"Məmməd Arazın şeirlərini hamı əzbər bilir, ancaq kitabları satılmır" - Reportaj

"Məmməd Arazın şeirlərini hamı əzbər bilir, ancaq kitabları satılmır" - Reportaj
2 dekabr 2023
# 14:48

Kulis.az Ülvi Bahadırın Məmməd Arazın 90 illiyinə həsr olunmuş tədbirdən reportajını təqdim edir.

Saat 11:30...

AYB-nin qarşısındayam.

Dodağımın altında dua kimi pıçıldayıram:

“İlahi, qəlbimə bir sevgi göndər,
İlahi yazıqdır məni sevənlər".

Sahil bağı, Milli Kitabxana, gənclik...

Sevgi - bütün duyğuların nüvəsi...

Nə xoş bir şairə ki, bu ali duyğunu belə kövrək, belə incə ifadə eləyib.

Məmməd Araz...

Məmməd Arazı deyirəm...

Onun işığına yığışacaq poeziya aşiqləri bir azdan.

Asta addımlarla yolu keçib AYB-nin qapısının ağzına gəlirəm.

Anar maşından düşüb binaya daxil olur. Sonra yazıçı Əlabbas Bağırovu görürəm. Bir neçə nəfər cəm olandan sonra binaya giririk.

Liftin yanında bir xanım gözləyir:

- Düyməni niyə basmamısınız?

Əlabbas müəllim təlaşla qadına sarı baxıb düyməni basır.

Handan-hana qapılar açılır. Liftə daxil oluruq.

Nə yalan deyim, AYB-yə bir neçə dəfə gəlmişəm. Təəssüratlarım da buranı evi kimi görən adamlardan tamamilə fərqlidir. Pilləkana yaxınlaşanda Rəşad Məcidlə qarşılaşıram. Hal-əhval tutub qəzetlərdə, saytlarda gördüyüm haman o dəyirmi masanın olduğu salona giririk.

Bir neçə addımdan sonra Nadir Yalçınla qarşılaşıram:
- Bilirdim ki, gələcəksən. Heç kim deməmişdi. Hiss eləmişdim.

Əziz dostum bir Məmməd Araz aşiqi olaraq hissində yenə yanılmamışdı.

Adamlar yavaş-yavaş salona yığışmağa başlayır.

Kənan Hacı bizə yaxınlaşır. Görüşüb arxa sıraya keçir.

- O oğlan kimdir? Tanımırsan?

Oğlana bir xeyli nəzər salıram. Əsl tədbir adamıdır. Yəqin elə buna görə tanımıram:

- Sənin tanımadığını mən hardan tanıyım?

Ara-sıra feysbuka göz gəzdirirəm.

Hamı şairi yad eləyir. Biri xatirəsini bölüşür, biri şeirini paylaşır.

“Bu sevdadan nə yetirdik nə üzdük?!
Dalğasında nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük.
Unut məni, aldat məni, at məni".

Ancaq biz onu heç vaxt unutmadıq. Həmişə qəlbimizin ən məhrəm qatında qoruyub saxladıq.

Hamı yığışandan sonra Rəşad Məcid tədbiri açır. O, Məmməd Araz poeziyasının ona təsirindən, poeziyamızdakı yerindən danışır.

Sonra söz qiraət ustası Ağalar Bayramova verilir.

Rəşad Məcid yenə zarafatından qalmır.

- "Xalq Bank" Məmməd Arazın kitabını nəfis tərtibatla çap elədi. Təqdimatda dedilər ki, Ağalar müəllimə deyərsiniz, pafosu az eləsin. Mən də bunu Ağalar müəllimə dedim. O da sağ olsun, daha da pafosla dedi şeiri.

Hamı bir xeyli gülüşəndən sonra söz Ağalar Bayramova verilir. O, Məmməd Araz poeziyasına sevgisindən danışandan sonra, onun bir neçə şeirini oxuyur. İnsafən çox da pafos yoxdur ifasında. Xeyli təəccüblənirəm, açığı.

Rəşad Məcid təsirlənir Məmməd Arazın Xudu Məmmədova həsr etdiyi şeiri şövqlə oxumağa başlayır:

Yenə dağ döşündə dənərləndi qar,
Yenə zirvələrin həsrətində qal,
Sel qopdu, dərəyə düşdü qalmaqal...
Bir ocaq başında bir isinməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Şimşək yelkəninə qoşulu anlar,
Göy bizi yamanlar, yer bizi danlar.
Görüm ayılmaya gec ayılanlar...
Dolular qırımlı, daşlar döyənək...
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Bax donqar dəvənin səbət yükünə,
Bənzəyir içi boş şöhrət yükünə.
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Tarix qayalarda yazı qalırmı?
Çoxu çoxdan itib, azı qalırmı?
Dağ öz duruşundan razı qalırmı?
Yalan-yarğanlara nağıl söyləsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Bu dağlar qardaşım, bu çaylar bacım,
Özündən gəlməyən özündən qaçır.
Zaman qapımızda əlində qayçı...
Hər adi ölçüyə, ülgüyə gəlsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Keçək dərələrin boğanağından,
Keçək dolayların doğanağından,
Günəşin zirvədə doğan anından
Nur alıb, bu yurda səpələməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Bu şeirdən sonra hiss eləyirəm ki, hamının əhvalı dəyişilir. Mən də bu şeiri hər dəfə eşidəndə, oxuyanda, elə bil ilk dəfədir eşidirəm, oxuyuram. Əsl poeziya həm də belə olur. Şirəsi qurtaran saqqız şeirlər o qədər artıb ki, əsl şeirin mahiyyətini anlamaq üçün ara-sıra eşitmək, duymaq lazım gəlir.

Daha sonra Anar Məmməd Arazla bağlı xatirlərini bölüşür. Onu yad eləyir. Nə qədər Azərbaycan var, Məmməd Arazın da yaşayacağını vurğulayır.

Ardınca Vaqif Yusifli çıxış eləyir. Məmməd Arazın hələ “Məmməd İbrahimov" imzası ilə yazdığı vaxtlardan, xatirələrindən danışır.

Axırda da şairin ilk şeirlərindən birini əzbərdən deyir:

- Bu yaşda belə çətin şeiri əzbərdən deyə bilmək məharət istəyir.

Rəşad Məcid təəccübünü gizlətmir.

Daha sonra Məmməd Arazın bir qohumu çıxış eləyir. Çıxışda bir məqam hamını yuxudan ayıldır sanki:

- Niyə insanların heykəlləri, adlarına küçələr ölümündən sonra verilir. Məsələn, yazıçı Anar müəllimin adına bir küçə verilsə, nə gözəl olar. Türkiyədə bu ənənə var...

Alın sizə tədbirin kuliminasiya nöqtəsi...

Anarın cavabı gecikmir:

- İstəmirəm. Sonra o birilər də gələcək ki, bəs mən? Mənim də adıma biri verilsin.

Durğun məclis bir anda canlanır. Qarşı tərəf də çaş-baş qalır.

Rəşad Məcid söhbətə daxil olur:
- Anar müəllimin Göyçayda büstü var. Özü də açılışına iştirak edib.

Sonra söz Məmməd Arazın yadigarı, publisist İradə Tuncaya verilir.

İradə xanım şairin yetərli səviyyədə tanıdılmamasında şikayətçidir.

- Baxırsan ki, hamı Məmməd Arazın şeirlərini əzbərdən bilir, ancaq kitabları satılmır. Bir əplkeyşn hazırlamışdı ququl. Sonradan tələbat olmadığına görə sildilər.

Açığı, mən də şairin kitablarını mağazlarda nadirən görmüşəm. Ancaq istənilən şeirindən bir misra deyən kimi, ardını oxucular gətirir. Bilmirəm, yəqin ki, bunun özü də fenomendir. Məmməd Araz fenomeni...

Söz yazıçı Aqil Abbasa verilir:
- Mənim yaxşı rəssamlığım var idi. Onun rəsmini çəkmişdim. Özünə də göstərmişdim. Sonra mən də onun bir oğlu oldum.

Bu çıxışdan sonra tədbir bağlanır və insanlar dağılışmağa başlayır.

Asta addımlarla salondan çıxıram.
Liftlə düşüb binadan çıxıram.

Külək qalxıb.

Metroya tərəf addımlaya-addımlaya oxuyuram:

“Gülüm bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa,
Gözünü sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır”.

# 4431 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
# # #