Murad Dadaşovun böyük səhvi

Murad Dadaşovun böyük səhvi
31 oktyabr 2023
# 14:00

Kulis.az Mirmehdi Ağaoğlunun “Murad Dadaşovun böyük səhvi” adlı yeni yazısını təqdim edir.

Məlum, artıq üçüncü gündür ölkədə Musiqi Forumu keçirilir. Bəri başdan deyim ki, Mədəniyyət Nazirliyinin müxtəlif mədəniyyət sahələri ilə bağlı təşkil etdiyi bu tədbirlər təqdirəlayiqdir. Ən azından, bu forumlarda illərlə yığılıb qalmış problemlər, heç olmasa, dilə gətirilir. Şair demiş, sonrası nə ola, ola... Həll olunar, lap yaxşı, həll olunmazsa da, eybi yox, bura qədər dözmüşük, bundan sonra da birtəhər başımızı girələyərik.

Budəfəki forumda ilk daşı “günahsız” Fərhad Bədəlbəyli atdı. Daş nəinki Xəzərdə, heç “stəkanda fırtına”ya belə bəs etməsə də, Xəzər TV-nin Prezidenti, Xalq artisti Murad Dadaşovu coşdurmağa yetdi.

Fərhad Bədəlbəyli əyləncə verilişlərinə görə televiziyaları sərt tənqid etdi. Sitatı olduğu kimi verirəm: “Mən istəməzdim ki, proqramların 90 faizi əyləncə motivli olsun. Heç olmasa, bunların 30-40 faizində ciddi sənət, ciddi musiqi görmək arzumdur. Elə olur ki, bu verilişlərə baxanda adam utanır. Biz bu sözləri ifadə etməkdən çəkinməməliyik, özümüzü tənqid etməkdən utanmamalıyıq”.

Cavab gecikmədi. Dünən forumdakı panellərdən birinə qatılan Murad Dadaşov səslənilən tənqidin qarşısına arqumentləri ilə çıxdı. Gəlin onun da fikirlərini oxuyaq:

“Ötən gün bəzi forum iştirakçıları TV proqramlarının ümumi zövqü pozduğunu söylədilər. Biz hamımız deyirik ki, televiziya, televiziya verilişləri və onların istehsal etdiyi məhsullar zövqümüzcə deyil. Onda sual yaranır ki, bu məhsullar kimin zövqü əsasında formalaşıb ərsəyə gətirilir? Telekanalları apteklə müqayisə edə bilərik. Siz aptekə girib dərmandan şikayətlənə bilərsiniz. Amma “bu pisdir” deyə bilməzsiniz. Çünki aptek həmin dərmanı hazırlayan deyil, onu satandır. Siz dərmanın pis olması ilə bağlı aptekə yox, həmin dərmanı istehsal edənə şikayətinizi bildirə bilərsiniz. Biz müqayisə etməyi bacarmalıyıq. Biz sadəcə yayımçıyıq. Bu baxımdan sizin də bizə kömək etməyinizi istəyirik... Biz bilirik ki, telekanal olaraq maarifləndirməliyik. Amma ay sonu “Xəzər TV”nin 600-ə yaxın işçisinə maaş verməliyəm. Başa düşürəm ki, maarifləndirməliyik. Amma tələb olunan, insanların baxmaq istədiyi təəssüf ki, bu deyil. Bəli, deyirəm ki, biz yaxşı yaradıcı verilişlər edəcəyik, amma sizi inandırıram onlara heç kim baxmayacaq”.

Əvvəla ondan başlayaq ki, Murad bəyin apteklə bağlı müqayisəsi yanlışdır. Murad müəllimi həyatda tanımadığım üçün onun barəsində qəti fikir söyləyə bilmərəm, amma mən bu yaşıma qədər görməmişəm ki, kimsə pis dərmana görə “FAES FARMA”ya, “Yaroslavl farmasevtika fabriki”nə, “Farma”ya, “Herbion Pakistan”a, “La Laboratuar Servye”yə və ya hansısa başqa farmaseptik müəssisəyə şikayət edib desin ki, sizin “Analgin”iniz qanımı durultmadı, biyan kökü şərbətiniz öskürəyimi kəsmədi, “Açiklavir” mazınız dodağımın uçuğunu aparmadı. Dərmandan şikayətlənənlər ilmizalım yapışdılar həm universitetdə oxuyub, həm də aptekdə yarım-ştat işləyən fağır əczaçının yaxasından. Ona görə təklif edirəm ki, televiziya proqramlarının “zay” tərkiblərinə görə də Murad bəy yaxasını kənara çəkməsin, paşa-paşa cavab versin.

Hərçənd Murad bəyin köhnə “keveenşik” kimi cavabı kifayət qədər arqumentləşdirilmişdi. Həqiqətən, efirdən əyləncə verilişlərini yığışdırandan sonra ayın axırı 600 nəfər işçinin maşını necə verəcək?

Murad bəy israr edir ki, xalq 600 nəfər işçiyə maaş, televiziyalara reytinq gətirən bu əyləncə verilişlərindən ötrü sinov gedir. Haqlıdır. Mən nə qədər insan tanıyıram ki, səhər-səhər musiqili verilişlərlə şirinçayını hörtdədir, günortanı Elgizlə, sonra Xoşqədəm, Azərtaşla keçirir, axşama doğru Zaur Baxşəliyevdə toxdayır, axşam isə Zaur Kamalla, Nanə ilə şam edir, necə deyərlər günü başa vurur. Hələ Elcanın verilişi ilə dişini qurdalayanlar da görmüşəm. Zor-xoş adını çəkdiyim aparıcıların verilişləri reytinq gətirən ən baxımlı layihələrdir. Bunu danmaq olmaz.

Əlbəttə, bu verilişlərin baxımlı olmasının səbəblərindən biri də odur ki, cəmiyyətimizdə baş verən səs-küylü hadisələr anında həmin verilişlərdə müzakirə edilir, özü də çox vaxt o hadisələrin iştirakçıları ilə birlikdə. Yəni o verilişlərin reytinq gətirməsi aparıcının fəziləti deyil, hadisənin qeyri-adi olmasıdır. Üstəlik, həmin verilişlərin aktyorları məlum hadisələrin iştirakçıları olduqlarından rollarını da Rasim Cəfərdən, Məmməd Səfadan, Qurban İsmayılovdan, Sənubər İskəndərlidən, Bəsti Cəfərovadan min dəfə yaxşı oynayırlar. Çünki bu “odnarazovı aktyorlar”ın canlandırdıqları rollar elə özləridir.

Xülasə, bu verilişləri real tamaşalar, performanslar, filmlər də adlandırmaq olar. Yeri gəlmişkən, ədəbiyyatda son illərdə avtofikşn adlı bir janr törəyib. Əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, müəllif öz başına gələnləri bəzən sıfır fikşnla təqdim edir. Yəni bu əsərlərdə baş verən hadisələrin gerçəkliyinə artıq heç kəs şübhə edə bilməz, 100 % olmuş hadisələrdir. Məsələn, Norveç yazıçısı Karl Uve Knausqorun “Mənim mübarizəm” silsilə romanlarını avtofikşna aid etmək olar. Evdən qaçmış cəsarətli qadının, onun mağmın həyat yoldaşının efirə çıxarılıb müzakirə edildiyi bu verilişləri də avtofikşn filmlərə bənzədərdim. Daha gözləmək lazım gəlmir ki, hansısa Ömər Xəyyam bu mövzuların birindən ilhamlanıb ssenari yazsın, sonra hardansa ürəkli rejissor peyda olub sponsor tapsın, həmən ssenarini ekranlaşdırsın, camaat da pul verib gedib kinoteatrlarda onu izləsin. Elə pulsuz-parasız, evdə axşamın xörəyini hazırlaya-hazırlaya rahat baxırlar.

Burası belə. Gələk Murad müəllimin “Xalq əyləncə verilişləri istəyir” arqumentinə. Əvvəla, mən əminəm ki, Xəzər TV-nin hazırladığı əyləncə və yuxarıda nümunə gətirdiyimiz yüngül tokşou tipli verilişlərin heç birinə Allah saxlasın, Murad müəllimin övladları baxmır. Necə ki, Allah qapısını açsın, Rəşad Dağlı özü meyxanalarında adət-ənənələri, dini, kriminal avtoritetləri, məhəlli düşüncə tərzini, mühafizəkarlığı təbliğ edib bu dəyərləri dolayısıyla (nə qədər qarşısını almaq istəsək də!) bizim övladlarımıza aşılayırdı, öz övladlarını isə beş dil tədris edən bahalı məktəbdə oxudurdu, axırda məlum müraciətləri yayılandan sonra aydın oldu ki, ataları Azərbaycan dilində “tryuk göstərən” Allah saxlamışlar özləri ana (oxu: ata) dillərində düz-əməlli danışa bilmirlər.

Bəlkə, hörmətli Murad bəy özü də tamaşaçı (televiziya prezidenti kimi yox ha!) kimi o verilişləri izləmir. Onun intellektinə, dünya görüşünə iraqdanda olsa bələd adam kimi deyirəm. Belə olan təqdirdə xalqa o cür düşük (oxu: aşağı səviyyəli) verilişləri təqdim etmək rəvadırmı?

Murad müəllimin “Xalq əyləncə verilişləri istəyir” arqumenti ona bənzəyir ki, narkotikə həvəslənmiş biri hər dəfə o zəhrimarı istədikdə ona narkotik verirsən, soruşanda da deyirsən, mənlik nə var, özü tələb edir. Axırda həmin adam dönüb olur narkotik aludəçisi, narkoman. O cür adamların sağlam həyata qayıtmasının necə ağrılı-acılı olması məlumdur. Nail Kəmərlinin vidoelarından az-çox görmüşük.

Bəs bizim yerli televiziya kanallarının bu əyləncə verilişləri “barıqa”lığından necə qurtulaq?

Sözümün canı odur ki, xalq/tamaşaçı çox şey istəyə bilər. Televiziyalar öz maarifləndirici funksiyasını yerinə yetirib əyləncə verilişləri ilə maarifləndirici verilişlərin düzgün nisbətini müəyyənləşdirməlidirlər. Bu fədakarlıq hər şeydən əvvəl bir nüfuzlu televiziyanın özünə verdiyi dəyərdən irəli gəlir. Televiziyalar isə əksər hallarda maarifçi funksiyalarını yerinə yetirmədikləri üçün əyləncə verilişləri xalqı narkomana döndərib. Üzdə bəyənməsələr də, hamı maraqla baxır. Ondan xilas yolu isə mütləq ağrılı-acılı olacaq: reytinqlər gedəcək, tamaşaçıların çoxu TV-lərdən üz döndərəcəklər. Amma yekunda aludəçi tamaşaçı sağalacaq. Bunun üçün də peyğəmbər örnəyi göstərib daşın altına əlini ilk növbədə XALQ ARTİSTİ Murad Dadaşov özü qoymalıdır. Ki, fırtına Xəzərdən başlasın.

# 6606 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
#
#
# # #