Mənə zülm yaraşır - Bəxtiyar Vahabzadə

Mənə zülm yaraşır - Bəxtiyar Vahabzadə
29 iyul 2024
# 16:28

Kulis.az Xalq şairi Bəxtiyar Vahabzadənin“Bir salama dəymədi” şeirini təqdim edir.

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?

Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Geriyə də baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?...

Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.

Sentyabr 1961

# 3190 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər