Ən gözəl sevgilərlə xərçəng belə sağalar - Bahar Zamanının şeirləri

Ən gözəl sevgilərlə xərçəng belə sağalar - Bahar Zamanının şeirləri
29 iyul 2021
# 21:00

Kulis.az Bahar Zamanının şeirlərini təqdim edir.

Hər şeyə öyrəşir adam, bir az sonra hər şeyə
Atılmağa, satılmağa, hətta unudulmağa
Dizlərini qucaqlayıb, bir künc tapıb girməyə
Ən sevdiyin o Adamı başqasıyla görməyə
Ağrılara, acılara, dərmanlara öyrəşir
Tənə vuran, böhtan atan insanlara öyrəşir..
Yay günündə dağda qara, qışda günə öyrəşir
Öz içində əsarətə və sürgünə öyrəşir.

Güvəndiyi o dağların toz olub uçmasına
Dostun sənin sirlərini dostuna açmasına
Evdə anasız olmağa, çöldə atasızlığa
Göy qurşağını bürüyən O möhtəşəm bozluğa
Bir-bir, az-az, asta-asta, yavaş-yavaş öyrəşir
Zorla, güclə, müsibətlə, dava-dalaş öyrəşir
Öyrəşir ki, başqa evin işığına yatılmaz
Səadət sənin deyilsə, ha uzansan çatılmaz.
Kimdən əl çəkəmmirsənsə, səndən əlini çəkər
Gələr göz yaşını silər, gedər gözünü tökər
Kimdisə ən zəif yerin, hər kimdisə gedəcək
Nədən desən mərcə girək, kim gəldisə, gedəcək.

Hər şeyə öyrəşir adam ölüm də adiləşir
Növbə-növbə ağrılar da, zülm də adiləşir
Sonra başlayır qəhqəhə, sonra sərxoş olursan
Boşluqlara düşə-düşə, özün bomboş olursan
Daha darıxmaq da keçir, müqəddəs hisslər bitir
Bir gün bütün gedənlərin itir gözündən itir.
Öyrəşdikcə dəyişirsən it hürür karvan keçir
Bu dünyaya öyrəşənlər o dünyaya tez köçür.
Hər şeyə öyrəşir adam, daha heç vaxt qəm yemir
Daha heç vaxt öz özünə
"Hər şey düzələr" demir.

***

Siz heç kiminsə günahı oldunuzmu?
Kəsildimi səsiniz hər gecə içinizdə?
Barmaqlarınızı bir birinə dolaya-dolaya
Əllərinizin tərini saçlarınıza sildinizmi?
Siz heç günah olduğunuzu bildinizmi?
İçinizdə ta ən dərində sızıldadımı Ruhunuz?
Uladımı qulaqlarınızda min bir əziyyətlə
əhliləşmiş, sonra çölə atılmış yalquzaq?
Bütün şeytanları güldürdülərmi üstünüzə?
Cəhənnəmi seçdinizmi özünüzə?
Bəs Allah?
Bəs Allah? Dedinizmi düyün-düyün boğazınızda ?
Bütün məscidlərdən qovulub,
bütün kilsələrdən qaçdınızmı?
Siz heç susdunuzmu
bütün bədəllərə və əməllərə?
Ölmədiniz ki, çiyninizdəki bu ağırdan?
"Ay Allah", deyib qıvrılmadınız ki ağrıdan?
Siz heç kiminsə günahı oldunuzmu?
İyrəndinizmi yatağınızdan?
Didərgin düşdünüzmü otağınızdan?
Tüpürdünüzmü güzgünün düz üzünə?
Siz özünüzü atdınızmı göy üzünə?
Düşdünüzmü üzüqoylu 15-ci mərtəbədəki evinizə?
Qırıq-qırıq oldumu ürəyinizin qəfəsi?
Keçdimi ürəyinizdən qanadlı olmaq həvəsi?
Siz heç günah olduğunuzu bildinizmi?
Belə bömböyük günah, ən silinməzindən
Ən görünməzindən.

Sözünüzü kəsdilərmi savabları üçün?
Dua edən oldumu sizə
Ananız kimi... için-için...
Bəs Allah?
Bəs Allahla bitdisə suallarınız.
Demək səhv olan bir şey var
Ya yazınız...
Ya da, elə siz mələklərin günahısınız!

***

Mən daha bu şəhərin hər üzünü görmüşəm
Bitməyən gecəsini, gündüzünü görmüşəm
Qırıq-qırıq ümidlər yerə düşəndə gördüm,
Günəş qürub edəndə, rəng dəyişəndə gördüm.
Boşluqların civə tək birləşməsin bilirəm,
Boşluqların boşluğa yerləşməsin bilirəm.
Mən daha "gəl" sözünə getmərəm, şil olmuşam
Qəza olub ruhumda, eşqdən əlil olmuşam...

***

Bir çıxan bir də batar
Eşqdi, dəniz deyil ki
Üzülmə, çirkli pişik
Hamı təmiz deyil ki...

Sarı boya saçını,
Uzat getsin yol kimi.
Yellə ətəklərini
Hamıya "sag ol" kimi.

Ən gözəl sevgilərlə
Xərçəng belə sağalar
Şair necə demişdi?
"Quş uçar, uçuş qalar".

Oyna, balaca pişik
dünya elə yumaqdı.
Bir düyünü acınca
Hər şeydən soyumaqdı.

Uzatma əllərini,
Cırmaqlama divarı
Və bir də arzulama
Aşmadığın hasarı.

Sənə olmaz dedilər
Bax, yanarsan, cızdı o
Bax, sənə oxşamayıb
Safdı o, təmizdi o.

Sənsə soyuqda, qarda
Küçədə yatan pişik
O ev sənin deyil ki
Üzülmə utan, pişik.

Keç daha günahından
Soyuğun da, qışın da
Bil ki bir səbəbi var
Qarın da, yağışın da.

Heç kimsənin başına
Dolanma, yer deyilsən
Gəlməyəcək deyirəm
Nahaqdan gözləyirsən.

Yoxdu o adda adam
Nə qoxusu, nə səsi
Var sənin birdənənin
Bir neçəlik həvəsi.

Vidalaş, çirkli pişik
Yola sal, gedənin var
Hamının yolu olmur
Nə yaxşı ki sənin var.

Bitdi daha şeirin
Bitdi sözün, əlvida.
Üzülmə, yenə təksən
Bu xaraba dünyada.

***

Daha mələklərin tikişi tutmur
Sökülür bu ömür, can üstündəyəm
Halal et, sevgili ən çətini də,
Şeirlər yazdıran həsrətini də
Sən atəş mən isə zərli kəpənək...
Tanrı qulağıma pıçıldayırdı:
"Qorxma! Atıl oda, yan! Üstündəyəm..."

2020-ci il.

# 16919 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #