Mart çıxdı, dərd çıxmadı

Ümid Nəccari, yazar

Ümid Nəccari, yazar

10 mart 2023
# 12:00

Kulis.az Ümid Nəccarinin “Mart çıxdı, dərd çıxmadı” adlı yeni yazısını təqdim edir.

Səhər-səhər Cəfər Cabbarlı metrosunda qatar gözləyirəm. Yanımda Qatar gözləyən orta yaşlı bir xanım telefonla hündürdən danışır:

– Xala qurban, bir az səbirli olun, sən xalaya inan, mart çıxdı, dərd çıxdı!

Qadının arxasında dayanan eynəkli qız diqqətlə xalanın sözlərinə qulaq asır və gülümsəyir. Nə bilim, bəlkə, xalanın dediklərinə gülürdü, bəlkə də, səmimi intonasiyasına.

Qatar gəldi, mindik, ancaq xalanın sözləri məni düşündürdü. Mart ayı ilə dərdin arasında nə əlaqə ola bilər, yoxsa inanmaqla dərd azalırmı, görəsən?

İnanmaq həyatda bir çox ağır maneələri keçmək üçün yaxşı anlayışdır, ancaq insanı avam və kölə saxlayır. İnsan inanır və gerisini inancın başına həvalə edir. İnanmaqla bir ömür qul olmağına qol çəkirsən. Misirdə Fironların arzularını gerçəkləşdirmək üçün minlərlə insanın ömür boyu daş daşıması kimi inanmaq!

***

Elə qatarın rels üzərindəki ritmi ilə qoca Rasselin sözləri ağlımın ucundan keçdi: “Düşünmək inanmaqdan çox çətindir. İnsanlar rahat yolu seçməyə üstünlük verirlər”. Bəli, rahatcasına inanmaq və düşünməkdən imtina etmək.

***

Qatardayam, düşünürəm... görəsən, bir gün insanın dərdini bu mart ayı götürəcəkmi?! Bu gənc yaşımda 33 mart ayını gördüm, ancaq dərdin azalmasını yox. Ya bizim dərdimiz böyükdür, ya da xalanın mart ayı çox qocalıb.

Burada liviyalı yazıçı Əmin Məlufun sətirlərini zehnimdə canlandırıram:

“Ey kədər, bizim sinəmizə dirədiyin dizlərin ağrımadımı?!”

İnsanlar tələsərək, bir qarın ac, bir qarın tox bu qatarın arxasıca qaçırlar. Hər vaxt metroya düşürsən, qatar insanlarla doludur, hamı tələsir, hamı gecikib. Adamlar həyatını bu qatarların ritminə kökləyiblər, maşın kimi canlarını sürüyürlər bu şəhərin küçələrində...

Bunları düşündüyüm vaxt yanımda bir uşaq oturur. Üzümü ona çevirirəm. Dəcəl bir oğlan uşağıdır, yamyaşıl gözləri var. Ayaqlarını yerə çırpır. Dodağında gülüş. Dərddən xəbərsizcəsinə yaşayır uşaqlığını. Uşaq qalxıb gedir, yerində bir ucaboylu qadın əyləşir, qaşqabaqlı. Niyəsə onun çox eqoist və təkəbbürlü olduğunu düşünürəm... Oturanda parfümünün iyi burnuma dolur, gözəl, xoş ətirdir. Təzadın gözəlliyini düşünürəm: acı baxışlı qadının şirin ətirini...

Arada özümə gəlirəm, bir xalanın sözünü bu qədər düşündüyümə görə özümü qınayıram. Deyirəm, kaş insan istədiyi vaxt düşünməməyi bacara bilə, amma bacara bilmir.

İnanmaq yoxsa düşünmək?

Nitşe deyir ki, “Tanrı bizi yaradıb, yoxsa biz Tanrını? Bu kafirliyin sonu deyil, düşüncənin başlanğıcıdır”.

Məktəbdə müəllimimiz deyirdi, düşünün, sonra inanın, boş-boşuna iman gətirməyin. Sonra öyrəndim ki, düşünüb inananılası bir şey ola bilməz. Düşüncəyə boyanmış hər nə varsa, içində şübhə olmalıdır. Bütün sənayelərin inkişafı, tibb dünyası, modern texnikaların mayasında şübhə var. Şübhələr dərdi doğur, inanclar isə rahatlığı... Dərd, dərd, dərd...

***

Qatar saxlayır, hamı tələsərək çölə çıxmağa cəhd göstərir. Hamı çiyin-çiyinədir, hamı bir-birindən uzaq. Hər kəs öz dərdinin dalınca qaçır.

Eh... Mart da çıxacaq, aprel də, bu adamların dərdi azalmayacaq ki, azalmayacaq...

# 3724 dəfə oxunub

Oxşar xəbərlər

Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

15:00 14 mart 2026
Eynşteynin ən çox sevdiyi beş kitab - Siyahı

Eynşteynin ən çox sevdiyi beş kitab - Siyahı

14:13 14 mart 2026
"Bu hesaba 4500 dollar köçürün, sonra danışaq" - Yalçın İslamzadə İlbər Ortaylıdan yazdı

"Bu hesaba 4500 dollar köçürün, sonra danışaq" - Yalçın İslamzadə İlbər Ortaylıdan yazdı

12:55 14 mart 2026
“Sazın səsi, sözün nəfəsi” layihəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olundu

“Sazın səsi, sözün nəfəsi” layihəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olundu

12:17 14 mart 2026
İlber Ortaylının dəfn tarixi açıqlandı

İlber Ortaylının dəfn tarixi açıqlandı

10:30 14 mart 2026
İlber Ortaylı vəfat etdi

İlber Ortaylı vəfat etdi

16:55 13 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər