"Massonların işi” söhbətinin lotu-potuları – Aqşin Yenisey yazır...

"Massonların işi” söhbətinin lotu-potuları – Aqşin Yenisey yazır...
31 mart 2023
# 11:20

Kulis.az Aqşin Yeniseyin ““Yuyulan beyin” daha çox “su” istəyir” adlı yazısını təqdim edir.

Adətən, insanlara maddi, mənəvi mənfəət, etibar qazandıran uydurma ideologiyalar haqqında tənqidi bir söz dedikdə, bu ideologiyalardan yarar güdənlər "milyonlarla insan” adlı "səsboğucu” ictimai bir qaz növündən istifadə edirlər.

Çox maraqlıdır ki, bu gün ictimai mühitdə caduya, falçıya, çöpçüyə, inəyə inanan həmin o "milyonlarla insan” cahil zümrə kimi təqdim olunsa da, məsələ, siyasətə, iqtisadi maraqlara, dini inanclara gələndə meyara, ölçüyə çevrilir.

Hitlerin ideoloji müəllimi Gebbels deyirdi ki, insanlıq olaraq hər gün müharibə etmiriksə, bunun səbəbi yüksək əxlaqımız deyil, mənfəətlərimizdir. Əxlaq dediyimiz mənəvi kamfulyajın üzünə siqaret tüstüsü kimi çox cəsarətlə üfürülmüş sözlərdir. Çünki mənfəətlərə xələl gəldikdə, insanın ilk növbədə əxlaqdan imtina edib müharibəyə əl atdığı ta daş dövründən bəri bilinən bir gerçəklikdir.

Müsəlmanın "o günü” "Pentaqon və Hollivud aforizmləri” başlıqlı bir yazı çıxdı qarşıma. Yazıda məhz Pentaqon və Hollivudun, yumşaq desək, torpağı eyni ocaqdan götürülmüş ər-arvad kimi əl-ələ, səs-səsə verib dünyada beyin yuma işlərini necə apardıqlarından faktlarla danışırdı müəllif. Biz, adətən, bu cür faktları "massonların işi”, yaxud "Amerikanın oyunu” kimi bizi psixoloji olaraq rahatladan konspiroloji yumor hissimizin gücü ilə aşağılayıb, sanki özümüzü böyük şeylərə baş qoşmamaqla onları kiçildirmiş kimi göstərib diqqətdən yayındırırıq. "Massonların işi” söhbətinin nə qədər lotu-potusu var bizim dərələrdə. Amma ortada həm də gizli işlər var, ortada ölü dirildən Şeyx Nəsrullah var, bu iddiaya qurban verilən körpə qızlar var, ölülərinin dirilməsini istəmədəkiləri üçün ictimai şüurda Şeyx Nəsrullahın ölü dirildə bildiyinə heç bir şübhə yeri qoymayan bədbəxtlər var.

"Massonların işi” məsələsi eynən "Ölülər” əsərinin problematikası kimidir. Ölü dirildə bildiyini iddia edən Şeyx əvvəl-axır ona görə bir ölü belə diriltmir ki, sadəcə, ölü dirildə bilmir, ona görə diriltmir ki, bunu ölülərin yaxınları istəmir, çünki hər ölünün arxalarınca min cür zibil qaynadıblar. Ölülərin dirilməməsi Şeyxin ölü dirildə bilmədiyinə görə baş tutmur, əksinə, Şeyx axıra qədər gözləyir ki, bir adam sözünün üstündə dursun və pul verib axıracan onu öz ölüsünü diriltməyə məcbur etsin. Amma belə birisi tapılmır. Şeyx Nəsrullahın ölü dirildə bilmə bacarığı bu gün də öz inandırıcılığını qoruyur. Şeyx diriltməyə gəlmişdi, biz razı olmadıq.

Eynən "massonların işi”nə yanaşma da bu şəkildədir, ortada iş var, iş sahibi var, amma milyonlarla insan əsl həqiqətin üzə çıxmasını istəmir. Sanki; məsələn, milyonlarla uşağın ölümündə, ac yaşamasında özünün daşıdığı bir məsuliyyətin olduğunu bilir və "massonların işidir” deməklə bu məsuliyyətdən yayınır.

"Ölülər” əsərində İrəvan quberniyasının əhalisi Şeyx Nəsrullah qarşısında özünü necə aparırsa, dirilər dünyasında da "milyonlarla insan” özünü "massonlar” qarşısında o cür aparırlar.

Hələ 1950-ci ildən üzü bəri Hollivud və CIA-nın eyni ssenarilər üzrə beyin yuduğu haqqında dünya mediasında yazılar yazılır. Subliminal mesaj mərkəzi kimi işləyən bu iki təşkilat insanlara nə edirsə, saniyənin iyirmidə biri qədər keçən zaman ərzində edir ki, bunu da şüurla görmək mümkün deyil. Yazıq insanlarda da günah yoxdur, bir üzünə baxanda.

"Ölülər” əsərində də şüur iştirak etmirdi. Bir qırıq şüur vardı, o da kefli olurdu həmişə.

ABŞ mediasının 90 faizinin 6 şirkətə məxsus olması da "hər şey Amerikanın oyunudur” deyənlərin diqqətində olmalıdır, amma deyil. Dünya bu "demokratik media” şirkətləri ilə idarə olunur. Şeyx Nəsrullahın "ölüdiriltmə” məsələsində də Şeyxin özündən çox, ətrafı daha böyük canfəşanlıq göstərirdi. Hətta bəlkə, Şeyx başına da bu fikri ətrafı soxmuşdu.

"Soyuq müharibə”nin ən qaynar illərinin birində - 1968-ci ildə dünyanın dörd ölkəsi dörd sualtı qayığını qəribə bir şəkildə itirdi. Bu sualtı qayıqlardan biri Rusiyanın (keçmiş SSRİ-nin) idi - K-129.

Daha qəribəsi isə bu idi ki, Havay adalarının yaxınlığında yoxa çıxan bu sualtı qayığın əhvalatının üzə çıxmasına (bəlkə də, çıxmamasına) ruslardan çox amerikalılar pul xərclədilər. 100 metr uzunluğunda, 8 metr enində olan bu böyük sualtı qayıq Havay adalarının qərbində sahilə çıxmış və raketlə vurulmuşdu.

Niyə çıxmışdı, niyə vurulmuşdu, işin içində Çinin adı niyə hallanırdı? "Dərin dövlət”lər, "masonların işi”, "Amerikanın oyunu” kimi konspiroloji fərziyyələr havada uçuşdu. Və rusların K-129 sualtı qayığının əsl əhvalatı müəmma olaraq qaldı. Nəticə: ABŞ öz universitetlərinə dənizlərdə mədən axtarmaq üçün icazə verdi. Dünya daha bir "ölüsünün” dirilməsini istəmədi.

ABŞ ordusunun İkinci Dünya müharibəsində alman və yaponların əleyhinə, rusların isə lehinə Hollivuda filmlər sifariş etdiyi kinosevərlərin məlumatlı olduğu bir hadisədir. Sonra eyni sifarişlər anti-kommunizm əleyhinə ruslara qarşı işə düşdü. Hollivud Pentqanun qlobal planlarının bədii davamı kimi çəkib "doldurdu düzü, dünyanı”.

Az fikir verilən daha bir məqam; kimsə bu cür sifarişli filmlərdə sənət meyarı axtarmaz. Hətta Hollivud ideoloji bulaşığı olmayan, beyin yumaq məqsədi daşımayan sənət əsəri yaratmağa cəhd etdikdə hər dəfə öz izləyicilərinin böyük bir qismini itirir. Çünki artıq hollivud tamaşaçısı da ondan başqa şey, həm də sənət olmayan bir şey gözləyir. Sənət həqiqətə söykənir, Hollivud isə öz həqiqətini sənətin dilindən çatdırır. Dolayı yolla insanları "sənət olan həqiqətdir”, yoxsa "həqiqət olan sənətdir” çaşbaşlığı ilə elə bir dolaşığa salır ki, tamaşaçı bu məsələni öz beynində həll edib qurtarana kimi, İraq xaraba qalır.

"Yuyulan beyin” daha çox "su” istəyir.

Qurucu ataları ateistlər olan ABŞ modern imperialistdir! Beyinləri "mifik, etik köpüklərlə” deyil, "estetik, praqmatik köpüklərlə” yuyur. Öz həqiqətini sənətin dilindən car çəkir. Ələ keçirmək istədiyi beyinləri sənətlə yuyur, demokratiya ilə qurudur.

"Sənətin həqiqəti” ilə "həqiqətin sənəti” ayrı-ayrı məsələlərdir. Məsələn, Soljenitsın gördüyünü yazırdı, Kafka yazdığını görürdü. Sojenitsının gördüyü həqiqət ölən kimi sənəti də öldü, Kafkanın yazdığı həqiqət isə şəkildən-şəklə düşərək hələ də yaşayır. Əsl sənət heç vaxt görünən həqiqətin yanında olmayıb, heç vaxt ona qulluq etməyib. Görünən həqiqət sırınan həqiqətdir, məqsədi beyin yumaqdır, mənfəət dəllallığı etməkdir. Əsl sənət özü özünün həqiqətini yaradıb həmişə. Sənətin heç vaxt görünən-sırınan həqiqətə ehtiyacı olmayıb, əksinə, görünən-sırınan həqiqət həmişə ona əl açıb.

Və əsl sənət kimi, əsl həqiqətin də heç vaxt milyonlarla fanatı, heyranı olmayıb.

Milyonların tapındığı görünən-sırınan həqiqətlər olub həmişə, Hollivud tamaşaçılarının həqiqətləri kimi...

qaynarinfo

# 2180 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #