Qız uşaqlarımızı yandırmırıq, amma... - Leyla və körpəsini niyə öldürdülər?

Qız uşaqlarımızı yandırmırıq, amma... - Leyla və körpəsini niyə öldürdülər?
23 iyun 2023
# 13:00

Kulis.az Rəvan Cavidin “Sən kimsən, Leyla?” yazısını təqdim edir.

Bir xəbər mətni:

“Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsi əri tərəfindən vəhşicəsinə qətlə yetirilib”.

Başqa bir xəbər mətni:

“Goranboy rayonunun Tatarlı kəndində nişanlı cütlük intihara cəhd edib. Oğlan ölüb, qızı isə son anda xilas edə biliblər”.

Azərbaycan gündəmi: Gədəbəyin Söyüdlü kəndi.

Gündəmə çevrilməyənlər: Qadın qətilləri, küçə itlərinin güllələnməsi, məktəb və uşaq bağçalarındakı özbaşınalıqlar, hər bir məsələyə aidiyyəti olan nazirliklərin fəaliyyətsizliyi və ən ağırı – savadsızlıq, mədəniyyətsizlik.

Leyla Hüseynlinin qətlindəki səbəblər xəbər mətnində necə də aydın yazılıb.

Universitet – yəni təhsil verə bilməyən, fərd yetişdirə bilməyən, diplomu qalın kağız parçasından başqa heç nəyi ifadə etməyən, yeniyetmələri dörd il sonra savadsız, mədəniyyətsiz gənclərə çevirən bina.

III kurs tələbəsi – yəni ailəsindən iyirmi ildə görmədiyi nəvazişin yüzdə birini görsə, bağlanacaq, fikirləri hələ tərəddüd dövrünü aşmayan, fiziologiyası hələ Bakının mundar xislətli küləklərinə tab gətirməyən, ümidləri və arzuları arasında seçim etməyən, əylənmək istəyən, yaşamaq istəyən, gülmək istəyən, oxumaq, öyrənmək istəyən fərd.

...və körpəsi – yəni yanlış zamanın, yanlış seçiminin günahsız nəticəsi.

Əri – yəni “görəsən, özü evləndi, yoxsa ailəsi məcbur edib?” sualını doğuran, “III kurs tələbəsi” ifadəsinin yanında iyrənc görünən kişi.

Vəhşicəsinə qətlə yetirilib – yuxarıdakı sualın cavabı.

Leyla Hüseynli – Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi.

Erkən nikah bir həftədə iki can aldı. Necə soyuqqanlı yazmaq olar, bilmirəm. Səbəbi bu mövzuda maarifləndirmənin olmamağıdır. Səbəbi ailə institutlarının ailə namusundan başqa heç nəyi müzakirə etməməyidir. Səbəbi “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin ucqar kəndlərdə, erkən nikahın sürətlə yayıldığı rayonlarda problemli ailələrlə görüşməməyidir. Səbəbi məktəblərdə, universitetlərdə düzgün tədrisin olmamağıdır. Səbəbi qara camaatın qara güruhudur. Səbəbi “verim getsin, qalıb neyləyəcək?” düşüncəsinin hələ də yaşamasıdır.

Qız uşaqlarımızı yandırmırıq, amma öldürürük.

Qız uşaqlarımızı özümüz söymürük, döymürük, “veririk”, başqasına söydürürük, başqasına döydürürük.

Qız uşaqlarımızı tanımırıq, tanıyanda da “veririk ki, əlimizdə qalıb bizə problem olmasın”.

Qız uşaqlarımızın adı çıxmasın deyə özünü də adı ilə bərabər torpağa basdırmağı üstün tuturuq.

Namus-qeyrətdən danışan, gecə-gündüz namus-qeyrətini qoruyan xalqım nə qədər namussuz bir güruha çevrildi, İlahi?!

Hardadır sizin namusunuz? Torpağın altında çürüyür. Hardadır qeyrətiniz? Mərmər daşından sizə baxır.

Tüpürələr o namusa ki, III kurs tələbəsi, Azərbaycan gənci hansısa axmağın əlində küləkvurdu bir səbəbdən öldü.

Körpə e, körpə! Körpə uşaq öldü o namus dediyiniz zad üzündən.

Azərbaycanda elm yoxdur, Azərbaycanda sənət yoxdur, Azərbaycanda ədəbiyyat yazılmır, Azərbaycanda kino çəkilmir, Azərbaycanda xidmət sahələri inkişaf etmir, Qərbə inteqrasiya yoxdur. Dərdimizə bax da. Dərd odur e, qəbiristanlıqda. Mentalitetin qurbanı yazıq xalqım hələ keçə bilməyib səkkizinci əsri, biz robotla öpüşən İlon Maska lağ edirik. Barmağa da gülürük, hırıldayırıq. Başqa barmaqlar isə cənubda, qərbdə dağın kəlləsindəki bir kənddə iyirmi yaşlı qızı və körpəsini öldürür.

İctimai fikir formalaşmayan cəmiyyətimizin önünə bir gündəm atıb bu qədər ciddi məsələləri səhnə arxasında ört-basdır edirlər. Hər kəs bir “işığın” ardınca gedir. Sağda, solda isə başqa işıqlar qaranlığa məhkum edilir. Lap bu ağır məsələ, insan dəyəri daşıyan hadisə gündəm olsa belə, beş nəfər, on nəfər danışır, bitir. İki həftə sonra yenə hanısısa kənddə on bir yaşlı qıza toy çalacaqlar. Heç nə dəyişmir. Çünki dəyişməli olan şeyləri eşitmirlər. Onlar eşitmədikcə Leylalar və körpələri ölür.

# 5342 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir

Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir

18:40 28 yanvar 2026
“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı oldu

“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı oldu

18:00 28 yanvar 2026
Sevgilimlə iki söz arasında... - Əli Kərim

Sevgilimlə iki söz arasında... - Əli Kərim

17:00 28 yanvar 2026
"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

16:30 28 yanvar 2026
İstehlakçılıq kultu - Sübhan Padarsoy

İstehlakçılıq kultu - Sübhan Padarsoy

16:07 28 yanvar 2026
Uşaq Kitabxanasında aksiya: “Bir kitab, bir sevgi”

Uşaq Kitabxanasında aksiya: “Bir kitab, bir sevgi”

15:35 28 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər