Məktəbdə uşaqlara dərs keçilirmi? - Həmid Piriyev

Məktəbdə uşaqlara dərs keçilirmi? - Həmid Piriyev
16 sentyabr 2024
# 18:45

Kulis.az Həmid Piriyevin yeni yazısını təqdim edir.

Mən oxuyan məktəb binası köhnə idi. Rusların “П” hərfinə oxşayan birmərtəbəli binanın iki qolu məktəb idi, bir qolu bağça. Binanın neçənci ildə tikildiyini bilmirəm, amma qardaşlarım da burda oxumuşdu, atam da, hələ deyəsən, nənəm də.

Yadınızdadır da, o köhnə məktəblərin binaları. Bayırdan çınqıllı mala çəkib üstünü ağardırdılar, içinin döşəməsi parket, siniflər yarıyacan göy rəngdə, yarıdan yuxarısı ağ, üstünə inisiallar cızılmış, dəfələrlə laklanmış köhnə partalar, iri, qara yazı taxtaları.

İçəridən həmişə nöyüt iyi gəlirdi. Bir də silgilər var idi, yazı taxtalarını sildiyimiz, həyətdəki tut ağacına çırpıb təmizlədiyimiz silgilər. Adətən, əmək dərsində qızlara tikdirib içini pambıqla doldururdular. Tutun gövdəsinə o qədər silgi çırpmışdılar ki, təbaşirin tozu canına işləmişdi, nə yağış yuyurdu, nə də gün qurudurdu.

Mən yeddinci sinifdə oxuyanda təzə məktəb binası tikməyə başladılar. Orda cəmisi bir il oxudum – doqquzuncu sinfi. Sonra məktəbdən çıxdım.

Başqa şey demək istəyirəm. O vaxt mən birinci sinfə gedəndə adam az olurdu məktəbin həyətində. Hər uşağın yanında bir nəfər gəlirdi – anası, ya nənəsi. Qonşuluqda iki uşaq birinci sinfə gedirdisə, işi olan qonşuya tapşırırdı uşağı, yuxarı sinifdə oxuyan qardaş-bacısıyla gələn də olurdu.

Bu gün səhər işə gəlməkçün evdən çıxanda gördüm, kəndin içi tıxacdı. Axırıncı dəfə dəniz sezonunun axırıncı günü belə tıxac olmuşdu kənddə. Məktəbin qabağında o qədər maşın vardı ki, allah göstərməsin. Hər uşağın da yanında azı beş nəfər. Maşını şarla-zadla bəzəyənlər də vardı. Maşını olmayanlar da piyada düşmüşdülər küçənin canına. Uşaq gedirdi, dalınca da beş-altı adam. Elə bilərdin, uşaq böyükləri məktəbə aparır. Məktəbin həyətində bilirsiniz nə qədər valideyn vardı? Ümumi məktəbdə oxuyan uşaqlarla məktəbin müəllim heyəti var ha, bax, onların cəmindən üç-dörd dəfə çox. Bax, bu ölsün.

Bahalı-bahalı buketlər, hədiyyələr və s. də öz yerində.

Bilirəm e, hamı sevinir ki, uşağım məktəbə gedir. Təbiidi və normaldı. Amma bu qədər şişirtməli bir şey deyil axı. Sabah vatsap qrupuna yığılmalı pul məbləğləri yazılanda da belə sevinəcəksiniz, görəsən?

Əsl məsələ təhsilin səviyyəsidi. Biz, yuxarıda dediyim kimi, şəraitsiz məktəbdə oxumuşduq. Qışda istilik olmurdu, qalın gödəkcələrlə oturub barmaqlarımız dona-dona yazırdıq, isti havalarda da tər-su yuyub aparırdı bizi. Amma oxuyurduq. İndi kondisionerli, “atapleni”li siniflərdə keçirlər dərsi. Hər tərəf tərtəmiz, çiçək kimi. Amma uşaqlar oxuyurmu? Müəllimlər əvvəlki kimi dərs keçirmi?

Məncə, yox.

Birincisi, bizim vaxtların üçalan uşaqları indiki əlaçılardan daha çox bilirdi. Müəllimlər ürəklə keçirdilər dərsi, həqiqətən öyrətməyə çalışırdılar (hələ bir dəfə ibtidai sinif müəllimimiz demişdi ki, mən çeynəyib verirəm, siz udursunuz; iyrənmişdim onda).

İndi bəs?

Məktəbə gedən qohumlardan çox soruşmuşam, hamısı da aşağı-yuxarı eyni şeyi deyir. Bu gün müəllimlər öyrətmək həvəsində deyil. Dərsimi keçim, oxuyan oxusun – fikri ilə müəllimlik olmur. Əlbəttə, hamıya aid deyil bu, amma əksəri belədir axı. Dana bilmərik.

Ona görə beşinci sinfə çatan kimi uşağı qoyurlar hazırlığa. Hər ay yüz manatlarla pul tökür valideynlər uşağın oxuması üçün. Vallah, mən oxuyan vaxtı hazırlıq-zad yox idi. Çox da qədim keçmişdən danışmıram, iyirmi-otuz ilin söhbətidir. Dərs də oxuyurdu, universitetə də girirdi uşaqlar. Elə bizim sinifdən neçə nəfər ali təhsil aldı. Hazırlıqsız-filansız.

Bir də ki, bizi indikilər kimi yükləmirdilər. Beş-altı kitab, beş-altı dəftərlə yola verirdik tədris ilini. Bizim vaxtımızda test-zad da yox idi. İndi uşaqlara birinci sinifdən neçə dənə test aldırırlar, ay allah. Məktəb çantasını ağırlıqdan daşımaq olmur. Bəs nəticə?

Nəticəni bilmək üçün televizordakı bilik yarışmalarına, məktəblilər arasında keçirilən viktorinalara baxmaq kifayətdir.

Hə, əvvəl valideynlər bir qədər etinasız yanaşırdı məktəbə. Amma təhsil var idi. İndi isə əksinədir. Əzbərçi, analiz qabiliyyəti olmayan gənc nəsillə üz-üzəyik...

# 1272 dəfə oxunub

Oxşar xəbərlər

Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
#
#
# # #