O rola görə daş-qalaq olundu, səhnədə döyüldü, Rəşad Dağlını hədələdi

O rola görə daş-qalaq olundu, səhnədə döyüldü, Rəşad Dağlını hədələdi
12 avqust 2022
# 12:54

Bu gün aktrisa, Əməkdar aktrisa Mehriban Xanlarovanın doğum günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Xanlarova Mehriban Aslan qızı 1967-ci il, avqust ayının 12-də Bakıda anadan olub. Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, Xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursda təhsil alıb.

Aktrisa 1986-cı ildə rejissor Ənvər Əblucun ekranlaşdırdığı “Bircəciyim” filminin seçim turuna qatılır. Gözləmədiyi halda 18 yaşında filmdəki Sarıköynək roluna təsdiq olunur.

***

Aktrisa zaman-zaman ona qarşı haqsızlıqların olduğunu müsahibələrində dilə gətirir:

“Mənə qarşı haqsızlıq çox olub. Mən dırmana-dırmana gəlib aktrisa olmuşam. O qədər ağır daşlar qoyublar ki yoluma.

Bakıda ola-ola deyiblər, Mehriban yoxdur burda. Mən heç bir kəsə qarşı pis olmamışam. İstəmişəm həmişə çörəkpulu qazansınlar. Amma məni çox yerdən vurublar. Rolda şillə yeyəcəkdimsə, istəmişəm, onu həqiqi yaşayım. Bir dəfə Abbas Qəhrəmanov mənə şillə vurmalı idi səhnədə. O da həyəcanlı idi, şilləni elə vurdu ki, ağzım partladı. Düşünürdü, bəlkə, ssenari bitdikdən sonra ona nəsə deyərəm, amma heç nə demədim”.

Mehriban Xanlarova "Azərbaycanfilm" kinostudiyasında "Kənar adamlar", “Bircəciyim”, “Kuklalar”, “Qəzəlxan”, “Sahilsiz gecə”, “Şəbəkə”, “Xoşbəxtlər” adlı filmlərə çəkilib.

***

1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa kimi qəbul olunub. İndiyə qədər bu teatrın səhnəsində çox sayda rol alıb.

***

Əməkdar artist müxtəlif vaxtlarda sənət adamları ilə qalmaqalları ilə də gündəmə gəlib. Onunla müğənni Kərim Abbasov arasında qalmaqal bir müddət mətbuatın gündəminə çevrilib. Bu haqda aktrisa özü müsahibələrinin birində deyir:

"Mən hələ susuram, amma bu, o demək deyil ki, hər şeyi unutmuşam. Sadəcə, gözləyirəm. O adam mənim nəslimi, atamı təhqir edib. Deyib ki, Mehriban getsin soyadından utansın… Soyadımdan niyə utanmalıyam ki? Mənim atam əsl kişi olub, onunla həmişə fəxr etmişəm. Heç vaxt da heç kimə ixtiyar vermərəm ki, nəslimi və atamı biabır etsin. O adam məni təhqir edib və buna görə də məndən üzr istəyəcək. Özü də elə-belə dilucu üzrxahlığı nəzərdə tutmuram ha! Əməlli-başlı, sosial şəbəkədə, sayt vasitəsilə üzr istəsin, əks halda, yenidən onunla məhkəmədə görüşəcəm. Rəşad Dağlı da haqqımda xoşagəlməz söz deyib. Bir toy məclisində lazımsız sözlər işlədib, videosu sosial şəbəkədə yayılıb. Əgər çıxıb üzr istəməsə, onu da məhkəməyə verəcəm”.

Aktrisa 1989-cu ildə Şahmar Ələkbərovun ekranlaşdırdığı “Sahilsiz gecə” filmində fahişə qadın roluna çəkilir. Bu filmin çəkilişlərindən sonra nəinki aktrisaya, yaradıcı heyətin digər üzvlərinə qarşı hücumlar olur. İnsanlar filmi və filmdə baş verənləri mentalitetə zidd hesab edirlər.

***

“Sahilsiz gecə” filmində erməni Roza rolunun ifaçısı, Xalq artisti Nuriyyə Əhmədova müsahibələrinin birində deyir:

“Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət var, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin əli varmış. Əslində, filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı”.

Deyilənə görə, “Sahilsiz gecə”nin yaradıcı heyəti filmin müdafiəsi zamanı rejissoru tək qoyublar. Bəlkə də, bu səbəbdən həmin film illərlə rəflərdə qaldı, ekranlara çıxa bilmədi. Filmin çəkilişləri vaxtı isə aktyorlar rejissorun xasiyyətini bildiklərindən nizam-intizamla işləyirdilər. Şahmar Ələkbərovun xanımının sözlərinə görə, rejissor Zibeydənin cavan vaxtını ifa eləməyi Mehriban Xanlarovaya həvalə etmək istəyəndə, Ənvər Əbluç ona deyib ki, onu çəkmə, "Bircəciyim" filmini çəkəndə gördüm ki, necə intizamsızdı, hər çəkilişə gecikəcək, sən də əsəbiləşəcəksən. Lakin Şahmar Ələkbərov öz seçimindən vaz keçmir. Mehriban Xanlarova isə bir dəfə də olsun çəkilişə gecikmir. Ümumiyyətlə, aktyorların hamısı çəkilişlər qurtarana qədər nizam-intizama tam riayət edirlər.

***

Aktrisa özü bu barədə danışarkən deyib:

"Azərbaycanda ilk dəfə filmdə fahişə obrazını mən oynamışam. "Sahilsiz gecə" filminə çəkiləndə 15 yaşlı gənc fahişə qız obrazını oynamışam. Filmdə açıq-saçıq səhnələr yoxdur. Amma bunu sözlərlə ifadə edirəm. Orada bir kadr var, oğlanın bacısına deyirəm, get qardaşına de ki, mən fahişəyəm. Filmdən sonra hamı başladı mənə namus dərsi keçməyə. Dəstə yığıb, filmin rejissoru Şahmar Ələkbərovun üstünə getdilər. Xəbər çıxdı ki, guya məni döyüblər. Amma heç kim məni döyə bilməzdi. Həmin filmə görə Pribaltikada mənə mükafat verdilər, dedilər, nə gözəl oynamısan. Amma Azərbaycanda məni daş-qalaq elədilər. Mən peşəkar aktrisayam, istədiyim qonorarın müqabilində açıq-saçıq səhnələrə çəkilərəm".

Əməkdar artist bir dəfə ailəli olub. O, 2003-cü ildə müğənni Lalə Dadaşovanın oğlu Zaurla ailə qurub. Beş il bir yerdə yaşayan cütlük 2008-ci ildə boşanıblar. Bu barədə o, müsahibələrinin birində deyir:

“Biz onunla ayrılmışıq. Mənim üçün ölüb o. Bilmirəm yaşayır, ya ölüb. İndi də istəsəm qayıdar. İki dəfə onu bağışlamışam. Yoldaşıma görə 4 il sənəti atdım. Çox peşmanam. Mənə gələn bütün ssenariləri geri çevirirdi. Onun anası ucbatından boşandım. Sənətimdə də, ailə həyatımda da çox peşmanlıqlar yaşamışam. Danışsam, gərək hönkür-hönkür ağlayam”.

Müğənni Lalə Dadaşova isə keçmiş gəlini Mehriban Xanlarova barəsində danışarkən deyib:

“Mehriban xanım gəlinim olub. Burda nə var ki? Mehribanı çox istəyirəm. Bu evlilik 20 il qabaq olub. Oğlumla aralarında yaş fərqi vardı. Zaur mənə gəlib deyəndə ki, Mehribanla evlənmək istəyirəm, narazılıq etdim. Dedim ki, qətiyyən olmaz. Oğlum dedi ki, öldü var, döndü yoxdur. Mehribanı tanıyandan sonra beş əlli evlənmələrinə razı oldum. Övladları olmadığı üçün ayrıldılar. Bəzi jurnalistlər istəyirlər ki, aramıza qalmaqal salsınlar. Mehriban Xanlarovaya elçi gedib, onu oğluma almışdım. Amma həyat belə gətirdi ki, ayrıldılar. Ayrılığın əsas səbəbini isə deyə bilməyəcəm. Bu, Mehribanla oğlum arasında olan bir məsələdir. Heç vaxt onların işinə qarışmamışam. Mən də hər bir ana kimi istəyərdim ki, oğlum xoşbəxt olsun. Amma... nə bilim. Həyatda milyonlarla ayrılan insan var. Oğlumla Mehriban Xanlarova da onlardandır. Ayrılandan sonra da münasibətləri yaxşı oldu. Bizə yaraşmaz ki, qalmaqal edək, bir-birimizə nalayiq sözlər deyək. Çünki bizim nəslimiz var”.

Mehriban Xanlarovanın övladı olmayıb. O, rəhmətə gedən bacısı Sevdanın qızını övladı kimi böyüdüb. Bu haqda müsahibələrində deyir:

“Mənim cavan bacım rəhmətə gedəndə 3 yaşlı qızı qaldı. Vəsiyyət etdi ki, səndən başqa uşağıma heç kim baxmaz. Xərçəng var idi ağciyərində. Cəmi 21 il yaşadı. Mən onun övladını böyütdüm. Bir nəvəm də təzə oldu. 5 övladı var, hamısına mən baxıram. Ailəli olan vaxtda fikirləşirdim ki, öz övladım olsun. Həkimlərə də getdim. Amma içimdə dərd etmədim ana olmadığımı. Bu gün də həkimə getsəm, ana ola bilərəm. Mən sonsuz deyiləm. 3 dəfə uşağımı itirmişəm. Mən ana ola bilərdim. Üstünə düşmədim. Müalicə etsəydim, övladım olardı. Anamın 86 yaşı var. O, lal-kardır. Kaş ki, anam bir gün danışardı mənimlə. Heyf, çox təəssüflənirəm, çox çətindir. Bəzən elə olub ki, danışa bilməmişəm. İstəmişəm deyim, başa sala bilməmişəm.

Atam elə bilirdi, efirə çıxıram deyə mənim pulum var. Heç o vaxt maaşımız da yaxşı deyildi. O da lal, kar idi. 76 yaşında xərçəngdən öldü. Olub ki, evə gec gəlirdim. Qapını döyürdüm, eşitmirdi. Telefonun işığın pəncərədən evə salırdım”.

***

24 dekabr, 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. O, Xalq artisti müğənni Zeynəb Xanlarovanın qardaşı qızıdır.

***

Mehriban Xanlarova 2018-ci ildə "Manqurt" tamaşasında ifa etdiyi Nayman Ana obrazına görə, Bişkekdə keçirilən Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş "Aytmatov və teatr" festivalında "İkinci planda ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub.

# 16013 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
#
#
# # #