Rəşad Dağlının fabulası ətrafında

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

9 noyabr 2022
# 14:00

"Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib. Lökbatan dairəsində Rəşadla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. Rəşad bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb".

Hə. Bu da belə. 120.1 maddəsi 9 ildən 14 ilə qədər azadlıqdan məhrum olmaq deməkdir.


Açığı, istəmirəm ki, hazırda Rəşadı baltalayım. Onsuz da, "intellektual"larımız bu işlə kifayət qədər ciddi məşğul olur. Hüquq-mühafizə orqanlarından çox, meyxanaya nifrət edən, ancaq Şopenə qulaq asan intellektuallar bu qətllə maraqlanırlar. Rəşadın cəzasının artırılmasını, meyxananın gəldiyi son nöqtənin çox pis yer olduğunu bar-bar bağırırlar.

Rəşadın tutulmaqlığı.

Rəşad söyüş üstündə adamı qətlə yetirib. Siz sevinirsiz ki, Rəşadı tutdular, vəssalam, meyxana bitəcək? Xeyr, mənim əzizlərim. Qabaqda bizi çox təhlükəli şeylər gözləyir. Bir az düşüncəsi, bir az ağlı olan adam Rəşad Dağlı tutuldu deyə sevinməz. Meyxananın Rəşada görə bitməyinə inanmaq da illüziyadır. Dostlarım var ki, onlar sevinirlər və deyirlər, "vəssalam, Rəşad 10 il yoxdur. Daha meyxana-filan da olmayacaq, yavaş-yavaş yığışdıracaqlar meyxananı". Bu cür düşünən insanlar da var. Ona görə bu cür düşünən insanlara bir neçə kəlmə söz demək istəyirəm.

Niyə Rəşad Dağlı tutuldu deyə sevinməməliyik?

1. Ən başlıcası, siz nə üçün Rəşadın adam öldürməyini, meyxananın boynuna atırsız ki? Adamı meyxana öldürməyib, adamı Rəşad öldürüb. Rəşadı meyxanadan ayırın. Ümumiyyətlə, meyxananın bura nə dəxli var? Meyxananın bu cinayətə heç bir dəxli yoxdur.

Düzdür, meyxanaçılar arasında türmə, cinayət halları olur. Məşədibaba, Elçin, Bayram-filan, əksəriyyəti türmə görmüş, zonda yatmış adamlar idi. Amma bu o demək deyil ki, meyxanaçılar qatildir, meyxanaçılar cinayətkardır. Gəlin, ədalət hissimizi itirməyək. Mən də meyxana dinləməyi sevmirəm və zərərli olduğunu düşünürəm. Amma qətl hadisəsi, cinayət peşədən, yaşdan, cinsdən, irqdən dolayı yolla asılı deyil. Cinayət fərdi hadisədir. İnsan sonda özü qərar verir ki, öldürüm, yoxsa öldürməyim?

Tarixdə kifayət qədər adam öldürən, cinayət törədən dahilər, məşhur adamlar olub. Reperlər, məşhur idmançılar, siyasətçilər, din xadimlərinin və sair. Elə Remark, Tolstoy, Heminquey və sair dahilər də cinayət törədiblər.

Yəni Rəşadın adam öldürməyi, əlbəttə, hazırda meyxanaya böyük bir ləkədir. Amma həm də bunun məsələyə heç bir dəxli yoxdur. Rəşadın həyatdakı funksiyası meyxanaçı yox, insan olmasıdır. O qətli meyxanaçı kimi yox, adam kimi törədib.

2. Bir adamın kimisə öldürməyinə necə sevinə bilərsiz? Ən başlıcası, iki adamın həyatı, iki insanın ailəsi məhv oldu. Bir insanın taleyinin belə gətirməsinə görə mən şəxsən, məyus oluram.

3. Rəşadın həbs olunması ilə meyxana dövrü sona yetməyəcək, əksinə daha da çiçəklənəcək, daha da inkişaf edəcək. Tam ciddi deyirəm, meyxanaçılar, xiridalar qəzəblənəcək, daha çox şiddət, daha çox söyüş, daha çox nifrətli qafiyələr istəyəcəklər. Çünki "böyük qardaş"ları artıq arzuladığı, dilindən düşməyən, oturub-durub o haqda meyxana dediyi "müqəddəs" yerdədir. "TÜRMƏ"də. Böyük qardaşları türməyə düşən xiridalar da, türməyə düşməyə can atacaqlar. Çünki ora pis yer olsaydı, böyük qardaş ora düşməzdi. Əgər Rəşad Dağlı kimi böyük sənətkar ora düşübsə, deməli xiridalar da ora düşməlidir.
Rəşadın şəninə kişilik beytləri deyiləcək, dostları onun bu "kişşşşşi kimi" hərəkəti mədh edəcək, ona səbir arzulayacaqlar. Hər üç bənddən biri Rəşadın hərəkətinə həsr olunacaq.

Qərəz, hər şey daha çox pisləşəcək.

Aydın öldü. Meyxana bitdi? Vüqar öldü. Meyxana bitdi? Bayram öldü. Meyxana bitdi? Bitmir, bu heç vaxt bitməyəcək. Çünki bu bizik, bu bizim taleyimizdir. Əksinə hər gedən meyxanaçı meyxananı daha da alovlandırır.

Rəşadın söyüş söymək üstə adam öldürməyi.

İlk növbədə Rəşadın fonunda insanın insanı söyüş üstündən öldürməsi çox, həddindən artıq çox pis haldır. Mən deməkdən yoruldum, bu adamlar eləməkdən yorulmadı.

Elə fikirləşirsiniz ki, söyüş söyərkən, həqiqətən də, kiminsə şərəf və ləyaqətini alçaltmış olursuz? Ləyaqət hər kəsin öz-özünə verdiyi dəyərdir. Bu cümləni bir daha təkrarlamaq istəyirəm. Ləyaqət hər kəsin öz-özünə verdiyi dəyərdir. Bu mənada, kiminsə başqasının ləyaqətini alçaltması mümkün deyil. İnsan özü alçala bilər, amma başqasının onu alçaltması imkansızdır. Kimsə kiməsə söyüş söyür və bıçaqıanma olur? İnciməyin, elə o adamın yeri türmə deyil, bəs haradır axı. Bu qədər ibtidai düşüncə, bu qədər cılız fikir, bu qədər emosionallıq nəyə lazımdır?

İndi nə olacaq, ay Rəşad? Sənin iki uşağının taleyi, sənin həyatın necə olacaq? Kimsə sənə söyüş söyürsə, gərək gedib həmin adamı öldürəsən? Bu nə təfəkkür, bu nə məntiqdir? Axı azadlıq bütün hallarda təhqirdən daha yüksəkdə dayanır.

Mən şəxsən, Rəşadın bu hərərkətinə görə məyus oldum. Qarakurtkalı oğlanların idealı olan Rəşad onlara çox pis bir örnək oldu. Bundan sonra çox pis şeylər baş verəcək. İkincisi, Rəşad, doğrudan da, meyxana aləmində ən yaxşı, ən sanballı sənətkar idi ki, yerini heç kim doldura bilməyəcək. Onu bütün xalq sevirdi. Bütün xalq. Meyxana dinləyənlər də, dinləməyənlər də. Duruşu, xarakteri, performansı, sənəti ilə bizim ürəyimizi fəth etmişdi. Onun yoxluğu böyük bir boşluq yaradacaq. Bu, şübhəsiz, belədir. Rəşad şit, səviyyəsiz, banal deyildi. Ayağa durub nəsə deyəndə, adam istər-istəməz ona qulaq asmaq istəyirdi. Rəşadın enerjisi, həyat eşqi, sözləri, zarafatları meyxana kimi deyildi, meyxana kimi bayağı deyildi. Bəzən belə də olur. Sənətkar, sənətindən yüksəkdə dayanır.


Nə deyək daha. Məyusuq. Allah kömək olsun.

# 16595 dəfə oxunub

Oxşar xəbərlər

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
#
#
# # #