Qadın kişidən zəifdir, bu, həqiqətdir...

Qadın kişidən zəifdir, bu, həqiqətdir...
22 may 2024
# 16:00

Kulis.az Samirə Əşrəfin "Kişilər nə istəyir?" adlı yeni yazısını təqdim edir.

Azərbaycan şahmat millisinin üzvü, şahmat qrosmeysteri Şəhriyar Məmmədyarov ötən gün “sanballı” müsahibə verib. Şəhriyar bəy yəqin, indi evdə oturub özünü lənətləyir ki, kaş o müsahibəni verməzdim, müxbir zəng vuranda ya xəstə, ya da vətəndən kənarda olardım...

Yeridir, yazıma bir lətifəylə başlamaq istəyirəm.

Bir gün Molla Nəsrəddin doqqazda dayanıbmış. Görür, yolla bir atlı gedir. Özünü saxlaya bilmir:

– Ay atlı, hara gedirsən? Düş gəl, qonağım ol!

Atlı bu sözləri eşidən kimi atdan enir, atın yüyənindən tutub çəkir Molla Nəsrəddinə tərəf və soruşur:

– Bəs bu atı hara bağlayım?

– Hara bağlayacaqsan, mənim dilimə, – deyir Molla Nəsrəddin.

Xeyli sənət adamından müsahibə götürmüşəm, xeyli sənətkarla söhbətləşmişəm.
Hər dəfə müsahibədən əvvəl qonaqlarıma deyirdim ki, hansı sözün, hansı cümlənin getməyini istəmirsinizsə, indidən deyin, müsahibə dərc olunandan sonra gec olacaq.

Gec olurdu. Müsahibə dərc olunurdu, aləm dəyirdi bir-birinə. Zəng eləyən kim, yazan kim… Bəs, xahiş edirəm, filan hissəni çıxart, məni öldürürlər, amanın günüdür, camaat linç eləyir.

Tanınmış adam, ictimai fiqur yüz ölçüb, bir biçməlidir, dediyi sözlərin məsuliyyətini anlamalıdır.

Məsələn, Xalq artisti deyir ki, ərim məni filankəsə qısqanırdı.

Saytlar da götürüb bu açıqlamanı müxtəlif başlıqlarla paylaşır. Onda jurnalistlər olurlar vətən xaini, qara donlu kafirlər… Xalq artistinə deyən olmur ki, gözün üstə qaşın var.
Ay əzizim, ay xalqımın artisti, məşhuru, yazıçısı, cəsarətlisən? Lap yaxşı, onda ver sinəni qabağa, sözünün əri ol.

Qayıdaq Şəhriyar Məmmədyarova. Şahmatçı müsahibəsində deyir:

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”.

Hiss olunur ki, şahmatçımızın dünya ədəbiyyatından, kinosundan, rəssamlığından, ümumiyyətlə, mədəniyyətindən çox da xəbəri yoxdur.
Nəinki dünyadan, elə bizimkilərdən də.

Bəli, qadın fiziki baxımdan kişilərə uduzur. Bu danılmaz təbiət hadisəsidir və heç kim, heç bir qadın bu faktı inkar edə bilməz, etsə də, özünü aldatmış olur. Amma biz buna da məğlubiyyət deməyək.

Əzizimiz Seymur Baycan demişkən, hər şeyi öz adı ilə çağırsaq, yaxşıdır.

Yaradılış etibarı heç bir qadın kişi kimi əzələli, güclü, qüdrətli yaradılmayıb. Və bu da qadını evdə oturmağa, ocağı qorumağa vadar edib.

Bəlkə, qadın ov ovlamaq, quş quşlamaq gücünə, məharətinə malik olsaydı, onu da çöl-bayır işlərinə göndərərdilər.

Digər tərəfdən, qadının dünayaya uşaq gətirmək, nəsil artırmaq kimi bir funksiyası, öhdəliyi var.

Heç bir qadın inciməsin, heç bir kişi də öyünməsin, təəssüf ki, qadın həmişə, bütün situasiyaların ən sonuncu məqamında tərk-silahdır.
Bu da yaradanın qadın üçün təyin etdiyi təbiət, verdiyi mənadır.

Bəşəriyyət Marsa qadın yollamaqla bu situasiyanı yumşaltmaq istəyir, amma çifayda!

Heç bir qüvvə bu reallığı dəyişmək gücündə deyil.

Bundan sonra heç bir qadından Herakl düzəltmək olmaz.

Janna Dark öz od-alovunda daha gözəl və cazibədradır.

Amma bütün bunlar o demək deyil ki, qadın zehni, mənəvi baxımdan kişidən kasıbdır. Xeyr!

Əksinə, əgər adət-ənənələr, mentallıq, məişət imkan versəydi, qadınlar mədəniyyətə daha tez, əsrlər əvvəl qoşulsaydı, bəşəriyyət daha çox nailiyyətlər əldə etmiş olardı.

İndi siz özünüz baxın, kişidən zəif olmaq, dünyaya uşaq gətirmək, onunla məşğul olmaqdan əmələ gələn məişət işləri, öhdəliyi necə imkan verər ki, qadınlar kişilərlə bərabər gücdə olsun…

Əsrlərdir kişi filosoflar, rəssamlar, nobelçilər ona görə çox olub ki, qadın başını mətbəxin qapısından bayıra çıxara bilməyib, buna macalı olmayıb.

Kartof-soğan soya-soya, piltə kənarında oturub nobellik əsər yazmaq olmur. Kartof-soğan soya-soya bəşəriyyətin çarxına çomaq soxmaq olmur... Vallah olmur!

Hərçənd, Aqata Kristi əsərlərinin ideyası haqqında xörək bişirə-bişirə düşünüb-daşınırmış, gəl ki, Aqata xanımın da zülm-zillətlə ərsəyə gətirdiyi əsərlər nobellik deyil.

Məni bu məsələdə məyus edən həm də qadınların reaksiyası oldu.

Şəxsən mən hansısa kişidən güclü görünmək istəmirəm!
Mənim üçün qadın kimi görünmək, qadın kimi güclü olmaq daha gözəldir, nəinki hansısa kişidən üstün olmaq.

Dünya mədəniyyətinə toxunmaq istəmirəm.
Elə özümüzdən bir neçə güclü qadını misal gətiribən yekunlaşdırmaq istəyirəm: Leyla Məmmədbəyova, İzzət Orucova, İzzət Seyidova, Gülnaz Salamova, Reyhan Topçubaşova, Vəcihə Səmədova, Güllü Mustafayeva, Elmira Hüseynova, Münəvvər Rzayeva, Qəmər Almaszadə, Leyla Vəkilova, Aynur Sofiyeva, Zemfira Meftaxetdinova, Həmidə Cavanşir, Əzizə Cəfərzadə, Afaq Məsud, Şəfiqə Axundova, Şövkət Ələkbərova, Rübabə Muradova, Flora Kərimova, Hökümə Qurbanova, Şəfiqə Məmmədova, Amaliya Pənahova…

Şəhriyar bəy, bilirsiniz, Birinci və İkinci Qarabağ müharibəsində neçə azərbaycanlı qadın döyüşüb?!
Aliyə Piriyeva, Kəmalə Qəhrəmanova və Xanımzər Həsənova…

# 3234 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasında “Sevgi Meksikadır”  adlı konsert keçirildi

Gəncə Dövlət Filarmoniyasında “Sevgi Meksikadır” adlı konsert keçirildi

13:00 15 iyun 2024
Yazıçı Samirə Əşrəfi maşın vurdu

Yazıçı Samirə Əşrəfi maşın vurdu

12:14 15 iyun 2024
Tənha limon ağacı və... - Aytən Sakitqızı

Tənha limon ağacı və... - Aytən Sakitqızı

12:00 15 iyun 2024
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul etdi

Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul etdi

11:30 15 iyun 2024
Azərbaycanlı yazar Gürcüstan Yazıçılar Birliyinin üzvü seçildi

Azərbaycanlı yazar Gürcüstan Yazıçılar Birliyinin üzvü seçildi

10:30 15 iyun 2024
15 İyun -  Azərbaycanda Milli Qurtuluş günüdür

15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür

00:00 15 iyun 2024
#
#
# # #