Narkotikin təsiri ilə yazılmış məşhur mahnı

Narkotikin təsiri ilə yazılmış məşhur mahnı
21 iyun 2022
# 11:00

Kulis.az Vüsal Bağırlının ““Hotel California”da tələyə düşənlər...” yazısını təqdim edir.

“Bəzən, qət edəcəyiniz yola ən parlaq işığı arxada alovlanan körpü salır…”
(Don Henli “Eagles” qrupunun üzvü)

Musiqinin təbiəti elədir, o, ilhama gəlmiş musiqiçiyə öz şəxsi həyatının müxtəlif nüanslarını sınaqdan keçirməyə imkan verir və həmçinin narkotiklər də bu stimulverici nüanslardan biri sayılır. Musiqi tarixinin inkişafı dövründən üzü bəri baxsaq görərik ki, musiqi sadə sosial axından bütöv mədəniyyət nümunəsinə yalnız fikirlərini azad, öz qaranlıq vərdişlərini daha açıq şəkildə bəyan etməyə nail olduğu an keçə bilmişdir
Yəni, uzun illər boyu musiqiçilər də, musiqi keyfini və əhvallarını artırmaq niyyətində olan dinləyicilər də narkotiklərdən istifadə etmişlər. Narkotik və musiqi arasındakı əlaqə musiqi mətnlərində və notlarında əks olunurdu. Çünki, elə həmin mətnləri və musiqi nümunələrini heroin, kokain və marixuana təsiri altında olan musiqiçilər yaradırdılar.
“Sürətlə yaşa, cavan öl” şüarını özünə bayraq edən və bütün qayda və qanunlardan daha yüksəkdə dayandıqlarına inanan musiqi sehrbazları arasında kimlər yoxdur: Kit Riçards, Elis Kuper, Ozzi Ozborn, Stiven Tayler, Entoni Kidis, Nik Keyv.
İndi isə əfsanəvi "Eagles" qrupunu yadımıza salaq. Orada kimlər yox idi? Qlen Fray, Co Uilş, Don Henli, Berni Lidon. "Qartallar" rokun bütün janrlarının - country rock, soft rock, folk rock, art rock - sözün yaxşı mənasında "anasını ağladırdılar".
“Eagles” qrupunun “Hotel California” mahnısını dinləmisinizmi?
Bu musiqi ilk dəfə 40 il əvvəl ifa olundu və bir növ klassikaya, şedevrə çevrildi. İndi, bu kompozisiya nümunəsi rok janrının zirvəsi hesab olunur.
Musiqinin səslənməsi zamanı gitara dueti insanı vəcdə gətirir, solistin ifası heyran edir. Mahnıda “tərk edilməsi mümkünsüz görünən hotel”dən bəhs olunur. Burada yorğun və əldən düşmüş səyahətçi əvvəlcə cəlbedici görünən, sonra isə bir dəhşət yuvasına dönən oteldə tələyə düşür...
Mahnın ideyası belədir: Hollivud adlı dəbdəbəli mehmanxanada qonaq əvvəlcə xoş qarşılanır, sonra isə hiyləgər və çıxılmaz tələyə salınır. Bəziləri musiqinin “gedonizm”i, yəni həzzi hər şeydən üstün tutan həyat tərzini təbliğ etdiyini düşünürdü. Burada otel üstü örtülü mənada zindan, dəlixana, azadlığı məhdudlaşdıran qapalı yer kimi başa düşülür.
Musiqinin sözlərindəki “Warm smell of colitas rising up through the air” misrasında guya, narkomaniyanın, narkotik asılılığın təbliğ olunduğu söylənilirdi. Bu söz təxminən “marixuananın hərarətli qoxusu havaya yayıldı” kimi tərcümə olunur.
Belə qalmaqallı sözlər həmişə kütlə marağına səbəb olur. Sözsüz qrup üzvləri də bunu bilməmiş deyildi. Yadınıza düşürsə yaxın keçmişdə bizdə də “Kazbek” adlı mahnı qısa müddət ərzində populyarlaşaraq efirlərin trendinə çevrilmişdi. Sonra isə, meyxana-mahnının müəllifi həbs edildi. O, narkotik vasitənin açıq təbliğində günahlandırılırdı.
Ümumiyyətlə, musiqi və narkotiklər arasında hansı paralellər aparmaq mümkündür? Onlar bir-birlərinə hansı tellərlə bağlıdır? Kanada alimlərinin hesablamalarına görə, musiqinin və narkotiklərin insan orqanizminə verdiyi məmnunluq hissi təxminən bərabərdir. Əvvəllər, keyfiyyətli musiqini sərbəst və pulsuz əldə etmək olduqca çətin idi. İnternetin və sosial şəbəkələrin kütləviliyi problemi demək olar, birdəfəlik həll etdi.
Narkotiklərlə də bağlı vəziyyət təxminən eynidir. Daha öncələr narkotik vasitələr qadağan edilirdisə, indi onların satışı və istifadəsi bir çox ölkələrdə leqallaşdırılır və bu ənənə get-gedə kütləvi hal almaqdadır.
1981-ci ildə ABŞ prezidenti Riçard Nikson Vyetnam müharibəsini dayandırsa da, “rok-n-roll”un yayıldığı və məşhurlaşdığı dövrdə qeyri- adi və olduqca ziddiyyətli addım atdı və narkotiklərə mübarizə elan etdi. Bu təxminən keçən əsrin səksəninci illərində Sovet İttifaqında həyata keçirilən “Antialkoqol kompaniyası” kimi absurd addım idi. Vəziyyətin ironiyası ondadır ki, hüquq-mühafizə orqanları, polis və şerifler bir tərəfdən narkotiklərin satışı və istifadəsini maksimum məhdudlaşdırmağa çalışır, rok, rep, hip- hop musiqiçilər isə əksinə, acığa düşərək, öz növbəsində, mətnlərdə içkini, narkotiki və eyş-işrəti daha çox təbliğ edirdilər.
Təsadüfdən ya zərurətdən, iş elə gətirdi ki, rok-musiqi nümunələri alimlərin LSD həblər üzərində tədqiqatlar apardığı ərəfədə məşhurluq qazandı. Hətta, Timoti Liri kimi alimlər bu preparatı nəinki öyrənməyə, həm də təbliğ etməyə başladılar. Beləliklə, tərəflər arasındakı məhdudlaşdırma və təbliğat rəqabəti, qaçdı-tutdu oyunu o dövrdən başlayaraq indiyədək davam edir, hələ də və yenə də çoxsaylı mübahisələr, anlaşılmazlıqlar yaratmaqdadır.

# 2208 dəfə oxunub

Oxşar xəbərlər

Qulu Məhərrəmli:  "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə

Qulu Məhərrəmli: "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə

21:00 4 dekabr 2024
Elnarə Akimovanın yeni kitabı çap olundu

Elnarə Akimovanın yeni kitabı çap olundu

18:47 4 dekabr 2024
Füzuli ilə bağlı yeni kitab nəşr edildi

Füzuli ilə bağlı yeni kitab nəşr edildi

18:40 4 dekabr 2024
Akademik Milli Dram Teatrının dekabr repertuarı

Akademik Milli Dram Teatrının dekabr repertuarı

16:56 4 dekabr 2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi

Azərbaycanlı gənc yazıçı vəfat etdi

15:40 4 dekabr 2024
"Səriyyə" filmi təqdim edildi

"Səriyyə" filmi təqdim edildi

14:25 4 dekabr 2024
#
#
# # #