Müəmmalı qətlə görə bir-birindən şübhələnən səkkiz qadın

"8 qadın" filmindən kadr

"8 qadın" filmindən kadr

2 aprel 2022
# 09:00

Kulis.az fransız yazıçısı, dramaturqu Rober Tomanın "8 qadın" pyesi əsasında ekranlaşdırılan eyniadlı filmi haqqında yazını təqdim edir.


Əsərin süjeti: Hadisələr 1950-ci illər Fransasında baş verir. Şəhərdən kənarda yerləşən mülkdə böyük bir ailə Milad bayramını qarşılamağa hazırlaşır. Səhər tezdən ev sahibi Marsel və Qabinin böyük qızı Syuzon Londondan dönür. Az sonra qulluqçu Luiza Marselə səhər yeməyi aparanda onu ölü halda tapır. Kimsə ev sahibinin kürəyindən bıçaqlayır.

Evdəki bütün qadınların - Marselin arvadının, iki qızının, qayınanasının, baldızının və iki qadın qulluqçunun ölüm xəbərindən, sanki həyəcanlandıqları görünür. Əslində isə onların hər birinin üzündən saxta kədər oxunur. Qadınlar qatilin hələ də qətl baş verən otaqda gizləndiyini düşünürlər. Ona görə qətlin baş verdiyi otağın qapısını açarlayırlar. Onlar polisə zəng edəndə telefon xəttinin qırıldığını öyrənirlər. Maşın xarab olduğundan isə heç kəs polisə gedə bimir. Üstəlik, yolları da qalın qar örtür.

Az sonra Marselin bacısı Pyeretta təşrif buyurur. Qardaşı və onun ailəsi ilə soyuq münasibəti olan Pyeretta bir qadının ona zəng vuraraq qardaşının ölüm xəbərini çatdırdığını deyir. Amma zəng edən qadının kimliyini aydınlaşdıra bilmirlər.

Əli heç yerə çatmayan 8 qadın müəmmalı qətl hadisəsində bir-birindən şübhələnir və təhqiqata başlayırlar. Onlar bir-birini sorğu-sual eləyir və nəticədə onların hər birinin sirri üzə çıxır. Məlum olur ki, qadınların hamısı Marseldən öz məqsədi üçün istifadə edirmiş...

Rober Tomanın əsərləri əsasında dünyanın müxtəlif teatrlarında tamaşalar qurulub və filmlər çəkilib. Misalçün, sovet dönəminin məşhur filmlərindən biri olan "Qadını axtarın" (1982) dramaturqun "Tutuquşu və cücə" pyesinin motivləri əsasında ekranlaşdırılıb.

Yeni fransız kinosunun tanınan simalarından biri Fransua Ozon bu pyesi 2002-ci ildə filmə çevirib. Müxtəlif janrlarda işləyən rejissor ekran əsərlərində əsasən, cinsi azlıq məsələsinə (qeyd edim ki, Ozon özü də homoseksualdır) toxunur, ölümün dərkindən tutmuş ailə dəyərlərinin böhranına kimi ən müxtəlif problemləri ekrana gətirir ("Kriminal sevgililər", "Qızmar daşda yağış damcısı", "5x2", "Bağışlamaq zamanı", "Hovuz", "Riki") . Onun filmləri dünya ədəbiyyatı və kinosu ilə bağlı pastişlərlə boldur.

"8 qadın" filmində də müxtəlif ekran işlərinə, kino obrazlarına, ədəbi nümunələrə göndərmələr var. Bu haqda irəlidə danışacam.

Rejissor müəyyən dəyişikliklər etsə də, ümumən pyesin süjetini saxlayıb. Ozon müsahibələrindən birində bu haqda deyir: "Rober Tomanın pyesini daha canlı, şən qurmaq istəmişəm. Əsas məqsədim klassik polis trilleri janrından istifadə etməklə komediya çəkmək idi. Ona görə əhvalatda yumor xəttini gücləndirməyə çalışmışam, ailə münasibətlərini isə daha da mürəkkəbləşdirmişəm. Məşhur səkkiz aktrisanın heç birinin individuallığına fokslanmamışam, sadəcə, qrup halında qadın portreti yaratmaq istəmişəm. Film, eyni zamanda dünya kinosuna bir alleqoriyadır".

"8 qadın" filminin özəlliklərindən biri Fransa kinosunun dünyaca məşhur aktrisalarının - Katrin Denövün, İzabel Yupperin, Fanni Ardantın, Emmanuel Bearın, Daniel Daryönün burda rol alması idi. Əhvalat bir neçə janrın - müziklin, detektivin, komediyanın, melodramın üzərində qurulub. Musiqi nömrələri zövqlə hazırlanıb, hər biri personajın xarakterini, daxili aləmini ifadə edir və ümumi dramaturji materialda tamamilə yerinə oturur.

Ozon qadın təbiətini yumor, ironiya və sevgiylə incələyib zövqlü kamera filmi qurmağa nail olub. Yəni bütün hadisə eyni məkanda baş versə də, yorucu deyil. Vəziyyətin tez-tez dəyişməsi - sürətlə gah melodrama, gah komediyaya, gah detektivə, gah müziklə keçməsi, kəskin emosional dönüşlər, peripetiyalar - fabulanı mürəkkəbləşdirən gözlənilməz dönüşlər təhkiyənin dinamik ritmini saxlayır və gərginliyi artırır.

Qadın personajları hər biri geyiminə, əlbisələrinin rənginə, ədasına, tərzinə, obrazlarının özünəməxsus plastik həllinə görə fərqlidirlər. Əhvalat boyu onların xarakterlərində üzə çıxan məqamlar - saxta davranışları, mənalı gülüş və baxışları, situasiyadan situasiyaya dəyişən intonasiyaları, dilə gətirdikləri arzuları - bütün bunlar ümumilikdə qadın dünyasının intimliyinin, gizliliyinin əksidir.

Qadınlar bir-birini ittiham etdikcə, onların illər boyu gizlətdikləri sirlərin üstü açılır. Epizoddan-epizoda keçdikçə məlum olur ki, Qabinin (Katrin Denöv) əri ilə münasibəti soyuq imiş. O, ərinin iş partnyoru, onu müflis edən kişini sevirmiş və onunla qaçmağa hazırlaşırmış. Qabinin, eyni zamanda isterik bacısı, Ogyustinaya (İzabel Yupper) nifrət etməsi üzə çıxır.

Bakirə, özünü mühafizəkar əxlaq daşıyıcısı kimi göstərən Ogyustina isə erotik, sevgi romanlarının həvəskarıymış və o, hamıdan gizlin, kitabxanadan oxumaq üçün bu romanları alırmış. Üstəlik, bacısının əri Marselə (Dominik Lyamyur) sevgi məktubları yazırmış. Onun ürəkkeçmələri isə əksər hallarda yalanmış.

Onların yaşlı anaları (Daniel Daryö) isə ərini sevmədiyi üçün onu vaxtilə zəhərləyibmiş. Həmin gün üzə çıxır ki, əlil arabasında oturan və ayaqlarının tutulmasından şikayət edən qadın, əslində, sağlam imiş.

Marselin vaxtilə striptizlə məşğul olan, bu səbəbdən qardaşı və ailəsi ilə münasibətləri soyuq olan bacısı Pyerettonun (Fanni Ardan) gizlin bu evə gəldiyi məlum olur. O, evin aşpazı Şanellə gecələr kart oynayırmış. Və Pyeretto Qabi ilə eyni kişini - Marselin şərikini sevirmiş.

Qulluqçu, gənc Luiza (Emmanuel Bear) isə Marselin məşuqsəymiş və bu evə işləməyə ehtiyacdan yox, ona yaxın olmaq üçün gəlib.

Ailənin böyük qızı Syuzon (Virjini Leduayen) isə Marselin ögey qızıyımış və ondan hamilə qalıb. Anası Syuzonun ərə getmədən hamilə qaldığını biləndə, onu əxlaqsızlıqda günahlandıranda, üzə çıxır ki, Qabinin özü gəncliyində ərə getmədən hamilə olub.

Aşpaz qadın Şanel (Firmin Rişar) isə Pyerettonu sevirmiş.

Final səhnəsində aydınlaşır ki, Marselin qətl olunduğu gecə, arvadı ondan ayrılacağını, ardınca qayınanası müflis olan kürəkəninə pul verə bilməyəcəyini deyir, baldızı bacısından ona qeybət edir, Syuzon hamilə qaldığını söyləyir, Pyeretto isə pul verməyəcəyi təqdirdə qardaşını öldürməklə hədələyir. Və onu sonuncu görən kiçik qızı Katrin (Lyudivin Sanye) olur. Atasının əhvalının pis olduğunu görən qızcığaz təklif edir ki, Marselin qətlini uydursunlar və kişi onu əhatə edən qadınların əsl mahiyyətini görsün. Katrin bəyan edir ki, atası bu qadınlar haqda həqiqəti öyrəndikdən sonra, onlar ikisi evdən gedəcəklər. Amma Katrin otağa girəndə ata eşitdiyi həqiqətlərə dözməyərək intihar edir.

Beləcə, qadınların hamısı kişinin intiharında günahkar olur. Əhvalat boyu Marselin üzü göstərilmir, o, arxadan ya köndələn rakursdan çəkilir. Çünki burada kişi qadınların xarakterini açmaq üçün köməkçi vasitədir.

Rejissor detektiv xətlərlə Aqata Kristinin əsərləri ilə intertekstual əlaqə qurur. Katrin özünü Kristinin qəhrəmanı Puaro kimi aparır, hadisədə detektiv əsərlərlə paralellər aparır.

Müəllif, eyni zamanda maraqlı avantüraya əl atır. Məsələn, ən yaddaqalan səhnələrdən biri, Katrin Denövlə Fanni Ardantın personajlarının saçyolduya çıxmasıdır. Məsələ ondadır ki, bu iki cazibədar xanım həyatda da rəqib idilər. Hər ikisi vaxtilə rejissor Fransua Trüffonun sevgilisi olub. Ozonun sözlərinə görə, əgər Trüffo bu təhlükəli səhnəni görsə, qəbrində çevrilərdi.

Yuxarıda dediyim kimi, filmdə müxtəlif bədii əsərlərə göndərmələr var. Luiza obrazı, fakturası Luis Bunuelin "Qulluqçunun gündəliyi" filmində baş rolu oynayan Janna Moronu xatırladır. Yaxud qarda maral səhnəsi, malikanənin interyeri, iri geniş pəncərələrdən qar səhnələrinə vurğular Duqlas Sirkin "Səmanın izn verdiyi hər şey" əsərinin final səhnəsinə allüziyadır.

Yumşaq, melanxolik musiqi nömrələri, Jak Deminin 1964-cü ildə çəkdiyi və Katrin Denövün baş rol oyandığı "Şerbur çətirləri" müzikl-dramının stilindədir.

Bir epizodda Pyeretta Ogyustinaya deyir ki, o, Aleksandr Dümanın "Kameliyalı qadın" romanındakı qəhrəmanı xatırladır. Yupper vaxtilə roman əsasında, italyan rejissoru Mauro Balonyinin 1981-ci ildə çəkdiyi eyniadlı filmdə baş rolu oynayıb.

Luiza ev sahibəsinə alman-fransız aktrisası Romi Şnayderin şəklini göstərərək onun keçmiş sahibəsi olduğunu deyir. Şnayder fransız rejissoru Klod Sotenin sevimli aktrisası olub. Onun ölmündən sonra rejissor Bearla işləyib.

"8 qadın" Berlin kinofestivalında "Gümüş Ayı" mükafatına layiq görülüb.

# 2488 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #