Məzarlarla gizlən-qaç oynayan uşaqlar, oğlunu axtaran ana, baş daşındakı son mesaj – Xiyabandan reportaj

Məzarlarla gizlən-qaç oynayan uşaqlar, oğlunu axtaran ana, baş daşındakı son mesaj – Xiyabandan reportaj
27 sentyabr 2022
# 13:26

Kulis.az Rəvan Cavidin II Fəxri xiyabandan reportajını təqdim edir.

Analar çiynini, kürəyini məzar daşlarına söykəyib ağlayırdılar. “Arxam-dayağım oğlum, evimin dirəyi oğlum...”. Vətən keşiyi çəkənlərin məzarının keşiyini ataları çəkirdi. Qapqara bulud topası kimi.

Onlar ağlamırdılar, amma qəhər tutmuş boğazlarından bircə söz də çıxmırdı. Danışa bilmirdilər. Dayandıqları yer müqəddəs yer idi, ali idi.

Məzar daşlarının üstündəki rəqəmləri oxuyuram. Onlar iki il qabaq bu gün sağ idilər. Sübh tezdən aldıqları əmr onları göy üzündə bir pərçim bulud, torpaq üstündə bir damcı qan edəcəkdi. O bir pərçim buludla bir damcı qanın qovuşduğu yerdəyəm - II Fəxri xiyabanda, Şəhidlər qəbiristanlığında.

Hamısı sırada, hamısı fərəqətdə. Hərbi xidmətdə sıra düzülüşündə sıra nizamnaməsini pozanlara komandirlər belə deyirdi: “Sıra müqəddəsdir. Bu sıralardan şəhidlər çıxıb”. İndi burda, bu şəhid məzarlarının arasında həmin ifadənin ağırlığı altında addımlayıram. O müqəddəs sıra bu sıra imiş. Üzlərindən nur, gözlərindən mərdanəlik axan şəhidlərin sırasında həmin günü və zəfər çaldığımız o möhtəşəm təqvimi xatırlayıram.

Müdafiə taborunda əsgər idim müharibə başlayanda. İki-üç gündən bir xəbər gəlirdi: 4 rayon, 8 kənd ordumuzun nəzarəti altındadı... Ordumuz iki yüksəkliyi nəzarətə götürüb... Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanır... Ordumuz Fizulidədi... Şuşa bizdədir...

Hər belə xəbərdən sonra komandirin yanına gedib eyni sualı verirdik: Niyə biz orda deyilik? O da zabit sərtliyini bir kənara qoyub balaca qardaşlarına nəyisə izah edən biri kimi başa salmağa başlayırdı. “Uşaqlar, bura müdafiə taborudu. Əmr gələn kimi mən də bu paqonları burdaca qoyub sizlə gedəcəm. Gözləyirik. Allah haqqı, mən sizdən çox istəyirəm”.

O vaxt sıralarında ola bilmədiyim yoldaşlarımın məzarlarının sırasında yerimək də bir dərddi. İndi ağlayan anaların yerinə öz anamı təsəvvür edirəm, nəfəsim daralır. Bağrım çatlayardı. Yaxşı ki adam o dünyada səs eşitmir. Bilmirəm, bəlkə də eşidir. Hansı birini qucaqlayıb ovudasan ki? Hansı birinin dərdini çəkəsən?

Mən iyirmi yaşına qədər oğul böyütməmişəm, mənim oğlum ordu sıralarında olmayıb, mən ildə cəmi qırx gün oğul üzü görməyin nə olduğunu bilmirəm. Mən hər gün nəvəmə oğlumun harda olduğunu izah etmək məcburiyyətində qalmıram axı. İndi necə onların başına sığal çəkib deyim ki, ay ana, qurban olum, ağlama, sənin oğlun qəhrəmandı. Bir ananın fəryadı belə idi: Ay Füzuli, ay gözüm, hardasan?

Hardadı Füzulinin qanı, anası bilir. Amma barışa bilmir. Bilir ki, bu vətəni vətən edən torpağın üstündəki qanlardan biri də onun oğlunun qanıdı. Hələ də kürəyini oğluna söykəyir. Oğlu mərmər olsa da. Gah nəvəsinin üzünü öpür, gah məzar daşının. Gah o balaca uşaqların saçını qoxlayıb kiriyir, gah da ağı deyib əlləriylə oğlunun soyuq şəklini sığallayır. O sıralarda durub, o məzar daşlarını qucaqlayan anaları görüb ağlamamaq daş kimi ürək istəyir. Məktəblisindən tələbəsinə, dövlət qulluqçusundan sıravi vətəndaşına kimi hamı o ağıları, o laylaları eşidib ağlayırdı.

Qoşa məzarlar var. Elə bildim, ya qardaşdılar, ya qohum. Yox, əsgər yoldaşları, ya da komandir-əsgər. Bir yola çıxıb gəlmişdilər bura. Bir yeniyetmə qızın için-için ağladığı məzarın yanındakı plakatda isə yazılıb ki, Atayevlər ailəsinin 5-ci şəhididir. Beş qəhrəman yetişdirən nəslin bir qızı tək deyildi. Atayevin məzarı başında polkovniklər, mayorlar, əsgərlər, uğrunda canını tapşırdığı vətənin övladları dayanmışdı. Növbəti sırada uşaqlar evində böyüyən Səbuhinin, onun arxasında da 2004 təvəllüdlü iki əsgərimizin məzarı. Və sağda, solda şəhid gözləyən məzar yerləri. Kaş o məzar yerləri eləcə boş qala, o boz torpaqların üstündə qara mərmər, qırmızı qərənfil görünməyə, analar o məzar yerlərində də ağlamaya. Sırası artmasın bu şəhid ordusunun. Marşı ana harayı olan bu cərgələrə yeni əsgər gəlməsin kaş.

Dodağım dua pıçıldayır, qulağım anaların ah-vayını eşidir, gözlərim məzar daşındakı adları hecalayır.

Ağlayan qaziləri gördüm. Komandirləri, əsgər yoldaşları üçün göz yaşı axıdıb, sonra kitelin qolunu yanaqlarındakı yaşlarla isladanlar idi onlar. Bilmirdilər, şanslıdılar, yoxsa yox? Axı həmin gecə, həmin gün, həmin ay burda yatan qəhrəmanlarla bir yola çıxmışdılar. Hardadı indi onlar? Yəqin ki çox ölümlə zarafat ediblər. Kimisi bu zarafatı ciddiyə almışdı. Qazimizin sözüdür bu. Dodaqları gülürdü, gözündən medalları boyda yaşlar axırdı.

Balaca uşaqlar əllərində qərənfil ataları ilə görüşməyə gəlmişdi. Quran avazları əsgər marşlarına qarışmışdı. Körpələr ağlamırdı. Uşaqlar məzar daşları arasında gizlən-qaç oynayır, böyüklər onları tənbeh etmək üçün söz tapa bilmirdilər. Uşaqdılar da, ataları ilə gizlən-qaç oynamaq istəyirlər. Ataları da şəkildən gülümsəyib onları axtarırdı.

Kapitan Nəcəfovun baş daşına ailəsinə göndərdiyi son mesaj həkk olunmuşdu:

“Hamınızı çox sevirəm. Özünüzdən muğayat olun. Qəhrəman olmağa gedirik. Allah sizə can sağlığı versin. Zəng etməyin. Qəlbimdəsiniz”.

II Fəxri xiyabandayam. Anşlaqdı. Bayraqların sayı artdıqca məzar daşları görünməz olur. Elə bil, bütöv bir bayraq var. Şəhidlərin də arzusu bu deyildimi?

Allah rəhmət eləsin!

Foto: İlkin Nəbiyev

# 2802 dəfə oxunub

Oxşar xəbərlər

"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil

"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil

12:00 8 dekabr 2024
Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi

Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi

21:57 7 dekabr 2024
Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto

Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto

21:49 7 dekabr 2024
Qasım bəy Zakirdən üzü bu yana - Cavanşir Yusifli

Qasım bəy Zakirdən üzü bu yana - Cavanşir Yusifli

15:00 7 dekabr 2024
Rusiya-Amerika münasibətləri ilə bağlı Stiven Siqaldan proqnoz

Rusiya-Amerika münasibətləri ilə bağlı Stiven Siqaldan proqnoz

12:30 7 dekabr 2024
"Tehrana elə bir izahat göndərmişəm ki..." - Axundzadənin Mirzə Yusif xanla yazışmaları

"Tehrana elə bir izahat göndərmişəm ki..." - Axundzadənin Mirzə Yusif xanla yazışmaları

12:00 7 dekabr 2024
# # #