O yay yadındamı, mənim mələyim? – Bodler

O yay yadındamı, mənim mələyim? – Bodler
7 iyun 2024
# 17:04

Kulis.az görkəmli fransız şair Şarl Bodlerin “Leş” şeirini təqdim edir.

O yay yadındamı, mənim mələyim,
O at yadındamı, mənim balacam?
Gördük ki, ölüsü uzanıb qalıb
Saralmış otların arasındaca.

Elə çürüyürdü yol qırağında,
İyi götürmüşdü uzaqları da.
Qaranlıq küçənin fahişəsitək
Aralı qalmışdı ayaqları da.

Günəş od tökürdü leşin üstünə,
Ki, külə döndərib yanına çəksin.
Bütöv yaratdığı şeyi təbiət
İndi hissə-hissə canına çəksin.

Onun skeleti çiçəklər kimi
Elə ağardırdı dişini göyə...
Az qaldı özünü pis hiss edəsən
Sən dözə bilmədin bu murdar iyə.

Yadındamı necə sürünürdülər
O atın qarnının üstündə qurdlar?
Milçəklər də gəlib bu ziyafətə
Murdar sinə üstdə uçuşurdular.

Şişirdi, köpürdü onun cəsədi,
Sanki hələ də boy atmaqda idi.
Elə bil təzədən gəlmişdi cana,
Bədən böyüməkdə, artmaqda idi.

Dünyaya sehrli səs yayılırdı,
Sanki hər tərəfə əsirdi külək.
Əlinin havada yellənişiylə
Torpağa dən səpən taxılsəpəntək.

Bir qancıq qəzəblə baxırdı bizə
Kollar arasından elə həmin gün.
Fürsət gözləyirdi, biz uzaqlaşaq,
Bu leşdən ona da bir tikə düşsün.

İndi səninləyəm, gözüm işığı,
Sən də elə bilmə əbədi dağsan...
Şux durub baxdığın bu otun üstə
Bir gün meyit kimi uzanacaqsan.

Sən də, ey gözəlim, çürüyəcəksən,
Toza çevriləcək sümüklərin də.
O qara gününə həmrəng geyinən
Adamlar olacaq hüzür yerində.

O zaman o qara torpaqda səni
Öpə-öpə yeyən qurdlara de ki:
Gözəl cizgilərin, gözəl qamətin
Əbədi qalacaq mənnən, əbədi.

Tərcümə: Salam Sarvan

# 2177 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər