Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto

Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
7 dekabr 2019
# 12:30

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində əlilliyi olan şəxslərin də cəlb edildiyi teatr-studiyası tərəfindən hazırlanmış “Solğun çiçəklər” tamaşasının premyerası olub.

Kulis.az xəbər verir ki, tamaşanın premyerasında Mədəniyyət naziri Əbülfəs Qarayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, digər rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, incəsənət xadimləri iştirak ediblər.

Gallery

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin teatr-studiya ilə əməkdaşlığı çərçivəsində və nazirliyin dəstəyi ilə reallaşan layihə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılması və “Əlillik qüsur deyil” mesajının çatdırılmasına xidmət edir. Tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun “Solğun çiçəklər” dramı əsasında hazırlanıb.

Gallery

Əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət olan yaradıcı heyətin hazırladığı tamaşa böyük maraqla qarşılanıb.

Gallery

Səidə Haqverdiyevanın quruluşçu rejissoru olduğu və İqbal Əliyevin (quruluşçu rəssam), Vüqar Camalzadənin (musiqi tərtibatı), Elnur İsmayılovun (xoreoqraf), Elçin Əliyarovun (işıq rəssamı), Ruslan Axundovun (səs rejissoru) və digərlərinin birgə əməyi ilə hazırlanan tamaşada aktyor heyəti də özünün istedadlı ifası ilə seçilib. Türkay Cəfərli (Bəhram), Elnarə Qədimova (Sara), Xəqani Əliyev (Azad), Günay Əhməd (Pəri), Aysel Əlizadə (Dəniz), Ülviyyə Əliyeva (Gülnisə), Nazlı Əliyeva (Tamam), Cavid İbrahimov (Axund Fərəculla), Səma Məmmədova (Tibb bacısı), Rəsul Məmmədli (Vəkil), Rəsul Zəkiyev (Rəsul), Taleh İsmayılov (Əbdül), Zümrüd Qasımova (Vicdan), Rüxsarə Zeynalova (Bərbər), Şamxal Xələfli (1-ci Ruh), Rafael Mustafayev (2-ci Ruh), Nəsib Şamxalov (3-cü Ruh), Rüfət Şahpələngov (4-cü ruh) yaddaqalan, maraqlı aktyor ifaları ilə tamaşanın ruhunu, əsas ideyasını izləyicilərə dolğun şəkildə çatdıra biliblər.

Gallery

Əsərdə hiyləgər Gülnisə bir-birini sevən Bəhramla Saranı hiylə ilə bir-birindən ayırır və Bəhramı qızı Pəri ilə evləndirir. Həsrətə dözə bilməyən çarəsiz Sara xəstələnib yatağa düşür. Bundan sonra da Pəri Bəhramla Saranın görüşünə hər vəchlə mane olur və sonda Saranın ölümü ilə rahatlıq tapır. Bunu eşidən Bəhram bərk sarsıntı keçirərək sanki yuxudan ayılır və əsl sevgisini itirdiyini anlayır, bütün olanların səbəbkarı kimi Pərini görür, onu boğaraq öldürür. Sevimli Sarasının solan çiçəklərini də bağrına basaraq ona yas tutan Bəhram dəliyə çevrilir. Pərini səmimi məhəbbətlə sevən Azad və Saraya dərin rəğbəti olan Rəsul əsərin humanist obrazlarıdır.

Ümumilikdə tamaşa insanları sevginin saflığını, sədaqəti daim uca tutmağa çağırır.

# 3335 dəfə oxunub

Oxşar xəbərlər

Səidə Haqverdiyeva barədə xüsusi ittiham qaydasında şikayət üzrə qərar verildi

Səidə Haqverdiyeva barədə xüsusi ittiham qaydasında şikayət üzrə qərar verildi

18:08 2 mart 2026
Məşhur türk aktyor Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir

Məşhur türk aktyor Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir

18:00 2 mart 2026
Növbəti konsert: “Sazın səsi, sözün nəfəsi”

Növbəti konsert: “Sazın səsi, sözün nəfəsi”

17:40 2 mart 2026
“Sehrbazlar dərəsi”  romanı Pakistanda nəşr olundu

“Sehrbazlar dərəsi” romanı Pakistanda nəşr olundu

17:20 2 mart 2026
Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq

Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq

17:00 2 mart 2026
Yazıçı Zemfira Məhərrəmlinin yaradıcılığı Albaniya mətbuatında

Yazıçı Zemfira Məhərrəmlinin yaradıcılığı Albaniya mətbuatında

16:40 2 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər