Rafael Dadaşovun doğum günüdür

Rafael Dadaşovun doğum günüdür
4 yanvar 2024
# 10:40

Bu gün Xalq artisti Rafael Dadaşovun doğum günüdür.

Kulis.az xəbər verir ki, anadan olmasının 78-ci ildönümü tamam olan Rafael Dadaşovun aktyorluq yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur.

1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olan R.Dadaşov Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra, 1966–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil alıb. 1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışıb, 1974–1976-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olub, eyni zamanda, oranın Televiziya və Radio Komitəsində işləyib.

1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirib.

Hələ gənclik illərində Azərbaycanın Allen Delonu adını alan aktyor Dram Teatrında “Heç nədən hay küy”, “Cehizsiz qız”, “Səhra yuxuları”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Unuda bilmirəm”, “İblis”, “Şəhərin yay günləri”, “Qılınc və qələm”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Sokratı anma gecəsi”, “Afət”, “Ölülər” tamaşalarında uğurlu rollar ifa edib. Aktyorun səhnədəki son rolu “Müfəttiş” tamaşasındakı Anton Antonoviç Skvoznik-Dmuxanovski obrazı olub.

Rafael Dadaşov teatr aləminə qədəm qoyduğu ilk vaxtlardan sənətsevərlərin qəlbinə yol tapmağa müvəffəq olub. O, Akademik Milli Dram Teatrının səhnəsində uzun illər ərzində müvəffəqiyyətlə çıxış edərək yüzə yaxın müxtəlif xarakterli yaddaqalan obrazlar qalereyası yaradıb. Sənətkarın klassik və müasir Azərbaycan ədəbiyyatına, dünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi bu qəhrəmanlar teatrsevərlərin hafizəsinə həkk olunub.

Bundan başqa Rafael Dadaşov “Ötən ilin son gecəsi”, “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Topal Teymur”, “Ordan-burdan” kimi televiziya tamaşalarında ona məşhurluq gətirən rollarda çıxış edib.

Aktyorun zəngin səhnə həyatı olsa da, kino həyatı o qədər də geniş olmayıb. O, karyerası boyu “Var olun qızlar”, “Yarımçıq qalmış serenada”, “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərinə çəkilib.

Ekranda və səhnədə canlandırdığı, təbiiliyi və inandırıcılığı ilə səciyyələnən rəngarəng xarakterli qəhrəmanlar onu sənətin incəliklərini dərindən mənimsəmiş yüksək səhnə mədəniyyətinə malik aktyor olaraq geniş tamaşaçı auditoriyasına sevdirib.

Yaradıcılıq potensialını televiziya və kino sahəsində də uğurla nümayiş etdirən istedadlı aktyorun bədii filmlərdə və televiziya tamaşalarında məharətlə canlandırdığı obrazlar həmişə özünün fərqli psixoloji-emosional yozumu ilə səciyyələnib. Onun televiziya tamaşalarında yaratdığı personajlar milli televiziyanın fondundakı dəyərli sənət nümunələri sırasında qorunub saxlanmaqdadır.

Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilib. O, 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezident təqaüdçüsü Rafael Dadaşov 2020-ci il martın 16-da vəfat edib.

# 2254 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər