O qızı evimə gəlin gətirmərəm

Orxan Saffari, gənc yazar

Orxan Saffari, gənc yazar

15 avqust 2022
# 13:20

Kulis.az Orxan Saffarinin “Qadınlarla nə etməli, yaxud, şokolad ətirli qız” adlı yazısını təqdim edir.

P.S.

Bu yazı “astonovkadan” köhnə sevgilimin yanına qədər olan məsafədə yazılıb. Daha dəqiq, 20-ci sahədən Tarqovi ərazisinə qədər. Bir neçə cümlə sevgilim ayaqyoluna gedəndə, qalanını da evə gedəndə avtobusda təzədən yazdım. Ona görə də yazını elə köhnə sevgilimə ithaf edirəm.

Əvvəla, bir-iki tikə bu şokolad ətirli qızdan danışım. Tanımıram, görməmişəm, Tanrı üzümə gülməsə, çox yəqin, bir də görməyəcəm. Dayanacaqda kartıma pul yükləyəndə yanımda durdu, o da kartına pul yüklədi, külək var idi, saçı qoluma dəydi, ləzzət elədi.

Ətrinin adını bilmirəm, amma dəqiq tünd şokolad iyi gəlirdi. Sonra eyni avtobusa mindik, məndən bir adamlıq arada oturdu, iyisini “Kukla teatrına” qədər qoxladım, orda da düşüb köhnə sevgilimlə görüşdüm. Bu qədər. Yəni deyim, dərin-dərin baxışdıq zad-zud, yox, o deyil. Heç marağım da olmadı. Çünki qızın üzünə baxdım, bu qızla nə edəcəyimi bilmədim. Düşündüm a amma bir anlıq. Tanış oluruq-zad. Yazışırıq. (Yazını yazdığım yerdə göz-gözə gəldik) amma ildırım-zad olmadı. Elə ikimiz də başımızı saldıq telefona. O harasa boylandı sonra, mən təkrar baxdım. Yenə bu qədər. Mən bu qadınla nə edim? Yazının əvvəlində tanımıram desəm də, sonra tanış gəldi. 20-ci sahədə görmüşəm bu qızı. Bəlkə də, məktəbdə-zadda incitmişəm nə vaxtsa. Dəqiq bilmirəm.

Zarafat bir yana, yazının başlığını qadınlarla nə etməli qoymuşam, elə bil, babat nəsə eləyə bilirəm, tay bu işin sənətkarıyam, şəhərdə üç adamın ikisi də məndən məsləhət alır. Mən nə bilim, ala? Qadınlarla nə etməyi indiyədək hansı kişinin filosof oğlu bilib ki, indi 5-3 kitab oxumuş Namiqin yazıçı oğlu Orxan da bilsin? Çətin söhbətdi, “pristupni mir” kimi dərindi-dəryadı.

Gəncəm, bir qərinə yaşım var. Pis çıxmasın, bir xeyli qız sevmiş, saçları ilə oynamış, bir çoxlarına yalan danışmış, ümid vermiş, gəlinlikdə xəyal etmiş və s. bir sıra əməllərə yol vermişəm. Amma nə etməli? Görəsən, həqiqətən evlənsək düzələcək? Evlənənlər belə bu suala adam balası kimi cavab vermirlər. Bəziləri ilişib, istəyir digərlərini də ilişdirsin. Artıq mənə sıxıcı gəlir. Yavaş-yavaş ərgənliyimdə olan enerjini itirirəm. Saatlarla danış, nazı ilə oyna, başını bişir və sair və ilaxır. Ohoo. Hara gedir çıxır. Qızlar da narazıdır ki, əvvəl belə deyildi, qırırdın əl çəkmirdi, indi qırmağa çalışanda özü birinci qırır zad. Texnologiya bu hissləri də öldürdü bir az. Məktub-zad dövrü var idi. Əyləncəli idi.

İndi bir qızla tanış olanda baxıram, düşünürəm. Məsələn, haqqında bəhs etdiyim bu şokolad ətirli qızla tanış olsam neyləyəcəm? Bununla nə danışım? Azacıq təcrübəmdən çıxış edib deyə bilərəm ki, bu qız nazlıdı. Bunu yaxşıca yedirtməli, içirtməli, qeydinə qalmalısan. Məndə də hardadı o həvəs? O məni yedirtsin, içirtsin, qeydimə qalsın deyirəm. Pis başa düşməyin, alfons olmaq istəmirəm, milli-mənəvi dəyərlərə sadiq qalaraq deyirəm. Amma mən bu qızı dəqiq Nəzakət xanımla Namiq bəyə gəlin apara bilmərəm. Bu mənim boyumu oğul kimi yerə soxar. Bununla odur ki, bir-iki ye-iç, birtəhər mənasız söhbətlərinə qulaq as, seviş, sonrası Allah kərimdir. Amma belə olmayanlar var. Köhnə sevgilim kimi. Özümü ona sübut etmək kimi niyyətim yoxdur. O məni iliklərimə qədər tanıyır, mən onu. Bir də bir-birimizi tanıyaq, başqa cür göstərək zad dərdi çəkmirsən. Bir sözlə, bu qızla nə edəcəyimi bilirəm.

Bəs, başqa qadınlarla? Hərdən səni başa düşdüyünü bildiyin qız da səni başa düşmür. Birlikdə danışmağa tapdığın qızla susmaq istəyirsən, o susa bilmir. Nə qədər danışır, ay Allah. Hərdən sıxılırsan da. Aliliyin təntənəsində, nirvanada zadda olmaq istəyirsən, amma alınmır. Həmin vaxt ali, gözəl, özəl, səni başa düşən bildiyin bu qadın da başlayır 50 fikrə düşməyə ki, nolub, niyə beləsən, bu saç nədi üstündə zad. (Şokolad ətirli qızın saçı pencəyin üstündə qalası saçlardandı).

İndi gəl buna cavab ver oğulsansa. Bu cür suallara mənim dədəm-babam da cavab tapmayıb, onların genetikasından olan mən necə cavab tapım? Adam gərək şəcərəsinə də bir az sadiq olsun. Nəysə. Qanımı yoxlatdırmamış bağlayaq bu söhbəti.

Sözüm nədədir? Köhnə sevgilimlə görüşə gedirdim axı. O da bir cür qəribədir. İt ilində itə tök xatirəmiz var. Amma bir yerdə ola bilmirik. Çünki onunla nə edim, necə edim bilmirəm. Qalmışam biçarə aşiq kimi ortalıqda. Gah qırırıq bir-birimizi, gah barışırıq, gah sadəcə dost oluruq. Ona görə deyirəm ki, qadınlarla nə etmək olduğunu bilmirik. Fikrimizi həqiqətən də qarışdırırlar, qardaşım. Köhnə sevgilimlə oturub çay içəndə o da özünə ətir vurdu. Təxminən, oxşar iylər idi. İkisi də şirin. Köhnə sevgilimin vurduğu ətir daha doğma gəldi mənə. Ona görə şokolad ətirli qızı unutdum getdi. Elə qoxusunu da.

Amma qadınlarla nə etməli olduğumu bilmədim ki, bilmədim. Kənardan baxanda çox xırda suallar var ki, adama asan gəlir, elə bilirsən, bu sualın cavabını bilsən, həyat üzünə güləcək, xoş-firəvan ömür sürüb, olacaqsan beş kişidən biri. Amma adətən, adam ömrü boyu o sualın əsiri olur, əlində əsir-yesir qalır.

Məsələn, elə götürək, "Qadınlarla nə etməli?" sualını.

Min illərdir ki, nə filosoflar bu suala cavab axtardı, yazdı-pozdu, amma hələ də ortada tutarlı bir cavab yoxdur. Nə qədər kişi bu sualın qurbanı olub, “başı getdi”. Adama deyərlər, bu, sənə diskriminant tənlik zaddır ki, həlli yollarını axtarırsan?! Niyə gedib bir tikə qabağına qoyulan çörəyi yeyib, şeirdən, hekayədən də yazmırsan ki, başın-qulağın dinc qalsın? Ara yerdə adın da dəliyə çıxır.

Məsələn, elə ona görə də bu və bu kimi suallara cavab axtarmaqdan çəkinmək lazımdır. Belə də, qadından hansı kişiyə xeyir gəlib ki, onlarla nə etməli olduğunu bilib, ona görə də davranasan?! Dünyanın hər yerində, dünyanın özü yaranan gündən, bu torpağa, bu planetə qadın ayağı dəyəm gündən kişiyə həmişə problem yaradıb. Tanrı qadınları qorusun, kişilər öz başına bir çarə qılacaq.

Çətindi, brat.

# 4941 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #