Musiqi məktəbində toyuq işgəncəsi

Musiqi məktəbində toyuq işgəncəsi
2 fevral 2020
# 10:54

Kulis.az Tahir Tahiroviçin “Musiqi məktəbində toyuq işgəncəsi” hekayəsini təqdim edir.

Bəylər müəllim həmişəki kimi yem dükanın qarşısında dayandı. Bu vaxt Bəylər müəllimi görən satıcı Şoppulu dükanın pəncərəsindən ona əl sallayıb əlavə elədi:

- Bəylər müəllim, günortaya bir şey olacaq ?..

Bəylər müəllim panamasını çıxarıb təzədən başına qoymaqla elə bil “hə” dedi.

Kənd musiqi məktəbi Əlican çayının sağ sahilində, güllü-çiçəkli sakit bir məkanda yerləşirdi. Ətraf o qədər gözəl idi ki, hətta musiqi dərsinə getməsən də bu həyətdə oturub-oturub musiqiçi ola bilərdin. Burada hər zaman məbəd rahatlığı vardı.

Amma birdən sükut pozuldu. Bir zaman televiziyada idman şərhçisi işləmiş Bəhruz kişi deyinə-deyinə musiqi məktəbinin həyətinə girdi. Bəhruzun səsi həyəti bürümüşdü. Məktəbdə dərslər dayandı. Səs-küyə Bəylər müəllim çıxdı. Əsəbi halda Bəhruza üzünü tutub:

- Ay Bəhruz nə olub ?

- Nə bilim e? İki gündən bir toyuqlarımın biri itir. Artıq üç toyuq yox olub. Özü də bax buralarda, sizin məktəbin həyətində...

- Bəhruz, sənin toyuqların həmişə bizim məktəbin həyətində qorxusuz gəzişib. Özü də bizim musiqilərimizin sədaları altında feyziyab olublar. Minnətin olsun, toyuqlarına bu cür şərait yaratmışam.

Bəhruz daha heç nə deməyib əlindəki futbol qəzetini bürmələyib çıxıb getdi.

Həmin gün Bəylər müəllim günorta yeməyi üçün kənd çayxanasına gəldi. Çayçı Xəlilə səsləndi ki, qoyun böyrəyi varsa gətirsin. Xəlil yaxınlaşıb dedi ki, böyrək var, amma kababçı yoxdur. Bəylər müəllim əsəbiləşib özündən çıxdı: “Ay kişi, kababçı yoxdu, yoxdu da, böyrəyi iki yerə bölüb samovarın bacasına qoy.” Bəylər müəllim ala-çiy böyrəyi qanlı-qanlı dişinə çəkib yedi.

Səhər avtobus həmişəki kimi yem dükanının qarşında dayandı. Şoppulu o dəqiqə özünü çölə atıb əlindəki kiçik bağlamanı Bəylər müəllimə verdi: “Bu günə bir şey olacaq?” Bəylər müəllim sağa-sola baxdı, əlindəki, çantanı qolunun altına alaraq çiyinlərini çəkdi, çiyinləri onun yerinə dilləndi: bilmirəm!

Bəhruz çinar ağacının altında oturub futbol qəzeti oxuyurdu. Toyuqlar yenə musiqi məktəbinin həyətində gəzişirdilər. Bu vaxt avtobus məktəbin qabağında dayandı. Bəylər müəllim avtobusdan düşüb məktəbə tərəf gəldi. Məktəbin həyətinə girəndə toyuqlar ürkmək yerinə onu öz sahibləri kimi qarışıladılar.

Bəylər müəllim yeridikcə toyuqlar arxasınca qatarla gəlirdilər. Bəhruz kənardan bu səhnəni izləyirdi. Təəccübündən qəzeti yerə tullayıb, ağacın arxasına keçdi, güdməyə başladı. Toyuqlar Bəylər müəllimin dalınca hoppana –hoppana gedirdilər. Bu vaxt qapını açıb içəri keçən Bəylər müəllim toyuqlara bir təpik vurdu. Sağ-sola səpələn toyuqlar qaçmağa başladı. Bəhruz gördü ki, çilli toyuq yoxa çıxdı. Özünü məktəbin qapısına çatdırıb içəri girəndə gördüyü səhnə onu heyrətləndirdi. Bəylər müəllim toyuqla ağıllı-başlı savaşırdı. Əlindəki musiqi kitabı və qovluqla toyuğun başından vurur, toyuq isə dayanmadan qaqqıldayıb mübarizə aparırdı. Havada toyuq lələkləri uçurdu. Toyuq qanad çalıb dimdiyi ilə Bəylər müəllimin panamasını yerə çırpdı. Bəylər müəllim əyildi ki, panamanı yerdən götürsün, bu vaxt toyuq əlindən sıçrayıb pianonun dillərinin üstünə tullandı, pianodan xoruz səsinə bənzər qarışıq səs çıxdı. Bəylər təslim olmurdu. "Musiqinin əsasları" kitabını qapıb toyuğa tolazladı. Tullandı ki, onu tutsun, toyuğun sıçrayışından pianonun üstündəki qaval gillənib Bəylər müəllimin başına düşdü. Divardan asılmış tarın kəlləsinə qonan toyuq müvazinətini saxlamaq üçün qanad çalanda tar da divardan qopub yerə düşdü. Yerində donub qalmış Bəhruz tarın taqqıltısından sanki yuxudan ayıldı. Toyuğuna kömək üçün Bəylər müəllimin üstünə tullandı. Ona bir-iki yumruq ilişdirdi ki, bəlkə toyuğu buraxa. Amma xeyri olmadı. Bəhruz əyilib yerdən tarı götürdü, dəyənək kimi havada yelləyərək Bəylərin başına çırpmaq istədi. Bəylər başını yana əysə də tar öz hədəfini tapmışdı: pianonun dillərinə çırpılan zaman otağı dəhşətli səs bürüdü, elə bil bədheybət varlıqlar çığırırdılar. Bəylər qorxusundan əyilib masanın altına girmiş, toyuqsa Bəhruzun ayağına sığınmışdı. Bəhruz o dəqiqə toyuğu qucağına alıb başına sığalladı, Bəylərə tərəf tüpürüb otaqdan çıxdı.

Məktəbin həyət qapısından çıxanda Şoppulunu görüb hər şeyi başa düşdü, başını yelləyərək deyinə-deyinə çıxıb getdi.

Demə nə olub. Şoppuludan darı alan Bəylər, dəni deşik cibli şalvarının balağından səpə-səpə toyuqları ardınca aparır, birinci toyuq məktəb qapısından içəri girən kimi qalanlarını təpiklə qovurmuş. Bundan sonra da toyuqla əlbəyaxa olurmuş... Darı payının əvəzində Şoppula da hər günorta toyuq çığırtmasına qonaq olurmuş.

# 1455 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:01 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #