Özündən 18 yaş böyük adamla ailə qurdu, Polad Bülbüloğlu onunla düşmən oldu – Xalq artistini hər gecə ağladan səbəb nə idi?

Özündən 18 yaş böyük adamla ailə qurdu, Polad Bülbüloğlu onunla düşmən oldu – Xalq artistini hər gecə ağladan səbəb nə idi?
1 noyabr 2022
# 12:15

Bu gün aktrisa, Xalq artisti Elmira Şabanovanın ad günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. Atası zavod direktoru, sonralar isə SSRİ Ali Sovetinin deputatı olub. Anası isə evdar qadın. Elmira xanım orta məktəbi bitirəndən sonra Moskvada aktyorluq təhsili almaq istəyir. Ancaq anası onun bu istəyinə qarşı olur. Birinci imtahan uğurlu keçsə də, ikinci imtahanda Elmira xanımın anası qəbul komissiyasına zəng vuraraq qızını kəsməklərini tapşırır. Bundan sonra Elmira Şabanova Bakıya qayıtmağa məcbur olur.

1958-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun əvvəlcə aktyorluq, sonra isə rejissorluq fakültəsində təhsil almağa başlayır. Birinci kursda özündən on səkkiz yaş böyük olan rejissor Rüfət Şabanovla ailə həyatı qurur. Rüfət bəy Elmira xanıma kino və teatrla bağlı ciddi qadağalar qoyur. Aktrisa bu barədə xatirələrini danışarkən deyir:

“Gecələr ağlayırdım. Deyirdim, sən rejissorsan, heç olmasa, özün çək. Mehdi Məmmədov bir tərəfdən çağırır, Tofiq Kazımov o biri tərəfdən dəvət edirdi. Tofiq Kazımov “Hamlet”i hazırlayanda Amaliya Pənahova hamilə idi. Məni çağırdı ki, gəl, Ofeliyanı oyna. Rüfət razılıq vermədi. Sonra Tofiq Kazımov yenə məni teatra çağırdı ki, bəs "Sən həmişə mənimləsən" tamaşasında Nargilə rolunu ifa edim. Həmin pyesi İlyas Əfəndiyev sanki mənim üçün yazmışdı. Çünki mənim yoldaşım da məndən xeyli böyük idi. Tofiq müəllim çox istədi ki, mən həmin tamaşada ifa edim. Amma Rüfət qoymadı. Mehdi Məmmədov "Canlı meyit" tamaşasına, "Hamlet" tamaşasının radio versiyasına dəvət etdi. Hətta bu barədə özü yoldaşımla danışdı. Amma o, "Canlı meyit" tamaşasına yox, birtəhər "Hamlet" tamaşasına razılıq verdi. "Canlı meyit" tamaşasında isə Şəfiqə Məmmədova ifa etdi. O zaman İncəsənət Universitetində indiki dillə desək, üç ulduz vardı. Mən, Şəfiqə Məmmədova və Amaliya Pənahova. Düzdür, onlar məndən üç-dörd yaş kiçik idilər. Amma biz bir dövrdə oxumuşuq. Rüfət mənə söz vermişdi, 40 yaşdan sonra icazə verəcəyəm. Sözünün üstündə kişi kimi durdu”.

E.Şabanovanın filmoqrafiyasında "Avqust gələndə", "Bədbəxtliyin astanasında", "Çalışan adam", "Dairə", "Əlvida, cənub şəhəri", "Əsl dost", "Fəryad", "Gecə qatarında qətl", "Gəmi saatının sirri", "Qafqaz", "Qəm pəncərəsi", "Qızlar", "Qocalar", "Mirzə Babayev", "Ötən ilin son gecəsi", "Özgə vaxt", "Şahid qız", "Səhər", "Son döyüş", "Sürəyya", "Təhminə", "Yoxlama", "Zirzəmi", "40-cı qapı", "İnsanı öldürmək", "Qaraşın ledinin sonetləri", "Təkbətək döyüş", "Kölgə", "Qapalı orbit", "Gəlinlər" kimi film və teletamaşalar müxtəlif rollar ifa edir.

***

Aktrisa ilk dəfə 1978-ci ildə Rüfət Şabanovun Cek Londonun "İnsanı öldürmək" hekayəsi əsasında hazırladığı tamaşada Miss Setlif rolunu ifa edir. Aktrisanın bu tamaşada tərəf müqabili Həsən Məmmədov olur. Tamaşa televiziyanın "Qızıl fond"una daxil edilir. Amma sonralar həmin tamaşanın lent yazısı müəmmalı şəkildə yoxa çıxır.


Elmira xanımı çoxları fransız aktrisalarına bənzədirlər. Bu da, əslində, səbəbsiz deyil. Belə ki, aktrisanın babasının atası neft milyonçusu olub. O, Fransaya gedərkən Turye adlı fransız xanımla ailə qurub Bakıya qayıdır. Bakıya gələndən sonra həmin xanım müsəlmanlığı qəbul edir, çadra taxır və adını da dəyişdirir. Onun yeni adı Dürrə olur.

***

Bu barədə aktrisa müsahibələrinin birində deyir:

“Məndə fransız cizgiləri var. Yoldaşım rəhmətə gedəndən sonra bizdən yuxarı mərtəbəyə fransızlar köçmüşdü. O fransızlardan biri mənə vuruldu. Fransızcanı az-çox bilirəm. Görürdüm, tez-tez bizə gəlir, deyir, evdə darıxıram. Mən də heç nə başa düşmürdüm. Gəlinim “tyotya Elmira, o kişi səni sevir”, dedi. Qəribə hadisədir. 60 yaşlı subay kişi idi. Məlum oldu, onun cavanlıqda sevdiyi qız eynən mənə oxşayıbmış. Şəklini də göstərdi, gördüm, hə, oxşayır. Oğluma dedi, sizin ananızla evlənib Tuluzaya aparmaq istəyirəm. Əlbəttə, məhəbbət olsaydı, bəlkə də gedərdim. Amma mən həmişə bir insanı sevmişəm, o da həyat yoldaşım Rüfət idi”.

Elmira Şabanova uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Onun tələbələri arasında Rasim Balayev, Nuriyyə Əhmədova, Şahmar Ələkbərov, Həsən Əbluc, Əliqismət Lalayev, Rafael İsgəndərov, Coşqun Rəhimov kimi məşhur insanlar olub.

***

Aktrisanın sözlərinə görə tələbələrindən bir çoxu ona vurulublar. Həmçinin mərhum aktyor Ceyhun Mirzəyev də aktrisaya eşq elan edib. Bu barədə Elmira xanım deyir:

“Ceyhun mənə vurulanda balaca uşaq idi. “Əsl dost” filminin çəkilişi gedir, yaradıcı heyətin hamısı cavan uşaqlardır. Rüfət hamıya tapşırmışdı ki, bu qızı incitməyin, onunla evlənəcəyəm. Məndən də 17-18 yaş böyük. Ceyhun Mirzəyev də məndən beş-altı yaş balaca olardı. Bir dəfə gördüm, hamının başına dolandığı bu suyuşirin uşaq heç kimə yaxın getmir, qaşqabağını sallayıb oturub. Soruşdum, Ceyhun, nolub sənə? Birdən qayıdasan ki, o kişiyə getmə, böyüyüm səni özüm alacağam”.

Xalq artisti bəzən həyat yoldaşının, bəzən də rejissorların seçimlərinə görə müxtəlif məşhur obrazlara çəkilə bilməyib. Belə ki, Rasim Ocaqov “Otel otağı” filmini çəkəndə aktrisanı Fəxrəddin Manafovun ifa etdiyi Kərim obrazının arvadı rolunda çəkmək istəyir. Ancaq sonra məlum olur ki, filmin prodüseri öz adamının çəkilməyini təklif edib. “Təhminə” filmində isə aktrisa Rasim Ocaqovdan Zaurun anası rolunu oynamaq istədiyini deyir. Ancaq Rasim müəllim bildirir ki, Elmira xanımın çöhrəsi çox nurlu olduğundan filmdəki Zivər roluna uyğun deyil.

***

Aktrisa 2000-ci ildə Əməkdar artist, altı ildən sonra isə Xalq artisti adını alır. Ancaq o, Xalq artisti adını gec aldığını bildirərək bu məsələyə belə aydınlıq gətirir:

“Xalq artisti adını illər əvvəl almalı idim. Bu da nəyə görə olub? Keçmiş nazir Polad Bülbüloğlu ilə aramızda konflikt yaranmışdı. Məlik Dadaşov Rus Dram Teatrında işləyəndə məni ora dəvət eləmişdi. Sonra direktor oldu. Poladla Məlikin arası yox idi. O vaxt mən Məlik Dadaşovu müdafiə elədim, oldum Polad Bülbüloğlu ilə düşmən. İndi tələbələrim dünyasını dəyişəndə çox pis oluram. Deyirəm, İlahi, mən nə çox yaşamışam. Güzgünü görməyəndə yadımdan çıxır ki, qocalmışam. Elə ki güzgü qabağına keçdim, deyirəm, yox, mən camaat qabağına çıxa bilmərəm. Qocalığa nifrət edirəm. Hə, komplekslərim var. Hər ili sonuncu ilim kimi yaşayıram, o dünyaya təşrif aparmağa hazırlaşıram. İnan, evdən çıxmaq mənim üçün dəhşətdir.”

# 24495 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #