Rəşad Dağlı məhkəmədə ifadə verdi

Rəşad Dağlı məhkəmədə ifadə verdi
9 iyun 2023
# 18:31

Tanışını öldürməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rəşad Dağlının bıçaq aldığı mağazanın satıcısı Xankişi Cəfərovun ifadəsi elan olunub.

Qeyd olunub ki, Xankişi Cəfərov hazırda hərbi xidmətdədir, ona görə məhkəmədə iştirak edə bilmir.

Şahid istintaqa verdiyi ifadəsində deyib ki, Rəşad Dağlı ilə şəxsi tanışlığı olmayıb, yalnız sosial şəbəkələrdə görüb. Meyxanaçı hadisə baş verən gecə ilk dəfə mağazaya gəlib, bir ədəd bıçaq və iki qutu siqaret alıb:

“Noyabrın 8-i gecə saat 4 radələri idi. Rəşad Dağlı mağazaya gəldi, bir bıçaq iki qutu siqaret istədi. Bıçağı 45 manata satdım, 6 manat da siqaret pulu etdi. Mağazadan çıxandan sonra arxası ilə getmədim, amma kameradan qara “Niva”ya mindiyini gördüm”.

Daha sonra bildirilib ki, məhkəmə şahid qismində tanınmış sonuncu şahidin prosesə çağırılmasına ehtiyac görməyib. Onun istintaqa verdiyi ifadəsi elan olunmuş hesab olunub.

İclasın davamında Rəşad Dağlı sərbəst ifadə verib.

Rəşad Dağlı qətlə yetirdiyi İsgəndər Mehdiyevlə qonşu olduğunu, əvvəllər ədavətləri olmadığını bildirib. Hadisəyə gəlincə, meyxanaçı İsgəndəri öldürmə səbəbinin təhdid olunması və onun şərəf və ləyaqətinə xələl gətirən sözlər işlətməsi ilə bağlı olduğunu deyib: “İsgəndərlə bu məsələ barədə ilk söhbətimiz telefonla olub. Mənə dedi ki, bir nəfər var, sənin barəndə şəxsiyyətinə sığışmayan şeylər bilir. Gəl, bu məsələni həll edək. Dedi ki, həmin adamın 6 min manata ehtiyacı var, 3 minini tapıb, 3 min manatını da sən düzəlt ver bu söhbət bağlansın. Buna etiraz etdim, məni onunla görüşdürməyini istədim. Dedim ki, necə olur, pul verməsəm, dediyi nalayiq sözlər mənə aid olur, verəndə yox? Sonra dedi ki, guya bundan əvvəl də eyni cür hadisə olub, sonradan işi vaxtında həll etməyən adam özünü asıb. Nə isə, mübahisə etdik, dedi ki, gəl sizi görüşdürəcəm, amma dolu gəl. “Dolu” deyəndə yəni özünü müdafiə üçün nə isə götür.

Bundan sonra mağazadan bıçaq aldım, İsgəndəri də götürüb hadisə baş verən yerə getdim. Ora çatanda məlum oldu ki, məni heç kimlə görüşdürməyəcək. Maşında mübahisə etdik. Dedi ki, bu söhbət bağlanmasa, dediyi adam bildiklərini gəlib toyda yayacaq.

Hadisənin əsas səbəbi isə İsgəndərin “bu işi görmüsənsə, əvəzini ödəməlisən” deməsi oldu. Bu sözü hansı mənada deməsi də məlumdur. Bu vaxt özümdən çıxdım, birinci o məni vurmaq istədi, lakin mən cəld tərpənib özümü müdafiə etmək üçün onu vurdum“.

Prokuror Rəşad Dağlıdan İsgəndər Mehdiyevi bıçaqladıqdan sonra təcili yardım çağırmamasının səbəbini soruşub. Meyxanaçı bunu İsgəndərin dərhal ölməsini fikirləşməsi ilə əlaqələndirib.

Məhkəmə tərkibinə daxil olan hakim Novruz Kərimov Rəşad Dağlıya sual verərək, ondan təhdid olunması barədə polisə məlumat verməməsinin səbəbini soruşub.

Meyxanaçı toy adamı olduğunu, ətrafında olanların belə şeyə yaxşı baxmadıqlarını deyib: “Yazılmayan qanunlar var. Bizdə belə şeyə yaxşı baxmırlar. Polisə adam satanı toya çağırmırlar”.

Proses iyulun 7-si davam etdiriləcək.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

# 2336 dəfə oxunub

Oxşar xəbərlər

Tayra Benks "Netflix"i məhkəməyə verdi

Tayra Benks "Netflix"i məhkəməyə verdi

12:38 18 iyun 2026
"Guya mən getmə desəm, getməyəcəkdin?" -  Nihat Pir

"Guya mən getmə desəm, getməyəcəkdin?" - Nihat Pir

12:00 18 iyun 2026
Gestapodan son anda qaçırılan çamadan - Kafkanı yox olmaqdan xilas edən böyük sirr

Gestapodan son anda qaçırılan çamadan - Kafkanı yox olmaqdan xilas edən böyük sirr

11:30 18 iyun 2026
Diddinin azadlığa çıxacağı gün yenidən dəyişdi

Diddinin azadlığa çıxacağı gün yenidən dəyişdi

10:03 18 iyun 2026
95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

18:24 17 iyun 2026
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:27 17 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər