Məşhurları niyə öldürüb-dirildirik? - Başsağlığı üçün can atanlar

Məşhurları niyə öldürüb-dirildirik? - Başsağlığı üçün can atanlar
12 fevral 2024
# 17:30

Kulis.az El Romanın məşhurların ölüm xəbərləri ilə yayılmış dezinformasiyalarla bağlı yazdığı "Klinik ölüm" adlı məqaləsini təqdim edir.

Məsəl var, pis xəbər tez yayılır.

İstənilən halda, hamımız üçün ən pis xəbər yaxınlarımızın, tanışlarımızın ölüm xəbəridir.

Ölüm xəbəri ağırdır. Nə vaxt eşidəcəyin məlum deyil. Üstəlik, bütün ölümlər vaxtsızdır.


Bu gün bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayıldı.

Sonra dedilər ki, yalan söhbətdir, bəs Cavanşir müəllim ölməyib.

Ölkədə demək olar ki, bütün tanınmış şəxslər ən azı, bir dəfə "klinik ölüm" keçirir.

İnsanın ölüm xəbərini onun ailəsi, əgər bu hal xəstəxanada baş veribsə, müvafiq olaraq, həmin xəstəxana verə bilər.

Amma əslində, necə olur?

Hamı kiməsə kiminsə öldüyünü deyir.

"Allah rəhmət eləsin" sözünü birinci demək üçün yarışırlar.

Hamı nekroloq yazmağa can atır.

Əllərində olsa, hansısa məşhuru öldürərlər, sonra da onun ölüm xəbərini yazarlar. Təki, həmin xəbəri ən birinci onlar paylaşsın, təki ən birinci başsağlığını onlar versin.

Yaxşı ki, əllərində deyil.

Məşhur sənətkar Maykl Ceksonun ölümündən 15 il keçib, ancaq hələ də dünya onun ölümüylə barışmır. Müxtəlif teoremlər və isbatlarla çıxış edirlər ki, əslində o, hələ ölməyib, haradasa yaşayır.

Bizdə necə olur?

Sənətkar hələ ölməmiş, onun ölüm xəbərini paylaşırlar, yalvarırlar ki, hamı bu xəbərə inansın.

Təsəvvür edin, bir gün öz ölüm xəbərinizlə rastalışırsınız:

"Allah sizə rəhmət eləsin!".

Həmin xəbər ailənizin, yaxınlarınızın, dostlarınızın da qarşısına çıxır.

Nə hiss edərsiniz? Qohumlarınız nə hiss edər?

Özü də, bu cür şarlatan xəbər saytları əsassız vəfat xəbərlərində tragikomik ideyalarla çıxış edirlər.

Məsələn, əvvəlcə yalandan xəbər verirlər ki, filankəs vəfat edib.

Sonra ölüm səbəbini də uyğunlaşdırıb yazırlar.

Məsələn, yazırlar ki, mərhumun ölüm səbəbinin infarkt olduğu açıqlanıb, yaxud, yazırlar ki, ölüm səbəbi hələ açıqlanmayıb.

Özlərini elə aparırlar, guya ölüm xəbərini şəxsən bunlara açıqlayıblar, ölüm səbəbi haqqında isə heç nə deməyiblər.

Məlumat rəsmi qurumlar tərəfindən təkzib olunandan sonra da xəbəri silib yazırlar ki, ölüm-ölüm dediyin nədir ki, gülüm?!.

Günah həm də Mədəniyyət Nazirliyindədir.

Kor-kor, gör-gör. Dərəbəylikdir.

Əməkdaşların biri yazır ki, filankəs ölüb, o biri yazır ki, yox, hələ ölməyib.

Rəsmilər gizləndikcə dezinformasiya pöhrələyir, virus kimi yayılır.

"Sosial mediaya istinadən" başlığı altında tirajlanan minlərlə əsassız xəbər var.

Nazirlik imkan verməməlidir ki, xəbər saytları sosial mediaya istinad etsinlər.

Məlumatı istifadəçi paylaşıbsa, əvvəlcə o məlumat dəqiqləşdirilməli, müvafiq-məsul qurumlarla əlaqə saxlanmalı, sonra təqdim olunmalıdır.

Tabutdan, mağardan, ağlaşmadan bəslənən, əqli inkişafdan qalmış sosşəbəkə əhlinin "Allah rəhmət eləsin" deyibən əzilmiş eqolarını yemləmək məqsədilə hansısa məşhuru öldürmək cəhdi medianın istinad nöqtəsi olmamalıdır.

Avtoqəza vaxtı maşınından, avtobusdan düşüb qaçan insanların əksəriyyətinin niyyəti kömək etmək yox, nəticəni - yəni ölüm prosesini, vəfat edənin soyuq bədənini görməkdir.

Biz məşhurları niyə öldürürük?

Biz məşhurları ona görə öldürmək, quyulamaq, sonra da onlar haqqında canı-dildən "Allah rəhmət eləsin" demək istəyirik ki, onların olduğu yeri, gün-güzəranını, parıltılı həyat tərzlərini qısqanırıq.

Uğursuzluqlarımızın, nakam taleyimizin səbəbini onlarda görürük.

Bir növ, onların ölümüylə yaşayırıq.

Beləliklə, biz çoxdan ölmüşük! - Bu, dəqiq xəbərdir!

# 2532 dəfə oxunub

Oxşar xəbərlər

Sərxoş halda sükan arxasına keçən Britni Spirs cəzalandırıldı - Məhkəmədən sərt qərar

Sərxoş halda sükan arxasına keçən Britni Spirs cəzalandırıldı - Məhkəmədən sərt qərar

11:40 5 may 2026
"Qaraçı uşaq" kimi ad çıxaran, səsi ilə Xan Şuşinskini heyran qoyan Xalq artisti

"Qaraçı uşaq" kimi ad çıxaran, səsi ilə Xan Şuşinskini heyran qoyan Xalq artisti

11:11 5 may 2026
Erməni ssenaristi Bakıdan qovan Adil İsgəndərov kimdir?

Erməni ssenaristi Bakıdan qovan Adil İsgəndərov kimdir?

10:47 5 may 2026
Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür

Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür

10:02 5 may 2026
Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

17:10 4 may 2026
“Space” televiziyasına yeni direktor təyin edildi

“Space” televiziyasına yeni direktor təyin edildi

16:13 4 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər