Müharibəyə görə ölkəni tərk edən rəssam

Müharibəyə görə ölkəni tərk edən rəssam
19 yanvar 2024
# 15:00

Kulis.az Orxan Adıgözəlin "Məcburiyyət" adlı yeni yazısını təqdim edir.

İnsanlıq var olandan intriqa, dava, müharibə var. Bəşərin özündən olanın qanına susaması öz “mən”inə görədir. İnsanın içində yaradıcı ilə bərabər, dağıdıcı qüvvə də var. Fildinq Henri deyirdi ki, “sən" və "mən" anlayışı olmasa idi, indi dünyaya sülh hakimlik edirdi.

Ümumiyyətlə, müharibə və sülh mövzusu çox təzadlı, həmişə aktual müzakirə mövzularından olub, belə görünür ki, yenə də olacaq. Bundan sonra mövzunun aktuallığı neçə onillər, bəlkə də, əsrlər davam edəcək. Demək çətindir, ancaq müharibələrin səngiməyəcəyi şübhəsizdir.

Belə məqamda vicdanını rahatlatmaq üçün, ya da vətənpərvərliyini göstərmək üçün müəyyən kəslərin fərdi şəkildə müharibənin leyhinə və ya əleyhinə olmağını göstərməyi də xüsusi bir işə yaramır. “İşə yaramaq” kəliməsi də eqoist istəklərdən xəbər verir, bəli. Qaldı bunun niyə işə yaramamasına, burada ictimai rəyi yaradacaq şəxslərin kosmik gücü var olduğu üçün, fərdin, kütlələrin fikirləri onsuz da nəzərə alınmır. Niyəsini təxmin etmək çətin deyil – müharibə gələndə bütün qanunlar susur.

Belə hallarda cəmiyyətin fərdləri ən təməl ehtiyaclarını tələb etməyə cəhd etsə də, onların qarşısında durub işarə barmaqlarını qanlı-gülləli torpaqlara tuşlayıb, müharibənin getdiyi məkanı göstərəcək və deyəcəklər – “bizim bu boyda dərdimiz var, indi yeri deyil, sus!”

Müharibə təkcə avtoritar ölkələrin vətəndaşları üzərində spekulyasiya vasitəsi deyil. Rifahı çox yüksək demokratik ölkələrdə belə, ictimai rəyi elə ustacasına müharibənin “zəruri”liyinə işarə edə bilərlər ki, bir anda humanist dəyərlər üçün vuruşduğunu sana bilərsən. Məşhur təzadlı işğalçı sitatının həyasızlığının həddi yoxdur – “biz sülh üçün müharibə edirik.”

Bütün hallarda, hətta siyasi gücü olmasa da, seçim etməyə gəlincə, müharibəni dəstəkləmək, yaxud da onu bütün bəşəriyyət üçün cinayət hesab etmək fərdlərin mənəvi dəyərlər və prinsiplər sistemindən qaynaqlanır.

Avstriyalı yazıçı Stefan Sveyqin ”Der Zwang“ (“Məcburiyyət”) kitabı bütün sətirləri ilə müharibənin insanlıq üçün utanc, vandallıq, cinayət olduğunu hayqırır. Sveyqin bu əsəri böyük bədii gücə malikdir. “Məcburiyyət” maraqlı süjeti ilə bərabər, işıqlı novellalardandır və o mütalisevərlər üçün ləziz əsər hesab edilə bilər.

Novella müharibəyə görə ölkəsini tərk edib İsveçrəyə sığınan rəssamın hekayəsini təsvir edir.

Ferdinand öz arvadı ilə qansız-qadasız, əsrarəngiz təbiəti olan İsveçrədə sakit həyat yaşayır. Bir gün ona məktub gəlir ki, “ölkəndə müharibə gedir, yararlı olub-olmamağınla bağlı müayindən keçməlisən...” Yəni, “vətən dardadır, durma, gəl!”

Ferdinand həyəcanlanır. Bədəni, ruhu qorxunun əsarətinə elə düşür ki, müharibə əleyhinə olan bu humanist adam, sistemin diktəsi qarşısında acizlik hiss edir və dilemma qarşısında qalır.

Ferdinandın həyat yoldaşı dəyanətli Paula qorxuya düşən ərini silkələyir ki, əqidəsinə sadiq qalsın. Ərlə, arvad əllərinə silah götürməyi, müharibəni insanlıq adına pis əməl saydıqları üçün İsveçrəyə gəlirlər ki, bu qanlı akta bulaşmasınlar. Ancaq müharibə adlı əjdaha onları burada da yaxalayır və Ferdinanda əmr edir ki, gəlib vətən qarşısında borcunu ödəsin.

Paula iradəsi öləzimiş ərini inandırmağa çalışır ki, bu, “vətən borcu” deyil, əksinə, bu, bədbəxt siyasətçilərin mundar oyunudur.
1920-ci ildə yazılan “Məcburiyyət” novellası təkcə idarəetmə sisteminə qarşı olan etirazdan başqa, həm də insanın özü ilə olan mübarizəsindən bəhs edir. Sistemin diktəsi ilə yaranan məcburiyyət məfhumu nə qədər güclü olsa da, zehnindən zəli kimi yapışsa da, daxilindəki müharibəni sülhə çevirməklə ondan qurtula bilərsən.



Kitabdan zövq aldım. Sveyq qəhrəmanlarının ehtiraslarını gözəl şəkildə çatdırmağı əla bacarıb. Oxuduqca, zehnimə süzülən mətnin boyunbağıya yığılan zümrüd daşları kimi sıralandığını sanırdım. Yazıçı sahəsinin peşəkar zərgərlərindən olub.
Stefan Sveyq həmyerlisi, psixoanalizin banisi Ziqmund Froydun təlimi ilə tanış olandan sonra, onun əsərlərində bədii güc qəhrəmanlarının psixologiyasının təsvirləri ilə daha da parlaq olmağa başlayır. Sveyqin ürək ağrısı ilə qələmə aldığı “Məcburiyyət” novellasında da Ferdinandın qarmaqarışıq psixologiyası ekspressiv cümlələrlə ifadə olunub.

1917-ci ildə mühazirə oxumaq üçün İsveçrəyə gedən Sveyq iki il orada qalmış, ölkələrində müharibə gedən bir çox ziyalılar və sənət adamları ilə dostluq etmiş, məhz onların təsiri ilə yazıçılıq fəaliyyətini sülh, əmin-amanlıq, bəşəri dəyərlər, humanizm uğrunda mübarizəsi ilə birləşdirmişdir.

Birinci Dünya müharibəsi qurtarandan sonra vətəninə qayıdan, yazıçılıq fəaliyyətini bu səmtdə davam etdirən Sveyq, onsuz da, 1915-ci ildə rəsmi tapşırılıqla cəbhə xəttinə göndərilərkən yaralı əsgərlərlə görüşmüş, müharibənin dəhşətlərini öz gözləri ilə görmüşdü. Bütün bunlar onun pasifist ideyalarına yönəlməyinə vasitəçi olmuşdur.

Qeyd edim ki, daxili ziddiyyətlərdən, insani hisslərlə vəzifə borcu arasındakı mübarizədən bəhs edən “Məcburiyyət” kitabı ana dilimizə tərcümə edilib.
Xoş mütaliələr!

# 1747 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #