Məni o kanala dəvət etdilər və aldatdılar

Oğuz Ayvaz

Oğuz Ayvaz

1 aprel 2025
# 17:00

Kulis.az Oğuz Ayvazın “Unudulmaz 1 Aprel” yazısını təqdim edir.

Həyatımda unuda bilmədiyim 1 aprel xatirəsi var. Həmin gün yağışlı və tutqun bir hava idi. Səhər tezdən durub öz-özümə düşündüm ki, bu gün martın son günüdür.

Günorta telefonum zəng çaldı. Ekranda tanımadığım bir nömrə görünürdü. Adətən, tanımadığım nömrələrə ehtiyatla cavab verirəm, amma bu dəfə istisna etdim.

- Alo, kimsiniz? – ehtiyatla soruşdum.

- Salam, Oğuz Ayvazdır? – qarşı tərəfdən ciddi və rəsmi bir səs eşidildi.

- Bəli, mənəm.

- Sizi "Mədəniyyət TV" kanalından narahat edirik.

- Buyurun! – bu cümlə məni bir az həyəcanlandırdı, amma özümü sakit göstərməyə çalışdım.

- Saat 15:00-da sizi “Gənc yazıçılar”la bağlı verilişə dəvət edirik.

- Olar, gələrəm.

Yağışlı günlərdə özümə qapandığımdan, bəzən heç kimlə danışmaq istəmir, sadəcə, sakit bir küncə çəkilib düşünməyi üstün tuturam. Həmin gün də eyni haldaydım. Gecədən yağan yağış küçələri islada-islada davam edirdi, göy üzü boz buludlarla örtülmüşdü. Ruh halım da hava kimi tutqun idi. Amma bu zaman gələn telefon zəngi sanki havanı da, əhvalımı da dəyişdi. Tez ayağa qalxdım, paltar dolabını açıb ən yaxşı köynəyimi axtarmağa başladım. Güzgüdə özümə baxıb düşündüm: “Televiziyada yaxşı görünmək lazımdır!”
Hər köynəyi geyinib yoxlayır, ən yaraşanını seçməyə çalışırdım. Nəhayət, zövqümə uyğun olanını tapdım. Köynəyi ütülədim, saçımı səliqəyə saldım, ətir vurdum. Özümü əsl televiziya qonağı kimi hiss edirdim.

Öz-özümə düşünürdüm ki, televiziyada ilk çıxışım olacağı üçün yaxşı görünməliyəm. Sürətlə hazırlaşdım və təxminən, 14:30-da evdən çıxdım. Yağış hələ də yağırdı. Taksi saxlayıb, tələsik "Mədəniyyət TV"nin binasına yollandım.

Binanın girişində mühafizəçi dayanmışdı. İnamla addımlayıb ona yaxınlaşdım:

- Salam, mən “Gənc yazıçılar” verilişinə dəvət olunmuşam.

- Hansı veriliş? – mühafizəçi bir qədər təəccüblə soruşdu.

- “Gənc yazıçılar” haqqında bir proqram olacaq, məni də qonaq qismində çağırıblar.

- Burda elə veriliş yoxdur.

Bir anlıq beynim dondu. Bəlkə, səhv gəlmişəm? Telefonumu çıxarıb zəngi yoxladım. Bəli, səhv etməmişdim. Özümü itirmədən dedim:

- Mənə şəxsən zəng ediblər, dəvət ediblər! Bəlkə, yoxlayasınız?

- Qardaş, siz kanalları qarışdırmamısınız? – mühafizəçi gülümsədi.

- Əşi, yox e! Zəng etdilər. Yaxşı, qoy bir zəng edim.

Telefonu çıxarıb həmin nömrəyə zəng etdim. Qulağımda “Düd-düd-düd” siqnalı eşidildi, amma kimsə cavab vermədi. İkinci dəfə yığdım, yenə cavab yox. Üçüncü dəfə – hələ də susqunluq. Artıq məni şübhə götürmüşdü.

Mühafizəçi mənə baxıb başını buladı. Mən isə çarəsiz halda dedim:

- Ola bilsin, bir azdan gələcəklər. Mən çöldə gözləyim.

Çölə çıxıb binanın qarşısında gözləməyə başladım. Saat 15:00 oldu. Heç kim gəlmədi. 15:20... Yenə yox. Yavaş-yavaş özüm də qəribə bir hissə qapıldım. İçimdəki sevinc və həyəcan yerini şübhə və çaşqınlığa verdi.

Təsadüfən telefonun ekranına baxdım. Aprelin 1-i imiş!

O an daşlar yerinə oturdu! Biri mənimlə möhtəşəm bir 1 aprel zarafatı etmişdi!

İçəri keçib mühafizəyə yaxınlaşdım. Onun sifətində bu cür ifadə vardı: “yenə gəldi dəə”...

- Qardaş, üzrlü sayın, məni aldadıblar… – dedim, bir az pərt, bir az da utancaq bir tonda.

Mühafizəçi qaşlarını qaldırdı, gözlərini bir az da bərəldib soruşdu:

- Kim aldadıb?

Özüm də bilmədiyim üçün çiyinlərimi çəkib, çaşqınlıqla başımı yellədim:

- Bilmirəm…

- Mühafizəçi məni bir müddət süzdü, sonra başını buladı:

- Qardaş, siz yaxşısız?

Bu sual məni elə güldürdü ki, sanki bütün məyusluğum bir anda yox oldu. Başımı yelləyib qəhqəhə ilə dedim:

- İndi əlayam! Bu gün 1 aprel imiş.

O da dayana bilməyib güldü. Gülüşlərimiz yağışa qarışdı.

# 3204 dəfə oxunub

Oxşar xəbərlər

"Bu dünya nərdivandır..."  - Xalq şairi Nəriman Həsənzadə ilə  son vida

"Bu dünya nərdivandır..." - Xalq şairi Nəriman Həsənzadə ilə son vida

15:00 2 avqust 2026
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edildi

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edildi

12:50 2 avqust 2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir

11:35 2 avqust 2026
Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

15:10 1 avqust 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

14:35 1 avqust 2026
"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

13:40 1 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər