“Müştəri məni evə salıb, qapını kilidlədi” – Kuryerlə müsahibə

Kuryer

Kuryer

10 dekabr 2021
# 15:05

Sahil bağının yanında səfbəsəf düzülən kuryerlərin arasında müsahibim gözümə dəymirdi. Zəng etməyə başladım, əvvəlcə telefonu açmadı. Açanda da dedi ki, gözlə, sifarişdəyəm, gəlirəm.

Sifariş sifarişi çəkdi, bir neçə saat keçdi. Bu dəfə özü zəng elədi ki, hardasan, bayaqdan parkda səni axtarıram. Halbuki o qədər başıkaskalı kuryerin arasında gəzişən başıpapaqlı bir adamı görməmək mümkünsüz idi.

- Gəl çıx da, harda qaldın?

- Mən iş adamıyam e, sənin kimi bikar deyiləm (gülür). Sifariş çoxdur da, neyniyim?

- Heç nə, daha elədiyini eləmisən də. Keçək parkın o tərəfinə, bir az söhbət eləyək.

Köşkdən iki kofe götürüb Sahil bağının nisbətən sakit tərəfinə keçdik.

Kuryerimizin adı Hüseyndir. 19 yaşı var. Bakıda kuryerlik eləyir, özü isə Bursada, Uludağ Universitetində tekstil mühəndisliyi oxuyur. Hüseynlə günortadan vədələşmişdik, amma görüşümüz baş tutmadı. Onu düz axşama kimi gözlədim.

Нет описания.

- Deyəsən, bu gün iş rejimin çox gərgin olub.

- Ümumiyyətlə, günorta vaxtları sifariş çox olur. Bütün çatdırılma şirkətləri nahar zamanı kuryerlərə daha artıq ödəniş edirlər, buna görə də bütün kuryerlər həmin saatlarda çox sifariş aparmağa çalışır. Saat 12-16 arası sifarişlərin bol olduğu, kuryerlərin də aktiv işlədiyi vaxtlardır. Axşamtərəfi boş olmağa başlayırıq.

- Nə vaxtdan kuryer işləyirsən?

- 1 ildir, 18 yaşım tamam olandan. Bu həm də pandemiya ilə əlaqəlidir. Türkiyəyə gedə bilmədiyimə görə Bakıda qalmağa məcbur oldum, bu müddətdə də iş axtarırdım. Qeyri-rəsmi iş yerləri var, amma oralarda işləmək istəmirdim. Ona görə də 18 yaşımın tamam olmasını gözlədim, sənədlərimi hazırladım və işləməyə başladım.

- 18-19 yaşında bir adam üçün, kuryerlik yaxşı işdir?

- Hər yaş üçün yaxşı işdir. Baxır sən harda, necə işləyirsən. Qazancın işə bağlılığından, apardığın sifarişlərin sayından asılıdır.

Нет описания.

- Gün ərzində təxminən neçə sifariş aparırsan?

- Ortalama 20-30 sifariş aparıram. Bəzən 30-dan çox olur, bəzən 20-dən az. Kuryerlərin əksəriyyəti 20-30 sifariş çatdırır.

- Gündə 30-40 sifariş aparan bir kuryerin gündəlik qazancı nə qədər olur?

- Səhərdən axşama kimi işləsəm, 30-40 sifariş aparsam, bir ailə başçısının ailəsini saxlamağa və əlavə pul yığmağına kifayət edəcək qədər qazanc olur.

- Konkret rəqəm deyə bilərsən?

- Ayda minimum 1000-1200 manat. Bütün günümü sərf etsəm, 3000-4000 manata qədər qazanmaq mümkündür. Həm də bu qazanclar “çayevoy”dan kənar olan qazanclardır. Bizdə iki cür bəxşiş var: onlayn və əldən verilən. Onlayn bəxşişlər ay ərzində 100 manata yaxın olur. Biz onları bəxşiş saymırıq, çünki bizə maaş olaraq gəlirlər, hər 15 gündən bir. Əldən aldığımız bəxşişlər də aylıq təxminən 200-300 manat olur. Bəxşişləri də hesaba qatsaq aylıq qazanca azı 1500 manat deyə bilərik.

Gözlərim bərəldi. Deyəsən, bu reportajdan sonra mən də bir velosiped götürüb o baş-bu baş sifariş çatdıracam. Bu dəmdə Hüseynin telefonuna bildiriş gəldi, yeni sifariş bildirişi.

- Qoy mən gedim bu sifarişi verim, gələndə danışarıq.

Нет описания.

- Yox, yox, sən getsən gələn deyilsən. Yaxşısı budur ləğv et sifarişi, pulu nə qədərdirsə, mən verərəm.

- Oldu, sən mənə 2 manat borclu (gülür).

- Sənə ən çox nə qədər bəxşiş veriblər?

- Yeni il gecəsi işləməyə çıxmışdım, müştərilərdən biri mənə 100 dollar bəxşiş vermişdi. Həmin gecə kuryer dostlarımdan biri də 200 manat bəxşiş almışdı. Yaxşı bəxşiş verənlər əsasən əcnəbi müştərilər olur. Azərbaycanda bəxşiş mədəniyyəti hələ ki, tam formalaşmayıb. Qalıq pulun 1 qəpiyinə qədər alan adamlar var. Əlbəttə, bu onların haqqıdır, öz pullarıdır, istəsələr verərlər, istəməsələr verməzlər. Bəzən adicə xoş münasibət, verilən bütün bəxşişlərdən daha yaxşı təsir edir adama.

- Münasibətindən narazı olduğun müştərilər də olur?

- Əlbəttə olur, həm də çox olur. Adamla qul kimi, kölə kimi rəftar edən müştərilər var. Başa düşmürlər ki, biz sadəcə onu məmnun etmək üçün çalışırıq. Kimsə evdə əsəbiləşir, qapıya çıxıb yeməyi götürəndə hirsini bizim üstümüzə tökür. Kimsə sifarişi verəndən sonra ortadan itir, telefonuna zəng çatmır, bütün vaxtımızı əlimizdən alır, gözlədir. Sonra birdən-birə peyda olur ki, bəs mənim yeməyimi gecikdirmisiniz.

Нет описания.

Söhbətin bu əsnasında Hüseynin proqramına ardıcıl iki sifariş gəldi. Borcum 6 manata qalxdı. Altından çıxa bilməyəcəyim bir təklif etdiyimi başa düşüb proqramı söndürməyini xahiş elədim, sağ olsun, söndürdü.

- Yeməyi çatdırmaq üçün sizə nə qədər vaxt verilir?

- Restoranla müştəri arasında olan məsafəyə uyğun vaxt verilir. Konkret bir müddət yoxdur. Məsafə uzaqdırsa, həmin uzaqlığa uyğun bir qədər çox vaxt, məsafə qısadırsa, həmin yaxınlığa uyğun bir qədər az vaxt verilir. Elə quraşdırılıb ki, tələsməyə ehtiyac olmur. Bəzi restoranlarda müdiriyyət kuryerlərə məsafədən asılı olmayaraq stabil bir zaman məhdudiyyəti qoyur. Bu cür olanda da kuryerlər tələsir, qəzaya uğrayırlar. Bizim şirkət isə belə deyil.

- Son vaxtlar kuryerlərin qəzaya uğrama xəbərləri tez-tez qarşımıza çıxır. Səncə, günah təkcə başqalarındadır, yoxsa kuryerlərin də səhvləri var?

- Onsuz da gün ərzində xeyli avtomobil qəzası olur. Onlar heç kimin gözünə batmır, ancaq kuryerlər qəzaya uğrayanda bütün saytlar bu xəbəri tirajlayırlar. Baş verən qəzalarda günahların çoxu avtomobil sürücüləri və piyadalarda olur. Ümumiyyətlə, Bakı şəhərinin yolları düzgün qurulmayıb. Əksər yolların sağ zolağı parkinqə çevrilib. Velosiped yolları yoxdur. Avtobus yolları var, amma avtobus yollarında da avtomobillər hərəkət edirlər, görülən tədbirlər faydasız qalır. Düzdür, motosikletlərin də səhvləri olur, bəzən tələsirlər. Günahın çoxu isə avtomobil sürücülərindədir.

- Heç özün qəza eləmisən?

- Küləkli günlərin birində külək məni maşına çırpmışdı. Yaxşı ki, sürücü insaflı adam çıxdı, məni başa düşdü. Bundan başqa elə də ciddi qəzayla üzləşməmişəm. Çalışıram ki, ehtiyatımı saxlayım. Velosipedçilərin kaskadan, motosikletçilərin kaska və qoruyucu geyimdən istifadə etməsi mütləqdir. Yol hərəkəti qaydalarına düzgün əməl olunsa, qəza halları minimuma enər. Mən bu qaydaların hamısına riayət etdiyim üçün, hələ ki, ciddi bir təhlükəylə üzləşməmişəm, ümid edirəm bundan sonra da belə olar.

- İş zamanı başına gələn ən maraqlı hadisə nə olub?

- Müştərilərdən biri məni evə dəvət edib qapını kilidləmişdi. Müştəri də qadın yox, kişi idi.

- Qadın olsa yaxşı olardı hə?

- Yox, yox. Yaman qorxmuşdum, o adamı görsəydin sən də qorxardın. Məndən bəzi şeylər istədi, əlbəttə, onun dediklərini eləmədim, tez uzaqlaşdım. Sonralar öyrəndim ki, həmin adam başqa kuryerləri də bu məqsədlə evinə dəvət edirmiş. Daha bilmirəm, arzusuna çatıb, ya yox (gülür).

Bayaqdan sönülü saxladığı proqramını açdı, açan kimi də yaxınlıqdakı bir restorandan sifariş gəldi.

- Mən gedim, yoxsa sən borcun altından çıxa bilməyəcəksən.

Нет описания.

- Yaxşı, get. Axırda oxucularımıza nə demək istəyirsən?

- Kuryerlərə bol-bol bəxşiş verin, siqaret çəkməyin.

- Çox sağ ol, Hüseyn. Uğurlar!

- Sən sağ ol.

Hüseyn kaskasını taxıb velosipedinə mindi, alacağı bəxşişi düşünə-düşünə sifarişinin dalınca getdi. Mən də 6 manat borcu necə verəcəyimi fikirləşərək yerin altına, metroya girdim.

# 42772 dəfə oxunub

Oxşar xəbərlər

# # #