Necə sevməli, necə ayrılmalı? - Rəvan Cavid yazır...

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

17 yanvar 2023
# 11:00

Kulis.az Rəvan Cavidin yeni yazısını təqdim edir.

Dünyanın ən gözəl və ən çox oxunan sevgi romanlarından biri, şübhəsiz ki, Orhan Pamukun "Məsumiyyət muzeyi"dir. Sevgi romanı olmaqla bərabər, bu mətn həm də səksəninci illərin İstanbuluna aydın bir güzgü tuta bilib. O dövrdə qlamur ailələr hansı yeməkləri yeyirdi, hansı siqareti çəkirdi, hansı maşınları sürürdü, biznes necə qurulurdu, sahillər necə idi, İstanbulda yaşamaq nə demək idi, avropalılar Türkiyədə nələri dəyişirdi, hansı klubların liqada vəziyyəti necə idi, təbəqələrarası seçim və imkanlar nəyə yol açırdı - hər şey haqqında danışılır.

Beyoğlunda yazıçının təşəbbüsü ilə qurulan və həmin sevgi əhvalatını canlı saxlayan muzeyi ziyarət edəndə, təxminən, beş-altı il qabaq oxuduğum o müthiş roman yenidən məni sentimentallaşdırdı. "Məsumiyyət muzeyi"ni oxuyanda on səkkiz yaşım yenicə tamam olmuşdu. Romantik, hər şeyə ümidlə baxan, hələ kirlənməmiş bir uşaq idim. Sevgi haqqında düşüncələrim də saf idi. Elə bilirdim, bir adam ömrünün axırına kimi özünü belə təmiz saxlaya bilər. Böyüdükcə səndən böyüklərin danışdıqları qaranlıq yalanların içinə düşürsən.

O vaxt başa düşdüm ki, kim üçün, nə üçün yaşamağın önəmi o şeylər, o kəslər üçün içində böyütdüyün hörmət və minnət hissi qədər olur. Sevgi isə bu iki hissin heç birinə bənzəmirdi. Dinlədiyim mahnılarda, oxuduğum şeirlərdə, romanlarda sevgiyə əngəl olacaq çoxlu söz-söhbətlər var idi.


Böyük şairimiz Vaqif Bayatlının da məşhur şeirini o vaxtlar əzbərləmişdim.

"Səni niyə belə sevdim...

Belə istədim, niyə?"

Necə ağır sualdı, hə? Həm sual verən üçün, həm də cavab verməli olan üçün. Sonra dostlarımla tez-tez replikalarını paylaşdığım bir serial ortaya çıxdı: Onur Ünlünün möhürünü vurduğu "Leyla ilə Məcnun". Eyni sualın neqativ xarakterli əkizini tapdım o serialda:

"Məni niyə sevmədin?"

"Məsumiyyət muzeyi"ni gəzəndə bu iki sual ağlımı qurcalayıb durdu. Romanın baş qəhrəmanı Kamal Füsunu hansı sualın fonunda sevmişdi? Ya da roman Füsun obrazının dilindən yazılsaydı, bizə yenə vəfalı olmağın ağırlığını hiss etdirə biləcəkdimi?

Kamal Füsunu dünyanın hər şeyi ilə bərabər sevdi. Çəkdiyi siqaretlərin kötüklərini, içdiyi qazlı suların şüşələrini, yediyi smitlərin qırıntılarını, yandırdığı şamların ərimiş parafinlərini, çəkdirdikləri şəkilləri toplaya-toplaya sevdi və sona qədər o əşyalara sadiq qaldı. Bəlkə də yalan idi hamısı. Bəlkə də o hekayələr də Pamukun uydurmasında başqa bir şey deyildi. Amma gözəl idi.

"Bəzən onu itirməmək üçün yalanlar danışırsan"

O yalanların hamısı Füsunu yaşatdı. Taaa... günümüzə qədər. O cür sevib, o cür ayrılmaq dünyanın ən ağır müharibələrindən daha çox yara, travma qoyub gedir. Freyd yazırdı ki, bir kişinin həyatında iki qadın olur, digərləri ya cinsi istəyin, ya da ağır depressiyanın qurbanlarıdır. O iki qadından biri mütləq səndən hər şeyini alıb aparır. İkinci isə səndən heç nə almadan, sənə heç nə vermədən axıra kimi sənə bezdirici bir sədaqət sərgiləyir. Füsun Kamal üçün həm birinci, həm də ikinci qadın idi.

Özünü təslim edəcəyin qədər sevməlisən. Eqonu əzib keçən qadına əsir düşmüş əsgər kimi tabe olursan. İndi iqtidar ondadır. Sənin iqtidarın onun müxalifliyinin gücü qədər olur. Sən istəsən də, istəməsən də, səni dəyişdirir o qadın. Bir də görürsən ki, hər gün eyni yerə gedib, eyni masada oturursan. Bir də görürsən ki, saçını-saqqalını onun istədiyi kimi sevirsən. Sonra ayrılırsan və heç nə dəyişmir. Hər şey olduğu kimi davam edir. Ramil Əhmədin o misrasındakı kimi: bircə "O" hərfi çatışmır, qalan hər şey eləcə davam edir. Və özüylə gətirdiyi duyğu selində səni boğa-boğa.

Kamalla Füsun arasındakı məsafə çox uzaq idi. Bu dünyadan o dünyaya qədər. Bu qədər böyük, eyni zamanda kiçik məsafəni qət etmək üçün yaşayıb yorulmalı idi Kamal. Yaşayır, yorulur, evinin sonuncu mərtəbəsində çarpayısına uzanıb sakitcə ölür.

Məsafələr öldürür, amma yox etmir, demək. Sevmək və ayrılmaq arasında toplanan xırda bir keçmiş bəzən hər şeyi alt-üst edir. O keçmiş tarixdə bəzilərini şair elədi, bəzilərini diktator, bəzilərini cinayətkar, bəzilərini də beləcə ölümsüz bir romanın qəhrəmanı.

Nəyə inanır aşiq? Kimə inanır aşiq? Sufilər eşqin mövlaya uzanan yol olduğundan bəhs edirlər. Hansıdır o yol? Kamalın yolu o yol idimi? Modernistlər sevgi hissinin tibbi tərəflərini üzümüzə şapalaq kimi çəkib bu hissin təpədən-dırnağa mənasızlığı haqqında nə qədər modern nağıllar qoşurlar. Kimə inanaq? İçimizdəki bitməyən sevgi və ayrılıq nişanlarının səbəbini nə ilə müqayisə edək ki, içimiz soyusun, təskinlik tapaq?

"Məsumiyyət muzeyi" romanını ilk dəfə tələbə vaxtı sevdiyimi güc-bəla ilə etiraf etdiyim bir qıza hədiyyə olaraq almışdım. Qız romanı oxuyub mənə qaytarmışdı. Qaytaranda da beləcə demişdi:

"Belə sevəssənsə, lazım deyil. Sağ ol!"

İndi gülümsəyib xatırladığım bu xatirə yazdığım mövzuya tam uyğun cavab idi. Kamal kimi sevmək qadınları xoşbəxt edə bilmirsə, Füsunun sentimentallığına, soyuq nəzərlərindəki tərəddüdə nə deməli, bilmirəm. Sədaqət və vəfa bu qədərmi darıxdırıcıdır? Deyəsən, hə: "Bezdirdim mən səni sədaqətimlə..."

# 1516 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #