, müasir xanımsız. Reallığı qəbul etmək lazımdır. Xəstəlik tam aradan qalxsın...
- Təkcə xəstəlik deyil axı. Deyəsən, insanların qoluna çip yerləşdirməklə bitirəcəklər koronanı. Hələ tərkibi bilinməyən peyvənd.
- Aha. Bunlardan danışmasaq, olmazmı?
- Nə danışırsız? Oğlum var. Onu, bəşəriyyəti düşünmək lazımdır. Çip bizi tam nəzarət altına alan, robota çevirən bir şey olacaq, məncə. Məsələn, biri hirslənib kiməsə bir söz demək istəsə, çipi həyəcan siqnalı qaldıracaq və çip idarəetmə mərkəzindən (ÇİM) ötürülən siqnal o adamı sakit quzuya çevirəcək. Bəlkə, birinin xanımına kimsə sataşır elə. Hirslənməyəcəkmi?
- Ooo, afərin, Aytən xanım. Çox kreativ düşünürsüz.
Bu haqda qənaətlərini ilk dəfə idi ki, kimləsə bölüşürdü:
- Qərbin ali qanını xilas etmək cəhdi də var. Şərqdəkiləri uzun yaşamaqdan məhrum etmək, əhalisini tamam seyrəltmək çoxdankı arzularıdır. ÇİM əhalinin çoxalmasını da nəzarətə götürəcək.
- Oxuduqlarınız sizi yaman qorxudub, deyəsən.
- Qorxu deyil, düşündüklərini deyirəm. Hələ, bəlkə də, yemək –içməyimizə də nəzarət edəcəklər. Məsələn, beş tikə yedinsə, altıncıya əl uzadanda həyəcan siqnalı əlini yanına salacaq.
- )))))))
- Nəyə gülürsüz? Olmazmı?
- Hər şey olar. Ancaq bu, ağlıma gəlməmişdi. Çox erudisiyalı xanımsız. Qorxmayın, özümüzünkülərin razılığı olamasa, o cür çip gəlməz bizə... Ümumiyyətlə, heç bir xətər gəlməz.
- ÜST-ün rəhbəri Tedros Gebreyesusun soyadını ilk dəfə bilirsinizmi, necə oxumuşdum? - Gəbərəsuz. “Aa, Gəbərəsizmi? Bunu səhiyyə təşkilatına başçımı qoyublar? Bu adamı yox , “Yaşıyasuz” adlı birini təyin etmək lazım idi,” - demişdim. Qızlar çox gülmüşdülər...
- ))))))))
...Tanış olduqları vaxtdan bir həftədən çox keçirdi.. Aytən artıq işdən çıxanda ayaqlarını sürüyə-sürüyə gəldiyi evinə könülsüz gəlmirdi. İçəri girən kimi Fərhadın ismarıclarını axtarırdı. Bu gün istirahət günü idi və o, bekardı. Fərhad isə xəstəxanada növbətçi olacağını bildirmişdi. Yazışmaq imkanı məhduddu. İndi hiss etdi ki, onun ismarıcları üçün darıxır. Bərk qorxuya düşdü:
- Mən neyliyirəm? Bu mənə lazımmı? Bu adam kimdir axı? Oğlum var. Onu, ancaq onu düşünməliyəm.
Nahar fasiləsinə az qalmış telefonun səsinə dəli kimi mətbəxə qaçdı. O idi.
- Salam. Aytən xanım, neyliyirsiz?
- Heç nə. Bekaram. Gərək evdə bir neçə kitab saxlayaydım. Evi təmir etdirəndə qardaşımgilə apardım hamısını. Qalıb orda.
- Necə kitabları sevirsiniz? Mən sizə kömək edə bilərəm. Axı ədəbiyyat həvəskarıyam. Məsələn, indi “Ovod”u ikinci dəfə oxuyuram. Orta məktəbdə oxumuşdum.
- “Ovod”u mən də orta məktəbdə oxumuşdum. Arturun Cemmaya yazdığı məktubu əzbər bilirdim. “Əzizim Cim, mən sizi saçlarınızı siçan quyruğu hördüyünüz vaxtdan sevirdim.” Hər ikisinin uşaqlıq şeiri də vardı:
Mən bir xoşbəxt kəpənəyəm.
Yaşasam da, ölsəm də...
- Qəribə yaddaşınız var. “Ovod”u yenidən oxumaq istərdinizmi?
- İstərdim. Yoxumdur. İndi kitabxanalar işləmir. Elektron variantdan isə oxumağı sevmirəm. Heyif deyilmi kitab? Vərəqləyəsən. Kağız qoxusu... Uzun illərin gözəl vərdişi.
- Gəlin belə edək. Mən kitabı bu gün axşama bitirəcəm. Axırıncı səhifələri oxuyuram. Sabah işdən çıxanda görüşək, verim, siz də oxuyun.
“Görüşək”... Bütün qanı sifətinə vurdu. Qulaqlarınacan qızardı. Ürəyi sanki yerindən çıxacaqdı.
- Aytən xanım...Niyə dinmirsiz? Vaxt tapıb gələ bilərəm sizə görə. İşdən sonra.
- ...
- Sabah saat yeddidə sizi “Gənclik” metrosunun yanında gözləyəcəm.
- Yox, gəlməyin. Gələ bilmərəm. Mən gələ bilmərəm. Bilmərəm...
- Noolub? Bir kitabı almaq cinayətmi? Bu qədər həyəcanlanmaq nəyə lazım? “Bilmərəm. Bilmərəm.” Bağışlayın, getməliyəm. Fasilə bitdi. Demək, saat yeddidə.
Fərhad onun fikrini yazmasına imkan vermədən telefonu söndürdü. Aytən əlində telefon donub qalmışdı. “Niyə yazmağa imkan vermədi? Kobud adamdır. Özündən razı. Getməyəcəm. O qədər gözləsin ki.”
Nə axşam, nə də gecə Fərhadın telefonu onlayn olmadı. Aytənin yazdığı ismarıclar cavabsız qaldı.
Səhər işə gedəndə güzgünün qarşısında dayanıb hər günkü sadə makiyajını etdi. Həmişə saçlarını açıq qoyurdu. İndi lap yeniyetmə vaxtlarındakı kimi yığıb atquyruğu bağladı. Sifəti bir anda dəyişdi. Xəstəxanada iş yoldaşları:
- Aytən, niyə saçını həmişə belə yığmırsan? On yeddi yaşlı yeniyetmələrə oxşayırsan. Yaxşı yaraşır, - deyə heyranlıqlarını bildirdilər.
Tərifləri eşitdikcə iki hissin əlində girinc qalırdı:
- Düzmü etdim? Deyən gərəkdi ki, ora getmək fikrin yoxdur, niyə bu qədər həyəcanlısan? Gərək saçımı belə yığmayaydım. Bu adam, bəlkə, manyakın biridir? Şəkildən pis adama oxşamır. Ay Allah, neyliyim?
Yadına Fərhadın sözləri düşdü: “Həmişə ürəyinin sözünə qulaq as”. Ürəyinin nə dediyindən isə başı çıxmırdı. “Get, getmə”- hökmü onun üçün Hamletin: “Olum, ya ölüm?”- sualına dönmüşdü.
İşdən çıxanda ayaqları onu düz “Gəncliy”ə apardı. İş yerinə yaxın idi. Ora necə çatdığını bilmədi. Yeddiyə on beş dəqiqə qalmışdı. Telefonuna mesaj gəldi:
- Mən “Gənclik”dəyəm. Qırmızı yaylıqlı sizsinizmi? Qara plaşda.
- Bəli, nə bildiz?
- ))) Axı orada beş-altı adam var. Sizdən başqa o birilər kimisə gözləyənə oxşamırlar.
O, gözünü telefondan çəkməmiş qarşısında ağ rəngli maşın dayandı.
Fərhad əlində kitab yaxınlaşanda Aytən özünü soyuqqanlı göstərməyə çalışaraq etinasız və soyuq baxışlarını gah kənara, gah ona dikdi. Fərhadı bu qədər karizmalı və yaraşıqlı təsəvvür etmirdi. Onun gözlədiyi adam hündürboy, gicgahları bir az ağarmış qara saçlı, əsməri sifətli, çox zövqlə geyinmiş və gözəl biri idi.
- Salam Aytən xanım. Necəsiniz? Sizi çox yubatmadım ki?
- Yox, mən işdən piyada gəldim. Təzəcə çatmışam.
- Bildim, piyada gələcəksiniz və elə bu vaxt çatacağınızı düşünmüşdüm. Ona görə on beş dəqiqə tez gəldim.
- Düzü, heç sizə əziyyət vermək istəmirdim. Ancaq dünəndən telefonunuz bağlıdır. Xəbər verə bilmədim. Sağ olun, kitaba görə. Bir şey də var, bunu necə qaytaracam bəs?
Fərhadın dodaqlarında güclə seziləcək bir təbəssüm göründü:
- Yenə burda görüşərik, qaytararsız.
O, kitabı alıb sağollaşdı və avtobus dayanacağına sarı getdi. Ora çatanda boylanıb həmin səmtə baxdı. Fərhad yoxdu. Getmişdi.
Evə gələn kimi kitabı açıb vərəqləməyə başladı. Kitabdan kişi ətrinin iyi vurduqca uzun illərdi unutduğu, yadırğadığı həyəcanları baş qaldırır, özünü ələ almağa çalışırdı:
- Nə oldu sənə? Bu, nədir axı? Bu qədərmi zəifsən? O cür yaraşıqlı adam üçün sən kimsən axı? Allah bilir, bəlkə də, məşuqəsi var. Bu adam sənin nəyinə lazım?
Daha düşünməməyə çalışaraq kitabı bükdü və çay qoydu. Zəng vurub oğlunu çağırdı:
- Canım, oğlum. Anasının bir dənəsi, gəl, evdəyəm. Darıxmışam sənin üçün.
“Oğlumu düşünmək, yalnız onu düşünmək!”- bu, onun idealı idi. İndi oğlunu çağırmaqla sanki özünü keçirdiyi hisslərdən xilas etmək istəyirdi.
Beş dəqiqə keçməmiş oğlu içəri girdi. Yenə əlində dayısı arvadının bişirdiyi yeməkdən pay gətirmişdi. Sarılıb doyunca öpdü:
- Oğluşum, necəsən? Yenə yemək gətirmisən? Niyə zəhmət çəkirlər? Hər şeyimiz var.
- Ana, dayımın arvadı zorla verir. Nənə israr edir, oğluşun da gətirir.
Ana-bala çay içib televizorun qarşısında əyləşdilər.
- Canım, oğlum, baxırsanmı onlayn dərslərə? Vaxtını başqa şeylərə sərf etmə. Əsas dərslərindir.
- Ana, narahat olma. Dayımın uşaqları ilə birgə baxırıq. Əla gedir hər şey.
Oğlunun cavabından ürəyi rahatladı. Telefona gələn ismarıc səsi onu fikirdən ayırdı. Buz kimi soyuq əllərini allanmış sifətində gəzdirərək telefonu götürüb yataq otağına keçdi:
- Salam. Necəsiniz? Oxuyursunuzmu?
- Salam. Yox hələ. Oğlumlayam. Filmə baxırdıq.
- Allah saxlasın. Böyükmü?
- On iki yaşı var. Atası rəhmətə gedəndə dörd yaşı vardı. Onu çox sevirəm. Hər şeyimdir. Həyatımın mənasıdır.
- Xoşbəxtsiniz. Oğlunuz var.
- Sizin övladınız yoxmu?
- Yoxdur. Üç il evli oldum. Ayrıldıq. Övlad barədə düşünməyə vaxtımız olmadı.
- Çox təəssüf. Soruşmaq olarmı?
- Buyurun.
- Nə üçün ayrıldınız?
Sualı yazan kim də peşman oldu :“Görən, yersiz sual olmadı ki?
Axı başqasının həyatı ilə niyə maraqlanmalıyam?”
- Düzünü deyim? Lap düzünü...
Artıq keçmişdi. Sualı vermişdi və cavabdan imtina etmək istəmədi:
- Deyin, mümkünsə.
- Deyəsən, mən çox çətin adamam. Heç kimlə yola getmirəm.
Bunu gözləmirdi. Pərt oldu. Sözlərin alt qatında zarafatın və ya ciddiyyətin, həqiqətin nə qədər payı olduğunu anlamağa çalışdı.
- Eləmi? Onda yoldaşınız düz edib sizdən ayrılmaqda.
- “Düz edib” də haqlısınız. Çünki ayrımasaydı, sizinlə tanış olmaq şansım olmazdı.
- .......
- Yazın lütfən.
- Nə yazım?
- Sizinlə tanış olmaqda şanslımıyım?
- Bilmirəm, ağır xasiyyətli adam. Bəlkə, elə mənim də xasiyyətim ağırdır?
- Yox. Siz ağır xasiyyətli adama oxşamırsız . Hətta heç oxşamırsız. Mən sizi şəkildə gördüyüm kimi təsəvvür edirdim. Azca yanılmışam.
- Necə təsəvvür edirdiz? Gözəlmi? Xasiyyəti necə?
- Gözəlliyinizdə qırx yeddi dərəcə yanılmışam. Xasiyyətiniz isə üzünüzdən oxunur. Cəsarətsiz, utancaq, özünə inamı olmayan. Sakit... Belə. Yaşınız isə heç yazıldığı və şəkildəki kimi görünmür. Orta məktəb uşağına oxşayırsız.
Bir anda ruhunu qaplayan sevinc ayağını az qala yerdən üzdü: “Onun xoşuna gəlmişəm. Xoşuna gəlmişəm. İlahi. Bu davam edəcəkmi? Çaşmaram ki? Səhv etmərəm ki? Ah, oğlum, bəs oğlum?!” Sanki oğluna xəyanət edibmiş kimi böyük sevincin yerini yenə peşmançılıq hissi əvəz etdi.
- Sizə bir şeyi də deyim. Mən keçmiş həyat yoldaşımı ilk dəfə “Gənclik”də görmüşdüm. İş yerinizə yaxın olduğu üçün məcbur qalıb orada gözləməyi təklif etdim. Siz düz onun dayandığı yerdə dayanmışdız.
- Yadınızda bu qədər yaxşı qalıbsa, demək, yenə də onu sevirsiz.
- Sevmirəm. Yaddaşı isə idarə etmək olmur. Siz unudardınızmı? Axı həmin yerdir.
- Yox, unutmazdım. Rəhmətlik yoldaşımla keçirdiyim beş ili yuxu kimi xatırlayıram. Sanki köhnə bir filmi xatırlayırmış kimi.
- Sevib ailə qurmuşdunuz? Nədən rəhmətə getdi?
- Əlbəttə, sevmişdim. Maşın qəzasında öldü. Başqa qadınla birlikdə. Sonra o qadınla çoxdan, məndən əvvəl əlaqəsi olduğunu və hələ də davam etdiyini öyrəndim. Məni ən çox yandıran bu oldu. Ona deyəcəklərim ürəyimdə qaldı. Niyə aldadırdı məni? Niyə axı?
- Demək, sizdə də xəyanət?
- Bəli... Dayanın bir. “Sizdə də” nə demək?
- O demək ki, keçmiş həyat yoldaşımın əvvəldən sevdiyi biri olub. Mən ortalığa çıxandan sonra anası zorla razı salıb ki, mənimlə evlənsin. Sonra bildim. Yazışırdılar. Ayrıldıq və onunla ailə qurdu. Vəssalam.
- Biz bütün bunları bir-birimizə niyə danışırıq? Lazımmı? Axı hara qədər gedəsiyik? Mən oğlumdan başqa heç nəyi düşünmək istəmirəm. Həm də bu yaşda.
- Oğlunuzu düşünməniz gözəldir və bunu sizə heç kim qadağan edə bilməz. Yaşınıza gəldikdə isə özünüzü neçə yaşda hiss edirsinizsə, elə o yaşdasınız.
- Mən əlli yaşda. Bəlkə də, çox...
- Elə deyil. Siz özünüzü o yaşda hiss etməyə məcbur edirsiniz...
...Səhər Aytən evdən tez çıxdı. Bir az piyada getmək, sinə dolusu nəfəs almaq istəyirdi. Bu il sanki bahar da koronadan çəkinib yubanır, vaxtı çatmış fəslinin qapısını açıb ərklə içəri girməkdən qorxurdu. Günəş yorğan kimi büründüyü buludların arxasından hərdən mürgülü üzünü göstərir, qışdan ilişib qalmış, baharın yubanmasından istifadə edərək üzlü qonaqtək yerini bərkidən soyuq hava üzünü, əllərini üşüdürdü. Ağacların, gül kollarının şişmiş tumurcuqları ağzını açmaq üçün bir himə bəndmiş kimi günəşi gözləyirdi. Adamsız qalmış, arabir avtobus və maşınların ötdüyü küçələr, bağlı mağaza və restoranlar, məktəblər sanki ölü şəhəri xatırladan paytaxt karantin başlayandan onda qüssə doğursa da, elə bil indi içində bir ümid, işığa, nura, xoş qurtuluşa inam yaranmışdı. Daha həmişəki kimi hüznlü deyildi. Nə dəyişmişdi, özü də bilmirdi. Sadəcə inamla, ayağını yerə möhkəm basaraq boş küçə ilə addımlayırdı.
İşə gələn kimi telefonunu açıb Fərhada yazdı:
- Salam, cənab doktor. Mənə elə gəlir ki, yazışmaları dayandırmaq lazımdır. Bəlkə, bura qədər davam etməyimiz də yanlış idi. Feysbuk səhifəmi də bağlayacam. İmza: 313 dərəcəli xanım.
Günortaya qədər özünə yer tapmadı. Fikirlərini yazmaqda düzmü, səhvmi etdiyini düşünür, özünə haqq qazandırmağa çalışırdı.. Nahar fasiləsində Fərhad cavab yazdı:
- Salam, Aytən xanım. Əvvəcə üç yüz on üç rəqəminin nə demək olduğunu yazmanızı rica edirəm. Sonrakı fikirləriniz haqda yazacam.
- Qırx yeddi dərəcə səhv etdiyinizi yazmışdız. Mənim gözəlliyim haqda. Çevrə üç yüz altmış dərəcədir. Qırx yeddi çıxanda üç yüz on üç qalır.
-)))) Nə qəribə xanımsız. Qırx yeddi dərəcə səhv etməkdə daha gözəl olmanızı nəzərdə tutmuşdum. Gərək sonra açıqlama verəydim. Yəni sizdə gözəllik çevrə həddini keçib, dörd yüz yeddi dərəcəli çevrə. Ancaq üç yüz on üç rəqəmi də pis deyil. Çox məşhur və mistik, müqəddəs rəqəmdir.
- Doğrudanmı? Bilmirdim.
- “Quran” oxuyursunuzmu? Qədim rəvayətdə Davud peyğəmbərin müasiri olmuş hökmdar Talut döyüşə yollananda sınaqdan uğurla çıxmış üç yüz on üç döyüşçüsü ilə müharibədə düşməninə qalib gəlib. Bədr döyüşündə də üç yüz on üç nəfər müsəlman özlərindən üç qat artıq düşməni məğlub etmişdi. Hədislərə görə isə Mehdinin sadiq silahdaşları da üç yüz on üç nəfər olacaq. Sizin bu rəqəminizdə mistik və uğurlu nəsə var. Mənə elə gəlir ki, dörd yüz yeddidənsə, elə üç yüz on üçdə qalsanız, daha yaxşıdır. Uğur gətirər...
Hər yazışmada Fərhadın yeni bir keyfiyyəti üzə çıxır, Aytənin heyranlığı artırdı. O, “Quran” oxumağı sevir, oruc tutur, hicablı olmasa da, açıq-saçıq geyinməyi sevmirdi. Zövqlə, səliqəli və abırlı geyinirdi. Yazışmalarını dayandırmaq, bitirmək istədiyini də unutmuş kimi oldu.
- Feysbuk səhifənizi bağlaya bilərsiniz. Ancaq münasibətlərimizi, yazışmalarımızı dayandırmaq, bitirmək hardan ağlınıza gəldi? İnamsızlıq bizim kimi adamlara xas bir şeydir. Həyat bizi bir dəfə sınağa çəkib. İkincidən qorxuruq. Lakin qorxsaq da, cəhd etmək lazım və mən geri çəkilmək fikrində deyiləm. Sizə də məsləhət görmürəm.
- Bir şey soruşum. Siz nəyisə qiymətləndirəndə ölçü kimi niyə çevrə ilə müqayisə edirsiniz? Axı adətən belə yerdə faizdən danışırlar..
- Aytən xanım, faizdə həddi istədiyin qədər artırmaq imkanı var.Çevrədə isə həddi keçmək olmur. Çevrə üç yüz altmış dərəcə ilə hüdudlanır. Bu həddi keçmək səmanın sərhəddini aşmağa bənzəyir...
- Belə bir film vardı: “Səmanın sərhəddindən üç metr yuxarı”...
- Hə. Baxmışam...Çevrə həddini aşmaq elə onun kimi bir şeydir.
Bayaqkı qəti addım atmaq fikrində olan Aytəndən əsər-əlamət qalmadı. Yenə düşünməkdən, iki hissin arasında vurnuxmaqdan yorulur, qəti qərara gələ bilmirdi: “Bəlkə bu elə, həqiqətən, odur. Sənin gözlədiyin və çata bilmədiyin xoşbəxtlik. Axarına buraxsan, olmazmı? Həyat şanslı sürprizlərlə həmişə qarşılaşdırmır axı. Axarına burax... Duyğularının qarşısına nə qədər sədd çəkəcəksən?”
Fərhad yenə yazdı:
- Xahiş edirəm, telefon nömrənizi yazın. Mənə sizin telefon nömrənizi tapmaq çətin olmaz. Ancaq özünüzün demənizi istəyirəm. Mənim telefon ...-nömrəmdir.
Daxili, güclü bir hissin diktəsi ilə nömrəsini yazıb telefonu söndürdü. Fasilə bitmişdi.
Axşamüstü evə qayıdan kimi Fərhaddan zəng gəldi:
- Alo...
- Salam, Aytən xanım. Təşəkkür edirəm nömrəni yazdığınıza görə...
- Sağ olun. Ancaq bu münasibətlərdən heç bir gözləntilərim yoxdur. Mən dünyanın bir küncündə unudulub qalmış susqun və boz bir həyat yaşayıram. Bunu rəngləndirmək, dəyişmək qorxudur məni.
- Nə üçün bu qədər pessimizmə qapılırsınız axı?
- Reallığın gözünə dik baxmaq lazımıdır. Bizdə ərsiz qadına-istər əri ölsün, istər boşansın- münasibət başqadır. Onun yenidən xoşbəxt olmaq şansı çox az olur. Nə qədər ciddi, bütün insani keyfiyyətləri ilə üstün biri olsa da, ondan uzaq durmağa çalışırlar. Qız adı üstündə olanlarla ailə qurmağa daha çox üstünlük verirlər. Hətta valideynlər də israrla qızları seçirlər. Həm də bu ağır vəziyyətdə-karantinin cansıxıcı vaxtında bunu düşünmək lap yersiz görünür. Mənə elə gəlir ki, mənim qatarım getmişdir. Həyatımın üzərindən keçərək getmişdir.
Aytənin xəbəri yoxdu ki, işlədiyi xəstəxananın baş həkimi Fərhadın yaxın dostudur. O, zəng vurub öz yanına bacarıqlı tibb bacısı lazım olduğunu və Aytəni istinad verdiklərini demiş, haqqında bir-iki kəlmə deməsini xahiş etmişdi. Dostu Aytəni çox tərifləmiş və belə bir ciddi, təmiz və bacarıqlı işçini əldən vermək istəmədiyini demişdi..
- Əzizim, Aytən xanım, keçmişlə nə qədər yaşamaq olar? O yaraları sarmaq lazım. Keçmiş bitmiş, keçmiş artıq.
- Keçmiş bitmiş, ancaq o keçmişdən mənə oğlum boyda bir dünya qalıb. Onu unutmaq özümü unutmaqdan daha betərdir.
- Oğlunuzu niyə unudasız axı? Ona atalıq edən birinə ehtiyac yoxmu? O mənim də oğlum olar. Sizin keçmişinizdən heç olmasa yaxş bir iz qalıb. Mənim keçmişimdən qırx iki yaşlı ailəsiz, övladsız və ağrılı bir həyat qalıb. Məndə daha ağırdır. Bu arada sizin haqqınızda anama danışmışam. Çox sevindi.
- Ananız varmış. Xoşbəxt adamsız.
- Bəs sizin necə?
- Əlbəttə, var anam .
- Siz də xoşbəxt adamsız. Biz hər ikimiz xoşbəxtmişik. Bəs niyə indiyəcən bunu hiss etməmişik? Biz insana ilahi tərəfindən verilən sevinc payımızı yaşamamışıq. Axı siz tibb işçisisiniz, bilməmiş olmazsınız. İnsanın həyatı boyu xərcləyəcəyi, ona bəs edəcəyi qədər sevinc hormonları: endorfin, serotinin, dofamin və s. var və biz ondan , deyəsən, heç istifadə etməmişik. Bunları o dünyaya aparmağa haqqımız varmı? Aytən xanım, “Sevgi yaşamağın yeganə və sonuncu şansıdır”-deyimi ilə barışmağın vaxtı çatıb. “Eşq qutsal bir sakitlikdir”- bu qutsallıqdan özümüzü məhrum etməyək. Dünyada yeganə bir həqiqət varsa, o da sevgidir..
Aytən uzun illərdir, eşitmədiyi sevgi etiraflarının, sözlərinin ruhunda bu qədər təbəddülat yaradacağını gözləmirdi. “Gecəniz xeyirə qalsın”,-deyib telefonu söndürdü.
Səhər xəstəxanaya çatanda xadimə qadın ona böyük bir gül dəstəsi verdi:
- Aytən xanım, bunu bir nəfər gətirmişdi. Sizə verməmi xahiş etdi. İndi gül mağazaları işləmədiyi üçün öz həyətindən yığıb, bağlayıb. Belə dedi.
Aytən gülü alıb otağına keçdi. Çiçəklərin arasına rəngli flomasterlə “407 dərəcəli xanıma” sözləri yazılmış kağız yerləşdirilmişdi. O, çiçəkləri güldana qoyub bir müddət tamaşa etdi. Hər şeyi unutmuşdu: koronanı, karantini, xəstələri, gecikmiş baharı, ölü şəhərə bənzər paytaxtı.. Sanki bütün dünya bu bir dəstə çiçəyə sığışmış, bu bir dəstə çiçəkdən ibarət idi.
Axşamüstü işdən çıxanda Fərhad onu xəstəxananın qarşısında gözləyirdi. Aytən maşına minməkdən imtina etdi. Onlar piyada qoşa addımlamağa başladılar. Aytənin həyəcandan ayaqları əssə də, sonra özünü ələ aldı. Açılmış köynəyindən yenicə boylanan çiçəklər utancaq təbəssümlə baxır, sanki bahar da soyuq nəfəsini mülayimləşdirmiş, boş qalmış şəhər onların coşan sevgiləri ilə dolmuş, bütün aləm eşqin təntənəsinə tamaşaya durmuşdu...
...Bir ay sonra Fərhad Aytən üçün elçilərini göndərdi. Hər ikisinin ailəsinin iştirakı ilə kiçik məclis qurub nişanlandılar. Toylarını karantin bitəndən sonraya saxladılar.
May 2020-ci il