Məleykə Abbaszadəyə açıq məktub

Məleykə Abbaszadəyə açıq məktub
29 aprel 2023
# 14:30

Kulis.az Sevinc Elsevərin “Həmişə dürüst olmalımı?” adlı yeni yazısını təqdim edir.

Biz uşaq yazarları mətnlərimizdə uşaqları doğruluğa, düzgünlüyə səsləyirik. Nə olur-olsun, qarşılarında nə çətinlik durursa-dursun, doğru hərəkət eləməyə, yalan danışmamağa çağırırıq onları. Dərsliklərdə oxuduqları nağıllar, hekayələr, şeirlər də bunu deyir. Müəllimləri də. Valideynlər də övladlarına düzlüyü, dürüstlüyü tövsiyə edir. Çünki uşağın dürüst olmağı valideynin də işinə yarayır.

Uşaq evdən pul oğurlasa, atasından-anasından xəbərsiz kiməsə qoşulub, özbaşına, hara gəldi getsə, valideynə də sərf etməz axı. Ona görə də istər dürüst adam olsun, istər nanəcib biri, adam yenə övladından dürüstlük istəyir. Heç kimə qarşı olmasa da, özünə qarşı bu dürüstlüyü istəyirsən.

“Ən böyük biclik elə düzlükdür!”. Uşaqlıqdan bütün doğmalarımdan bu məsləhəti almışam.
Aprelin 16-da 9-cu sinif buraxılış imtahanına gedən, nəzarətçilərin yoxlamasından keçərkən cibində heç bir telefon aşkarlanmayan 9-cu sinif şagirdi Nur Əhmədova da uşaqlıqdan inandığı, bildiyi, ona öyrədilən yoldan gedib. Dürüst davranıb. Qəfil soyuqlar düşdüyündən anasının təkidiylə qış kurtkasını geyinib, evdən tələsə-tələsə çıxaraq imtahan binasına çatan, məhz tələsiklikdən və həyəcandan cibində unutduğu köhnə Nokia telefonuyla (hansı ki, çoxdandır istifadə olunmurmuş, birtərəfli bağlıymış) imtahan zalına qədər buraxılan Nurun yeganə günahı sonradan üstündə özünün aşkarladığı telefonu imtahan nəzarətçisinə təhvil verməyidir. Uşaq heyrətlə soruşur: “Deməli, telefonu verməsəydim, axıra qədər gizlətsəydim, heç kim də xəbər tutmayacaqdı… imtahanı yazıb çıxacaqdım, başıma da bunlar gəlməyəcəkdi?”.

Uşaq imtahana girişdə yaxşı yoxlansaydı, bu həyəcanları yaşamayacaqdı halbuki.
Deyək ki, Nurun anası da diqqətsiz olub həmin gün. Həyəcanlı olub, təlaşlı olub, qızının üst-başına nəzarət etməyib, köhnə telefonun uşağın cibində qala biləcəyini ağlına gətirməyib. Ancaq bu telefon uşağın cibində imtahan zalına qədər gedibsə, nəzarətçilərin, yoxlayan işçilərin heçmi məsuliyyəti yoxdur? Niyə onların, böyük, yetgin adamların cəzası körpə uşağa kəsilir?

Axı o, imtahanın başlanmağına hələ 1 saat 10 dəqiqə qalmış telefonu əliylə nəzarətçiyə təqdim edib. Nur başına bütün bunların gələcəyini bilsəydi, o telefonu yəqin ki, heç verməzdi.
Görəsən bundan sonra Nur bir də dürüst olacaqmı?

“Ən böyük biclik düzlükdür” deyən xalq başqa bir məsəldə də deyir ki, “düz düzdə qalır!” …
Hansı yolu seçməli?

Bəlkə, situasiyadan asılı olaraq düz olub-olmamağı seçmək lazımdır? Xalq bunu demək istəyir?! Elədirsə, deməli, hər zaman dürüst olmaq lazım deyil.

Bəlkə, biz uşaq yazarları, müəllimlər, valideynlər uşaqlara öyrətməliyik ki, düzlük yaxşı şeydir, ancaq situasiyadan asılı olaraq düz olub-olmamağa qərar vermək lazımdır. Nurun əhvalatı da bizə bunu öyrədir. Nurun oxuduğu məktəbdə yüzlərlə şagird təhsil alır. Onlar hamısı bu əhvalatdan xəbərdardır. Artıq ölkədə çox uşaq bu əhvalatdan agah olub.
Onlar bu əhvalatdan nəyi öyrəndilər?

DİM necə bir dərs keçir?
Birinci çıxarılan nəticə odur ki, son dərəcə ehtiyatlı olmaq lazımdır! Bəli, imtahana gedərkən son dərəcə ayıq-sayıq olmalısan ki, üstündə bu cür şeyləri unutmayasan. Telefon, qulaqcıq və s. kimi. Çünki aşağıda yaxşı yoxlanmaz, yuxarı apararsan, orda necəsə bir vəziyyət olar, sonra heç kimi inandıra bilməzsən ki, bu əşyadan xəbərin yox idi, bilərəkdən gətirməmisən.

İkinci çıxarılan nəticə isə budur: hər zaman dürüst davranmaq olmaz! Bəzi vəziyyətlərdə dürüstlük ziyan gətirir.
Azərbaycanlılar küçədə yaralı görsələr, maşınlarını saxlamırlar, gözlərini yumub keçib gedirlər ki, birdən şərə düşərlər. Deyərlər elə sən özün vurmuşdun adamı. Atamı bir neçə il qabaq gecə küçədə maşın vurmuşdu. Atam zarıya-zarıya səhərə qədər asfaltın kənarında qalmışdı, bir maşın saxlayıb atama kömək eləməmişdi. Hətta bir nəfər maşınını saxlayaraq uzaqdan yaralı atama baxmış, sonra yenidən maşınına minib uzaqlaşıbmış. Atam yarıhuşsuz vəziyyətdə olsa da, bunu yaxşı xatırlayır. Çünki onda atam necə sevinibmiş, necə ümidlənibmiş ki, indi ona kömək edəcəklər. Nəhayət atam özü sürünə-sürünə kənara düşərək sökülüb dağılan telefonuna çatmış, biləkdən sınan əlləriylə telefonu güc-bəla quraşdıraraq, anama zəng eləmiş, hadisənin olduğu yeri başa salmış, sonra özündən getmişdi. Anam gəlib onu yaralı vəziyyətdə küçədə tapanda artıq dan yeri sökülürmüş. Bu müddətdə bir Allah bəndəsi tapılmamış ki, atama kömək eləsin, onu xəstəxanaya çatdırsın.

Oğurluq görsələr, susurlar, deyirlər, birdən özümün boynuma atarlar.
Kiminsə döyüldüyünü, öldürüldüyünü görürlərsə, səslərini çıxartmadan, gizlicə sivişib qaçırlar. Ona görə ki, birdən cinayət üstlərinə qalar.

Bir sözlə, biz azərbaycanlılar bir-birimizə inanmırıq! Təmiz adamlar olduğumuza inamımız o qədər azdır ki, kiminsə doğrunu deyə biləcəyinə qətiyyətlə şübhə edirik.

DİM-in mətbuat katibinin mətbuata açıqlamasını oxudum, başa düşdüm ki, o da azərbaycanlıların səmimiyyətinə inanmır, fikirləşir ki, 15 yaşında körpə bir qız bala imtahan zalına cibində unutduğu telefonla giribsə, onu cibindən çıxardıb veribsə, mütləq qorxusundan təhvil verib. Başa düşüb ki, istifadə edə bilməyəcək, ona görə çıxarıb verib. İnanmırlar ki, bir uşaq, həqiqətən də, dürüstlüyündən, saflığından o telefonu çıxardıb verə bilər.
Görəsən, Nur qarşısındakı uzun ömür boyu indiki kimi dürüst ola biləcəkmi? Nurun rəfiqələrinə, dostlarına, məktəb yoldaşlarına bu əhvalat necə təsir edir? Onlar hamısı təəccüb içindədirlər. Deməli, dürüstlük ziyan gətirə bilərmiş!
Nuru tanıyan hər kəs, dostları, yoldaşları qızı qabaqlarına qoyub danlayırlar: “Bu iş ki başına gəlmişdi, gərək susaydın, telefonu verməyəydin! Onda iş bu yerə də gəlib çıxmazdı!”.

Bəlkə, Nur da ürəyinin dərinliklərində telefonu çıxarıb verdiyinə, susmamağına peşmandır.
Bu imtahan adi bir imtahan olmaqdan çıxdı Nur üçün, bəli! Ömrü boyu unuda bilməyəcəyi bir imtahan, pis bir ibrət oldu. Həm Nura, həm də Nurun yaşıdlarına! Allah eləməmiş kimi, sabah Nur və onun yaşıdları elə bir vəziyyətdə dürüstlüyü yox, susmağı seçərlər ki, bu, təkcə özlərinin, yaxınlarının həyatına təsir etməz, bütöv bir xalqın, bütöv bir elin həyatına təsir edər.

Əziz DİM, əziz Məleykə xanım Abbaszadə, sizdən xahiş edirik, bir körpənin ümidlərinin, arzularının qırılmağına yol verməyəsiz! Nur qızımızın imtahan verməsi üçün şərait yaradasız, ona bir şans verəsiniz! Qoy Nur da, Nurun dostları da inansın ki, dürüst olmaqdan heç kimə ziyan gəlməz, düz düzdə qalmaz bu gözəlim ölkədə!


# 4540 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #