#

Qaloş pirinin kəraməti

Qaloş pirinin kəraməti
25 sentyabr 2024
# 12:00

Kulis.az Vüsal Bağırlının "Qaloş piri…" adlı yeni yazısını təqdim edir.

Bağrımı qan eylədi sevgili yarın qaloşu,

Qəlbi viran eylədi nazlı nigarın qaloşu.

Qaloşun geydi ki, əğyar ona meyl eyləməsin,

Yenə tufan eylədi könlü qübarın qaloşu.

(Tofiq Həsənov, yerli şair)

Azərbaycanın qərb bölgəsində bir kənd var. Həmin yaşayış məkanının və orda yaşayan şəxsin adı vaxtaşırı müxtəlif saytların, xəbər lentlərinin, soşial şəbəkələrin diqqət mərkəzinə düşür, trendə çevrilir, maraq, ajiotaj yaradır.

Videoçarxda nə görürük?

Həmin kənddə yaşayan şəxs izdiham arasında dolaşaraq əlində tutduğu qəribə əşyanı hansısa sağalmaz xəstəlikdən, düçar olduğu ağır mərəzdən şəfa tapacağına ümid bəsləyən insanların üzünə, başına, bədənlərinin müxtəlif nayihələrinə sürtür və əvəzində pul, qiymətli əşyalar alır.

Sosial şəbəkələrdə, saytlarda bunu görənlər məsələyə iradını bildirir, yazılan şərhlərdə ölkədə cahilliyin, xurafatın, savadsızlığın tüğyan etdiyini söyləyirlər. Mənə qalsa, burada qeyri-adi bir şey yoxdur. Əslində, məsələyə birtərəfli yanaşıb, işi bir o qədər də şişirtməyə də dəyməz.

Neyçün?

Çünki bu məqamda bəzi suallar yaranır.

Görəsən, niyə şəxsin yaratdığı sirli cazibə qüvvəsi, həmin kəndin adı bu qədər diqqət çəkir? Kişinin əlindəki o qeyri-adi əşya nədir ki, məmədən-pəpəyə, kiçikdən-böyüyə hamı onu görməyə, bədəninə sürtməyə can atır?

Yaxşısı budur, oxucunu intizarda saxlamayım. Gəlin, sizə sirli cazibə qüvvəsinə, şəfaverici xüsusiyyətlərə malik, üzə-gözə sürtülən qəribə əşyanın adını deyim.

Söhbət adi qaloşdan gedir…

Heç demə, adamlar ora Qaloş pirinə görə təşrif buyururmuş.

Bildiyiniz kimi, alimlər min əziyyətlə sivilizasiyanı irəli aparmağa cəhd edir, alimlər, bioloqlar, geoloqlar, fiziklər müxtəlif mürəkkəb araşdırmalar aparır, insanlar yerin təkinə baş vurur, göyün üzünə qalxır, kosmosa uçurlar. Bu işlər müəyyən vaxt aparır, çətinliklər yaradır, ağır iş, gərgin zəhmət, böyük xərc tələb edir.

İllər, əsrlər keçir, vaxt ötür, bəşəri problemlər isə həllini tapmır, əksinə, yerində qalmaqda, böyüməkdə davam edir.

Lakin siz bir görün ölkənin balaca, xırda, cubbulu kəndində nələr baş verir?

Adidən-adi, içi qırmızı məxmər, üstü qara rezin qaloşu üz-gözə sürtməklə, yaxud səmada ələm uçurtmaqla adam ölü dirildir, zaman-məkan daxilində qeyri-adi səyahətlərə çıxır, molekul, atom, DNK, qara dəlik, qara materiya, antimateriya sirlərini faş edir, elm sahəsində böyük nailiyyətlər qazanır. Beləcə, sağalmaz xəstəliklər sağalır, havalananlar düzəlir, ağıllarını itirənlər ağıllanır, dünyanın çarxı tərsinə dövran edir.

Bəs bunun nəyi pisdir, hə?!

Qəribə görünsə də, əslində, mövzuda məni maraqlandıran məqam nə cadu-pitidir, nə camaatın cəhalətidir, nə ələm uçuran kişidir, nə onun filfilo ayini, əlinin sehri.

Bunu elə-belə, mırta yazdım.

Mən maraqlandıran əsas şey, sadə və qədimi ayaq geyimi olan qaloşdur.

Yazımı da komsosun, materiyanın, cadu-pitinin üstündən fırlayıb ona görə qaloşun üzərinə gətirdim ki, bir az da ondan bəhs edim. Qaloşdan.

Qaloş daha çox kənd yerlərində kütləvi istifadə olunan, üstü qara, içi qırmızı, altı düz məxməri rezin ayaqqabıdır. Bir çox müsbət xüsusiyyətləri var.

Ucuzdur, sərfəlidir. Alanda puluna qənaət edirsən. Buzda sürüşmür deyə, qışda həyət-bacada yeriyəndə qol-qıçını sındırmırsan. Su keçirmir, ayağını palçığa batmağa qoymur, tez silinib-təmizlənir. Üstəlik, dielektrikdir, bədənini cərəyandan qoruyur.

Qaloşu tək həyət-bacada yox, bağda, dağda, torpaq yolda, otlu çayırlıqda, harda istəsən, ayağına taxa bilərsən. Al, gey, papağını əyri qoy, gəz. Heç nəyi də vecinə alma.

Bu praktiki və olduqca əlverişli ayaq geyimi uşaqlıqda mənim üçün idman ayaqqabılarını, keti, krossovkanı əvəz edirdi. Kəndimizdəki uşaqlarla bərabər qaloşu geyir və hamımız rahatlıqla çəmənlikdə futbol oynayırdıq.

Adətən yağışdan sonra kənd ərazisi başdan-başa palçıq olur. Torpaq qatı yumşalıb qıqrsaqqız-horraya çevrilir. Yol-iz keçilməz palçıq qatıyla örtülür. Ayağını yerə basırsan, vəssalam, təptəzə ayaqqabı zay olub gedir.

Bu zaman xilas yolu, sizcə, nədir?

Əlbəttə ki, qaloş.

Buna görə də, sadə kənd sakinlərinin qaloşa sitayiş etmələri, onu üz-gözlərinə sürtüb yalvarmaları, əslində, bizə qeyri-adi görünməməli, bizi göz bərəldib, ağız açacaq qədər heyrətləndirməməlidir.

Ümumiyyətlə, indi qaloşların daha müasir, dəbə uyğunlaşmış başqa forma və növləri də var. Müxtəlif tanınmış insanlar, hətta şou-biznes məşhurları, Hollivud ulduzları qaloşdan həvəslə istifadə edirlər. “Armani”, Valentino”, “Gucci” kimi tanınmış moda evləri hər il dəbə uyğun yeni qaloş növləri istehsal edir.

# 1371 dəfə oxunub

Oxşar xəbərlər

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi

18:30 7 oktyabr 2024
 “Kamal Abdulla və postmidernizm”  monoqrafiyası çap olundu

“Kamal Abdulla və postmidernizm” monoqrafiyası çap olundu

17:44 7 oktyabr 2024
Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçirildi

Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçirildi

17:38 7 oktyabr 2024
ANAİB yaranandan sonra ölkədə kitab bazarı çökdü - Sərgimizin qüsurları

ANAİB yaranandan sonra ölkədə kitab bazarı çökdü - Sərgimizin qüsurları

16:00 7 oktyabr 2024
1,6 milyard sərvəti ilə ən zəngin qadın musiqiçi oldu

1,6 milyard sərvəti ilə ən zəngin qadın musiqiçi oldu

15:35 7 oktyabr 2024
Səlim Babullaoğlu və İlqar Fəhminin imza günü olacaq

Səlim Babullaoğlu və İlqar Fəhminin imza günü olacaq

14:32 7 oktyabr 2024
#
#
# # #