Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.
Müstəmləkəçilik dövründə Azərbaycanda müğənnilər məmur kimi geyinirdilər, bürokratik bir uniformaya bürünürdülər. Qədim şamanların davamçıları olan əliqavallı muğam ustaları efirə, xalq arasına kostyumlu, qalstuklu idarə müdirləri libasında çıxırdılar.
Çünki sovet cəmiyyətində insanlar pul qazanmağa deyil, inzibati güc əldə etməyə can atırdılar. İnzibati gücün simvolu isə məmur idi.
Efirdə, xalq arasında məmur qiyafətində görünmək inzibati, ideoloji gücə çevrilməyin ən rahat üsulu idi. Ənənənin qalığı olaraq hətta bu gün də bəzi valideynlər 3 yaşında uşaqlarını qoca Brejnev kimi geyindirir. Keçmiş ittifaqda müğənni özünü təsdiq üçün məmur mühitinə can atırdı, bütün fitri, əxlaqi sərmayəni ona inzibati güc obrazı bəxş edən məmur mühitinə yatırırdı.
Müstəqillik dövründə, tam əksinə, Azərbaycanda inzibati deyil, iqtisadi gücü təmsil edən varlı tip önə çıxdı, amma bu dəfə iqtisadi gücü təmsil edən varlı insan tipimiz müğənniyə oxşadı. Səbəb?
Müstəqillik dövründə birdən-birə iki təbəqə varlandı: məmurlar və müğənnilər. Məmurlar varlandıqca gizləndi, gizləndikcə varlandı. Müğənnilər, əksinə, üzə çıxdıqca varlandılar, varlandıqca üzə çıxdılar.
Cəmiyyət gözünü açıb varlı adamı hər yerdə müğənni şəklində gördü. Müğənni obrazı insanlar üçün varlı adamın modelinə çevrildi. Əlinə pul keçən hər kəs onlara oxşamaq istədi; müğənniyə oxşamaq varlı olmaq demək idi.
Çak-çuku olan hər kəs müğənnilər kimi geyindi, müğənnilər kimi danışdı, hətta müğənnilərin mühitində özünü təsdiqə can atdı.
Bu mühitin şahzadəsi olmaq üçün müğənnilərin zövqlərini, mövzularını, arzularını mənimsədi. Sərmayəni onun “varlı adam” obrazını yaradan bu mühitə yatırdı.
Beləliklə, ortalıqda adı heç bir fərli işlə xatırlanmayan varlı bir nəsil məhv oldu.
Hətta bu gün də özəl sektorun inkişafı ilə bağlı olaraq yavaş-yavaş varlanmağa başlayan digər peşə sahibləri də özünü müğənniyə oxşatmaqla varlı olduğunu göstərmək üçün dəridən-qabıqdan çıxır.
Azərbaycan başdan-başa kütləviliyə yenilmiş insanlarla doludur. Özünü tapmaq əvəzinə, özünü başqasında itirən insanlarla...
Məmurlar gizləndikcə varlandı, müğənnilər isə... - Aqşin Yenisey
Oxşar xəbərlər
"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı
18:46
6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır
18:24
6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları
17:07
6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır
16:27
6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur
15:58
6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək
14:57
6 noyabr 2026