Oğlanlara vacib mesaj – Bir il kef edəcəklər

Oğlanlara vacib mesaj – Bir il kef edəcəklər
11 mart 2025
# 11:26

Bu gün Yel çərşənbəsidir. Boz ay bu çərşənbə ilə təslimiyyatın astanasına qədəm qoyur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır.

Kulis.azın məlumatına görə, bir zamanlar yalnız sudan ibarət olan həyata torpaq sonradan rəng qatdı. Amma həyatın varlığı üçün hava, yel də lazım idi. Yalnız o həyatı formalaşdıra bilərdi. Qədim türk mifologiyasına görə, yelin funksiyası da məhz budur –həyatı formalaşdırmaq... təbiət üçün bu oyanan hava, insan üçün isə nəfəsdir.

Yel çərşənbəsinə el arasında “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir.

Yel çərşənbəsinin fəlsəfəsi, mahiyyəti

Yel əslində, sonuncu çərşənbə olmalı imiş. Biz bu gün çərşənbələrin sırasını pozmaqla varlığın fəlsəfəsini, mahiyyətini bir qanunauyğunluq kimi rədd edirik. Yel, hava özündən əvvəlki üç varlığın- su, torpaq və odun hərəkətverici qüvvəsidir, o, ən sonuncu gəlir və dirilişi tamamlayır.

Adına Yel çərşənbəsi deyilsə də, suyun, torpağın, odun bir-birinə qovuşmasından sonra bütün başlanğıclara – hər nə varsa bütün yaranmışlara hava lazım olur. Su torpağa qovuşandan sonra istini-odu alır, qoynundakı toxumlar duyğuya çevrilir, bu duyğunun açılması üçün bir udum hava lazım olur.

Üç həyat daşıyıcısının –suyun, torpağın odun qovuşduğu anda, dördüncünün – havanın gəlməyi yaranışın qanunauyğunluğunu tam etmək, tamamlamaq üçündür.

Yel çərşənbəsi günü həyətlərdə tonqal qalanır, evlərdə plov, südlü plov, lobyalı aş, bulğur aşı və bir çox yeməklər bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnanca görə, Yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.

“Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır. Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc var. Azərbaycan nağıllarında da rast gəldiyimiz “yel baba” ifadəsi və onun nağıldakı rolu da diqqət çəkir. Yel Azərbaycan mifik təfəkküründə həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı obrazında peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır.

Bölgələrdə, xüsusilə də Naxçıvanda Yel çərşənbəsi qəbirüstü ziyarət, əcdadların, vəfat edən yaxın-qohum əqrabanın yada salınması günü kimi də qeyd edilir. Məzarların üstü təmizlənir, ziyarət edilir, üzərində şam yandırılır, səməni qoyulur, vəfat edənlərin ruhuna dualar oxunur. Sonra evdə ehsan hazırlanır. Ehsan yeməyi əsasən plov, halva olur. Ehsan qohum-əqrabalara, qonşulara paylanır. Qadınlar il ərzində yas düşən evləri gəzərək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı, təsəlli verir, mərhuma Allahdan rəhmət diləyirlər. Həmin gün həm də “yasdan çıxarma” sayılır. Yasdan çıxarmadan sonra yas saxlamaq məqbul sayılmaz, artıq deyərlər ki, toy, xeyir işlər etmək lazımdır.

Yel çərşənbəsinin unudulmuş adətləri

“Yüyət günü”: Yel çərşənbəsində “yüyət günü”nü mütləq keçirərdilər. Yüyət günü son illərə qədər az da olsa bəzi kəndlərdə qalırdı. Bu gün insanın özü təmizlənməklə yanaşı, ev-eşiyini də səliqəyə salır, həyət-bacasını təmizləyir. Bu iməclikdən başqa, həm də bir ayin, inancdır. Yel çərşənbəsində həyata keçirilən qədim adətlərin bəziləri bunlardı:

Cıdır falı: bunu oğlanlar icra edir. Kəndin cavanları cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Buradakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qopmadır. Həm də yel kimi sürətli olan atın sahibini il ərzində bolluq, ruzi gözləyirdi. Hər halda, insanlar buna inanırdılar.

Çökə: Bu, unudulmuş adət yox, unudulmuş şirniyyat növüdür. Bizim bildiyimiz şəkərburaya oxşasa da, ondan əsaslı dərəcədə fərqlənir. Üzərindəki işarələr qədim xalqımızın mifoloji düşüncəsini özündə əks etdirib. Çökə ilk olaraq evə gələn qonağa verilirdi.

Başmaq falı: İlaxır çərşənbə axşamı ərgən qızlar evin qapısından arxası həyətə doğru qalıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə daban tərəfi yola sarı düşərsə deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Yaxud əksinə olarsa o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar. Buradakı başmaq isə arxaik dünyagörüşlə əlaqədardı.

Yel çərşənbəsinin inancları

Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin - havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir.

Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur.

Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var.

Məsələn, "Yel əsib qoz tökülüb", "Yelnən gələn selnən gedər", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar", "Yel bağlayanı el açar", "Külək kimi hərdən bir yana əsmə", "Yel əsir, yengələr oynayır", "Yel aparan yelinki, yerdə qalan mənimki", "Kələknən gələn, küləknən gedər", "Yel qayadan nə aparar"...

Küləyin xalqımızın üzərindən hüznlü, qəmli günləri uzaqlara aparması, xoş günləri, xeyir-bərəkət, sülh və əmin-amanlıq gətirməsi diləyi ilə Yel çərşənbəniz mübarək olsun! Lent.az

# 253 dəfə oxunub

Oxşar xəbərlər

Şanlıurfada sirli məzar

Şanlıurfada sirli məzar

19:00 11 mart 2025
Şəhriyar Del Geraninin tələbələrlə görüşü keçirilib - FOTO

Şəhriyar Del Geraninin tələbələrlə görüşü keçirilib - FOTO

18:41 11 mart 2025
İsmayıl Qarayevin ədəbi portreti - Vaqif Yusifli

İsmayıl Qarayevin ədəbi portreti - Vaqif Yusifli

17:30 11 mart 2025
Afaq Bəşirqızı:  "Qeyrətimiz yoxdur bunları deməyə..."

Afaq Bəşirqızı: "Qeyrətimiz yoxdur bunları deməyə..."

17:16 11 mart 2025
43 yaşlı müğənni evində ölü tapıldı - Səbəb

43 yaşlı müğənni evində ölü tapıldı - Səbəb

16:45 11 mart 2025
"500 manata görüşürəm..." - Qələbəmizi urvatdan salan qazilər

"500 manata görüşürəm..." - Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
#
#
# # #