Tələsməyin fabulası ətrafında

Tələsməyin fabulası ətrafında
1 noyabr 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Tələsməyin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Yazıya başlamazdan əvvəl sizə bir şəkil göstərmək istəyirəm.

Olduqca ciddi rəsm əsəridir. Bunu gənc rəssam Fariz Eyvazlı çəkib. Rəsm və müəllif haqqında uzun-uzadı danışmaq olar. Amma, düşünürəm ki, buna ehtiyac yoxdur. Rəssamın digər işlərinə burdan baxa bilərsiniz. Öz üslubu olan, fərqli və kifayət qədər istedadlı rəssamdır. Amma təəssüf ki, bütün keyfiyyətli şeylər kimi üzdə deyil, gərək axtarıb tapasan.

Bu rəsmi nahaq yerə sizə göstərmədim. Bu rəsmi sizə göstərməkdə bir məqsədim var. Sosial şəbəkələrdə uzun müddətdir ki, silsilə şəkildə, eyni janrda videolar paylaşılır. Çoxdandır bu haqda yazmaq istəyirəm, amma həya edirəm. Bu videolar nədən ibarətdir?

Biri qız və biri oğlan olmaqla iki uşaq oturub mahnı oxuyurlar. Yəqin, siz də görmüsüz. Görməmiş olmazsız. Görməmisizsə "link" sözünə toxunub, görə bilərsiz. Oğlan yazıq eləcə oturub kameraya baxır. Amma qız oxuyur, əl-qolunu tərpədir, yekə-yekə hərəkətlər edir, özünü böyük arvadlar kimi aparır, başını Elnarə Abdullayeva kimi tərpədir, Könül Xasıyeva kimi zəngulələr vurur. Camaat da bu qızla-oğlanı bəh-bəhlə paylaşır, valideynlərinə təşəkkür edir ki, necə belə gözəl övladlar yetişdirirlər, qızın hərəkətlərinə uğunub gedirlər, ölürlər gülməkdən, qarınlarını tutub şaqqanaq çəkirlər və s. Bu gün yenə elə bir video çıxdı qarşıma və əlim gicişdi. Dedim ki, artıq bu məsələyə də ziyalı mövqeyimi bildirməliyəm. Yoxsa izləyicilərim narahat olacaqlar axı.

Birinci hissə – Tələsmək

Ümumiyyətlə, heç kim məndən inciməsin. Vaxtında olmayan şey çox pis olur. Sual verəcəksiz ki, bu nə cümlə idi qurdun, heç nə başa düşmədik. İzah edəcəm, tələsməyin. Vaxtında olmayan şey ona görə çox pis olur ki, vaxtından əvvəl, ya da vaxtından sonra olur. Çox sadədir. Vaxtında olmayan şey vaxtından əvvəl və sonra olduğu üçün pis olur. Yəni tutaq ki, nar payızda yox, yayda yetişir. Balığı adında “R” hərfi olmayan aylarda yeyirsən. Qışda dənizə çimməyə gedirsən. Axşamlar oyaq olub, gündüzlər yatırsan. Yayda xizəklə sürüşmək istəyirsən. Bu kimi minlərlə misal çəkə bilərəm. Amma buna ehtiyac yoxdur. Bu misallardan, yəqin, sizə də aydın oldu ki, yolunda getməyən bir şey var. Bunlar normal deyil. Anormaldır. Elə məhz mən də bunun aydın olmağını istəyirdim ki, vaxtında olmayan şey anormal olur.

Həyatda ən pis şey nəyəsə tələsmək və gecikməkdir. Bundan pis şey yoxdur. Doğru sözümdür. İnanmırsınızsa, “Kəlilə və Dimnə” kitabının 297-ci səhifəsində bu haqda yazılıb. Yazılıb ki, “həyatda ən pis şey nəyəsə tələsmək və gecikməkdir”. Bəli. Deməli, həyatda ən pis şey nəyəsə tələsmək və gecikmək oldu. Axı təbiətdə tələsmək və gecikmək kimi bir anlayış yoxdur. Siz heç görmüsünüzmü hansısa pomidor tələsib tez yetişsin? Yaxud Yer planeti desin ki, tələsirəm bir az tez fırlanım, bu il tamam olsun. Heç eşitmisiz ki, hansısa arı nektar toplamağa geciksin? Yatıb qalsın, yaxud tənbəllik eləsin? Elə şey olar heç? Mümkün deyil. Hətta, buna əsəbiləşsəniz də deyəcəm, belə bir atalar sözü var. Yolu bilən tısbağa, yolu bilməyən dovşandan daha sürətlidir. Bəli. Doğru kəlamdır. Təbiətdə hər şey vaxtlı-vaxtında, tələsmədən və gecikmədən hərəkətdədir.

Bu baxımdan insan təbiətin səhvidir. İnciməyin, amma bu belədir. İnsan təbiətin səhvidir. Deyirlər ki, insan təbiətin sərrafıdır, nə bilim, əşərfidir. Dünyada ən ali varlıq insandır-filan. Zırt. İnsan dünyanın birmənalı olaraq səhvidir. Hamı elə bilir ki, insan ən yüksək varlıqdır, amma elə deyil. Hamı elə bilə bilər. Əgər elə deyilsə, nə fərqi var ki?

İnsan başdan-ayağa yanlışdır. Məsələn, siz heç görmüsünüz hansısa pələngi infarkt vursun? Belə bir şey ola bilər? Qətiyyən. Təsəvvür edin, ceyranı qovan yerdə pələngi infarkt vurur, ürəyi tutur. Yaxud timsah xısın-xısın ovuna yaxınlaşan anda başı gicəllənib, ürəyi bulanır. Belə şey ömründə ola bilməz. Amma insanı infarkt vurur. Bunun səbəbi odur ki, bir dəfə hansısa insanı infarkt vurub, gedib həkimə dərman-iynə, müalicə ediblər, beləcə sağalıb, bir neçə il də yaşayıb. Buna nə gərək var? İnfarkt səni vurdusa, yıxıl, ayaqlarını uzat öl də. Həkimə niyə gedirsən? Gedib bir neçə il yaşayacaqsan, sonradan genlərindəki həmin infarktı bütün nəslinə keçirəcəksən. Sənin nəvənin kötükcəsi də haçansa infarkt olacaq, üstəlik, sənə görə. O da gedib həkimə özünü sağaldacaq və süni yolla bir neçə il də yaşayacaq.

Bu mənada insan səhvlərlə doludur. Nə tapdı içəri ötürən, daima tərləyən, ifraz edən, saçı-dırnaqları deqredasiyaya uğrayan, gözləri zəifləyən, kövrək, dərisi qırışlayan, boyu qocala-qocala kiçilən, adi xəstəlikdən pis günə düşən bir varlıq necə dünyanın əşrəfi olar bilər? Hələ bu şeylərdən əlavə həssas qəlbli olan insanlar da var. Onların işi, ümumiyyətlə, çətindir.

Bu baxımdan videodakı qız böyüməyə tələsib. Özünü yaşından böyük aparan uşaq görəndə dəhşətli dərəcədə əsəbiləşirəm. Uşaq yalnız bir şərtlə öz yaşından böyük ola, böyük davrana bilər. O da ehtiyac və məsuliyyət səbəbindən. Əgər 10-15 yaşlı uşaq küçədə zibil yığıb, xəstə anasına dərman alıb gətirirsə, deməli, o artıq öz yaşında deyil, böyüyüb. Amma bu böyümək təbii olaraq baş verib. Həyat onu böyüməyə məcbur edib. O uşaqların taleyi üçün nigaranam. Başqa da heç nə.

Lakin süni yolla yaşından böyük görünən uşaqlar var. Onları həyat böyütmür. Onların vəzifəsi məktəbə gedib-gəlmək, ata-ananın sözünə qulaq asmaq və cizgi filmlərə baxmaqdır. Təəssüf ki, əksər valideynlər öz uşaqlarının vaxtından əvvəl böyüməyini istəyir. Görürəm ki, cavan ata öz beş-altı yaşlı oğlunu futbola qoyub. Ona forma geyindirib, beş-altı yaşlı uşağı da futbola baxmağa aparır. 5-6 yaşlı uşaqlara namaz qıldırırlar, hicab taxıdırırlar. Uşaq da mal kimi qalıb baxır. Bilmir neynəsin. Heç nə başa düşmür. Yaxud analar 7-8 yaşı olan qızlarına dikdaban geyindirirlər, saçlarını yekə arvadlar kimi yığırlar, nə bilim min dənə hoqqa çıxarırlar uşağın üstündə. Bütün bunlar onu göstərir ki, insan təbiətin səhvidir. Heç bir dələ uşağının tez böyüməyini istəməz. Adamlar həm də ona görə uşaqlarının tez böyüməyini istəyirlər ki, uşaqlar yekəlib onlara baxsınlar. İşləyib evə pul gətirsinlər. Evdə də tualet/hamam tiksinlər. Adamlar daha çöldəki tualet/hamamla qane olmurlar. İstəyirlər ki, evdə də hamam/tualetləri olsun. Hətta bir qohum var, o özünü buraxıb, evdə üç dənə hamam/tualet qayırmışdı. Evin hər tərəfi tualet idi. Dəhşətli mənzərədir. Buna görə də valideynlərimiz istəyir ki, uşaqları tez böyüyüb evdə hamam/tualet tiksinlər.

Videodakı qızı da süni yolla böyüdüblər. 3-4 yaş böyüyüb. Oxuya bilmir, bu heç. Bu faktdır. Bununla heç kimin, onsuz da, işi yoxdur. İnciməyin, həmin videonu bəyənən adamlardan soruşursan ki, bəs bu qız oxuya bilmir axı. Deyir ki, uşaqdı da, sənin gözün çıxsın, nə istəyirsən uşaqdan? Durduq yerdə sənin gözün çıxır. Amma sonra deyəndə ki, bəs niyə bəyənirsən bu videonu? Nə desə yaxşıdır? Deyir ki, özünü yekə adam kimi aparır ona görə ləzzət eləyir. A kişi, necə ola bilər səsini soruşanda deyirsən ki, uşaqdır. Hərəkətlərini soruşanda da deyirsən ki, böyükdür. Mən şəxsən, bu məsələdən baş açmıram. Kimsə açırsa, zəhmət olmasa, rəylərdə bildirər. Sual konkret olaraq belədir: “Niyə mahnı oxuyan və özünü yekə-yekə aparan qız uşağının videolarını bəyənirsiz?”.

İkinci hissə – Gecikmək

Məncə, bizim camaat bu videonu ona görə bəyənir ki, oğlanlarına almağa elə qız istəyirlər. Özlərinə o janrda gəlin arzulayırlar, öz qızlarının da elə xanım-xatun, ev qızı olmağını istəyirlər. Bu səbəbə görə hiss edirlər ki, o uşaq böyüyəndə əntiqə ev qızı, gəlin olacaq. Və istəyirlər ki, bütün uşaqlar, cavanlar elə olsun. Bütün qızlar saçını at quyruğu yığıb, qırmızı xələt geyinsin və başlasınlar həyəti süpürməyə. Qayınataları evə girəndə, qaçsınlar qapıya ki, salam papa xoş gəlmisən. Keç içəri. Yeməy qazın üstündədir. Əl-üzün yu, mən də yeməyi qızdırım. Qayınanalarına ballı çay süzüb, onların ayaqlarını masaj eləsinlər. Qaynı uşaqlarının dərslərinə kömək eləsinlər. Boş olanda evi tozsorana versinlər. Ərini axşama kimi gözləsinlər, yatmasınlar. Cümə günləri Vatsapda “cüməniz mübarək, əziz müsəlmanlar” tipində videolar paylaşsınlar. Sovet adamları istəyir ki, bütün qızlar belə olsun. Bütün oğlanlar da o videodakı oğlan kimi sussun. Başını salsın aşağı, getsin işə, gəlsin evə. Pul qazansın, pul gətirsin. Başqa heç nə danışmasın.

Məncə, buna görə bizim adamlar o videonu bəyənirlər.

# 12558 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
# # #