Panslavyanizmin qürubu... - Azər Turan yazır...

Panslavyanizmin qürubu... - Azər Turan yazır...
25 mart 2022
# 12:00

Kulis.az Azər Turanın “Panslavyanizmin qürubu...” yazısını təqdim edir.

Mariupoldan bir video görüntüləndi. Ölənləri kütləvi şəkildə xəndəyə atır, basdırırdılar. Yadıma Məhəmməd Hadinin 1916-cı ilin mart ayında elə Ukraynanın Stanislav şəhərində (indiki İvano-Frankovskda "yaralıların fəryad və əfqanını dinlərkən" qeydi ilə) yazdığı "Əlvahi-intibah"ı düşdü:

...Bu dünya əskidəndir səhneyi-bidad şəklində,
Cahan başdan-başa meydani-matəmzad şəklində,
Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər, bəlalər, qüssələr abad şəklində...
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

O zaman, Birinci Dünya müharibəsində Məhəmməd Hadi bu şəhərdə vuruşan Rusiya qoşunlarının tərkibindəki "Dikaya diviziya"nın alay mollası idi. Vəzifəsi də yaralanıb can verən müsəlman əsgərlər üçün Yasin oxumaqdan, onların dəfnində mollalıq etməkdən ibarət idi... Onda da indiki kimi rus ordusunun tərkibində çeçenlər döyüşürdü. Bir dəfə Stanislav şəhərində çeçen Məhəmmədin başucunda Yasin və Ərrəhman surələrini oxuyub çölə çıxanda oradakı rus qadın əlini Hadinin çiyninə qoyub təsirli və titrək səslə demişdi ki, "Mamed Qadi, "Quran" oçen krasivıy"...

Heç nə dəyişməyib. Tarix yenidən təkrar olunur.

Elə 1916-cı ildə də soyu, dili eyni kökdən olan bu iki millət bir-birini qırırdı... Bir fərqi var ki, o zaman savaş Ukrayna ilə Rusiya arasında deyil, Avstriya-Macarıstan imperiyası ilə Rusiya arasında gedirdi. Amma tarixin heç bir dönəmində Rusiya ilə Ukrayna indiki kimi üz-üzə gəlməmişdi.

1848-ci ildə Praqada, 1867-ci ildə Moskvada tərtiblənmiş Panslavist konqreslərin iki fərqli hədəfi vardı: Rusiya panslavizmin birləşmiş gücü ilə bir tərəfdən "Qədim qübbələri Bizansda İsa üçün yeni bir kilsə mehrabı saxlayan" (Fyodr Tyutçev) Bizans ortodoks kilsəsini - Ayasofyanı (ümumiyyətlə, İstanbulu) türklərdən almaq, digər tərəfdən, Avropa birliyinə qarşı Panislav birliyini yaratmaq niyyətini gizlətmirdi.

Herderin irəli sürdüyü "Mən bir slavyanam və slavyan olmayan hər şey mənə yabançıdır", - şüarı o illərdə slav millətçiliyinin ali prinsipi idi.

Henri Martinin nəzəriyyəsinə görə, Avropa federasiyası hürriyyət, fərdi mülkiyyət və ailəyə sədaqət prinsipləri əsasında bütünlükdə, Rusiya sisteminə qarşı bir sistem quracaqdı. Çünki federal bir Avropa qurulmadan Rusiyaya qarşı durmaq mümkün deyildi. Əgər bu, belə olmasa Avropanın gənc bacısı Amerika mədəniyyətin təkbaşına mühafizi olacaqdı. (Hans Kohn).

Əslində, rusların digər slavyanlar üzərində nüfuzu təkcə ədəbi baxımdan deyil, daha geniş anlamda pravoslavlığın hesabına təmin edildi: "İstanbul bizə - ruslara aid olmalıdır, əsla başqasına yox". 1877-ci ilin martında yazılmış bu sözlər təkcə rus imperatorunun siyasəti deyil, həm də rus yazıçısı Dostoyevskinin xəyalı idi. Rusiyanın Osmanlıya qarşı müharibəsini vəsf edən Dostoyevski: "Bu xariqəladə bir zamandır. Burada bütün Rusiyanın qəlbi çırpınır və xalq savaşa bizim qardaşlarımızı, qan və iman qardaşlarımızı qurtarmaq üçün gedir", - deyirdi.

İndi o qan və iman qardaşlarının öz arasında savaş gedir...

Bu gün slavyan hərbi güclərinin raketləri slavyanlara məxsus pravoslav kilsəsinin qübbəsində partlayır. Amma XIX yüzildə slavyanları pravoslavlığın və katolisizmin timsalında dini parçalanmalar təhdid etsə də, o darmacalda Rus pravoslav kilsəsi slavyan birliyinin mərkəzinə çevrilə bilmişdi. İndi pravoslav kilsəsinin bu birləşdirici gücü də ortadan qalxır. Artıq neçə ildir ki, Ukrayna pravoslav kilsəsinin Moskva patriarxlığı ilə bağlılığı tənəzzül edir. Dünən isə xəbər yayıldı ki, Amsterdamdakı Rus pravoslav kilsəsi Ukrayna müharibəsi səbəbilə Moskva patriarxatlığı ilə əlaqələrini kəsdiyini bəyan edib. Siyasi münasibətlər isə XIX yüzildə də indi olduğu kimiydi. Avropa öz maraqlarını Rusiya ilə bölüşə bilmədiyi kimi, slavları ruspərəst və qərbpərəst, - deyə iki qismə bölən Rusiya da öz maraqlarını Avropa ilə bölə bilmirdi. 1870-ci ildə "Şərq məsələsi"ni şərh edən panslavist general Fadeyev "Vaxtilə Avropa üçün bir türk və islam məsələsi vardı, indi isə Şərq məsələsi məfhumu vardır. Diqqətlər slavlıq və ortodoksluq üzərində toplanmaqdadır. Rusiyanın düşməni bütün batı Avropa deyil, Orta Avropa, yəni Almaniyadır. Alman birliyi gerçəkləşərsə, Rusiyanın xaricində qalan slavlar yox olmağa məhkumdur" - yazırdı...

O zaman Rusiya Konstantinopolu almaq istəyir, həm də real təhlükəni Alman birliyindən görürdü.

Üstündən yüz əlli iki il ötüb.

Burda heyrətamiz bir məqam var. İkinci Qarabağ savaşının anonsu Ayasofyanın ibadətə açılmasından dərhal sonra Tovuz hadisələri ilə verildi. Əslində, Ayasofyadan ucalan azan slavyanlar üçün Çarqorod ideyasının süqutu idi. Hələ üstəlik, Diyanət İşləri Başqanı Ali Erbaşın Fateh ənənəsini davam etdirərək xütbəni əlində qılınc tutaraq oxuması da dünyanın gündəmini zəbt etmişdi. Ayasofyada verilən azandan sonra ermənilərin Tovuza açdığı atəş sonucda Şuşanın fəthi ilə yekunlanan İkinci Qarabağ savaşının başlanmasına rəvac verdi. Zəfərdən sonra dünyanın siyasi gündəmində Turan Birliyi ideyası aktuallandı. Hətta Baxçalı Ərdoğana sınırları Altaylara qədər uzanan Turanın xəritəsini hədiyyə etdi. Həmin Turan içərikli xəritə ilə Turan Birliyi siyasi masaya adladı. Bizim şərhçilər Rusiya prezidentinin köməkçisi, türkoloq Peskovun böyük siyasi anlam daşıyan "Türkiyədən olan tərəfdaşlarımızın Türk Birliyi yaratmaq ideyası tamamilə normaldır. Yeganə təəssüf doğuran məqam odur ki, xəritədə Türk dünyasının mərkəzində böyük qırmızı ulduz təsvir edilməyib. Türk dünyasının mərkəzi Türkiyədə deyil, məhz Rusiya ərazisi olan Altayda yerləşir" sözlərini doğru anlaya bilmədilər. Əslində, Peskov Dostoyevskinin yuxarıda xatırlatdığım əsərinə göndərmə edirdi: "Konstantinopol Şərq dünyasının mərkəzidr. Şərq dünyasının mənəvi mərkəzi isə Rusiyadır". Ardıyca Qazaxstanda Türk Şurasının ömürlük rəhbəri Nazarbayevin heykəlinin devrilməsiylə müşayiət olunan əmrvaqi hadisələr baş verdi. Və onun da ardıyca Ukraynadakı müharibə alovlandı, dərinləşdi. Rusiya-Ukrayna savaşı ərəfəsində Rusiya prezidenti yüz ildən sonra slav məsələsinə Rusiya imperatoru kimi yanaşdı: slavların ruspərəst və qərbpərəst deyə iki zümrəyə bölündüyünü bir daha dünyanın yadına saldı, qərbpərəst slavları Rusiyanın cazibəsində saxlamaq naminə müharibəyə qərar verdi. İndi təəccüblü olan odur ki, tarixdə ilk dəfədir slavların bu iki qolu döyüşür. Belarusun Rusiya tərəfində olması da tarixi proseslərə adekvatdır. Avropa isə Henri Martinin nəzəriyyəsini tətbiq edir. Avropa Birliyinin timsalında Rusiya sisteminə qarşı Avropa sistemi qurmaq istəyir. XX yüzildə Avropa federasiyasının məqsədi Rusiyanı çökdürmək idi. Və indi Avropa Birliyi bu işin realizəsi ilə məşğuldur. Və qəribədir ki, iki qardaş slavyan millətinin müharibəsi slavyan birliyinin ən qədim mərkəzində - Kiyev civarında gedir. Avropa Birliyi tam qurulmayıb. Əslində, bu gün baş verənləri vaxtilə Alman Birliyi ideyasına qarşı yaranmış Slavyan birliyi ideyasının süqutu adlandırmaq olar. Slavyanların birliyi yalnız İkinci Dünya müharibəsində Alman Birliyi ideyasını zərərsizləşdirməyə müvəffəq olmuşdu. SSRİ-nin timsalında İkinci Dünya müharibəsindən sonra Slavyan Birliyi ən yüksək həddinə çatdı. Bunu panrusçuluq da adlandırırlar. Bu isə uzaq tarix deyil, hamımızın yaddaşındadır. Müharibədən əvvəl rus xalqına müraciətində Putin bunu elə belə də adlandırdı: "Raspad istoriçeskoy Rossii pod nazvaniem SSSR". Çöküşünün episentri Qarabağ olan SSRİ-nin tarix səhnəsindən çəkilməsi, dağılması ilə bağlı sənədi də 1991-ci ilin dekabrında Belovejdə üç slavyan respublikası - Rusiya, Ukrayna və Belorusiya və onların liderləri Yeltsin, Kravçuk və Şuşkeviç bir yerdə imzaladı və onlar bunu başqa sovet respublikalarının rəhbərləri ilə məsləhətləşmədən etdilər. Çünki başqaları slavyan deyildi.

Slavyan birliyi ideyası, dediyim kimi, Alman birliyi ideyasına qarşı yaranmışdı. Məhz panslavistlərin aktivləşməsindən, Konstantinopol Rusiyanın paytaxtı olmalıdır ideyası aktuallaşandan sonra Turan birliyi ideyası meydana çıxdı. Bu mənada Əli bəy Hüseynzadənin tarix üfüqlərindəki yeri, məqamı heç kəslə müqayisəyə gəlmir. 1918-ci ildə qələmə aldığı "Türkçülük nasıl doğdu?" məqaləsində Ziya Gökalp qeyd edirdi ki, "Əli bəy Peterburq Darülfünununda panslavizmdən pantürkizm məfkurəsini çıxardı". O məfkurə idi ki, onun işığında əvvəl Azərbaycan, sonra da Türkiyə cümhuriyyətləri yarandı.

İndi hansı tərəfin qələbəsi ilə bitəcəyindən asılı olmayaraq (qardaş qırğınında qalib tərəf olmur) bu müharibə panslavist idealların qürubundan soraq verir. Bu, fərqli bir zamandır, fərqli təhlil istəyən prosesdir. Unutmayaq ki, istər Birinci, istərsə də İkinci Dünya müharibələri eyni situasiyalarda, eyni siyasi xaosun müşayiəti ilə, eyni amillər səbəbi ilə və eyni coğrafiyalarda başlanıb. Kədərin qlobal mahiyyətinə görə bu müharibə dünya üçün hüzndür. Lakin bu gün Ukraynada dağıdılan, viran qalan şəhərlərin ölən, öldürülən slavyan əhalisinin kədəri ədəbiyyat baxımından daha çox Puşkinin, panslavist Mitskeviçin, Tyutçevin, Dostoyevskinin və Taras Şevçenkonun ortaq və ümumi kədəridir. Mən hələ Ukrayna kökənli dahi rus yazıçısı Qoqolu demirəm...

Dua edək ki, savaş bitsin, qan tokülməsin. Amma həm də şükür edək ki, daha 1937-ci ildəki kimi SSRİ-də milli dəyərimiz olan aydınları pantürkist və panturanist adıyla qətlə yetirəndən sonra panslavyanizmin şərəfinə badə qaldıran Stalin yoxdur. Bundan sonra Rusiyada yeni Stalin doğula bilərmi? Bunu da Allah bilir. Ona görə də Turana gedən yolu Tanrı yaxın etsin...

"Ədəbiyyat" qəzeti

# 2421 dəfə oxunub

Oxşar xəbərlər

Puqaçovadan haqlarında çıxan iddialara cavab

Puqaçovadan haqlarında çıxan iddialara cavab

10:21 30 oktyabr 2024
20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

09:49 30 oktyabr 2024
"Füzuli muğam dünyası" konserti keçirildi

"Füzuli muğam dünyası" konserti keçirildi

09:26 30 oktyabr 2024
Məşhur reper sui-qəsddə ittiham olunur

Məşhur reper sui-qəsddə ittiham olunur

09:23 30 oktyabr 2024
"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

16:46 29 oktyabr 2024
Rasim Balayevin ailəsində ağır itki

Rasim Balayevin ailəsində ağır itki

16:28 29 oktyabr 2024
# # #