Qızımın gördüyü möcüzə - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı, yazar

Vüsal Bağırlı, yazar

15 mart 2022
# 11:00

Kulis.az Vüsal Bağırlının “Dirilmiş Tonqal” yazısını təqdim edir.

Evə təzəcə çatmışdım, işıqlar söndü. Əynimi dəyişib qızım Nurayla həyətə düşdüm.

Külək qəribə, cəlbedici qoxunu nəfəsimizə toxundurdu.

Qızım o dəqiqə anlayır və sevinclə mənə baxır:

– Ata, tonqal iyi!?

Yadıma düşür. Axı bu gün çərşənbə axşamıdır. Tonqal tapmaq ümidi ilə əl-ələ tutub məhəllə içi labirint yollara, ətrafdakı binaların həyətlərinə baş vururuq. Axtarışlar nəticə vermir.

Qızımın üzündə narazı, küskün ifadə yaranır. Çar-naçar, geri qayıtmalıyıq.

Gözlənilmədən vəziyyət nikbin çalar alır. Tonqal ətri burnumuzun lap ucundadır. Demək ki, yaxındayıq. Ocağın gətirdiyi əsrarəngiz qoxu istiqaməti düzgün təyin etməyə kömək edir və bizi birbaş yaxındakı məktəbin həyətinə aparır.

Evrika!

Nəhayət, biz onu tapırıq.

“Aha, demək burdaymışsan!?”

Təəssüf sevinclə əvəz olunur.

Köməkləşib artıq can verməkdə olan kimsəsiz ocağı diriltməyə çalışırıq. Ətrafdakı tilişkə, çırpı, kiçik odun parçaları, taxta qırıqları, quru ağac budaqlarını topalayıb hədəfin üzərinə atırıq. Alovun yaxşı qidalanan qırmızımtıl-sarı dili canlanır, enerji toplayıb rəqs etməyə başlayır. Həniri odun qalağının dik uclarını yüngülcə yalayır.

Tonqal sanki, dərindən nəfəs alır, tərpənir, komatoz vəziyyətdən (reflekslərin və xaricin təsirlərə qarşı reaksiyanın olmaması ilə birlikdə dərin şüur pozğunluğu – red.) ayılır və dirilir, üzərində uçuşaraq gözlənilməz trayektoriyalar cızan xırda atəşciklər peyda olur.

Qızım əlini-qolunu yelləyir. Tullanır, ovcunu açıb-yumur. O, tonqaldan çıxan bapbalaca, oynaq qığılcımları tutmağa çalışır. Bu onun üçün çox əyləncəlidir.

Sual verir:

– Ata, bu tonqalın balalarıdır?

– Niyə də yox, ola bilər!? – deyib gülürəm, çiyinlərimi çəkirəm.

Qızım daha da həvəsə gəlir. Qığılcımlarla oynayır, ardınca qaçır, dövrə vurub rəqs edir. Əhvalı yüksəlir. Onun pozitiv enerjisi, dəcəlliyi istər-istəməz kefimi duruldur.

Tonqal çox cəlbedicidir. Beyini, fikirləri hipnoz edir. Adam gözlərini ondan çəkmək istəmir. Baxdıqca elə hey baxmaq, baxmaq istəyirsən. Beləcə dayanıb, tonqala sonsuzadək tamaşa etmək mümkündür.

Birdən, ətrafda adamlar peyda olur. Fikirlərim dağılır. Yaxınlıqda yaşayan sakinlər, qonşular bizim tonqal piknikimizə qoşulurlar.

Tonqalı etibarlı əllərə təhvil verib, geri qayıdırıq. Nuray qəflətən əlimdən tutur, mənə baxır, üzümə gülümsəyir. O, şəndir və olduqca razıdır. Baxışlarıyla mənə təşəkkürünü bildirir. Evdə əynimizlə gətirdiyimiz tüstü və atəş iyi bizi qabaqlayıb, səbirsizliklə evdəkilərə bugünkü tonqal təəssüratından xəbər verir.

Beləcə, unudulmaz çərşənbə günü sona çatır.

# 3086 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

20:00 26 aprel 2026
Barat Vüsalın 75 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi

Barat Vüsalın 75 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi

15:40 26 aprel 2026
Laslo Krasnahorkai:  "Düzünü desəm, o qədər də böyük ədəbiyyatımız yoxdur..." - Müsahibə

Laslo Krasnahorkai: "Düzünü desəm, o qədər də böyük ədəbiyyatımız yoxdur..." - Müsahibə

12:00 26 aprel 2026
"İncə xətlər, dərin düşüncələr..."  - Özbək professorun ustad dərsindən qeydlər

"İncə xətlər, dərin düşüncələr..." - Özbək professorun ustad dərsindən qeydlər

10:00 26 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

14:00 25 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər