Pul qazanmaq üçün TikTokda qaziləri diləndirənlər - Azər Zahidin tərbiyəsizliyi

Pul qazanmaq üçün TikTokda qaziləri diləndirənlər - Azər Zahidin tərbiyəsizliyi
27 iyul 2022
# 16:25

Kulis.az Vüqar Babazadənin “Səviyyəsizliyin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Düzü, Tik-tokdan istifadə etmirəm. Amma bu elə mərəzdir ki, artıq oradakı videolar bəzən hər yerdə paylaşılır, necəsə qarşına çıxır, məcbur olub izləməli olursan. Qərəz, söhbətə birbaşa girəcəyəm. Əsəbiləşmişəm.

Tik-tokda Azər Zahid adlı bir yarı adam var. Tam adam deyil, yarıya qədər adam olmağı bacarıb. Bu Azər cürbəcür videolar çəkir və 200 minə yaxın kütləsi var. Camaat ona hədiyyələr atır, pul göndərir, səviyyəsiz söhbətlərinə qulaq asırlar. Bununla işimiz yoxdur, kim hansı yollarla pul qazanır, məni maraqlandırmır. Lap istəyir getsin fahişəlik eləsin. Xahiş edirəm, fahişələr inciməsin, sözgəlişi dedim. Əgər Azər müəllimi aranızda görmək istəmirsizsə, ona başqa peşələr də tapa bilərik. Qərəz, Azər istəyir fahişəlik eləsin, istəyir Tik-tokda pul qazansın, istəyir aparıcı olsun, nə bilim, nə istəyir eləsin. Bu məni zərrə qədər də maraqlandırmır. Həmçinin heç kimi də maraqlandırmamalıdır. Hərənin öz seçimləri var.

Biz ondan danışacağıq ki, Azər Tik-tokda başlayıb qaziləri öz efirinə çıxarmağa. Onların üstündən pul qazanır. Əslində, buna da heç kimin sözü yoxdur. Camaata deyəndə ki, ay camaat bu qaziləri tik-toka, mik-toka çıxarmayın, onların üzərindən yalandan pul qazanmayın. Bu, düzgün hərəkət deyil. Bu ən axırıncı yoldur.
Başlayırdılar səni söyməyə. Ümumiyyətlə, kiçik bir haşiyə çıxım. Burda istənilən dəyərə toxunmaq, tapdalamaq olar. Sadəcə baxır necə? Bizim qırmızı xəttimiz yoxdur. Lazım gələr növbəti yazılarda bu barədə danışaram.

Azərin verilişinə 3 qazi çıxıb. Sənanın bir qolu yoxdur, Amilin gözləri görmür, Kamranın da ayağında sümük yoxdur. Azər qazilərdən bir saatlıq müsahibə alır, onları danışdırır, sirkdəki kimi onlarla rəftar edir. Camaat da pul, hədiyyə, nə bilim gic-gic şeylər atır. Azər də söz verir ki, bu yayımda atılan nə qədər pul varsa, qazilərin arasında bölüşdürüləcək.

Gərək qazilər adamları təəccübləndirsinlər ki, camaatın onlara yazığı gəlsin, pul atsınlar. Belə bir iyrənc situasiya. Nə demək istədiyim çatdı sizə? Bir sözlə, Azər qaziləri çıxardıb efirə, meymunluq eləyir, onlara atılan pulları da üç nəfər qazinin arasında böləcək.

Pulların bölünmə hissəsi çatır. Azər zərfin içindəki pulları üç nəfərə paylayır. Qolu olmayan Sənanla, ayağında sümük olmayan Kamrana deyir ki, açın sayın, baxın içinə. Gözləri görməyən Amilə çatanda isə deyir ki, “götür, sən saya bilməyəcəksən, onsuz da”.

Tərbiyəsizliyin, həyasızlığın həddini görürsünüz? Buyurun, bu da sizin qazilərə kömək edən, qazilərə dəstək olan Azəriniz. Deyəndə ki, Azər onlara kömək etmir, onlar vasitəsilə özünü reklam edib pul qazanır, hav-hav-hav edirdiniz.

Qazi, şəhid adından istifadə edib, pul, şöhrət qazanan insanlar virtual fahişəliklə məşğuldurlar. Yenə də gərək fahişələr məni bağışlasın. Onların da işinə və əməyinə hörmət edirəm. Onları çox istəyirəm.

Verilişin beş-on dəqiqəsinə baxdım, Azər durmadan deyir ki, maraqlı şeylər danışın, qəribə hadisələr deyin ki, camaat hədiyyə atsın sizə. Yəni, doğrudan da, başa düşmürsünüz ki, Azər qazi hərləmir, onun məqsədi özünü bir xilaskar kimi camaata təqdim etməkdir. Açığı sizə deyim ki, artıq heç kim qazi hərrəmir. Qaziləri ilahi mərtəbəyə qaldıran adamlardan hansısa qazi küçədə 30 qəpik istəsə, allahaqqı verməzlər. Allahaqqı deyirəm, verməzlər. Mən sizi çox yaxşı tanıyıram. İndi bu səmimiyyətimə görə də ağzınıza gələni yazacaqsız, amma bilirsiniz ki, doğru deyirəm. İçiniz yanacaq ki, bu, doğrudan da, bizi tanıyır. Ona görə hirslənəcəksiz. Başınızdan tüstü çıxacaq.

Adamlar deməlidir. Bir dəqiqə. One minute. Odna minuta. Azər, sən kimsən? Azər, sən hansı yuvanın quşusan? Sən niyə qazilərə kömək edirsən? Bəlkə, tək adamlıq qazilərə kömək idarəsisən? Ya bəlkə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyisən? Sən axı kimsən? Sən niyə qazilərə kömək edirsən? Bu imtiyazı sənə kim verir? Amma adamlar belə şeylər demirlər. Özlərinə və Azərə belə suallar vermirlər. Onun yerinə pul atırlar. Azəri yemləyirlər.

Qoy o pul atanlardan da bir-iki kəlimə yazaq, Azərə davam edərik bir azdan.

Adam dilənçiyə ona görə pul verir ki, bir gün dilənçi ola biləcəyi qorxusu var. Yəni bu Allaha deməkdir, “Ay Allah, bax haa, mən dilənçilərə əl tuturam, sən məni dilənçi eləmə heç vaxt”.

Guya qazilərə pul atan, əslində isə Azərin qabına yal tökən bu camaatın da məqsədi budur. Elə Azər də bunun üçün çalışır ki, verilişdəki qaziləri yazıq, səfil, bədbəxt adam kimi göstərib, insanların hissləri ilə oynasın. Təəccüblü odur ki, qazilər də, insanlar da Azərin bu tələsinə düşürlər. Bilmirəm niyə. Yəqin, mən sizin haqqınızda yüksək fikirdəyəm.

Ora pul atıb, “qaziyə kömək elədim” deyə orqazm yaşayan, əslində, onlara yazığı gəldiyi və özünün haçansa o vəziyyətə düşməməyi üçün Allahla nərd oynayan adamlar və ora 5-3 manat xətrinə çıxan qazilərə bir-iki kəlimə sözüm var:

“Qazilər dilənçi yox, vətəni müdafiə edərkən, vətən uğrunda canından keçən, bədəninin müxtəlif əzalarını itirmiş yaşayan qəhrəmanladır. Əgər onlar olmasaydı, hər şey başqa cür ola bilərdi. Başa düşürsünüz, bu nə boyda fədakarlıqdır? Yaşadığın torpaq uğrunda öz canından keçirsən. Hər kəs bu mərtəbəyə qalxa bilməz. Azər kimi adamların isə, ümumiyyətlə, yeri sirkdir. Getsin orda nə qədər istəyir meymunluq eləsin. Qazilərə tik-tokda pul atanlar da tərbiyəsizlik edirlər, o qaziləri ora çıxardanlar da. Qazilərin özünə isə az sonra gələcəyik”.

Azər kimi adamlar müasir dilənçilərdir. Onların həyatı dördkünc balaca telefondan ibarətdir. Onların öz həyatları yoxdur. Videodan çıxan kimi onlar öləcəklər. Bizim telefonlarımızın içində yaşayan belə həşəratlara baş qoşmayın, onlar iqnor edin, öldürün getsinlər.

Bilirsiz, necədir? Azər sizə deyə bilmir ki, mənə pul verin, pula ehtiyacım var. O sizə deyir ki, ekranın üstünə tıklayın, hədiyyə atın, qazilərə dəstək olun və s. Bu da dilənçiliyin müasir növüdür. Müasir dilənçilikdə istədiyin şeyi birbaşa yox, dolayı yolla istəyirsən ki, camaat sənə inansın.

İndi guya bu qazilərə pul verir də. Özü də bunu elə təqdim edir ki, həmin pullar da özünündür. Əşi nəysə, otursam yüz dənə iyrənclik taparam o adamda və ümumiyyətlə, Tik-tokun içində. Amma bir şeyi dəqiq bilin ki, əgər bir işə pul girdisə, vəssalam, adamlar adamları hansı yolla olursa, olsun, istismar edəcəklər.

Telefon sadəcə əylənmək və bilgilənmək üçündür, dilənmək üçün yox.

Azərə pul atanlar heç utanmırsız? Heç xəcalət çəkmirsiz? Zülümlə-əziyyətlə qaznadığınız pulu axı necə bir şarlatana ata bilərsiz? Yəni, həqiqətən də, sizi aldatmaq bu qədər asandır?

Oran çıxan qazilər haqqında da bir neçə kəlimə.

Qurbanı müqəddəs edən, qurbangahdır. Yəni sən qurbanı restoranda, parkda kəssən o müqəddəs olmaz. Qurbanı gərək məsciddə, pirdə kəsəsən ki, müqəddəs olsun.

Qazilər öz formalarını, öz hekayələrini götürüb Azər kimi murdar adamların verilişinə gedəndə dərhal gözdən düşürlər, olurlar Azər kimi adamların pul, şöhrət qazanmaq üçün alətləri. Onlardan istifadə edib atırlar bir qırağa.

Başınıza gələn hadisələri qurbangahlarda danışın ki, həmin hadisələr müqəddəs hekayələr çevrilsinlər. Yoxsa 5-10 manata görə özünüzü gözdən salmayın. Mən ora çıxan, sıxıla-sıxıla, utana-utana danışan qaziləri də çox yaxşı başa düşürəm. Onların Azər kimi adamlardan niyə mədəd umduqları, hansı səbəblərdən kömək istədikləri hamımıza məlum həqiqətdir.

Amma neynəmək olar? Dövran belə gətirdi ki, ixtiyar, şöhrət, imtiyaz Azər kimi düşük adamların əlində oldu. Qəhrəman adamlar isə onların əlinə baxmağa möhtac qaldı. Di gəl ki, prinsiplər və qürur bir tikə çörəkdən çox-çox yuxarıdır. Azər kimi adamların yanında dilənməkdənsə, qürurla acından ölmək daha mərifətlidir.

Nəysə, vətən sağ olsun.

# 2851 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #