Neft sənayesindən xanəndəliyə - Xalq artistinin ən böyük qorxusu nə idi?

Neft sənayesindən xanəndəliyə - Xalq artistinin ən böyük qorxusu nə idi?
6 fevral 2024
# 10:57

Çərxidən yoxdur bu aləmdə mənim bir gileyim
Çünki çatmış başa hər istəyim, arzum, diləyim.

Kulis.az xəbər verir ki, bu gün muğamlarımızın mahir bilicisi, ustad xanəndə, bəstəkar, musiqi sənətimizn inkişafında özünəməxsus xidmətləri olan Xalq artisti, "Şöhrət" və "Şərəf", "İstiqlal" ordenli Əlibaba Məmmədovun doğum günüdür.

Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maş­tağa kəndində doğulub. Hələ uşaqlıq illərindən onun incəsənətə meyli yaşıdları, oxuduğu məktəbin müəllim və şagirdlərinin diqqətindən yayınmayıb. Əmisi, el xanəndəsi Güləhməd Məmmədov da Əlibabanın musiqiyə həvəsini görərək ona bu istiqamətdə dəstək olmağa başlayıb. Balaca Əlibaba əmisinin iştirak etdiyi toy məclislərində Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və o dövrün bir çox məşhur xanəndələrini görür, onlarla ünisyyət qururdu. Qrammofon vallarından isə bu xanəndələrin ifalarını eşidib, öyrənirdi. Özünün dediyinə görə, yaxşı tar ifa etmək bacarığı da var imiş.

Müharibə illərinə təsadüf edən, çətinliklərlə dolu uşaqlıq və yeniyetməlik dövründə ailənin böyük oğlu Əlibaba, ailəyə kömək məqsədi ilə sənət məktəbi və neft texnikumunda təhsil alsa da, neft mədənlərində növbətçi usta vəzifəsində işləyir. 19 yaşına kimi neft sahəsində işləyib ailəsinə maddi köməyini əsirgəmir. Ürəyindəki musiqi sevgisi, həvəsi isə hər keçən gün daha da çoxalır. Əlibaba bir çox klassik muğamları, təsnif və mahnıları kitablardan oxuyub-öyrəndiyi xeyli qəzəlləri düzgün diksiya və gözəl məlahətli səsi ilə ifa etməyi bacarırdı.

Elə bu istedadı onu 1949-cu ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə gətirib çıxarır. Əliyev, Şövkət Ələkbərova kimi ustad xanəndələrin çıxışlarını diqqətlə izləyir, onlardan muğamın incəliklərini ustalıqla mənimsəyir. Görkəmli pedaqoq və tarzən Əhməd Bakıxanov Seyid Şuşinskinin tövsiyəsi ilə 1956-cı ildə istedadı və muğam ifaçılığı ilə diqqət çəkən gənc xanəndəni, özünün rəhbəri olduğu xalq çalğı alətləri ansamblının müşayiəti ilə radioda “Bayatı-Şiraz” və “Rahab” muğamlarını yazdırır. Bu ifalar xanəndəyə düşərli olur, uğur qapılarını onun üzünə açır.

Əlibaba Məmmədov 1954-cü ildən başlayaraq mahnı və təsniflərin muəllifi kimi tanınmağa başlayır. O, ilk bəstəsi olan “Hümayun” təsnifini Asəf Zeynallı adına musiqi məktəbində oxuyarkən qələmə alır. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” muğam dəstgahları musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Ustad xanəndə 100-dən artıq mahnı, təsnif, rəng, dəraməd bəstələyib.

Əlibaba Məmmədov az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, Məhəmməd Füzuli, Əliağa Vahid, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə ürəklərə yol tapa bilib.

Ömür deyir qocalmısan,

Ürək deyir yaşa, hələ...

Və ya

Şair, sorma, vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm, dastana döndü...

Bu mahnıların hər biri dillər əzbəridir bu gün . Elə sabah da belə olacaq. “İnandır məni”, “Yaşa hələ”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Şur təsnifi”, “Vətən yaxşıdır”... xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası sevilərək dinlənilən möhtəşəm musiqi inciləridir.

Əlibaba Məmmədov sənətə qədəm basdığı ilk gündən ömrünün sonuna qədər öz dəst-xətinə və ifa üslubuna sadiq qaldı. “Muğam millətin ruhudur. Ruhu heç vaxt öldürmək mümkün deyil”, dediyi sözləri ilə tarix yazmağı bacardı.

Müsahiblərinin birində deyirdi:

“Mən ölümdən qorxmuram! Mənim qorxum odur ki, dünyadan köçüb gedəndən sonra musiqiləri, muğamları eşidə bilməyəcəyəm”.

Özü bu dünyadan köçdü, cismani aramızdan ayrıldı. Bir dastana sığacaq sənəti, ifaları, bəstələri, özündən sonra yetişdiriyi tələbələri onu hər zaman yaşadacaq, necə ki, indi yaşayır...

Cəmilə Hətəmxanova

# 797 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
# # #