Qrim üzrə rəssam: "İki ildir heç nə qazanmıram" - Müsahibə

Qrim üzrə rəssam:  "İki ildir heç nə qazanmıram" - Müsahibə
17 iyul 2023
# 17:00

Kulis.az qrim üzrə rəssam Elbrus Vahidovun APA-ya müsahibəsini təqdim edir.

“Azərbaycanfilm” kinostudiyasında bizi mühafizə xidməti qarşılayır. Salamlaşırıq.

Elbrus Vahidovla müsahibə danışmışıq, bizi gözləyir, – deyib kinostudiyanın həyətinə keçirik. Mühafizə xidməti: “Elik?”, – deyə soruşur. “Hə” deyirəm. Kinostudiyanın binasına çatana yaxın bu dəfə fotoqrafımız Orxan soruşur:


– Görəsən, niyə Elik deyirlər ki?

Bilmirəm, – deyib ucsuz-bucaqsız və bomboş kinostudiya binasında Elbrus müəllimi axtarıram, – özündən soruşarıq.

Bu vaxt yuxarı mərtəbələrin birindən səs gəlir, pəncərədən ağ saçlı bir adam bizə əl yelləyir: “Yuxarı, yuxarı, dördüncü mərtəbə”.

Dar, uzun və uçuq-sökük koridorla irəlilədikcə adamı qəribə nostalji hisslər bürüyür. Tarixən bu koridorla, bu divarların şahidliyi ilə məhz bu kinostudiyada kimlər işləyib, kimlər...

– Gəlin, gəlin, – ağ saçlı kişi bizi yuxarı mərtəbələrin birində qarşılayır. Salamlaşırıq, özümü təqdim edirəm və elə ilk sualım fotoqrafımızı narahat edən sual olur.

– Elbrus müəllim, sizə Elik deyirlər. Xüsusi bir səbəbi var?

– Hə, elə deyirlər, – deyib tələsik otaqlardan birinə keçir. Qapının cırıltısı ilə bərabər sualımın cavabını gətirir, amma biz heç nə eşitmirik. İçəri keçəndə artıq Elbrus müəllim müsahibəyə hazır vəziyyətdə bizi gözləyir.

...düzü, ilk dəfə kimin mənə “Elik” deməsini xatırlamıram. Bilirsiniz də, bizlərdə, bakılılarda dəbdir: Çingizə Çina, Əliyə Alik deyirlər və sair. Həmişə mənə qəribə gəlib, mənim adım pis ad deyil axı, hətta çox yaxşı addır, özümün xoşuma gəlir, amma niyə “Elik” deyirlər, bilmirəm. 72 yaşım var, nəvələrimdən tutmuş rejissorlara qədər hamı üçün “Elik”əm. Hətta yadımdadır, Meral Konrat (Türkiyəli aktrisa, – N.P.) “Elik” deyə bilmirdi, “Erik” deyirdi. Belə... – əllərini yana açıb gözləyir.

– Qrim rəssamlığına, bildiyimə görə, təsadüfən gəlmisiniz, – Elbrus müəllimlə üzbəüz kresloda əyləşirəm.

– Bəli, tamamilə, təsadüf olub. Məktəbi bitirdikdən sonra sənədlərimi Əzim Əzimzadə adına məktəbə verdim. Rəssamlıq üzrə təhsil almaq istəyirdim. Məncə, kifayət qədər yaxşı rəsmlər çəkirdim. Orada üç imtahan olur, onların üçündən də uğurla keçdim: iki 5, bir 4 aldım. Sonuncu imtahan imla yazmaqla bağlı idi, bircə o imtahandan kəsildim, 2 aldım. Beləliklə, istədiyim ixtisas üzrə təhsil ala bilmədim. Ondan sonra nə edəcəyim barədə bir xeyli düşündüm. O vaxt bir qonşum var idi: Telman müəllim. Kinostudiyada işləyirdi, qrim rəssamı idi. Günlərin bir günü məni özü ilə kinostudiyaya apardı, dedi, bir az işlə, təcrübə topla, sonrasına baxarıq. Gəldik, o vaxt Adil İsgəndərov (Adil İsgəndərov – SSRİ Xalq artisti, Azərbaycan teatr-kino rejissoru, aktyor, – N.P.) kinostudiyanın direktoru idi. Adil müəllim məndən hansı sənət üzrə çalışmaq istədiyimi soruşdu, mən də dedim ki, rəssamların yanında işləmək istəyirəm. Amma rəssamların yanında yer olmadı, əvəzində elə Telman müəllimin yanında – qrim rəssamlarının yanında yer oldu, orada işləməyə başladım. Zamanla hiss elədim ki, bu sənəti sevməyə başlayıram, xoşuma gəlməyə başlayır. O vaxt da kinostudiyada nə qədər peşəkar adamlar var idi. Gözümün qabağında adamları elə formada qrim edirdilər ki, təəccüb edirdim. Beləcə, mən artıq orada qalmağı, bu sahədə işləməyi qərara aldım.

– İlk film təcrübəniz hansı olub?

– Qrim üzrə rəssamların yanında köməkçi kimi işlədiyimiz filmlər çox olub. Yəni bir növ, ikinci plan qrim üzrə rəssam kimi. Belə ilk filmlərimdən “Yeddi oğul istərəm”, “Axrıncı aşırım”ın adlarını çəkə bilərəm. Amma tək qrim üzrə rəssam olduğum film “Tütək səsi” filmi olub. Mən o zaman cavan oğlan idim, haradasa, 24 yaşım olardı. Nədənsə Rasim Ocaqov (Rasim Ocaqov – Xalq artisti, kinorejissor, – N.P.) məni istədi. O vaxt qrim üzrə rəssam kimi peşəkarlar çox idi, amma o məni seçdi. Bunun səbəbini indiyə kimi də bilmirəm. Düzdür, təklifi dərhal qəbul etdim, amma sonradan düşündüm ki, çox məsuliyyətlidir. Öhdəsindən də gəldim və beləcə, başladıq. Bu filmdən sonra təkliflər çoxaldı, nisbətən tanınmağa başladım. Arif Babayev, Həsən Seyidbəyli, Oqtay Mir Qasımov, Eldar Quliyev kimi korifey sənətkarlar mənimlə işləməyə başladılar.

– Rəssamlıq qabiliyyətinizin olduğunu dediniz. Ümumiyyətlə, qrim işi ilə məşğul olanların rəssamlıq qabiliyyətinin olması çox vacibdir? Yoxsa o qabiliyyət olmadan da nəyəsə nail olmaq olar?

– Əlbəttə, bu sənət elə bir sənətdir ki, rəssamlıqdan anlayışın olmalıdır, həmçinin tarixdən də müəyyən bilgiyə sahib olmalısan. Çünki obrazı yaradanda onun tarixi keçmişi barədə məlumatının olması lazımdır. Bir sözlə, bu sənətin adamının hərtərəfli olmasının faydası çoxdur. Yəni biz “qrim üzrə rəssam” deyirik, bu ad özü çox şey deməkdir. Ssenari oxunandan sonra qrim üzrə rəssam oturub obraz barədə düşünür, öz beynində onu canlandırır. Obraz bir bəy də ola bilər, xan da, oğru da, başkəsən də. Qrim üzrə rəssamın fantaziyası olmalıdır, bunların hamısını görməlidir, görə bilməsi vacibdir.

– Bəs qrimin insana zərəri varmı?

– Yox, qətiyyən. Üstəlik, hər bir obraz da qrim edilmir onsuz da. Ehtiyacdan irəli gələn bir prosesdir. Yəni elə obrazlar olur ki, onların qrimə ehtiyacı olmur. Bəzən aktyorlar özləri saqqal buraxır, bığ saxlayır. Yəni bunu qrimlə etməkdənsə, təbii formada da etmək olur.

– Bəlkə də, bir az naşı sualdır, amma verməliyəm. Qrim edilmək yalnız aktyor və aktrisalara aiddir? Məsələn, “Dədə Qorqud” filmində şirlə döyüş səhnəsi var. Orada şirin qrim edilməsi faktı var?

– Ehtiyac olarsa, əlbəttə. Məsələn, dediyiniz səhnədə şirin bədənində qan effektinə ehtiyac olarsa, bunu qrim vasitəsilə etmək olar.

– Qrim üzrə rəssamların rejissorlarla, aktyorlarla, ssenaristlərlə nə kimi mübahisələri ola bilər? Ümumiyyətlə, ortaq məxrəcə necə gəlirsiniz?

– Ümumi müzakirəni təkcə qrim üzrə rəssam etmir. Bir obrazı yaratmaq üçün rejissor da gəlir, aktyor da, ssenarist də, rəssam da. Məsələn, mən deyirəm, obrazın üzündə çapıq olması yaxşı olar. Biri deyir ki, yox, çapıq çox işlənib, filan şey olsun. Belə-belə ümumi müzakirə aparılır, hamı öz fikrini, öz düşündüyünü deyir. Bu proses təkcə qrim üzrə rəssamdan asılı deyil.

– Üzə çapıq qoyulmasını dediniz. Sosial şəbəkələrdə artıq dünyada yeni avadanlıqlar vasitəsilə qrim işinin rahat olması görünür. O texnika bizdə də varmı?

– Yox, o texniki avadanlıqlar hələ ki bizə gəlib çıxmayıb.

– Amma ehtiyac var.

– Əlbəttə. Kino inkişaf edir, bu da bir inkişaf və ondan doğan tələbatdır.

– Yaxşı, bəs o avadanlığının yerini necə doldururuq?

– Düzü, mən bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki yeni film çəkilmir ki, mən əvvəlki filmlərdə istifadə olunan üsulla indikini müqayisə edim.

Bir qədər ara verib uzun müddətdir, istifadə edilməyən qrim otağının səliqəsiz olmasına işarə edir. Əllərini yana açır, başını təəssüflə yelləyir: budur. Hər şey ortadadır.

Fürsətkən mən də gözucu otağa nəzər salıram. Otağın hər küncündə güzgü və kreslo var. Güzgünün önündə qrim üçün lazımi vasitələr. Amma güzgünün və həmin vasitələrin görüntüsündən onlara uzun müddətdir ehtiyac olmadığını hiss eləmək o qədər də çətin deyil.

...kinostudiyanın vəziyyəti göz önündədir... (Əli ilə bayaqdan nəzər yetirdiyim güzgünü və önündəki vasitələri göstərir) Bu zaman içərisində sırf qrim sahəsinə aid o qədər yeniliklər olub ki. Dünya filmlərini görürsünüz, izləyirsiniz. Amma bizdə? Yoxdur. Bilirsiniz, qrim rəssamı inkişafla ayaqlaşmalıdır, amma mənim vaxtım artıq o deyil (gülür).

– Qrim rəssamlığına dünya kinosunda kifayət qədər ciddi yanaşılır. Məsələn, “Oskar” mükafatının nominasiyalarından biri bu sahə üzrədir.

– Bəli, tamamilə, haqlısınız. Amma bizdəki mənzərə fərqlidir. Amma mən sizə bir şey deyim, artıq bir neçə ildir, film işindən kənara çəkilmişəm.

– Niyə?

– Əvvəla, ona görə ki, artıq o marağı oyadacaq ssenari yoxdur. Ya da ki elə bir rejissor da qalmayıb axı. Cavan-cavan uşaqlardır.

– Elbrus müəllim, cavanlar haqqında bu qədər ümidsiz danışmaq...

– Bilirsən, onlara söz demək olmur... “Mən filmi festival üçün çəkəcəyəm” deyib özlərini elə aparılar ki... (Əllərini başının arxasında birləşdirib tavana zillənir) Deyəsən ki, a kişi, sən bir film göstər, iş qoy ortaya, sonra...

– Yaxşı, o cavan dediyiniz rejissorlar filmdə qrim işini necə həll edirlər?

– Salonlarla, oradakı işçilərlə. Vəssalam. Çox rahat. Qurtardı getdi. Cavanlarla işləməyin bir şeyini də deyim, məsələn, aktrisa gəlir oturur, deyirsən, qrimi belə etmək lazımdır, razılaşmır. Gedib rejissora deyir, o da onun dediyini deyir, sən də qalırsan ortada.

– Siz sonuncu dəfə hansı filmdə qrim rəssamı kimi çalışmısınız?

– Oy da... (Bir qədər dayanır, əllərini qoynunda birləşdirib düşünür) Çox uzun zaman keçib.

– Nə qədər?

– Asifin filmi idi, Rüstəmovun.

– “Mərmər soyuğu”?

– Hə, hə, o.

– O qədər də çox vaxt keçməyib axı. İki ildir, səhv eləmirəmsə. Filmə baxdınız?

– Yox, baxmamışam, təqdimatı olmayıb, məncə. Bir az müzakirə edildi o film, hərə bir söz dedi, biri dedi ki, sən başa düşməmisən və sair. Amma mən baxa bilməmişəm. Asif maraqlı rejissordur, səhv eləmirəmsə, Oqtay müəllimin tələbəsidir. Amma, dediyim kimi, hamısı filmi festival üçün çəkir.

– Siz onları qınayırsınız? Festival, bir növ, tələbat və dünya filmi ilə ayaqlaşmaqdır axı.

– Yox, mən qınamıram. Sadəcə, bilirsən, bunların məktəbi yoxdur e... Məsələ budur.

– Məktəb demiş, bizdə qrim rəssamı harada yetişir? Təhsil bazası varmı?

Gülümsəyir... Başını bulayır.

– Yoxdur. Hazırda bir neçə qrim rəssamı var, lakin film yoxdur deyə, məcburən gedib reklamda işləyirlər, teatrda işləyirlər. Onların bəzisi, belə pis çıxmasın, burada, bizim yanımızda yetişiblər. Amma gördülər ki, kino yoxdur, kino yoxdursa, çörək də yoxdur, çəkilib getdilər. Kino lap çəkilsin e, bir dənə, iki dənə, onunla nəsə olmaz axı.

– Bəs seriallar?

– Serialı işləmək çox çətindir, çox. 15-18 saatlıq iş rejimi olur. Həftədə 10-12 seriya çəkmək. Çox ağırdır.

– Aldıqları qonorar... (sualım tamamlanmır)

– Ödəmir, təbii, o tələbatı ödəmir, amma məcburdurlar. İş yoxdur axı.

– Teatr qrimi ilə, kino qriminin nə kimi fərqləri var?

– Kinodakı qrim çox incəliklə işlənilir, detallar ən xırdalığına kimi həll edilir. Çünki kinoda qrim hiss olunsa, təsiri öləcək. Tamaşaçı görsə ki, obrazda qrim var, həvəsdən düşəcək. Bu, hiss olunmamalıdır. Amma teatrda o deyil, teatr səhnədir. Sən bilirsən ki, o oynayır. Tamaşaçı bilir ki, səhnədəki aktyordur, sadəcə oynayır. Üstəlik, tamaşaçı səhnədəki aktyorun üz cizgilərini dəqiqliklə görə bilmir. Bu da var.

– Hazırda teatrlarımızda vəziyyət necədir? Qrim rəssamları varmı?

– Akademik Milli Dram Teatrında mənim yanımda işləyən, çox istedadlı biri var, adı İlqardır, YUĞ-da da işləyib o. Kinoya baxanda azdan-çoxdan teatrda nəsə var axı. Davamlı maaş verilir, səhv eləmirəmsə, “AzDrama”da 700 manatdır. Amma kinoda belə deyil axı. Varsa, var, yoxdursa, yoxdur.

– Siz hal-hazırda kinostudiyanın işçisi sayılırsınız?

– Yox.

– Maaş da almırsınız.

– Almıram, təbii. Çoxdandır, almıram.

– Onda sonuncu dəfə qonorarı “Mərmər soyuğu”na görə almısınız.

– Hə. Müqavilə ilə qonorar almışam.

– Nə qədər aldınız, sirr deyilsə? Və əziyyətinizə dəydimi?

– Məncə, 600 manat maaş kimi yazılırdı, 6000 isə qonorar. Haradasa, 4 ay çəkiliş getdi, aya təxminən 1000+ edir. Amma bir də təsəvvür edin, belə 10 dənə film çəkilsəydi, nə olardı?

– Daha çox alardınız (gülürəm).

– Yox, o biri qrim rəssamlarının da işi olardı (gülür). Agentliyin yaradılmasını deyirlər, təki olsun. Adamlar qalıb işsiz. Qrim otaqları bomboş, toz basıb. İldə bir-iki film güclə çəkilir. Yəni mənzərə çox acınacaqlıdır. Təki nəsə olsun, inkişaf olsun.

– Qrim otaqlarını toz basıb dediniz. Baxa bilərik o otaqlara da?

– Əlbəttə, – Elbrus müəllim dərhal kreslodan qalxır, birlikdə dar və qaranlıq koridorda uçuq-sökük taxta döşəmənin cırıltılı sədaları ilə digər qrim otaqlarına da baş çəkirik. Yolüstü növbəti sualımı verirəm:

– Makiyajla qrimin fərqi nədir?

– Makiyaj tamamilə ayrı şeydir. Onun qrimlə fərqləri çoxdur...

Otaqlardan birinə çatıb cibindəki açarları çıxarır, qapı çətinliklə açılır.

...Burada biz saqqal toxuyurduq. Bu isə parikdir, – bir-bir nümunələri bizə göstərir.

...Burada müxtəlif çənə formaları var. Bu hissəyə material yapışdırandan sonra başlayırıq saqqalı toxumağa.

Söhbətimizin bundan sonrakı hissəsində bütün cəhdlərimə rəğmən Elbrus müəllimi işindən ayıra bilmirəm. Gah pariklə məşğul olur, gah saqqalla, gah da ki bığla. Hətta arada mənim üzərimdə belə təcrübə keçdi.

– Bu saqqalların materialı nədir ki?

– Bu, ingilis tülüdür. Çox bahalı olur. Bu material xüsusi olaraq gətizdirilir. Bu elədir ki, yapışdığı yer görünmür. Dəridə hiss edilmir. Ona görə də bahalıdır.

– Bəs tük?

– Hə, tük... Bütün kinostudiyalar məhz bu tüklə işləyir, bu, monqol öküzünün tüküdür. Bu öküzün tükünün özəlliyi odur ki, toxunan kimi özünü tutur. Formanı rahatlıqla almaq olur.

– Bunu Monqolustandan gətirirlər?

– Hə.

– İndi?

– Əşi, yox. İndi kino var ki, saqqal, bığ da olsun? (gülür)

– Bu da bahalıdır?

– Hə, alternativi yoxdur. Bundan başqa tük olsa, dərhal ekranda hiss olunacaq.

Bir digər otağa keçən kimi girişdəcə əllərini yana açıb ucadan: Budur, – deyir.

Böyük bir lövhədir, üzərində isə siyahı üzrə adlar var.

– 1 300 nəfər işçi olub bu kinostudiyada. Düz 1300 nəfər.

– Bəs indi?

Gülümsəyib mənə baxır və bir qədər susur.

– 60 nəfər... Onun yarısı da xadimə və digər bu kimi işçilərdir.

Elbrus müəllim bunu deyib yenidən keçir parik arxasına və başlayır manikenin saçını daramağa. Ona görə də sualımı bir neçə dəfə təkrar eləməyə məcbur qalıram.

– Elbrus müəllim, qrafik dizayn anlayışı özünün ən son həddinə çatıb. Bu, qrim rəssamlığını aradan çıxara bilər?

– Yox, yox, sadəcə paralellik yaranır. Yəni birlikdə.

– Sizin aktyorluq fəaliyyətiniz də olub.

– Hə, elə burada işlədiyim vaxt Adil İsgəndərov tərəfindən aktyor kursu yaradıldı. Ənvər Həsənov, məsələn, oranın yetirməsi olub. Dərslər axşamüstü olurdu, yəni işdən sonra. Düşündüm ki, özümü yoxlamağa dəyər, yoxladım, oxudum, bitirdim. Nəticədə, epizodik rollarda çəkildim.

– Hansı filmlərdə çəkilmisiniz?

– Çoxunu, vallah, xatırlaya bilmirəm. Amma Rasim Ocaqov məni tez-tez çəkirdi. “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Əlvida, cənub şəhəri”... Sonra “Laçın dəhlizi” – bu filmdə rolum bir az daha çoxdur, türk idi rejissoru. Müasir filmlərdən isə... xatırlaya bilmirəm.

Daha bir başqa otağa keçirik və keçən kimi Elbrus müəllim dərin bir ah çəkir...

– Hə, bu otaq, lap o vaxtlardan mənim otağım olub. Amma indiki halını görürsünüz, – Otağı bacardıqca səliqəyə salmaq istəyir. Güzgünün önündəki tozu əlləri ilə silib yerə çırpır.

...bura yayda bir az isti olur, qışda isə, əksinə, soyuq.

– Elbrus müəllim, qrimin obraza, daha doğrusu, aktyora təsiri... (sualımı tamamlamağa qoymur)

– Əlbəttə, mütləq təsiri var. Qrim aktyoru həmin obraza salır, onun kimi hiss etdirir. Yəni qrim nə qədər peşəkar və ciddi olarsa, o qədər obraza təsir edir.

– Rasim Balayev də eynilə sizin kimi deyir. Qrim obraza çox ciddi təsir edir.

– Hə, təbii, amma Rasim Balayev heç də qrimi sevən aktyor deyil. Ona obraza uyğun saqqal-bığ qoymaq istəyəndə deyirdi ki, istəmirəm, ətim ürpəşir. Ehtiyac yarananda özü saxlayırdı.

– Başqa hansı aktyorlarla belə çətinlikləriniz olub?

– Rəhmətlik Həsənağa Turabov. Onun filmlərini xatırlayın, hamısında olduğu kimidir, özüdür. Qrimlə onun da arası olmayıb.

– Bəs qadınlar?

– Bilirsən, aktyor-aktrisa qrim rəssamını başa düşməlidir e. Eləsi var, imkan vermir, eləsi var, yeri gəldi-gəlmədi doldurur makiyajdan...

– Filmdə qrim rəssamı tək olur, ya komanda kimi?

– Filmdən asılıdır, işin çətinliyindən. Amma belə iki-üç, hətta daha çox da ola bilər.

Yavaş-yavaş kinostudiyanın dar koridoru ilə çıxışa doğru gedirik. Yenə də söhbət Rasim Balayevdən düşür.

– Rasim Balayev bir dəfə mənə demişdi ki, vaxt var idi, məni qoca göstərmək üçün ağardırdılar, indi isə, əksinə, qaraldırlar. (Gülür) Yəni...

– Qocalırıq.

– Hə. Gəl bir dənə cavanlıq xatirəmi danışım, elə bitirək: cavan vaxtı – hələ onda bu işi təzə-təzə öyrənirdik – qrim rəssamlarının yanında köməkçi kimi çalışırdıq. Çəkilişlərin birində aktyorlara bığ-saqqal yapışdırmışdıq. Çəkiliş bitəndən sonra isə həmin bığ-saqqalı sökmək lazım gəldi. Tələm-tələsik ondan-bundan sökə-sökə, bir kişinin üstünə atıldım, bığını dartdım, sən demə, özünün imiş. (Gülür)

Elə gülə-gülə də fotoqrafımızla kinostudiyanı tərk edirik.

– Məncə, ona “Elik” deyilməsindən xoşu gəlmir, – Orxan astadan deyir. Cavab vermirəm. Amma elə bu vaxt mühafizə xidmətinin yanından keçəndə söhbətimizə uyğun olaraq, biri digərindən soruşur:

– Bunlar kimdir ki? – nisbətən cavan olanı soruşur.

– Eliklə müsahibəyə gəlmişdilər, APA-dan...

Foto: Orxan Kərimov

# 2050 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #