Rejissorun soyunmaq tələbini rədd etdi, səhnədə saçları yandı, çəkiliş zamanı ailəsində faciə baş verdi – Xalq artistini hansı filmdə aldatdılar?

Rejissorun soyunmaq tələbini rədd etdi, səhnədə saçları yandı, çəkiliş zamanı ailəsində faciə baş verdi – Xalq artistini hansı filmdə aldatdılar?
5 avqust 2022
# 12:40

Kulis.az teatr və kino aktrisası, Xalq artisti Şükufə Yusupova haqqında maraqlı faktları təqdim edir.

Şükufə Mühəddin qızı Yusupova 1954-cü il, may ayının 30-da Bakıda doğulub. Ailədə iki bacı, iki qardaş olublar. Anası evdar qadın, atası isə dövlət qulluqçusu olan Şükufə xanımın ailəsində incəsənətə böyük maraq varmış. Bu maraq da onu İncəsənət universitetinə qədər gətirib.

***

Şükufə Yusupova görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyub. Elə tələbəlik illərində də Mehdi müəllimin 1974-cü ildə Akademik Milli Dram Teatrında hazırladığı Səməd Vurğunun "İnsan" dramının tamaşasında Tatyana rolunu ifa edib.

Gənc aktrisa həmin ərəfədə "Azərbaycanfilm" kinostudiyasında "Tütək səsi" və "Xoşbəxtlik qayğıları" filimlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş rejissoru Tofiq Kazımov "Qılınc və qələm" tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-cı ildə Akademik Milli Dram Teatrına aktyor truppasına işə götürülüb.

***

O, Akademik Milli Dram Teatrında "Xurşidbanu Natəvan", "Bizim qəribə taleyimiz", "Büllur sarayda", "Sizi deyib gəlmişəm", "İblis", "Vaqif", "Həyatın dibində", "Lənkəran xanının vəziri", "Dəfn edilməmiş ölülər", "Köhnə ev", "Mesenat", "Qatil", "Boy çiçəyi" tamaşalarında aparıcı rollar ifa edib.

Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq “Tütək səsi”, “Ad günü”, “Asif, Vasif, Ağasif”, “Tənha narın nağılı”, “İmtahan”, “Xoşbəxtlik qayğıları”, “Gümüşgöl əfsanəsi”, “Bəyin oğurlanması”, “Qəm pəncərəsi”, “Ümid” filmlərinə çəkilib.

***

Qəribədir ki, Xalq artisti çəkildiyi filmlərə baxmağı xoşlamayıb. O, bu barədə deyir:

“Oynadığım kinolara baxmıram. Bircə dəfə öz rolumu kinoda görmüşəm. “Tütək səsi” filminin səsləndirməsində Şəkidə idim. Qayıdanda Rasim Ocaqov kinostudiyada məni görən kimi dedi ki, “Tütək səsi”ndə çox sevdiyim epizodda sənin öz səsinin olmasını istəyirəm. Onda səsləndirmə prosesində ilk dəfə özümü kinoda gördüm. Bilirsiniz, hansı epizod idi, kolxoz sədri Tutuya işi təhvil ver deyəndə, Tutu deyir e, qisas alırsan, o gün Sayalı ilə gələndə sizi evdən qovmuşdum axı... söyür. Bəzən çəkiliş zamanı rejissor mənə deyir ki, burda soyunmalısan, deyirəm yox. Deyir, sən aktrisasan. Deyirəm, bəli, bütün film boyu lüt gəzə bilərəm, amma baxır hansı filmdə, necə rolda. Elə-belə, nəyə görəsə eləmərəm. Sevgini oynamaq üçün soyunmaq lazım deyil, onu baxışımla da verə bilərəm. “Evlənmə” tamaşasında 40 dərəcə temperaturda ayaq üstə güclə dayanıb səhnəyə çıxmışam, orda mənim nə halda olduğum zərrə qədər hiss olunmayıb”.

Birinci Qarabağ müharibəsi dövründə aktrisa müharibədən bəhs edən “Ümid” filminə çəkilmək üçün rejissor Gülbəniz Əzimzadədən dəvət alsa da, filmə çəkilməkdən imtina edir. Ancaq rejissorun israrı ilə ssenarini oxumalı olur. Bu barədə o, müsahibələrinin birində deyir:

“Müharibə vaxtı düşünürdüm ki, nə isə eləyim, mənim də bir xeyrim dəysin. Gülbəniz Əzimzadə “Ümid” filminə dəvət etdi. Düşündüm ki, ona çəkilməklə heç bir xeyrim olmayacaq. Gülbənizə çox minnətdaram, başqa rejissorlar kimi “sən olma, başqası olsun” demədi. Əl çəkmədi məndən, ssenarini oxuyandan sonra razılıq verdim, bu gün ona çox minnətdaram ki, elə bir rolu mənə verib. Həmin filmin bəzi çəkilişləri hospitalda gedirdi. Hər gün ora nə qədər yaralı əsgərlər, şəhidlər gətirirdilər. Onların yaxınlarının, qohumlarının vay-şivəni, qışqırıqları mənə o qədər təsir edirdi ki, o filmin heç bir epizodunda ağlaya bilmədim, elə bil qurumuşdum. Bayaq dedim öz rollarıma baxmamışam, amma “Ümid” filminə dəfələrlə baxmışam”.

“Böyük Romul” tamaşası zamanı Şükufə xanım səhnədə öz rolunu ifa edərkən qəfildən onun saçı masadakı şamdan alışır. Bir saniyənin içərisində aktrisanın başını alov bürüyür. Ancaq o, özünü itirmir, tez əlini atıb, başındakı pariki dartıb qopararaq yerə atıb roluna qaldığı yerdən davam edir.

Ötən əsrin 90-cı illərində teatr və kino mühitində yaranan durğunluq onu məcbur edir ki, səhnədən uzaqlaşsın, məktəb yaşlı qızının təlim-tərbiyəsi ilə maraqlansın. Aktrisa böyük səhnəyə bir də doqquz ildən sonra qayıdır.

***

1985-ci ildə ekranlaşdırılan “Gümüşgöl əfsanəsi” filmində Səidə roluna çəkilib. Filmin çəkilişləri zamanı onun ailəsində faciə baş verir. Bu barədə filmin operatoru Rafael Qəmbərov müsahibələrinin birində deyir:

“Filmdə güclü bir obraz var – Leylinin anası Səidə. Onu Şükufə Yusupova oynayırdı, cavan vaxtı idi. O filmin çəkilişlərindən öncə Şükufə xanımın ailəsində böyük bir faciə olmuşdu. Onların evi 20-ci sahə tərəfdə, buruqların arasında yerləşirdi. Onun ya bacısının, ya da qardaşının qızı buruğa düşüb ölmüşdü. Şükufə çəkilişə gələndə rəngi ağappaq idi, çox həyəcanlı və üzüntülü görünürdü. Hətta çəkilişlərin birində ürəyi də getdi. Kiçik olmasına baxmayaraq, Şükufə güclü, yaddaqalan bir obraz yaratdı”.

Xalq artisti müsahibələrinin birində filmlərə çəkilməməsi, çəkilişlərin çoxundan imtina etməsi ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Bir neçə filmdən sonra məni bir filmdə aldatdılar. “Stavka” məsələsi vardı ki, çəkiliş günü neçə manata başa gəlir. Nədənsə, birinci gündən mənim çəkiliş günlərim yaxşı qiymətlə, hesabla yazılırdı. Ona görə də mən belə şeylərə fikir vermirdim. Amma bir neçə filmdən sonra qonorar almaq üçün qol çəkəndə, gördüm pul azdı. Bunun səbəbini soruşanda, dedilər, səndə gündəlik “stavka” yoxdur. Onda başa düşdüm ki, nələrləsə maraqlanmaq lazımdır. Ondan sonra dedim ki, bu qonorarla çəkilməyəcəm. Halbuki biz filmin 20 faizini çəkmişdik. Mənə yalvardılar, and içdilər ki, filmin sonunda qonorarı tam verəcəklər. Mən də inandım. Amma film bitdi, mənə o pulu vermədilər. O vaxtdan mən nəyəsə qol çəkəndə, mütləq diqqətlə oxuyuram, maraqlanıram, qiymətinə baxıram. Elə filmlər olub ki, məbləğ az olub, görmüşəm mənə yaraşmaz o məbləğə çəkilmək. Demişəm, uşaqlar, təmənnasız çəkilərəm. Amma indi bir iş təklif olunanda, biləndə ki, orada pul var, az məbləğə çəkilmirəm, imtina edirəm”.

Şükufə Yusupova 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 3 iyun, 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 6 may, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

# 9370 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #