Ömrü boyu bir evi tikib qurtara bilməyən kasıb

Ömrü boyu bir evi tikib qurtara bilməyən kasıb
8 iyun 2023
# 16:30

Kulis.az Aqşin Yeniseyin "Oblomovluq rusun müsəlmançılığıdır" adlı yazısını təqdim edir.

Demokratiyanı yalnız siyasi proses kimi qavrayanlar düşünürlər ki, Rusiya dağılsa, demokratik dəyərlər Şərqdə dərhal yerbəyer olacaq.

Eyni adamlar beş-on il əvvəl də düşünürdülər ki, məsələn, İraqda demokratiyanın qarşısını kəsən Səddam Hüseyndir, xosunvay olsa, İraq bir gecədə dönüb olacaq Norveç. Yaxud Qəddafini yerə yıxıb ağzına-ağzına döysələr, it sürütməsi etsələr, Liviya insan haqları məsələsində bir həftəyə Finlandiyanı geridə qoyacaq və s.

Nağıllara inanan adamlarıq; haradasa bolsulu bir çay var və o çayın önünü axmaq bir əjdaha kəsib. Kimisə qaza gətirib o əjdahanın üstünə göndərsək və o ipləmə də gedib o əjdahanı öldürsə, demokratiyaya aparan uzun yolda Azərbaycan ABŞ-ni toza basacaq. Əsas o əjdahanın üstünə göndəriləcək qəhrəmanı tapıb küyləməkdir. Artıq kütlə insanından heç bir fərqi olmayan azərbaycanlı demokratlar məhz buna görə ağına-bozuna baxmadan əllərinə keçən hər alasəfehdən qəhrəman düzəltmək peşindədirlər. Çünki problemi konkret əjdaha şəklində görürlər.

Hər bir mütərəqqi düşüncə intellektual təkamülün nəticəsidir və siyasiləşənə, kütləviləşənə qədər uzun bir məsafə qət edir.

Böyük tarixçilər hesab edir ki, dünyanın Şərqə və Qərbə bölünməsində epidemiyaların rolu çox böyük olub. Viruslar tarixin bütün dövrlərində Şərqdən yayıldığı üçün Qərb həmişə bu təhlükədən qorunmaq üçün Şərqə özünüqoruma instinkti ilə yanaşıb. Bu instinktin ən kəskin dövrü isə IV əsrdə, xristianlıq Romada dövlət dini elan olunan günün səhəri olub.

IV əsrdə tüğyan edən vəba epidemiyası Roma imperiyasını təkcə coğrafi baxımdan deyil, dini-siyasi baxımdan da ortodoks Şərqə və katolik Qərbə böldü. Şərqdəkilər İsanın özünü, Qərbdəkilər isə onun dini prinsiplərini miras olaraq qəbul etdilər. Bu dini-mənəvi miras bölgüsü ilə də sonrakı dünyanın mənəvi-siyasi maketi hazırlanməş oldu. Şərqdə şəxsiyyətə, Qərbdə prinsiplərə əsaslanan düşüncənin əsası qoyuldu. Şərqdə şəxsiyyətin özü, Qərbdə şəxsiyyətin sahib olduğu dəyərlər önə çıxdı.

Beləliklə, Şərqdə şəxsiyyətə pərəstiş üzərində qurulan avtoritar sistemlərə, Qərbdə isə prinsiplərə əsaslanan demokratik sistemlərə doğru itələyən bir şüur, mentalitet formalaşdı.

Bu Şərq düşüncəsinin nəticəsidir ki, bu gün ABŞ prezidenti Baydenin tez-tez kameralar önündə yıxılması bizi əyləndirir, çünki biz ölkəni şəxsiyyətin simasında qavramağa vərdiş etmişik. Bizim düşüncəmizdə dombalaq aşan Bayden deyil, ABŞ-dır. Bizi əyləndirən də budur. Daha nəhənglərin yıxılması daha gülməli olur.

Halbuki böyük dövlətlər üçün liderin deyil, sistemin sağlamlığı daha önəmlidir.

Gülməli olan Bayden deyil, məsələn, türk xalqlarının dövlətçilik tarixidir. Tarixdə mövcud olan türk dövlətlərinin, demək olar ki, hamısını 15-35 yaş arası gənc və sağlam liderlər qurub və bu dövlətlərin, demək olar ki, hamısı da gənc və sağlam liderləri ilə birlikdə qocalıb sağlamlığını itirib. Hətta Teymurilər kimi bəziləri elə liderləri ilə birlikdə kufdan-kuf olub.

Bunun nəticəsidir ki, bütün ömrü boyu bir evi tikib qurtara bilməyən kasıb kimi biz XXI əsrdə hələ də dövlət idarəetməsi ilə deyil, dövlət quruculuğu ilə məşğuluq. Bunları bir-biri ilə qarşıdırmaq böyük yanlışdır: Dövlət qurmağın şərtləri ilə dövlət idarə etməyin şərtləri eyni deyil, hətta bəzi hallarda bir-birinə ziddir.

İnsanın dəyəri batinində olduğu kimi, cəmiyyətin, dövlətin də dəyəri batinindəkidir. İnsanın batini mənimsədiyi mənəviyyatdırsa, dövlətin batini sahib olduğu mədəniyyətdir.

Sodom-Qomora, Babil fəlakətləri qədim mədəniyyətlərin bizə miras qoyduğu şifrələrdir, açması budur ki, batini sağlamlığının qeydinə qalmayanlar yox olmağa məhkumdur.

Bu yaxınlarda ingilis tarixçisi Lourens Lokhartın "Qanun” yayın evində nəşr olunmuş beş yüz səhifəlik "Nadir şah” kitabını oxudum. Beş yüz səhifəlik kitab boyunca gənc və sağlam Nadir mədəniyyətlə cəmi bir dəfə maraqlandı, onda da beş şairi tutub başlarını toyuq başı kimi kəsdirdi.

İndi Bayden gündə beş dəfə də yıxılsa ABŞ-a bir şey olan deyil, amma bizim Bayandur xan bir dəfə yıxıldı, hələ də özümüzə gələ bilmirik.
Putinin "X günü"nə ümid edənlərə gəlincə, Pyotr öləndən sonra Rusiyada nə dəyişdisə, Putin öləndən sonra da eynisi olacaq.

Çünki Rusiya da daxil Şərqdə problem başın formasında deyil, məzmunundadır. Bu məzmun isə gerçəklik hissi olmayan bir beyinə sahibdir. Oblomov rusun müsəlmanıdır.

Şərq fəlsəfəsi yalnız ruhun aydınlanmasından yanadır. İntellektual aydınlama ilə maraqlanmır, hətta zehni aydınlanmanı təhlukə kimi görür.

Ruhun aydınlanması Şərq insanında onun tanrı adlı bir yuxuya dalması ilə başa çatır. İntellektual aydınlanmanı da ona görə rədd edir ki, onu bu yuxudan oyada bilər.

Tanrıdan oyanmaq! Bu, oyanış şərqlini dəhşətə gətirir. Şərqli tanrıdan oyanınca nələrini itirəcəyini və hansı gerçəkliklə qarşılaşacağını bilmədiyi üçün daha dərin yatmağa can atır. Qorxduğu gerçəkliyi yox saymaq üçün uşaq kimi gözlərini yumur. Hər fürsətdə onu təhqir və təhrif etməyə çalışır. Yuxuya inanır.

Şərq fəlsəfəsinə görə, insan öz daxili aləmini seyr etməklə katarsis yaşaya, təmizlənə, aydınlana bilər.

Qərb fəlsəfəsini qidalandıran Aristotel isə əksini düşünürdü: insana gördüyü, bildiyi gerçəklik katasis yaşada bilər. Biz səhnədə seyr etdiyimiz qəhrəmanın canlandırığı duyğuları özümüzdən keçirərək, saf-çürük edərək təmizlənə, aydınlana bilərik. Aristotel bu mənada əxlaqın köklərini xarici aləmə, gerçəkliyə, bu seyretmənin insanda yaratdığı təsirə bağlayırdı. Yəni Aristotelin aydınlanması intellektual aydınlanma idi.

Təsadüfi deyil ki, qədim yunanlar haqqında belə bir söz vardı: yunanlar anadangəlmə realist olurlar.

Kissincer Şərqin geridəqalmışlığının səbəbini Şərqin öz Nyutonunu yarada bilməməsi ilə izah edirdi. Halbuki Qərbin Nyutonu Aristotel "belindən” gəlmişdi. Aristotellə yatmayan cəmiyyət Nyuton doğa bilməzdi.

Nyuton kainatı seyr etməyi gerçəkliyi seyr etməyi sevən Aristoteldən öyrənmişdi.

Qoca Şərqin çoxallahlılıqdan təkallahlılığa keçidi metafizik kəmiyyət dəyişikliyi idi. İlahi hakimiyyət, sadəcə, bir əldə cəmlənmişdi. Bütə tapınmanın təzahürləri ilə tək allaha inamın təzahürləri arasında ciddi fərq yox idi. Bütə kəsilən qoyun bu dəfə allah umuduna kəsilirdi və s.
Yunanlarda isə bu keçid keyfiyyət dəyişikliyi ilə baş vermişdi; yunanlar çoxallahlılıqdan Aristotelə "keçmişdilər".

Ümumiyyətlə, bu gün mövcud xalqların inkişaf dərəcəsini çoxallahlılıqla təkallahlılıq arasında epizodik dövr olan Yunan-Roma mədəniyyətinə münasibətləri təyin edir.

Əslində, Şərqlə Qərb Aristoteli tanıyandan sonra yollarını ayırdılar; Qərb Aristotelin arxasınca getdi, Şərq evinə qayıtdı.

# 9678 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #