Polisə xəbər verməkdən niyə qorxuruq? - Eminquey Akif

Polisə xəbər verməkdən niyə qorxuruq? - Eminquey Akif
24 iyul 2024
# 15:00

Kulis.az Eminqueyin “Sukani belə saxla!” adlı yeni köşəsini təqdim edir.

Günlərin bir günü hansısa yazımı oxuyan xanım mənə “Sukani belə saxla!” yazmışdı. Xanımın statuslarını incələyəndən sonra başa düşdüm ki, o “suka”nı yox, “sükan”ı nəzərdə tutub. Sadəcə, özünə əziyyət verib azərbaycan əlifbası ilə yazmır. Amma mən budəfəki yazımın sükanını elə məhz “suka” mövzusuna tərəf çevirmək istəyirəm. Və başımı güzgüdən çıxarıb uca səslə “suka olmaq lazımdır!” qışqırıb, tez pəncərəni bağlayıb, qaza basmaq istəyirəm.

“Suka” sözünü öz dilimizdə “işverən” kimi istifadə edirik, “işvərən” deyəndə isə adamın canına lap yağ kimi yayılır.

İşvərən – hansısa hadisəyə şahid olmuş və bu hadisə haqqında müəyyən şəxslərə (ya da qurumlara) məlumat verən adamdır.

Məsələn, sözü daha keçərli olan birinə, qolu daha qüvvətli olan birinə, ən əsası, polisə.

Xalqımızın yazılmayan qanunlar kitabının dördüncü səhifəsində "işvərənlik" ən alçaq əməllərdən sayılır. Hətta iş verən şirkətlərdə, müəssisələrdə bu işə baxan adamlar özlərini iş verən kimi yox, “addel kadr” kimi təqdim edirlər. Onları işverəndən ayıran bircə dənə boşluq var.

Hüquqi cəmiyyətin formalaşmamağına birbaşa təsiri olan məsələdir işvərənlik. Ciddi sözümdür!

Ölkədə ən ağır cinayət hadisələri işvərənlərimizin az olması ilə bağlıdır. Harada işvərən yoxdursa, orada qan var, orada kəsilmiş qadın başları var, orada zorlanmış qızlar var, orada özünü asan kişilər var, orada qanunsuzluq, rüşvət, haqq yemə var. Buna görə də, əslində, "işvərənlik" müqəddəs peşədir!

Allah eləməsin, kimsə sizə balta atsın, amma başınıza belə bir iş gəlsə, daha doğrusu, balta gəlsə və sizə dəyməsə, sizi bu vəziyyətdən mütləq şəkildə qansız-bəlasız qurtaran yeganə adam işvərən ola bilər. Allah onlardan razı olsun! Yox, əgər işvərən yoxdursa, özünüz də bunu bacarmırsınızsa, onda baltanı yerdən götürüb tuşlayın rəqibinizə. Ürəyiniz soyumadısa, döyün, şil-küt eləyin, xışlayın. Başınıza belə bir hadisə gəlməyibsə, Ağadadaş Ağayevin davasına baxın.

Baxın, Ağadadaş Ağayev də, mühafizəçi də, kənarda durub hadisəyə, sadəcə, tamaşa edən adamlar da işvərənliyi bacara bilməyən adamlardır. Əgər orada bircə nəfər belə işvərənliyi bacarsaydı, məsələ böyüməmiş, balta başqa bir qadına dəyib xəsarət verən kimi polisə xəbər verilməli idi. Belə olduğu halda, uşaqlığımızın yadigarı olan Ağadadaş Ağayevi şil-küt olunan görüb qəribə hisslər keçirməzdik, yazığımız gəlməzdi. Belə olduğu halda, cəmiyyət iki yerə parçalanmazdı.

Bəziləri deyir ki, Xalq artisti onkoloji xəstə imiş deyə ona dəymək olmaz. Ağadadaş Ağayev “Xalq artisti” olduğu kimi onkoloji xəstəlik də “xalq xəstəliyi”dir. Yəni xəstə olmaq nəyəsə haqq qazandırmaq demək deyil. Müğənnilər video çəkib etiraz edirlər: “O, Xalq artistidir, ona olunan hörmətsizlik bizi incidir. Ayıb olsun!”.

Bəziləri də deyir ki, mühafizəçi işini yerinə yetirirmiş, əslində, o günahsızdır. Mühafizəçinin işi adam döyməkdir? Balta atıb? Dəymədi? Götürdün baltanı? Tulla bir qırağa, tut adamı, zərərsizləşdir, təhvil ver aidiyyatı yerə. Barı adamı “Xalq artisti” kimi döyərdin də, ay zalımın oğlu!

İnsanların sosial şəbəkələrdə bu hadisə haqqında yazdığı şərhlərə baxıram.

Biri deyir, "Ağadadaş Ağayev düz eləyib xəstəxana işçilərinə balta atıb!"

Biri deyir, "Mühafizəçi zor eləyib döyüb bunu! Hələ az eləyib!"

Belə-belə şərhlər...

Amma heç kim demir ki, əslində, polisə xəbər verilməli idi. Ağadadaş müəllimin xəstəxanadan narazılığı var idisə, müvafiq qurumlara "işverənlik" eləyib problemi deməliydi. Yox, o eləmədisə, balta atdısa, ondan sonra heç olmasa mühafizəçi "işverənlik" edib hadisə yerinə polis çağırmalı idi, özü Xalq artistini elə döyməməli idi.

Ona görə də ölkə gündən-günə cinayət bataqlığına qərq olur. Bir alkaş ata iki övladını bıçaqlayır, evə od vurmaq istəyir, sonra da özünü öldürür. Bir kişi qızıl üstündə arvadının əl-ayağını bağlayıb atır binadan aşağı. Başa düşürsüz? Hə? Balta Ağadadaş Ağayev insidentində, sadəcə, bir alət deyil, balta bu ölkə üçün böyük bir anlayışdır. Baltalar bir deyil, beş deyil, on deyil! Camaat başını itirib! Baltasız-zadsız!

“Kişinin yanında baş kəsərlər” misalı artıq öz inkişaf dövrünün pikinə çatır. İndi bu ölkədə kişinin yanında baş kəsirlər və bircə nəfər kişi çıxıb bunu başqasına demir. Demir! Heç kim işvərən olmaq istəmir!

Burada çox incə bir məqam var. İş orasındadır ki, işvərənlik güc strukturlarında da yaxşı bir zad kimi qəbul olunmur. Kimsə polisə “mənim arvadıma sataşdılar, özümü də basıb döydülər” deyə şikayətə qaçsa, ona o idarədə də yaxşı baxmazlar, məhəllədə də, nəsil-kökdə də.

Yaxud da hansısa qadın ərindən şikayət etsə ki, ərim məni hədələyir, eyni halla rastlaşacaq.

Şəxsən mən ömrümdə bir dəfə “suka”lıq etmişəm, məni ölümlə hədələyən bir mərdiməzardan şikayət etmişəm, düz bir həftə şikayətimə baxılmayıb. Daha sonra özüm durub getmişəm yaşadığım ərazinin polis idarəsinə, bu dəfə məsələ araşdırılıb, qarşı tərəflə danışıblar, vəssalam! Mənə qarşı hədə-qorxuları da, mənim o adamla danışığım da, hamısı fakt-sübut bu günə kimi əlimdədir. Əgər ağlım yerindən oynasa, həmin adamı özüm tapıb döysəm, öldürsəm, necə olacaqdı? Ya da o adam məni tapsa, həqiqətən də, dediyi kimi öldürsə, necə olacaqdı? Cəmiyyətin yarısı məni adam öldürdüyümə görə qınayacaqdı, yarısı isə haqq qazandıracaqdı. Adam öldürdüyümə görə qınayanlar da, haqq qazandıranların da ağlının ucundan hüquq mühafizə orqanları keçməyəcəkdi. Əksinə, məni öldürsələr, dost-tanışım şənimə təriflər düzəcək, məni öldürən adamı lənətləyəcək, amma bir adamın da ağlından hüquq mühafizə oqranları keçməyəcəkdi. Eynilə də Ağadadaş Ağayevlə mühafizəçi davasında da heç kimin ağlına hüquq mühafizə orqanları gəlmədi. Hadisəyə şahid olanlar “suka” olmaq istəmədilər.

Azərbaycan insanını hüquq mühafizə orqanlarına laqeyd edən səbəblərdən biri sistemdə olan boşluqdursa, ikincisi də insanlarımızın lotu olmaq həvəsidir. Hələ də fəxrlə danışılır ki, filankəs filankəsi öldürdü. Cinayətlə fəxr edirik. Lotularımızla öyünürük. Özümüz də lotu olmaq həvəsindəyik. Ağadadaşın əlinə baltanı verən də, mühafizəçinin qoluna qüvvəti verən də lotuluq istəyidir. Öz işini özü həll etmək.

Başa düşürsüz?

Hə?

Nəsə bir çıxış yolu olmalıdır.

Yoxsa bu balta Əhmədin əlindən Ağadadaş Ağayevin əlinə, sonra bir digərinin, sonra bir başqasının əlinə keçəcək... beləcə, cəmiyyət ola bilməyəcəyik.

İşverən olmaq lazımdır, əziz insanlar!

Suka olmaq lazımdır!

Daha bir baş kəsilməmiş, daha bir insan özünə qəsd etməmiş!

Hüquqi cəmiyyət naminə!

Boşluqları sağlam doldurmaq naminə!

# 10996 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #