Rasim Balayev: "Lazımdırsa, filmdə öpüşərəm, mənim üçün belə bir qadağa yoxdur" - Müsahibə

Rasim Balayev:  "Lazımdırsa, filmdə öpüşərəm, mənim üçün belə bir qadağa yoxdur" - Müsahibə
18 may 2023
# 13:50

Kulis.az Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin APA -ya verdiyi müsahibəni təqdim edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının binasına çatana yaxın fotoqrafımız Orxandan zəng gəlir. Orxana ittifaqa çatdığımı deyib binaya daxil olan kimi elə pilləkəndə rastlaşırıq.

– Yoxdur, – deyir Orxan, – harasa gedib. İçəridən dedilər ki, təcili işi çıxıb, bir azdan gələcək.


Dəqiqləşdirmək üçün mən də otağa daxil olub soruşuram. İttifaqın məsul şəxsi Ulduzə xanım müəllimin 15-20 dəqiqəyə gələcəyini deyib bizi çaya dəvət edir. Yan otaqlardan birində əyləşirik.

15 dəqiqənin tamamında çöl qapının səsi gəlir. Orxan qapıdan boylanıb gələn adamın o olmadığını sezdirəcək mimikalarla mənə baxır.

– Başqasıdır...

Beş dəqiqə sonra yenə qapı açılır və fotoqrafımız yenə də eyni məyusluqla mənə baxır.

– Yenə o deyil...

Nəhayət, 25 dəqiqənin tamamında qapının səsi gəlir. Orxan təkrarən qapıdan boylanar-boylanmaz sual verirəm:

– Yenə də?

– Bu dəfə özüdür, – deyir Orxan, – əsl Nəsiminin özü.

...Rasim müəllim kürsüyə əyləşənə kimi ilk replikanı atıram.

– Rasim müəllim, kreslo sizə yaraşıb.

Və cavabımı da alıram.

– Hanı kreslo? Bu ki kreslo deyil... (əli ilə oturacağı stulu bizə göstərir)

– Amma vəzifədəsiniz, özünüzü vəzifə adamı kimi necə hiss edirsiniz?

– Vallah, mən heç vaxt vəzifə haqqında düşünməmişəm. Çünki mən aktyoram. Amma vaxtilə – 1990-cı ildə rəhmətlik Rüstəm İbrahimbəyov (əli ilə Rüstəm İbrahimbəyovun portretinə işarə edir) məni ittifaqda birinci katib vəzifəsinə gətirdi. Əslində, dedim, mənim üçün çətin olar. Mən aktyoram, vəzifə mənlik deyil. Amma Rüstəm dedi ki, əşi, qorxutma özünü, hər şey yaxşı olacaq, öyrənəcəksən. Bu minvalla düz 23 il orada işlədim. Sonra müəyyən səbəblər oldu, həmin ittifaq parçalandı, problemlər yaşandı. Və mən uzaqlaşdım, təxminən doqquz il evdə oturdum. Çəkiliş yox, aktyor üçün lazım olacaq mühit yox və digər bu kimi hallar mənə təsir elədi. Təsir elədi o mənada yox ki mən işimi itirdim, yox, mən sadəcə filmə çəkilmək istəyirdim, amma çəkilmək istədiyim yaxşı filmlər artıq çəkilmirdi. Elə o ərəfələrdə bir seriala çəkildim, adını xatırlaya bilmirəm...

– “Müslüm Maqomayev”?

Rasim müəllim sualımı eşitmir, mən də söhbətini kəsmirəm.

– ... istədim ki, evdən uzaqlaşım, çəkiliş meydançasında olum, başım qarışsın. Çəkildim, amma olmadı, o effekti vermədi. Mən 45-50 il çəkiliş meydançalarında olmuş adamam. Yəni evdə oturmaq mənə əzab verir. O seriala çəkildim, sonra özümə baxıb xəcalət çəkdim. Dedim ki, çox nahaq çəkilmişəm, çox nahaq.

– Ondan sonra çəkilmədiniz.

– Çəkilmədim. Təkliflər oldu, getmədim. Sonralar isə ümumiyyətlə təkliflər də olmadı. Çünki bilirlər ki, çəkilməyəcəyəm.

– Sizin, məsələn, o serialdan uzaqlaşmağınız və ümumiyyətlə, çəkilmək istəməməyinizə əsas səbəb nədir ki?

– Professional ssenarist yoxdur. Kollektiv ssenari yazırlar indi, a kişi. Elə çəkiliş meydançasında bir dubl çəkilir, bir də görürsən, orada biri kollektiv ssenari yazır.

Kino təsviri sənətdir, burada təsvir anlayışı ən yüksək həddədir. Yəni kino mətndən daha çox təsviri sevir. Bunların yazdığı ssenari isə, çevir tatı, vur tarı, başdan-ayağa primitivlik. Yəni mənim üçün əsas səbəb budur və bir az da bu cür serial və filmləri “xaltura” hesab edirəm, belə sənət olmur. Bir işin içində ki o işi bacarmayan adamlar başda oturur, buna nə demək olar?

– Rasim müəllim, müasir Azərbaycan kinolarına baxırsınız?

– Arabir.

– Bilirsiniz, siz daha çox seriallardan danışdınız və bir növ, yanıqlı danışdınız...

Rasim müəllim sualımı tamamlamağa qoymur...

– Oğul, 40 seriyalıq serial çəkirlər, deyirəm, verin, ssenariyə baxım. Cavab verirlər ki, bunun bir seriyası hazırdır, 39-unu işin gedişatına görə yazacağıq...

– Rasim müəllim, serialı qoyaq bir kənara. Bərbaddır. Razıyam. Film. Müasir Azərbaycan filmi. Baxırsınız?

– Arabir. Məsələn, “Dolu”nu xatırlayıram. Baxmışam. Amma o filmlərdə məni görməyiblər.

– Bəs siz özünüzü orada görürdünüz?

– Yox. Görmürdüm.

– Kino forumunda Kino Agentliyi haqqında çıxışınız zamanı dediniz ki, oraya gələcək rəhbər şəxs Azərbaycanı sevən, kinonu bilən biri olmalıdır. Amma o adam mən olmaq istəmərəm. Yaxşı, o vəzifəni istəmirsiniz, necə oldu ki, bu vəzifəni qəbul etdiniz?

– Rüstəm İbrahimbəyovun vəfatından sonra dostlarımız xahiş etdilər ki, burada sən olmalısan, bu dəvət kollektiv şəkildə oldu. Bu mənim öz istəyim deyildi. Bu iş mənim üçün məmurların gördüyü iş kimi deyil. Burada yalnız yaradıcılıqdan söhbət gedir, mənə yaxındır. Forumda dediklərimə gəldikdə isə, yenə də təkrar edirəm ki, orada rəhbər olacaq şəxs kinonun damarını biləcək şəxs olmalıdır. Sənətə barmaqarası baxan adamlardan bir şey olmaz.

– Kino forumunda səsləndirilən fikirlər, sizcə, Azərbaycan kinosuna bundan sonra nə kimi təsirlər edəcək?

– 90-cı illərdə bir müddət “Azərbaycanfilm” kinostudiyası maliyyələşmədi. Nəticədə, qeyri-peşəkar adamlar meydan aldı, bundan sonra da Azərbaycan filmi lazımi dəyərini itirdi. Korifey dediyimiz sənətkarlar da yavaş-yavaş dünyasını dəyişdi. Bütün bunların yekunu olaraq, biz Azərbaycan filminin indiki durumuna gəlib çıxdıq. İndi forumda verilən təkliflər necə olacaq, bütün bunları zamanla görəcəyik. Mən inanıram, açığı. Məsələn, 44 günlük müharibənin Zəfərinə aid nə qədər qəhrəmanlarımız var, onlar barədə filmlər çəkilməlidir.

Mən xatırlayıram, SSRİ vaxtı ən zəif filmlərimiz belə bütün SSRİ məkanını gəzirdi, nümayiş olunurdu, çəkdiyi xərcin bir neçə qatını geri qaytarırdı. Amma bu gün belədirmi? Bu gün mən bir film çəkim və ondan qazanc əldə edim. Bu fikirlər qeyri-realdır.

İndiki dövrlə 30-40 il əvvəlki dövr bir-birindən çox fərqlənir. Bu günün adamları çox şeydən xəbərdardır. Əlinin altında interneti var. İstədiyi vaxt dünyanın ən gözəl filmlərinə baxa bilər. Belə bir situasiyanın qarşısına çıxmaq üçün sənin ciddi, peşəkar filmlərin olmalıdır, peşəkar ssenarin və ssenaristin olmalıdır. Təəssüf ki, bizdə hələ bu dediklərimiz özünü doğrultmur. Bizdə hələ heç kino biznesi anlayışı formalaşmayıb.

– Rasim müəllim, Azərbaycanda hazırda iki kino ittifaqı var. Siz bu vəzifəyə gələn kimi ittifaqların birləşdirilməsinin tərəfdarı olduğunuzu demişdiniz. Amma qarşı tərəf birmənalı olaraq, bu fikri rədd edir. Hətta Ayaz Salayev deyib ki, ittifaqlar birləşərsə, mən üzvlükdən çıxacağam...

– Hə də, onda day denən evimiz yıxılar ki... (əllərini yana açıb bir qədər gözləyir) Bu adam başa düşmür ki, ölkədə iki kino ittifaqı ola bilməz, buna gərək yoxdur. Bunlar nə vaxtsa mütləq birləşdirilməlidir.

– Yaxşı, tutaq ki, ittifaqlar birləşdirildi. Həm siz, həm də Şəfiqə Məmmədova cəmiyyət üçün kifayət qədər nüfuzlu portretlərsiniz. Belə olan halda, rəhbər kim olacaq?

– Rəhbər kim olur, olsun. Mən birləşməyi ona görə demirəm ki, gedib rəhbər olum. Yox. Əvvəla, bizim ittifaqın bu il 65 yaşı tamam olur, onların isə 10. Onlarda vəzifə təyinatla olur, bizdə seçki ilə.

– Sanki sizin ittifaq daha müstəqildir...

– Yox, deməzdim. Söhbət heç bundan getmir. İkimiz də müstəqilik. Bizim özümüzü də, onları da dövlət müəyyən mənada maliyyələşdirir. Amma yenə də, bütün dünyada olduğu kimi ittifaq bir dənə olmalıdır. Adının fərqi yoxdur, ittifaq olsun, birlik olsun, cəmiyyət olsun, nə olur, olsun. Amma olsun. Bir olsun.

– Ümumiyyətlə, Şəfiqə xanımla münasibətiniz necədir?

– Lap yaxşı.

– Forumda, yəqin, görüşdünüz.

– Hə, forumda da görüşdük, Şuşada da. Hər şey normaldır.

– Görüşəndə heç ittifaqların birləşməsini müzakirə etmirsiniz?

– Yox. Qətiyyən.

– Niyə?

– Oğul, bu ittifaq süni surətdə yaradılıb. Bunun tarixini, yəqin, siz də bilirsiniz. Bizim qurum dövlət qurumu deyil, ictimai təşkilatdır deyə, ləğv edə bilmədilər. Maliyyəni kəsdilər, nə bilim, nələr etdilər. Amma biz ayaqda durmağı bacardıq. Demək istədiyim odur ki, bir növ, bizim əksimizə gedib o ittifaqı kim təşkil edibsə, elə onlar da ləğv eləsin. Yaxud ittifaqları birləşdirib seçki keçirsin, kimisə də rəhbər seçsinlər. Bunu mənimlə Şəfiqə xanımın müzakirə etməsindən nəsə çıxmaz.

– Bəs Kino Agentliyi yaradılandan sonra ittifaqların qalmasının mənası nədir?

– İttifaq kino çəkmir axı. İttifaqın müəyyən səlahiyyətləri var. Kinoya dair şəxslərin yaradıcılıq problemləri və digər məsələlərlə bağlı nazirliyə tövsiyələr veririk.

– İndi bu boyda ölkədə iki ittifaq ona görə var ki, nazirliyə tövsiyə versin?

– Yox, yox. Tək tövsiyə deyil. Mən sadəcə misal çəkdim. Siz götürüb baxın, bizim orada nizamnaməmiz var. Səlahiyyətlərimiz hamısı orada yazılıb. Biz hər addımımızı ona əsasən həyata keçiririk. Burada, məsələn, filmlərin böyük ajiotaj yaradan müzakirələri aparılırdı. Bura, bir növ, həm də yaradıcılıq evidir.

– Rasim müəllim, ən sonuncu çəkildiyiniz film “Sübhün səfiri” olub, hə.

Bir qədər düşünür...

– Məncə, hə. Bir də “Müslüm Maqomayev” adında serial vardı, orada mən Müslümün dayısını oynayırdım. İkinci dərəcəli rol idi.

– Beyrəyi şərti olaraq tarixi şəxsiyyətlər cərgəsinə yazsaq, kinoda Babək, Nəsimi, Beyrək kimi obrazlar yaratmısız. Amma zənnimcə son illərdə “Cavid ömrü”ndə yaratdığınız Cavid, “Sübhün səfiri”ndə canlandırdığınız Axundov obrazları onların cərgəsinə qalxa bilmədi.

– Kino sizin xoşunuza gəlməməsi ilə...

– Yox, Rasim müəllim, mən xoşum gəlməyib demədim.

– Mən sənin nə dediyini başa düşdüm, oğul. Narahat olma. Filmin alınması dramaturgiyadan, rejissuradan asılı olduğu qədər mövzudan da asılıdır. Babəkin, Nəsiminin mövzusu başqadır, bu başqa. Elə film var ki, o kütlə üçün deyil, o film kütlə üçün hesablanmayıb. Müqayisə üçün, “Brilliant əl” filmi də var idi, “Hamlet” filmi də. “Hamlet”ə 10 nəfər baxmışdı, “Brilliant əl”ə az qala, bütün SSRİ. Dediyim kimi, mövzu.

– Yəni siz bir aktyor kimi Axundovu canlandırmağınızdan razı qalmısınız.

– Xeyr, mən heç vaxt özümdən razı qalmıram.

– Ümumiyyətlə, sizə ən çox ləzzət verən, razı qaldığınız obrazınız hansı olub?

– Heç biri. Bilirsən, mən əgər özümdən razı qalsam, orada artıq özümü bitmiş hesab edərəm. Mən, məsələn, geriyə baxanda indiki təcrübəmlə düşünürəm ki, hansısa filmdə bəzi şeyləri tamam başqa cür edərdim. Siz deyirsiniz ki, “Sübhün səfiri”ndə zəif idin. Mən orada necə oynamışam? Xəstə situasiyasında, uzanıqlı formada. Hələ uzanıqlı belə alınıb, gör ayaq üstə durub oynasaydım nə olardı? (Gülür) Aralarında enerji fərqi də var da. Mən indi Babək kimi qılıncı əlimdə oynada, atı çapa bilmərəm. Bu reallıqdır. O vaxt mən iki-üç dəfə atdan yıxılmışam, onun ağrısını hələ də belimdə hiss edirəm.

– Rasim müəllim, sizin üçün kinoda tabu anlayışı varmı?

– Heç bu barədə düşünməmişəm. Məsələn, siz nəyi misal çəkə bilərsiniz?

– Yəni özünüzə bir qadağa qoyasınız ki, belə bir şeyi mən oynamaram, etmərəm, edə bilmərəm.

– Konkret...

– Məsələn, filmdə öpüşərsiniz?

– Lazımdırsa, edərəm. Belə bir qadağa yoxdur mənim üçün. Bunu edərəmsə, estetik edərəm, gözəl edərəm. Tamaşaçının zövq alacağı formada edərəm. Bizim filmlərimizdə, düzdür, belə səhnələr az olur...

– Məsələn, “Təhminə”də oynayardınız? Orada bəzi açıq səhnələr var.

– Əlbəttə! Niyə oynamayım ki?!

– Bəs sırf hansısa bir səhnəyə görə filmdən imtina etdiyiniz olub?

– Səhnəyə görə yox, amma, məsələn, obrazı bəyənmənmişəm. Çox olub. Orta Asiyadan, Türkiyədən bu cür təkliflər olub, elə olub ki, getməmişəm. Məsələn, bu yaxınlarda Türkiyədən bir təklif gəldi. Ssenariyə baxdım və gördüm ki, filmin motivi nəsihət üzərində qurulub. Elə bil ki, Dədə Qorqud. Başa düşürsən, filmdə dinamika yoxdur, yüksəlib-azalan xətt yoxdur, konkret bir temp var. Mən baxdım ki, o rolda mən yeni heç nə edə bilmərəm. Əlim-qolum bağlı olacaq. Onun mən nəyini oynayım?

Bilirsən, mən istəyərəm ki, insanların ağlına gəlməyən, qəribə bir xarakterə malik obraz yaradam, tragikomik bir obrazım olsun. Hansı ki tamaşaçı baxsın və düşünsün: bu, odur? Bu, Rasim Balayevdir? Yəni o rol mənə imkanlar versin ki, mən çılğınlıqlar edə bilim.

– Elə aktyorlar ki, bir filmə çəkilir, oradakı rolu onun pasportuna çevrilir. Sizdə isə obraz zənginliyi var.

– Elədir. Nə bilim? Nə deyim? Mən aktyoram. İşim budur. Bax sənə bir şey deyim. Türkiyədə bir filmə çəkilirdim, orada iki baş rol var idi. İbrahim Gülşəni Həzrətləri və Mitta. Məni İbrahim Gülşəni Həzrətləri obrazı üçün çağırmışdılar, hansı ki o, Azərbaycan kökənli olub. Hətta qəbrindən uzun illər boyunca gül-çiçək qoxusu gəlirmiş. Mən ssenari ilə tanış oldum. Onlara dedim ki, əfəndim, mən Mittanı istəyirəm. Dedilər, hocam, Türkiyədə hamı mənfi roldan qaçır axı... Dedim, yox e, Mitta. Bilirsən, niyə? O obrazın xətti məni cəlb elədi. İslam tərəfdarlarını qırıb-çatan biri yekunda dindar olub. Bilirsən bu nə deməkdir? Bilirsən, aktyor üçün bu nə deməkdir? Burada aktyor üçün canlandırılmalı olan necə səhnələr, məsələlər var?

– Rasim müəllim, sizdə hansısa obrazın təsirində qalmaq, lap dərinə getsək, onun həyatını yaşamaq olmayıb.

– Yox e, yox. Onlar bədii obrazlardır da. Mən aktyoram, oğul, mən roldan tez çıxa bilirəm. Mən Babəkəm? Mən Cavidəm? Səlim bəyəm? Nəsimiyəm? Yox. Mən Rasim Balayevəm. Mən çəkiliş meydançasında aktyoram, orada oynadığım obrazam. Çəkiliş meydançasında Babək, çəkiliş bitən kimi isə Rasim Balayevəm, vəssalam.

– Sizin yaşıdlarınızı daha çox televiziyadakı bəzi məişət tipli verilişlərdə ekspert kimi görürük. Sizə dəvətlər gəlirmi?

– O qədər... Dəhşətli dərəcədə. Amma indi etmirlər. Çünki bilirlər ki, getmirəm. Ora çıxanlar gündəmdə qalmaq istəyən adamlardır.

– Siz gündəmdə qalmaq istəmirsiniz?

– Mənim gündəmim Babəkdir, Nəsimidir, Caviddir də. Bundan böyük gündəm? Mənim gündəmim filmlərdir.

– Onda onların film karyerası yoxdur deyə, orada oturub gündəmdə qalmaq istəyirlər?

– Görünür, elədir. Bir adam bir gün təhsildən danışır, sabah vəkillik edir, birisi gün iqtisadiyyatdan. Belə şey olar?

Bu dəm Rasim müəllim siqaretini yandırmaq üçün məndən kibrit istəyir. Siqaret çəkmədiyimi bilincə “Çəkmə. Mən 61 ildir, çəkirəm” deyib siqareti qutusuna qoyub söhbətinə davam edir.

– ...tələbə vaxtı məni AzTV-yə çağırmışdılar, şeir oxuyacaqdım. Təqribən atalar, analar, oğullar motivində bir mövzu idi. Ataları ümumi obraz kimi Əli Zeynalov, anaları Məhluqə Sadıqova, oğulları isə mən canlandırırdım. Poema idi. Böyük adamlarla ilk səhnə təcrübəm idi. Məni səhnəyə çıxana qədər AzTV-də 8 nəfər yoxladı. Sonra öyrəndim ki, efirə çıxana qədər mənim ailəm belə yoxlanıb. Telestudiyada xüsusi şöbə var idi ki, onlar efirə çıxacaq adamların bütün şəcərəsini araşdırırdılar. Ona görə ki, bu adamı efirə buraxmaq olarmı? Camaatda onun efirə çıxması sual yaratmaz ki? Bəs indi? Dəhşət. Biabırçılıq.

Televiziyada danışan adamın orada danışmaq üçün mənəvi hüququ olmalıdır. Dünən normal adam ola bilməyən bu gün ekspert kimi kiməsə yol göstərir. Camaat da baxır. Nə bilim?!

– Rasim müəllim, siz həm də ədəbiyyata çox yaxınsınız.

– İndi o qədər də yox, qabaq elə olub.

– Çağdaş ədəbiyyatımızı izləyirsiniz? Məsələn, ən gənc tanıdığınız şair, yazıçılardan kiminsə adını çəkə bilərsiniz?

– Düzü, yox, dərindən tanımıram. Elə olur ki, gənclər özləri görüşəndə kitablarını bağışlayırlar. Bu yaxınlarda bir cavan şair kitabını verdi mənə... (bir qədər düşünür) adı... Şahin idi, deyəsən. Arabir vərəqləyirəm, baxıram. Adi şeirlər də var içində, yaxşıları da. Bilirsən, bu gün tamaşaçını təəccübləndirmək çətin məsələdir. Ramiz Rövşən kimi, məsələn.

– Hamı Ramiz Rövşən olmaq məcburiyyətində deyil axı.

– Əlbəttə. O vaxt şairlər, yazıçılar üçün konkret qəliblər var idi. Sırf o şeylərə görə həmin şair, yazıçıları qınayırlar. Məsələn, Stalini tərifləmək. Bu gün o adamları qınayan adamlar həmənki vəziyyətdə olsaydılar, daha çox tərif edərdilər. İndi ağızları isti yerdədir.

– Rasim müəllim boş vaxtlarınızda nəyə qulaq asırsınız?

– Məkkənin gözəl bir vaizi var, onu elə düz-qoş ediblər ki, o ərəbcə deyir, mən də ardınca Azərbaycan dilində. Bax o var məndə, maşında daha çox onu dinləyirəm. Bir də 90.70-ci dalğa var. Radioda. Orada klassik musiqilər, muğam, xalq mahnıları verirlər.

– Muğam demişkən, Alim Qasımovla möhkəm dostluğunuz var.

– Bəli, Alim əziz adamdır.

– Qulaq asırsınız Alim Qasımova?

– Ona qulaq asmamaq olar?

– Bəs başqa kimlərə qulaq asırsınız?

– Elnarəyə qulaq asıram, yanıqlı səsi var.

– Bəs deyirlər, Elnarə daha çox toy müğənnisi oldu axı.

– Neynəsin bəs? Dolanmasın? Getməlidir də. Alim Qasımov da gedərdi toya. Amma çox az. Bilirsən, Alim dünyəvi sənətkardır. Onu bütün dünya tanıyır. Onu, məncə, müqayisə etməyək.

– Rasim müəllim, deyirlər, Alim Qasımov muğamı muğam qəlibindən çıxarıb, tamamilə, fərqli formaya salıb. Məsələn, Alimə qədər muğamla rep duet formasında görülməyib.

– Alim novatordur. Novatorluq Alimin canında, qanında var. Amma bizim bildiyimiz klassik muğam tərzində də Alim əvəzsizdir, məktəbdir. Elə təkcə Əlibaba Məmmədovun yubileyində “Vilayəti” oxuyur. Dəhşət. Məktəbdir Alim. Alim muğamı dünyəviləşdirib. Alim hər zaman axtarışdadır. O mənə danışırdı ki, dərsə gedəndə hamının dərsində otururmuş. Ağaxanın, Əlibabanın, Hacıbabanın... Hamısının.

– Rasim müəllim, mərhum Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışında belə bir ifadə işlətdiniz ki, Rüstəmdan sonra ittifaqın vəziyyəti çətindir.

– Bəli. Bilirsən, oğul, mən həmişə demişəm, indi də deyirəm, sabah da deyəcəyəm: mən Rüstəm İbrahimbəyovun yerini verə bilmərəm. O, başqa idi. O daha ağıllı, daha peşəkar, bişmiş biri idi. O deyirlər e, əvəzolunmaz adam yoxdur. Xeyr. Əvəzolunmaz adam var: o, Rüstəm İbrahiməyovdur!..

Foto: Orxan Kərimov

# 3628 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #