Oğru dünyası - tükənməyən mövzu

Oğru dünyası - tükənməyən mövzu
19 avqust 2016
# 14:51

Yaşadığımız dünyanın içində bir dünya mövcuddur: oğru dünyası.

Bu dünyanın ayrıca qanunları, nizamnamələri, insanları (yəni, “lotular”, “avtoritetlər”, “zakonniklər”, “üzdəniraqlar” və s.), cinayətləri, cəzaları, davaları, hüquqları, əlaqələri var. Bu dünya bizim yaşadığımız dünyanın bir parçası olsa da bir-birindən kəskin fərqlənir. Dünyadan “oğru dünyası”na baxanda oranın dərin, böyük və müxtəlif olduğu görünür.

“Oğru dünyası”na yazıçılar və oxucular arasında da maraq güclüdür. İstər dünya, istərsə də Azərbaycan ədəbiyyatında kriminal və detektiv əsərlər ən çox oxunanlar içərisindədir.

Oxucuların marağını nəzərə alıb “oğru dünyası” ilə bağlı bəzi faktları diqqətinizə çatdırırıq.

Lotu

Kriminal aləmin, yəni, “oğru dünyası”nın içində olanlar çox yaxşı bilirlər ki, “lotu” adını almaq üçün hansı şərtlərə əməl etməlisən. Adi və yaxud oğru qanunlarının ziddində edilən cinayət işi “oğru dünyası”nda qəti surətdə rədd edilir, bu cür xuliqanlar “lotu” adlanmaqdan məhrum olunur.

“Lotu” adlanan şəxs mütləq aşağıdakı şərtlər daxilində hərəkət etməlidir:

- polisə tabe olmamalıdır;

- əsgərlikdə olmamalı, sonradan da hərbi xidmətə getməməlidir;

- paqon daşımamalıdır;

- əmək kitabçası, iş yeri olmamalıdır;

- kriminal aləmin, “oğru dünyası”nın qanunlarını, ideyalarını bir vəzifə kimi öhdəliyinə götürməli, başqa cür həyat tərzi yaşamamalıdır.

Bu sadalanan şərtləri doğrultmayanlar “lotu” adlana bilməz.

Lotuların leksikonu

“Oğru dünyası”nın öz dili, danışıq tərzi var. Bu dil vasitəsi ilə lotular başqalarından fərqlənir, digər insanlar onların danışıqlarını anlamır. Ona görə də oğrular yalnız öz aralarında seçdikləri bir leksikonda – buna jarqon deyirlər – danışırlar. Bu onların sirlərinin bir hissəsini təşkil edir.

Oğru jarqonunda sözlər əsasən rus dilində olur, ancaq istisna hal təşkil edən də var.

Məsələn bir neçə oğru jarqonunda olan sözlərə baxaq: dolya – xərac, səhv – qrex, yığıncaq – sxodka, dustaq – hərif, xəsis – kraxabor, yaxşı qumarbaz – şumlar, polis – ment, qrev – pay, ləqəb - kliçka və s.

Lotular həbsxanada

Oğruların taleyində həbsxana xüsusi rol oynayır. Həbsxana oğrunun ikinci həyat tərzidir, bəlkə də bu həyat tərzi digərinə nisbətən daha üstündür, oğruların leksikonunda desək daha “blattı”dır.

Həbsxanada adi cinayətlərə görə həbsə düşənlərə “hərif” deyirlər. Hər kamerada bir neçə “hərif” və oğrular olur. Kamerada sözü keçən, ağsaqqal sayılan oğru başçı təyin olunur. Oğru başının sağ qolu olur. O, dustaqlar arasında gedən söhbətləri, xəracların gecikdirilməsi, yaxud yığılması, qonşu kameraların vəziyyəti haqqında oğru başını məlumatlandırır. Oğru başçısına digər kameralardan (hansı ki, orda oğruların öz aralarında dedikləri “həriflər” dustaqlıq çəkir) “qrev”, yəni, pay gəlir. “Qrev” siqaret, narkotik məhsul, yemək ola bilər. “Qrev”in kim tərəfindən göndərilməsi də önəmlidir, çünki “oğru dünyası”nda hər “qrev”i qəbul etmək “oşıbka”, yanlış hesab olunur. Məsələn, lotu Vaqif Korzubı bir gün oğrularla və oğru başı ilə bir masada oturur. Ortaya kameraların birindən “qrev” gətirilir. Korzubı payın “üzdəniraqlar”dan gəldiyini biləndə qarşısında oturan oğru başı Brilliant Vasyanın üzünə sillə vurur. Böyür-başda oturan oğrular bunu görüb ayağa qalxır, Vaqifi vurmaq istəyirlər. Ancaq Vasya onları saxlayır və Korzubının düzgün hərəkət etdiyini etiraf edir.

Oğru dustaqların “böyük qardaşı” hesab olunur. Nə zaman ki, oğru (fərqi yoxdur, o, başçı da ola bilər, digər oğru da) kameraya daxil olur, dustaqlar və yerdə qalan lotular ayağa durmalıdır. Bu həbsxanada lotuların çıxartdıqları qanundur. Bunu etməyənlər cəzalanırlar.

Oğrular qumar oyununa həbsxanada xüsusi diqqət yetirirlər. Qumar oyununda dələduzluq edən, fırıldaq açmaq istəyən oğru “krisa” adlanır və o, həmin gündən etibarən səhv (qrex) etdiyi adamın ixtiyarına keçir, onun qulu olur. Yaxşı qumarbazın isə oğrular arasında hörməti var. Ona öz aralarında “şumlar” deyirlər. Qumar oyununda uduzan adam borcunu (tavan) 24 saata ödəməlidir. Əks təqdirdə həmin adam qalib oğrunun əmrinə tabe olmalıdır.

Oğru olmaq istəyənə “stremlayaqa”, oğru olmağın astanasında olana “bez piti minut” deyilir, yəni, oğru olmağına bir addım qalıb.

Lotuların qanunları, davranışları, cəzaları

“Oğru dünyası”nın öz qanunları vardır. Qeyri-rəsmi məlumata görə, bu qanunları nizamnamə şəklində yaradan və bunu lotulara çatdıran kriminal aləmdə məşhur olan Diktator Ağakərim olub.

Həmin qanun və nizamnamə iki yerə bölünür: oğru qanunları və həbsxana qanunları.

Oğru qanunları bunlardır: oğru qanunlarının dəstəklənməsi və ona sadiqlik;
hüquq mühafizə orqanları ilə hər hansı bir əlaqənin qurulmasında yolverilməzlik; bir-birinə münasibətdə düz olmaq; öz sıralarına yeni üzvlərin, xüsusilə gənclərin cəlb edilməsi; siyasi fəaliyyətlə məşğul olmağa qadağa qoyulması; kart ilə oynamağı mütləq bacarmaq; istənilən hakimiyyət strukturları ilə əməkdaşlıqdan imtina; heç bir vaxt ifadə verməmək; günahı etiraf etməmək; mülkiyyətə və var-dövlətə malik olmamaq; ailəyə malik olmamaq; dövrü olaraq azadlıqdan məhrumetmə yerlərində “oturmaq”; ələ silah götürməmək;
valideynlərə hörmət etmək (xüsusilə analara); heç vaxt yaşayış yeri üzrə qeydiyyata düşməmək; qumar oyununu düzgün keçirmək; özlərindən oğurluq etməmək; kişiləri (mujikləri) incitməmək; söyüşə söyməmək.

Həbsxana qanunları isə bunlardır: qanuni oğruya əl qaldırmamaq; böyüklərə hörmət etmək; satqınlara qarşı barışmaz münasibət; sübutsuz ittiham irəli sürülməmək; hər hansı bir formada təhqir etməmək.

Oğrularda satqınlıq, xainlik, ikiüzlülük, xəsislik qəbul edilməyən ən ağır suçlardır. Bundan başqa oğrular köməksiz, kimsəsiz insanları tapdalayan, əzib keçən, onları zəif bilib öz qabağında işlədən insanlardan xoşları gəlməz, onlara öz qanunlarında əks olunan cəzaları tətbiq edərlər. Bu cəzalar xırda, orta, böyük olmaqla üç yerə ayrılır. Cəzalar əsasən üzə şıram atmaq, adın oğrunun üstündən götürülməsi kimi olur. Bunlar xırda və orta cəza növləridir. Ən böyük cəza növü isə heç şübhəsiz ki, ölüm hökmüdür. Kriminal aləmində öz sözü olan Göygöz Sabir yanlış hərəkətə yol verib, orta cəzaya, adının üstündən götürülməsinə məhkum olunmuşdu. Ancaq sonradan o, günahının olmadığını sübuta yetirdiyi üçün adı təzədən özünə qaytarılmışdı.

Oğrular üçün qırmızı rəng qəbul edilməyən rəng hesab olunur. Buna görə də onlar heç vaxt qırmızı rəngli paltar geyinmirlər. “Oğru dünyası”nın insanlarının “üzdəniraqlar”dan xoşu gəlməz, həbsxanalarda onlara yuxarıda sadalanan və yaxud daha dəhşətli, dilə gəlməyən cəza tədbirlərindən tətbiq edirlər. “Üzdəniraqlar”ı oğrular “adam sinfinə” daxil etmir, onları insan saymırlar. Həddi-buluğa çatmamış və yaxud yaşı keçmiş qadını zorlayana, yemək arxasında oturarkən dostlarından qida məhsulları saxlayan “krisa”lara oğrular həbsxanalarda cəzalar verir və onlara öz aralarında “üzdəniraq” deyirlər.

Oğrular həbsxanada yemək başında olarkən aralarından heç kim masa arxasından qalxıb gedə bilməz. Daha sonra qumar oynanılan zaman səhvə - oğrular öz leksikonlarında buna “qrex” deyirlər. – yol verən adamı öz quluna çevirirlər. Bu hal bir də oğruların borca (tavan) qaldığı vaxt təkrarlanır.

Son

“Oğru dünyası”, kriminal aləm müxtəlif jurnallarda, qəzetlərdə, saytlarda daim işlək mövzu olub. Onun gizli tərəfi, sirli yanı tədqiqatçıları həmişə özünə cəlb edib.

“Oğru dünya”sı bitməz bir mövzudur.

Tale, həyat, dünya və kainat kimi...

# 11988 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #