Kulis.az Qaçaq Gülsüm haqqında maraqlı faktları təqdim edir.
Gülsüm Əmirqulu qızı kasıb və çoxuşaqlı ailədə dünyaya gəlib. Kəndin ağsaqqalı olan Əmirqulu kişinin Gülsümdən başqa 6 oğlu, 1 qızı da vardı. Ailə yoxsul olduğu üçün 18 yaşlı Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. Gülsüm üçün bir neçə dəfə elçi gəlsə də, o, cehiz toplamaq imkanları olmadığı üçün elçilərdən imtina edir.
Ailə güc-bəla ilə dolandığından Gülsümün atası iki ilə yaxın idi ki, vergini verə bilmir, kəndxudanın tənələrinə dözməli olurdu. Lakin, günlərin birində pristav və kəndxuda onların evlərinə gələrək ailəsinin qarşısında Gülsümün yaşlı atasını təhqir edir. Ancaq bir az keçədən sonra pristav qaynar samovarı Əmirqulu kişinin kürəyinə sarıyıb ona zülm edir. Gözünün qarşısında atasına qarşı edilən bu zülmə dözməyən Gülsüm güllə ilə əvvəlcə pristavı, daha sonra isə qaçmaq istəyən kəndxudanı güllələyir. Onların hər ikisi ölür, bu hadisə isə onun həyatını dəyişir.
Səhəri gün hökumət adamları kəndi mühasirəyə alıb qatili tələb edirlər, qardaşlarının qabağa düşüb asılmasına razı olmayan Gülsüm onlardan birinin paltarını geyinib evdən qaçır və meşədə gizlənir. Xəbər göndərir ki, pristiav və kəndxudanı o vurub, heç kimdə günah axtarmasınlar.
***
O zamanlar qaçaqlıq edən Kərbəlayı Əsgər, Məşədi Yolçu və Bayramqulu bu hadisəni eşidib qızın ardınca meşəyə gəlirlər. Meşədə kişi paltarında birini görüb adını soruşurlar. "Adım Süleymandı" deyib onları inandıran Gülsüm yalandan and içir ki, onların axtardığı Gülsüm onun bacısıdır.
***
Sonra Gülsüm Şəmkir ərazisində başçısı Çaqqal Səlim olan dəstəyə qoşulur. Lakin Səlimin fikri çoxlu var-dövlət toplayıb İrana qaçmaq olur. Buna görə kasıbların da qarşısını kəsir, əllərində olan-qalanı alır. Bu isə Gülsümün xoşuna gəlmir. Çaqqal Səlimin öz dostunu öldürüb qızıl-gümüşünü ələ keçirməsi və bir çobanın sürüsünü aparıb Göyçədə satmasını görən Gülsüm daha buna dözmür, Çaqqal Səlimin yeməyinə bihuşdarı qatır və sonra da başını kəsir.
Daha sonra Kərəmin dəstəsinə qoşulur. Kərəm onu dostu Ağ Seyidə tapşırır. Qorxulu bir döyüşdə Süleyman igid şahin kimi böyük hünər göstərib dostlarını qara-qorxudan çıxarır.
***
Qaçaq Süleyman, Muxtar bəy kimi ad-san qazanan Gülsümün qəhrəmanlıqlarını görən qaçaqlar onu özlərinə başçı seçirlər. Süleyman artıq hökumətin gözündə təhlükəli qaçaq idi. Dəfələrlə jandarm və kazaklarla döyüşdə qələbə qazanan Gülsüm qiyabi ona dəstək olan Qaçaq Kərəmlə görüşmək üçün gecəliklə Araz çayını keçib Cənubi Azərbaycana gedir. Lakin yemək yedikləri yerdə atışma başlayır. Bu zaman o, əsir düşür. Onu zindana salırlar. Həmin vaxt Qaçaq Kərəm də İranda yaşayırdı. Məsələni ona danışırlar. Kərəm onun yanına gedir və onunla tanış olur. Bu çətin vəziyyətdən onu qurtarır. Hətta Kərəm də onun qadın olduğunu bilmir, bir azərbaycanlı, həmyerlisi kimi ona kömək edir. Kərəm Süleymanı azadlığa çıxartdıqdan sonra bütün dəstəni öz evinə dəvət edir. Burda Gülsüm qaçaq Süleyman adından istifadə edən qadın olduğunu Kərəmə etiraf edir. 1890-cı ilə qədər Qaçaq Süleyman Təbrizdə yaşayır.
***
Qaçaq Süleyman təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparır. Süleymanın bu mübarizəsi artıq Qafqaz Canişinliyində böyük marağa səbəb olmuşdu.
1890-cı ildə Kərəm onu İrandan öz yerinə göndərir. Süleyman Kərəm adından bir çox işlər görür. Kərəm Tiflisdən Gəncəyə bir vaqon dustaq, bir vaqon da pul göndərildiyi haqda Süleymana məlumat göndərir. Və bildirir ki, gürcü dostlarının xahişi var ki, qatarda siyasi bir dustaq var. Mütləq onu xilas etmək lazımdır.
***
Əməliyyat çox uğurla başa çatır. Dustaq azad edilir, pullar götürülür. Həmin dustaq isə sonradan böyük bir imperiyaya başçılıq edəcək şəxs əsl adı Soso Cuqaşvili olan İosif Stalin olur. Soso Cuqaşvili də Süleymanın dəstəsinə qoşulur. 7 ay bu dəstədə olur, xeyli əməliyyatlarda iştirak edir. O, pul gücünə Qaçaq Gülsümlə birgə Metex qalasından xeyli qaçaq azad edir.
***
Bir dəfə meşəyə gələn rus komandir Süleymanla söhbət edir. Komandir onun üzə çıxmasını və Çar ordeni ilə təltif edilməsini təklif edir. Bütün etdiklərinin bağışlanacağını və toxunulmazlıq veriləcəyini vəd edir. Buna Süleyman belə cavab verir: “Mənə rus çarının heç bir ordeni və təklifi lazım deyil, mən padşahım kimi onu qəbul etmirəm. Öz padşahım olsa, mən qaçaq olmazdım”.
Beləcə Gülsüm hər kəsdən qadın olduğunu gizlədir. Amma Sos Qaçaq Süleymanın qadın olduğunu bilir. Ümumiyyətlə, Süleymanın qadın yəni Gülsüm olmasını cəmi üç nəfər bilib. Qaçaq Kərəm, Əskiparalı Qaçaq Usub və Soso Cuqaşvili-Stalin.
***
Bir müddət sonra Soso Gülsümün dəstəsindən ayrılıb gedir. Qaçaq Kərəm də Gülsümə Türkiyəyə getməsini tapşırır. Gülsüm bir müddət Bitlisdə yaşadıqdan sonra eşidir ki, Rusiyada çevriliş olub, Azərbaycanda da dəyişiklik var, ona görə də evlərinə qayıdır. Qaçaq dostları ancaq bundan sonra Süleymanın Gülsüm olduğunu bilir, onun cəsarətinə, mərdliyinə heyran olurlar.
***
1901-ci ildə Kərəm Gülsümə qaçaqlıq etməyi qadağan edir. Ailə-uşaq sahibi olmasını istəyir. Öz kəndinə qayıdan Gülsüm burada İsmayıl adlı bir kişiyə ərə gedir. Hansı ki, İsmayıl dul idi və dörd uşağı vardı. Bundan sonra da onların altı oğlu, iki qızları olur.
Bolşeviklər ilk zamanlar Gülsümə toxunmurlar. Lakin ermənilər Gülsümə göz verib işıq vermirlər. Nəhayət, 4 erməni milisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə, əlinə silah alan Gülsüm milislərin dördünü də yerindəcə güllələyir. Onu həbs edirlər. O, məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir. Bu xəbər Bağırova çatanda Stalinə məlumat göndərir ki, bir qadın qətl törədib, lakin mütləq rəhbərə xəbər göndərir ki, onu şəxsən tanıyır. Bunu eşidən Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər. Oğlunu da kolxoz sədri qoysunlar. Çünki o qadın onun ən yaxın dostudur. Bu zaman Mikoyan Stalinə deyir ki, axı qadın qatildir, 300-dən çox erməni öldürüb. Stalin bunu eşidib hirslə deyir ki, çətin günlərdə 7 ay bu qadının çörəyini yeyib, himayəsində olub. Belə dost bütün hər şeydən dəyərlidir.
Qaçaq Gülsüm 1962-ci ildə dünyasını dəyişib. Onun qəbri Şəmkirin Sarxan kənd qəbiristanlığındadır.
© Məqalədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin araşdırmalarından istifadə edilmişdir.