Qadınlar kişilərin sözündən çıxmamalıdır...

Qadınlar kişilərin sözündən çıxmamalıdır...
30 yanvar 2024
# 12:00

Kulis.az El Romanın "Üzr istəyirəm" adlı yeni yazısını təqdim edir.

Əvvəlcə, bu fikirlərimə görə hər kəsdən üzr istəyirəm və sözə başlayıram.

Adam tanıyıram, öz körpəsini qucağına götürmür ki, atam yanımdadı, ayıbdı. Hələ kiməsə uşaqlarının adını çəkəndə, təxminən, bu cür deyir: "Üzr istəyirəm, iki uşağım var...".

Mən bu barədə saatlarla sübut-isbatla da danışsam, yenə xeyri olmayacaq. Ona görə həmin adamlara öz dillərində sual verirəm.

Sənin nə həddinədir ki, Allahın verdiyi ən şirin nemətə görə hansısa bəndədən üzr istəyəsən, ay müsəlman?!

Səbəb nədir axı?

Hamının xəbəri var ki, uşaq necə olur, qadın necə hamilə qalır, necə doğur. Bundan ötrü niyə üzr istəyirsən?

Özü də elə adamlardan üzr istəyir ki, görürsən, bunun prosesə heç bir aidiyyatı yoxdu. Tamam yad bir insandı.

Bir adam həyat yoldaşının adını çəkəndə üzr istəyəcəyin qədər yaddısa, niyə ona həyat yoldaşın haqqında danışırsan?

Təkcə kişilər eləsə, dərd yarı. Qadınlar da özlərinə yaraşdırıb belə edirlər. Nə oldu, bəs hamımızın beyninə yeridirdiniz ki, hər qadının içində bir feminist gizlənib-zad? Düz deyirsiniz, axı qadınlar kişilərin sözündən çıxmamalıdı...

Bu hamiləlik prosesində o qədər üzr istəməli adam var ki. Elə bilirsiniz yoxdu?

İnsanlar metroda, avtobusda hamilə qadınlara yer vermir, üzr istəmir.

Həkimlər hamilə qadının ərindən rüşvət alır, üzr istəmir.

Mamaçaya bir elə əziyyət verirlər, heç kəs üzr istəmir.

Ən axırıncı adamı deyirəm ha, uşaq ana bətnində öz anasının qarnını təpikləyir, o da üzr istəmir.

Üzr istəməli olan ən axırıncı adam da heç üzr istəmir.

Amma di gəl ki, bir nəfər "hamiləyəm" sözünü deyir deyə, üzr istəyir.

Hamı görür ki, qarnın dəyir burnuna. Deməli, hamiləsən.

Bu ayıb bir hadisədirsə, evdən bayıra çıxma. Ya da ki, götür bir kağıza "üzr istəyirəm" yaz, as boynundan.

Ümumiyyətlə, üzr istəmək heç də etika məsələsi deyil. Mədəniyyətlə əlaqəsi yoxdu. Bunu bizə mədəniyyət adı ilə o dilə-ağıza sığdıra bilmədiyimiz dədə-babalarımız sırıyıblar. Biz də hər fikirləri ilə razılaşıb əsrlərdir onlara yaltaqlanmağa davam edirik.

Nəysə, ürəyim doludu. Dədə də mənimdi, baba da. Ona görə çox rəncidə eləmək də istəmirəm. Üç günlük dünyadı.

Di gəl ki...

Sən öz həyat yoldaşın haqqında danışanda, uşaqlarının adını çəkəndə, kiminsə hüququnu tapdayırsan ki, üzr də istəyəsən?

Heç deməzlər, "üzr istəyirəm, dünən növbədənkənar özümü qabağa salanda..."

Heç deməzlər, "üzr istəyirəm, bu gün rüşvət alanda..."

Heç deməzlər, "üzr istəyirəm, bayaq yerə zibil atanda..."

Heç deməzlər, "üzr istəyirəm, keçən ay başqasına tamah salanda; piyadalara yol verməyəndə; qızlara söz atanda...".

Həmin adamlar deyər ki, üzr istəyirəm, həyat yoldaşım...

Yaxşı, bunu başa düşmədik. Bəs "pis çıxmasın" ifadəsi?

Deyir ki, "belə pis çıxmasın, ailəmlə rayona istirahətə getmişdik...".

Deyir ki, "belə pis çıxmasın, bacım keçən il universitetə qəbul oldu...".

Yoldaş, həqiqətən bilmək istəyirəm. Tam səmimi, öyrənmək üçün soruşuram, bu halda pis çıxan şey nədir?

Bu o deməkdir ki, məsələ etika-zad deyil. Söhbət mədəniyyətdən də getmir.

Elə rəftar edirlər ki, elə bil, qadın kişinin nöqsanıdır. Cin deyəndə "bismillah" deyən kimi, ana-bacı, arvad deyəndə də dillərini dişləyirlər. Qorxa-qorxa danışırlar.

Mentalitet deyə-deyə insanlara cahilliyi təbliğ eləməyiniz bəsdi. Bir adət dədə-babadan qalıbsa, o demək deyil ki, mütləq yaxşı bir şeydir.

Üzr istəyirəm, dədə-babadan qalıbsa...

# 4808 dəfə oxunub

Oxşar xəbərlər

Layk xətrinə gözəlliyi məhv edən "gözəllər"... - "Ağnayıb" mərifətini nümayiş etdirənlər kimlərdir?

Layk xətrinə gözəlliyi məhv edən "gözəllər"... - "Ağnayıb" mərifətini nümayiş etdirənlər kimlərdir?

12:00 15 aprel 2026
Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir”  adlı fərdi sərgi açıldı

Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açıldı

11:11 15 aprel 2026
Akademik Zərifə Əliyevanın anım günü:  "Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi"

Akademik Zərifə Əliyevanın anım günü: "Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi"

11:00 15 aprel 2026
Ərdəbilli sənətçi:  "Uşaqlıqdan Azərbaycan musiqisi ilə böyümüşük..." - Müsahibə

Ərdəbilli sənətçi: "Uşaqlıqdan Azərbaycan musiqisi ilə böyümüşük..." - Müsahibə

10:25 15 aprel 2026
100 avroya Pikasso şansı: Parisdə unikal lotereya keçiriləcək

100 avroya Pikasso şansı: Parisdə unikal lotereya keçiriləcək

10:10 15 aprel 2026
Ələkbər Salahzadənin qızı:  "Atamın ölümündən sonra nömrəsindən zəng gəldi, açdım ki..." - Müsahibə

Ələkbər Salahzadənin qızı: "Atamın ölümündən sonra nömrəsindən zəng gəldi, açdım ki..." - Müsahibə

10:00 15 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər