Ramiz Rövşən havasında süzən Zamin Hacı

Ramiz Rövşən, Zamin Hacı

Ramiz Rövşən, Zamin Hacı

16 yanvar 2023
# 16:00

Kulis.az Vüqar Vanın “Zamin Hacının fabulası ətrafında” adlı yazısını təqdim edir.

Keçən həftə mənasız, sıxıcı həyatımızı rəngləndirən bir hadisə baş verdi.

Zamin Hacının iki kitabı çap olundu. Publisistik yazılarından ibarət “Göz dağı” və şeirləri yer alan “Anti-şeirlər” kitabı. Çox sevindim. Tez qaçıb kitabları aldım, bir günə oxudum.

Söhbəti çox uzatmadan keçirəm əsas məsələyə.

Yəni, şeirlərə.

Yoxsa “Anti-şeirlər”ə? Belə pis çıxmasın, məni çox-çox üzrlü hesab edin, amma Anti-şeir nə deməkdir?

Görəsən, ilin-günün bu vaxtı nə üçün dəyərli publisistimiz qulağı cırmaqlayan anti-şeirlərini çap etmək ehtiyacı hiss edib? Heç bir fikrim yoxdur. Bəlkə, o tükənib? Tükənmişlik sindromundan əziyyət çəkir? Bu hərəkətə başqa səbəb tapa bilmirəm. Çox güman, bu səbəbdəndir.

Kitabın arxasında oxuyuruq: (düzü, arxası da yaxşı oxunmur, sarı üz qapağının üstünə kiçik şriftlərlə ağ rəngli yazıları lupa ilə oxumalı oldum)

“Bizim eranın 1973-cü ilində, Süd Yolu qalaktikası, Günəş sistemi, Yer Planeti, Azərbaycan, Füzuli, Aşağı Seyidəhmədli kəndində doğulmuşam. İlk şeirlərim 1991-ci ildə “Gənclik” jurnalında dərc edilib. Ulduz tozundan yarandığıma, milyardlarla il sonra yenidən doğulacağıma inanıram. Sizinlə – əzizlərimlə birgə. Bu yazıları o zaman təzədən oxuyarıq”.

Bu nədir? Dalağım az qala sancmışdı. Belə annotasiya olar? Xalq şairləri kimi kitabın arxasında müəllif haqqında məlumat vermək kimin nəyinə lazımdır? Ondansa kitab haqqında qısa bir şey yazmaq olmazdımı? Süd Yolu qalaktikası nədir? Günəş sistemi, Yer planeti nədir? Biz bəyəm Venerada yaşayırıq? Müəllifin Süd Yolu qalaktikası, Yer planetindən olması mənim nəyimə yazımdır? Niyə o belə bir məlumatı oxucuların diqqətin çatdırmaq istəyir? Suallara cavab tapa bilmirəm.

Dərhal hiss olunur ki, müəllif kitabından daha dəyərlidir.

Şeirlərində güldən, bülbüldən, aşiqdən, məşuqdan, pişikdən, buludlardan, qaranlıqdan, dünyanın amansızlığından, dövranın ədalətsizliyindən bəhs edir Zamin müəllim.

Məsələn:

Çuxura düşür avtobus
Qoluna toxunur qadının qolu

Qadının qoludur
Sənin dərindir
Qadın – sərindir.

İyulun ortasıdır.
Bu söhbət çox dərindir.

Bu nə şeirdir? Qadının qoludur, sənin dərindir, qadın sərindir, bu söhbət çox dərindir?

Belə şeir olmaz. Üçüncü sinifdə yazırdım belə şeirləri. Doğrudan da, bu şeir “anti”dir.

Bir çox nümunə gətirə bilərəm kitabdan. Amma reklam etmək istəmirəm.

Kitabdakı heca şeirlərinin hamısı bir-birinə oxşayır. Mənzərə, məzmun, tablo eynidir. Yalnız sözlər dəyişilir. Kitabı oxuduqca, elə bilirdim, oxuduğum şeiri əvvəlki səhifədə oxumuşam. Bilirsiniz, adam burnunu tutub, müəllimin dünyasında boğula bilmir. Buna çox cəhd etdim, amma gördüm zəmin elə də dərin deyil. Başım yuxarıda qalırdı.

Zamin müəllimin şeirləri qaranlıq yolda maşınla yol getməyə bənzəyir. Maşının faraları isə çox güclüdür. Hər yeri görürsən. Şeir həm də bir az qaranlıq, qarğaşa, dağıntıdır mənim üçün. Qabağımı görmədən getmək istəyirəm. Qarşıma nə çıxacağını əvvəlcədən bilmək istəmirəm. Demək istədiyim, budur.

İntonasiyası Ramiz Rövşəndən gələn çox şeirlər var kitabda. Şeirin ruhunda Ramiz havası var. Ramiz Rövşənin yüngül havasında süzməyi Zamin Hacıya bağışlaya bilmirəm. 90-ların məşhur “Ramiz Rövşən infeksiyasına” Zamin müəllim də yoluxub. Səkkiz, yeddi hecalı şeirlərinin əksəriyyəti imitasiyadır. Aşağıdakı şeirlərdən biri 93-cü ildə, biri də 99-cu ildə yazılıb.

Məsələn,

Keçir ayın on beşi də
Ayın on dördü kimi.
Gah canü-dildən yaşadım,
Gah da candərdi kimi.

Sevindim dərdin çoxuna
Az gələndə darıxdım.
Darıxdım payız gələndə
Yaz gələndə darıxdım

...Gördüm ömrün divarından,
Külək cırır təqvimi.
Keçir ayın on altısı,
Ayın on beşi kimi.

Yaxud:

Yaddan çıxardım hər şeyi
Adım nəydi, bilmirəm.
Başımın üstündə duran,
Yerdi, göydü, bilmirəm.

Özüm də yadımdan çıxdı,
Allahı da unutdum.
Gecələr elə uzandı
Sabahı da unutdum.

Tutaq ki, Zamin müəllim gənclik havası ilə Ramiz intonasiyasında şeirlər yazırdı, başadüşüləndir. Amma onları durduq yerə, bu vaxt, bu dəm nə üçün və hansı səbəbə kitaba daxil edib? Ritm “rakka-çiko”dur. Bunu duymaq bəyəm çətin məsələdir? Oxuyan kimi hiss edirsən ki, intonasiya qeyri-orjinaldır, anti-dir.

Sərbəstdə yazdığı balaca şeirlər var ki, onlar, çox xoşuma gəldi.

Bu şeirlərdə intonasiya dəyişir. Burda artıq bənzətmə adına heç nə yoxdu, ənənəvi şeirdəki bütün ünsürlər rədd edilib. Təsvir, deyiliş o dərəcədə şəffafdır, adam hesab edir ki, bu şeirlər sanki dünya bitdikdən sonra, bəlkə də, yer kürəsinin ən son nöqtəsində qələmə alınıb. Yəni hər şeyin sonu bilindikdən sonra.

**

Bu dünyada ən gəzməli yer
Damların qırağıdı,
ən qiymətli kağız
məktəbli uşağın “beş”i yazılmış
dəftər varağıdı,
ən yaşamalı yer
dezedorant balonudu.

Şeirləri oxuya-oxuya gözümün qabağına balaca çərçivə gəlirdi. Elə bilirdim, Zamin Hacı ətrafına o çərçivədən baxıb, oradan nə görübsə, onu da yazıb.

**
Caps Lock düyməsinə basmış
Çiçəkləyən
Bu alça ağacı


Zamin bəy adi səhnələr yaradır. Yəni elə səhnələr ki, bir addım irəlidə proza dayanır. Hiss və duyğular, insan düşüncəsi olduğu kimi, sakitcə, səsin ən aşağı tonunda ifadə edilir. Bu şeirlərdə adi nəsnələrin yanında elə bir söz, elə bir ifadə (yaşantını bildirən) peyda olur ki, bütün həyatının bir ovuc içində çırpındığını görə bilirsən:

Dördüncü mərtəbədən
Səkidəki gölməçədə
Çimən sərçəyə baxdım bu səhər

Qəribədir quşlara
Yuxarıdan baxmaq


Adama elə gəlir ki, əlini heç nəyə vurmadan möcüzə yarada bilər.

Bakıda ilk dəfə
Makdonalsa girmiş
Və nə istəyəcəyini bilməyən iranlı kimi
Girmisən ürəyimə

**
“Biz vaxtla işləyirik”
Dedi
Avtobusun sürücüsü

Görürsüz, necə sadə, iddiasız şeirlərdir? Vaxtı götürür ora atır, adamı götürüb bura atır, filan şeyi gizlədir, filan şeyi yox eləyir, bəzi şeyləri demədən deyir, bəzilərini deyərək deyir.


**
dərslər başlamağa az qalmış
məktəb kimi
sakitəm

**
Pəncərə şüşəsində
Muğam oxuyur
Soprano səsi ilə
Dördbucaqlı milçək

Təbiətdən insan kimi aldıqlarını insanca paylaşır və bunu çoxlarından fərqli olaraq rahatca edə bilir. Təbiətlə rahatlıqla ünsiyyətə girir və bu ünsiyyətdə kədər hiss olunur.

**
Biləcəridəki bu küknar
Heç vaxt dənizi görməyib
Amma həmişə yaşıldı

**
Dedim dağa çıxmaq çətindir, yəqin,
Düşdüm kənddə qaldım, kəndə gəlmədin.
Son arzum, ümidim azdı dumanda.,
Duman çəkilmədi, sən də gəlmədin.

Məncə, bu qədər kifayətdir. Hər şeyi niyə yazıram? Gedib alın, oxuyun.

Yazının sonunu necə bitirdinsə, elə də yadda qalır. Ona görə xoş sözlərimi sona saxladım.

Təzə-təzə iməkləməyə başladığım zamanlarda öyrəndiyim üç adamdan biridir Zamin bəy. Özünün dediyi ki, publisistikanın generalıdır. Mən uzaqbaşı adi bir əsgər olaram, ya olmaram. Yazılarımın bəziləri onun imitasiyasıdır. Bir neçə dəfə qonaqlıq da verib mənə. Kitabı haqqında yazmayım, bəs kim yazsın? Hətta yazının başlığını belə qoymaq niyyətindəyik.

“Ramiz Rövşən havasında süzən Zamin Hacı".

# 2514 dəfə oxunub

Oxşar xəbərlər

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

18:30 17 aprel 2024
"Loki"  ilham mənbəyini açıqladı

"Loki" ilham mənbəyini açıqladı

18:00 17 aprel 2024
“Retro” mövzusunda poeziya yarışı keçirildi

“Retro” mövzusunda poeziya yarışı keçirildi

17:30 17 aprel 2024
Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

17:00 17 aprel 2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

16:50 17 aprel 2024
"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

16:30 17 aprel 2024
#
#
# # #