Məndə sığar iki adam... - Vüsal Bağırlı

Məndə sığar iki adam... - Vüsal Bağırlı
16 oktyabr 2023
# 11:10

Kulis.az Vüsal Bağırlının "Məndə sığar iki adam...." adlı yeni yazısını təqdim edir.

Metroda basabasdır. Bir küncə qısılıb kirimişcə dayanmışam. Qatar hər dayananda, qapı hər açılıb-bağlananda içəri izdiham dolur, salon sıxlaşır, ətrafdakı insanlar da bir-birinə daha çox qısılırlar. Birdən arxada yavaşdan deyilən bir səs eşitdim.
- Səni zibilə qalasan, adam deyilsən a...

Az qala pıçıltı ilə deyilmiş bir söz. Replika. Dönüb baxdım. Başına didilmiş çeçenka qoymuş, üzü tüklü, nazik, qırmızı kurtka geymiş sərnişin.
Əvvəlcə elə bildim, həmin kəs məni yamanlayır. Sonra məchul nöqtəyə dikilmiş fikirli gözləri görüncə, düşündüm ki, yəqin mikrofon-qulaqcıqla danışır. Kiminləsə söhbət edir.

Amma yox, telefon, qulaqcıq-filan gözə dəymirdi. O, başqasıyla deyil, öz-özü ilə danışırdı. Tam ciddiyyətlə özüylə söhbət edirdi. Baxdım ki, normal görünüşü var, hər hansı ağıl kəmliyi, ciddi psixoloji problem nəzərə çarpmır. Sözünü pıçıltı ilə, yavaşdan desə də, yanımdaydı deyə, əksər sözləri eşidirdim.
- ...icazə istədim səndən ayda-ildə bir dəfə, onu da vermədin ay əclaf...
- Maaşı alan kimi gərək Şərifin 200 manatın qaytaram...ayıbdı e..
...qır-saqqız olub, yapışıb e yaxamdan. Bir gün gərək deyəm ki, bəsdir də...
- Xalaoğlu da vaxt tapdı evlənməyə, bu soxhasoxda... İlin, günün bu vaxtı toy sənin harana yaraşır dümbələy?

Birdən əlini bir-birinə vurub, astadan xısın-xısın güldü:
- Əmanəti vaxtında qaytarsa zor olar a, həm borcumu qaytararam, həm də...

Ardını eşidə bilmədim.

Sonra da baş barmağını açıb, sağ əlini irəli uzatdı.
- ...əla olar e...

Baxdım ki, insan yalnız danışmaq xətrinə öz-özüylə danışmır. O, yaxın zamanlarda görəcəyi işləri, bir daha rastlaşacağı oxşar hadisədə eyni səhvləri buraxmamağı planlayır. O bu söhbətdən motivasiya tapır. Özünə ruh verir.

Öz-özünə danışan İnsan. Ona kənardan baxarkən, birdən yadıma düşdü ki, hərdən mən də öz-özümə danışıram axı...

Burda təəccüblü bir şey yoxdur. Bu insana bəzən daxili tarazlıq, psixoloji balans üçün lazımdır. Bəzən insanın ən yaxşı həmsöhbəti, ürək dostu, sirrini bölüşdüyü adam başqası deyil, məhz özü olur.

***

Uşaq vaxtında öz-özümlə danışırdım. Özü də bərkdən danışırdım. Əslində prosesə, düşüncələrimə o dərəcədə qapılır, aludə olurdum ki, sanırdım, heç kəs məni eşitmir. Amma anam bütün söhbətlərimi eşidirmiş.

Öz dünyamı yaratmışdım. Personajlarım var idi. Qabrı nənə və Bebele oğlan. Öz aləmimdə dərin, qaranlıq quyulara düşür, yer altında yaşayan divlərlə, əjdahalarla vuruşur, bədheybətlərə qalib gəlir, kosmosa uçurdum. Çətin, çıxılmaz vəziyyətlərə düşəndə Bebele oğlan köməyə gəlirdi. Təhlükə anında isə

Qabrı nənənin meşədəki evində gizlənirdim. Qabrı nənə sobanın kənarında corab toxuyur, mənə dadlı kökələr bişirirdi.

Nə gizlədim, mən indi də özümlə danışıram. Daha bərkdən deyil, yavaşdan. Üzrəyimdə. Özümlə danışmağı sevirəm.

İnsan həmişə özündən daha ağıllısını özünə həmsöhbət axtarır. Bu istək onun daxili tələbatıdır. Psixoloji və mənəvi zərurətdir. Ağıllı insanla danışmaq, onu dinləmək, ondan məsləhət almaq xoşdur.

Xüsusən, əgər həmin adam həmişə səninlədirsə. Həmin ağıllı adam sən özünsənsə.

***
Boynumuza almasaq da, gəlin bir şeyi açıq etiraf edək, öz-özümüzlə danışdığımız qədər, heç kəslə danışmırıq. Araşdırmalar göstərir ki, gündəlik vaxtımızın 70 faizini biz - fərq etməz, ürəyində, pıçıltı ilə, yaxud bərkdən - özgəsi ilə deyil, özümüzlə danışırıq.

Özümüzü sual-cavab edirik, məhşər ayağına çəkirik. Daxili səsimiz bizə məsləhət verir, yol göstərir, hər hansı əməlimizi götür-qoy edir. Biz bəzən hansısa əyləncəli, məzəli məqama görə özümüzün kefini açır, bəzən isə hətta özümüzlə mübahisə edir, dalaşırıq da.

Demək olar, hamı öz-özüylə danışır – tək qalanda, nəqliyyatda yol gedəndə, marketdə növbədə dayananda, gecə yuxuya dalmazdan öncə. Öz-özünə danışmaq neqativ emosiyalardan - qəzəb, kin - qurtulmaq üsuludur. Lazımsız günah hissini aradan qaldıran yoldur.

Biz özümüzlə danşaraq daxilimizi səliqəyə salır, içimizi rahatladırıq. Öz-özüylə danışmaq patologiya deyil. O, daxili tələbat normasıdır.

Bizim iç səsimiz, daxili monoloq – orqanizmin fasiləsiz şüur axınının bir hissəsidir. Özünüzlə danışmaqdan, söhbətdən, dialoqdan xilas olmağa cəhd etməyin, əksinə, bunu bir vərdişə çevirin.

Bir şeyə əminəm ki, əsl yaradıcı insan özüylə danışan, özünü anlamağı bacaran insandır. Böyük ədəbiyyatı da öz-özüylə danışmağı, tək qalmağı bacaran, iç dünyası olan insan yaradır.

# 1383 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #