“Matəm və bayram günlərində TV-lərin yadına milli kinomuz düşür” – Rejissor kanalları yıxıb-sürüdü

“Matəm və bayram günlərində TV-lərin yadına milli kinomuz düşür” – Rejissor kanalları yıxıb-sürüdü
1 noyabr 2023
# 21:00

Müstəqillik dövründə Azərbaycanda çəkilmiş çox az sayda filmimizin telekanallarda nümayişini görmüşük. Yüzlərlə filmdən yalnız üç-dördünü xalq tanıyır və sevir. Halbuki Sovet dövründə çəkilmiş Azərbaycan filmlərinin bütün replikalarını orta yaşlı insanlar əzbər bilir desək, yanılmarıq. Bu gün beynəlxalq festivallara gedib, mükafatlarla qayıdan çoxlu sayda filmlərimiz var ki, Azərbaycan tamaşaçısı onu görmür. Görmək, təbliğat üçün ən yaxşı yer teleməkandır. Amma bu platformada müxtəlif ölkələrin və yerli istehsalçılarımızın seriallarını, əyləncə proqramlarını görürük, öz filmlərimizi yox. Niyə?

Lent.az bu suala Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarovdan cavab almağa çalışıb:

- Əli İsa bəy, nə üçün yeni filmlərimiz köhnə Azərbaycan filmləri qədər populyar deyil, biz onları demək olar ki, görmürük?

- Telekanallarımız Azərbaycan kinosuna ögey münasibət bəsləyir. Bu son illər belədir. Azərbaycan telekanalları bayağı musiqi və səviyyəsiz əyləncəyə aludə olublar. Ona görə bizim kinomuzun problemləri, uğurları barədə telekanallarımızda məlumata rast gəlinmir. Yalnız AzTV və İctimai Televiziya istisna olmaqla. Qalan özəl kanalların başları qeyri-peşəkar zövqsüz verilişlərə qarışıb, milli kinomuz yadlarına düşmür. Klassik filmlərimizi də təbliğ eləmirlər. Bu gün artıq bir nəsil formalaşıb ki, onlar “Qayınana”, “Dədə Qorqud”, “Uzun ömrün akkordları”, “Babək”, “Əhməd haradadır?”, O olmasın bu olsun”, “Qəm pəncərəsi” kimi maraqlı filmləri görməyiblər, bilmirlər. Bu filmlərimizlə biz tariximizi öyrənmişik.

- Filmlərimizin təbliği ilə bağlı hansısa addım atmaq olarmı?

- Azərbaycan Kinematoqrafçılar İttifaqı bir təklif irəli sürdü. Milli Televiziya və Radio Şurasına təklif verdik ki, (indi bu şuranın adı Audioviziual Şuradır) telekanalların qarşısında Azərbaycan filmlərinin nümayişinin aşağı kvotasını qoysun. Yəni tutaq ki, həftə ərzində müəyyən sayda film göstərilsin. Yoxsa yalnız 20 Yanvarda, Xocalı soyqırımı günündə, hansısa bayram və ya tarixi günlərdə milli filmlərimiz yada düşür, onda da ya “Dədə Qorqud”u, ya “Babək”i göstərirlər. Başqa heç nə. Müstəqillik illərində çəkilmiş yüzlərlə bədii, sənədli, qısametrajlı film efir üzünə həsrət qalıb. Təəssüf ki, telekanallarımızda kino siyasətinə məsul olan şəxslər, proqram direktorları milli kinomuza biganədirlər. Onlara elə gəlir ki, yalnız musiqi ilə reytinq əldə etmək olar, Azərbaycan tamaşaçısı bütün gün çalıb-oynamaq istəyir. Bizim tamaşaçılarımız Azərbaycan kinosunun pisini də, yaxşısını da görmək istəyir.

- Təklifiniz qəbul olunmadı?

- Biz bu təklifi mətbuat vasitəsi ilə səsləndirdik. Azərbaycan Kinematoqrafçılar İttifaqı və Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev tərəfindən səsləndirildi. Rəsmi məktub göndərməmişik. Şura hər dəfə dil xətaları ilə bağlı problemlərə münasibət bildirir, hansısa qalmaqal olanda ona cavab verir, bizim təklifimizə cavab verilmədi, susdular. Kinomuza diqqət ayrılmalıdır. Kinomuz qələbəmizdə rol oynayıb. Qəhrəmanlarımızı, keçmişimizi filmlərimiz tanıdır, göz önünə gətirir.

- Sizcə Audiovizual Şuranın özəl telekanallara təsir imkanları nə dərəcədədir?

- Şurada müəyyən təsir mexanizmlər var. Xüsusilə dövlət istehsalı olan filmlərimizin nümayiş etdirilməsi üçün təsir göstərə bilər. Özəl kanalların mülkiyyət forması özəldir, şəxsidir, amma onların istifadə etdiyi efir dalğaları ictimaidir, dövlətindir. Xalqa məxsus efir dalğasından istifadə edən özəl telekanalın borcudur ki, dövlətin maliyyə ayırıb çəkdiyi filmi təbliğ etsin, tanıtdırsın. Bir-iki dəfə yox, dəfələrlə göstərilməlidir. Bu gün hər sözünü, cümləsini əzbər bildiyimiz o məşhur filmlərimizin hər birini Sovet dövründə dəfələrlə nümayiş etdirirdilər.

- Azərbaycan filmləri istər yeni, istər köhnə filmlər olsun, telekanllarda nümayiş olunanda istehsalçılya qonorar ödənilir?

- Kinorejissorlar Gildiyasına cüzi bir məbləğdə qonarar ödənilir. Bu dünyada böyük məbləğdir, bizdə isə təxminən 60-100 manat təşkil edir. Gildiya həmin qonorarı sağdırsa rejissorun özünə, yoxdursa onun ailə üzvlərinə ödəyir.

- “Ən yaxşı Avropa filmi” nominasiyasında festivala qatılmış “Suğra və oğulları” telekanallarda və ya kinoteatrlarda yayımlanıb?

- Yox. Çünki film təzədir. Müsabiqələrə, festivallara göndərilir. Beynəlxalq qaydalara əsasən, müsabiqələrə çıxarılan filmlər televiziyalarda göstərilmiş filmlər olmalı deyil. “Azərbaycan” və “Nizami” kinoteatrlarında filmin nümayişini, təqdimatını təşkil etdik. 2-3 ay sonra telekanallara çıxacaq.

- Bəs kinoteatrlarımızın Azərbaycan filmlərini nümayiş etdirmək səviyyəsi sizi qane edir?

- Kinoteatrlarımızdan narazılıq edə bilmərik, sahibkarlar özəl şirkətlər olsa da, filmlərimizi dəstəkləyirlər. Hətta bəziləri film istehsalına pul ayırırlar. Amma dövlət mülkiyyətində olan “Nizami” kinoteatrı siyasətindən Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq narazıyıq. Bu kinoteatrda bilet qiymətləri yüksək də olsa, aşağı da olsa Azərbaycan filmləri göstərilməlidir. Uşaqlar üçün Azərbaycan dilində bədii film, cizgi, animasiya filmlərinin nümayişi üçün xüsusi zal ayrılmalıdır. Özəl kinoteatrlardan bunu tələb edə bilmərik, amma dövlətə məxsus “Nizami” kinoteatrında bu mütləq olmalıdır.

# 1383 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #