"Oxumağı bacarmadığım gün öləcəm” - Dünyanın ən məşhur “sərçə”si

"Oxumağı bacarmadığım gün öləcəm” - Dünyanın ən məşhur “sərçə”si
19 dekabr 2023
# 18:00

Bu gün əfsanəvi fransız müğənni Edit Piafın doğum günüdür.

Kulis.az Nuranə Abbasovanın "Dünyanın məşhur “sərçə”si Edit Piaf" yazısını təqdim edir.

Anası Annetta Covanna Maillard yarı italyan, yarı əfqanəsilli idi. Atası Luis Alfons Qassion isə kəndirbazlıqla məşğul olurdu. Valideynləri küçələrdə şou hazırlayaraq pul qazanırdılar. Özü isə uzun müddət əxlaqsızlar yuvasında yaşamalı olub.

Söhbət dünya ulduzu Edit Piafdan gedir...

O, ən çətin dövrdə dünyaya gəlmişdi: Birinci Dünya müharibəsi gedirdi. Bir neçə il kor həyatı sürdü, daha sonra isə meyxanalarda ifa etməyə başladı...

30-cu illərin əvvəli, Paris... Kinoteatrdan çirkli sviterdə, didilmiş ətəkdə, dodaq boyası əyri-üyrü çəkilmiş, iri gözləri ilə kişiyə oxşayan əxlaqsız qadın çıxır... O, Marlen Ditrixin filmini izləməkdən qayıdır. Daha sonra bara keçərək yanında əyləşən dənizçi ilə özünə şərab sifariş verir... Həmin vulqar küçə qızı tezliklə əfsanəvi Edit Piaf olacaq...

Küçə uşağı

Edit küçədə doğulduğunu tez-tez etiraf etməkdən çəkinməzdi. Doğuşqabağı valideynləri onu xəstəxanaya çatdıra bilmirlər və körpə yaş səkinin üstündə dünyaya gəlir. O zaman Birinci Dünya müharibəsi gedirdi və küçələr zəif fənər işığı ilə işıqlandırılırdı. Bu isə gələcək estrada ulduzu üçün simvolik başlanğıc idi. E.Piafın anası onu və atasını ataraq sərbəst həyata başlayır, balaca qızcığaz isə əyyaş ana nənəsinin himayəsinə sığınır. Bununla da gələcəyin ulduzu olacaq körpənin məşəqqətli həyat yolu başlayır: nənəsi ağlamasın deyə, şəraba süd əlavə edərək onu bu yolla sakitləşdirir; palçığın, natəmizliyin arasında böyüdüyü üçün gözləri irinli iltihab keçirir və o, kor olur. Uzun müddət balaca qızın dünyası yalnız səslər və qoxulardan ibarət olur.

Lakin bir müddət sonra müharibədən qayıdan ata iri başı ilə hamının meymuna bənzətdiyi qızını əxlaqsız həyat tərzi keçirən nənəsindən alaraq öz anasının yanına aparır. Editin bu nənəsi fahişəxanada qulluqçu işləyirdi. Onun yanında qalmağa məcbur olan Edit ilk vaxtlar əxlaqsız qadınların gözlənilməz qayğısı ilə qarşılaşır: onu vaxtlı-vaxtında yedizdirir, müalicə edirdilər. Bu yolla düz 2 il sonra qızcığazın görmə qabiliyyəti yenidən özünə qayıdır. Həmin qadınlar inanırdılar ki, bu yalnız Müqəddəs Terezaya duaların nəticəsində belə oldu. Edit özü də buna inanır və bütün həyatı boyunca Terezanın ikonasını yanından ayırmır. Onun bu ikonası Editə sevgi bəxş etdi, ölümdən qurtardı və səsini qorudu...

Edit sağalan kimi nənəsi onu atasına qaytarır. Bir neçə il atası onunla küçə-küçə gəzərək müxtəlif akrobatik hərəkətlər göstərir, pul qazanır. Lakin o, əldə olunan pulu içkiyə xərcləyirdi. Atasının təkidi ilə daha çox pul qazanmaq üçün oxumağa məcbur olan Edit əslində taleyin ona bəxş etdiyi mükafatdan xəbərsiz idi. Onun yeganə bildiyi mahnı isə Fransanın milli marşı “Marselyoza” idi. O, atasının başqa qadından olan qızı, bacısı Simone ilə birlikdə (Edit ona Momone deyirdi) küçələrdə oxuya-oxuya səsini cilalayır və 13-14 yaşında özünə məşuq taparaq atasının yanından qaçır. Bununla da gələcək ulduz müstəqil həyata atılır...

Bütün dünyanın “sərçəsi”

Edit bir gün qərara alır ki, məşhur və varlı olmalıdır. Bəs necə? Hələ ki, o sərxoşların toplaşdığı klublarda ifa edirdi. Bundan başqa o, küçələrdə də oxuyur, əlavə pul qazanırdı. Bir gün böyük bir kabarenin sahibi Lui Laple Editin səsini eşidir və onu öz məkanında oxumağa dəvət edir. Məhz Lui güclü səsli balaca qız üçün küçə jarqonunda “sərçə” mənasını verən “Piaf” təxəllüsünü seçir. Edit səhnə üçün lazım olan hər şeyi öyrənməli olur. Lakin gələcək ulduzun səhnə qorxusu ona əbədi vərdiş qazandırır: Edit ömrünün sonunadək səhnədə çıxış edərkən yumruqlarını bərk-bərk ombasına sıxırdı.

Edit əvvəlcə sadə mahnılar – evsiz itlər, küçə qızları, avaralar haqda oxusa da, daha sonra Lui onu ciddi müəlliflərlə tanış edir. Məhz onun dəstəyi ilə Edit radioda çıxış etməyə başlayır. Bu isə geniş dinləyici auditoriyası demək idi.

Musiqi ilə yanaşı, Edit “Subay” filmində küçə müğənnisi obrazını canlandıraraq özünü kino sahəsində də sınayır.

Şöhrətin pilləsində

L.Leplenin müəmmalı şəkildə öldürülməsindən sonra gənc müğənninin bütün həyatı qaralır. İnsanlar ona Luinin ölümünün səbəbkarı kimi baxırdılar. Edit gələcəklə bağlı qayğılara qapılır, şöhrəti bir anın içində yerlə-yeksan olur. Lakin şans Editin tərəfində olur. O, işədüzəltmə agentliyində Reymon Asso adlı bir nəfərlə tanış olur və həmin adam onu əsl ulduza çevirir.

Reymon musiqilər yazır, bir çox müğənni ilə dostluq edirdi. E.Piaf məhz bu aləmə düşmək istəyirdi. Assonu Editin istedadı və yaradıcılıq üçün “susuzluğu” cəlb edirdi. Reymon Edit üçün yalnız mahnılar yazmır, eyni zamanda onun səhnə davranışları, intonasiyası üzərində də çalışır, həmçinin ,musiqi şirkətləri ilə uğurlu müqavilələr imzalamasına kömək edirdi. Edit Piaf əsl şöhrəti məhz Assonun mahnılarıyla əldə etdi.

Edit oxuyub-yazmağı bilməsə də, səhnə geyimlərini seçməkdə həssas idi. Qara rəngli libaslar hər zaman onun qarderobunun əsasını təşkil edib. O, yalnız bir dəfə ana olub – 17 yaşında. Marsel adını qoyduğu qızı 2 yaşında meningitdən dünyasını dəyişir...

“Oxumağı bacarmadığım gün öləcəm”

“Mən oxumağı bacarmadığım gün öləcəm”. Edit bu sözləri tez-tez təkrar edirdi. O, içki içməyi, zarafatlar etməyi çox sevirdi. Piaf, həmçinin yeni istedadları üzə çıxarmağa kömək edirdi. Onlardan biri də Şarl Aznavur olub. Sənətçi “kədərli gözlərə və iri buruna sahib olan” həmin gənci özü ilə qastrollara aparır, onu sərbəst karyeraya hazırlayırdı.

Həmin zaman ərzində Edit yaradıcılığına yeni başlayan İv Montanla da tanış olur. Onların tanışlıqları İkinci Dünya müharibəsi dövrünə düşürdü. E.Piaf Fransa turnesinə çıxmışdı. 23 yaşlı İvlə Parisdə konserti zamanı tanış olan ifaçı onun gülməli tələffüzü ilə əylənirdi. Edit hələ cəmi bir neçə mahnısı çıxan İ.Montana yeni repertuar hazırladı, onun üçün mahnılar yazdı, qarderobunu yenilədi, tələffüzü üzərində işlədi, səhnə hərəkətlərini öyrətdi, bir sözlə, yeni obraz yaratdı.

Məhz Piafın sayəsində Montan kino aləminə addım atdı. İki il onlar bir yerdə yaşayıb işlədilər. Lakin Edit “sevgisindən yorulan kimi” İv Montanı qapı önünə qoyur. O, hər zaman belə idi. Davam etdirə bilmədiyi münasibətinə ən birinci zərbəni özü vururdu.

Editi narkomana çevirən ölüm

Bu gənc xanım yalnız Köhnə Dünyada deyil, mahnıları ilə Amerikaya da səs salmışdı. O, öz çıxışı zamanı heç bir şou göstərmirdi: sadə qara libası ilə royalın arxasına keçir və ifa edirdi. Bu da ona kifayət etdi ki, Hollivuda ayaq bassın. Amerikalılar onun mahnılarının sözlərini başa düşməsələr də, ifasına görə kompliment etməkdən yorulmurdular. Hətta bir dəfə ingilis dilində oxuyan Editə “italyan dilində mükəmməl ifa etdiyinə görə” təşəkkür də etmişdilər. Keçmiş küçə qızı bir anda Hollivud ulduzlarının maraq obyektinə çevrildi. O hətta uşaqlıq kumiri Marlen Ditrixlə tanış olur və onunla rəfiqəlik edir.

Amerikaya qastrolları zamanı Edit məşhur boksçu Marsel Serdana ilə tanış olur və onunla eşq yaşamağa başlayır. Onlar həmyaşıd idilər. Marsel onun həyatının əsl kişisinə çevrilir. İdmançı Olimpiya çempionu adına iddialı idi və Birləşmiş Ştatlarda final məşqləri ilə məşğul olurdu. Lakin Editin konsertləri üçün o, çox vaxt öz işlərini unudurdu. Edit isə onun bütün döyüşlərini yaxından izləyirdi. Hətta bir dəfə, Marsel tatami üzərində döyüşən və yerə yıxılan zaman Edit oturduğu yerdən “Qalx, Marsel” deyərək qışqırmış və ön sırada əyləşən kişinin şlyapasını əli ilə döyəcləyərək onu qəribə formaya salmışdı. Həmin adam Editi tanımış və şlyapanı ona Marselin qələbəsi naminə xatirə olaraq bağışlamışdı.

M.Serdana ailəli idi. Onun 3 uşağı var idi. Marsel ailəsi ilə Editin arasında qalmışdı. Bir dəfə Edit ona qəti göstəriş verir: “Təyyarəyə bilet al və yanıma gəl”. Marsel Editlə görüşmək üçün Paris-Nyu-York təyyarəsinə bilet alır. Lakin bədbəxtlikdən Marsel Sardananın olduğu həmin təyyarə qəzaya düşür. İdmançının parçalanmış cəsədini yalnız Editin ona hədiyyə etdiyi qolundakı saatdan tanıyırlar.

Həyat və ölümlə üz-üzə

Bu faciədən sonra Edit dərin əsəb sarsıntısı keçirir, narkotik istifadə etməyə başlayır. Lakin onu bu alışqanlıqdan iş, qastrollar və gənc sevgililəri xilas edir.

36 yaşında Edit ailə qurmaq qərarına gəlir və həmkarı Jak Pillsə ərə gedir. Toy Amerikada baş tutur. Cütlüyün nikah şahidi isə Marlen Ditrix olur. Lakin 5 il sonra onların ailəsi dağılır, Edit yenidən həyat və ölümlə üz-üzə, təkbaşına qalır.

Edit Piaf həyatı boyu bir çox xəstəliklə mübarizə aparmalı olur. Tez-tez əməliyyat edilir, çoxlu dərman içir, bu isə onda yaddaş pozğunluğuna gətirib çıxarır.

Sonuncu mahnı

Bir dəfə Edit evində təşkil edilən qonaqlıq zamanı yunan emmiqrantlarından birinin oğlu Teofans Lambukisi ilə tanış olur. Editdən 20 yaş cavan olan Teofans heç kimin ona diqqət etmədiyini görüb, sakitcə royalın arxasına keçir və ifa etməyə başlayır. Bu zaman Edit Teo ilə göz-gözə gəlir və ona vurulur. Bu, ulduzun sonuncu məhəbbəti olur.

Edit ona ərə getmək üçün uzun-uzadı fikirləşməli olur. Onu yaşı və sosial statusu qətiyyən narahat etmirdi. Yeganə nigaranlığı 46 yaşında hər şeyi yenidən başlamağın mümkünlüyünə inanmaq idi. Çünki Edit xərçəngdən əziyyət çəkirdi, saçları tökülmüşdü. Ancaq müğənni yeni bir eşqə də risk edir.

...Teo onun pis görünüşünə heç fikir də vermədi. Onun üçün çörəyi tikələrə bölür, çəngəli əlində tutmağa kömək edirdi. Piaf ərinə yeni ad da tapmışdı – Teo Sarapo. Yunanıstana qastrolları zamanı onun yunan dilində “Mən səni sevirəm Sarapo” ifadəsinin səslənməsindən çox xoşu gəlirdi.

Edit Teonun aktyorluq bacarıqlarını görür və onu səhnəyə çıxarmaq qərarı alır. Lakin ətrafdakılar Teonu “alfons” adlandıraraq ələ salmağa başlayır. Editin isə bu zaman dediyi yalnız bu olur: “Bizi rahat buraxın. Teo məni sevir”.

Onların xoşbəxliyi cəmi bir il çəkir. Edit 1963-cü ilin oktyabrın 11-də bu dünyaya əbədi olaraq gözlərini yumur. Müğənninin ölüm xəbərini eşidən dostu Cin Kokteau infarkt keçirir və o da dünyasını dəyişir.

Katolik kilsəsi Editin sürdüyü həyat tərzi səbəbindən onun dəfn mərasimini rəsmi ayinlə qeyd etmir. Buna baxmayaraq, Editin məzarına 100 mindən çox pərəstişkarı axın edir. Edit Piafın dəfn mərasimini xatırlayan Şarl Aznavur “İkinci Dünya müharibəsindən bəri Parisin nəqliyyatını iflic edən bu cür başqa bir hadisə olmamışdı” deyirdi.

Ölümündən qabaq sonuncu dəfə Eyfelin pillələrindən birinə qalxan Edit Piaf geniş kütlə qarşısında məşhur mahnılarından birinin sözlərini oxuyur: “Yox, mən heç nə haqda arzulamıram. Nə mənə edilən xeyirxahlıq, nə də zülm barədə... Həyatım bu gün səninlə başlayır...”.

Editin sonuncu müsahibəsindəki dialoqu isə belə olub:

–Bir qadına hansı məsləhəti verərdiniz?

– Sev.

– Bəs, gənc qıza?

– Sev.

– Bəs, uşağa?

–Sev.

# 937 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #