Köhnə avtomobilin söhbəti - Vüsal Bağırlının hekayəsi

Köhnə avtomobilin söhbəti - Vüsal Bağırlının hekayəsi
2 noyabr 2023
# 13:17

Kulis.az Vüsal Bağırlının "Köhnə avtomobilin söhbəti" adlı yeni hekayəsini təqdim edir.

Eyvana çıxıram. Hava buludludur. Ətrafda qəribə səslər eşidilir.

“Tap-tap-tap”
“Tara-rap”.

Alnıma, əlimə, çiynimə soyuq damcılar düşür. Diksinirəm. Göyə baxıram. Deyəsən, yağış başlayır axı?!

Dayanıb diqqət kəsilirəm. Yox, səhv edibmişəm. Bu yağış damlaları deyilmiş, eyvan ipindən asılmış nəm paltarlardan, yenicə yuyulmuş köynək, kombinzon və şalvarlardan düşən oynaq damlaların aşağıdakı köhnə avtomobillə ritmik söhbətiymiş.

O, daim göz önündədir. Həmişə eyni yerdə dayanır. Hər gün onu görürəm. Evdən çıxıb harasa gedəndə, işdən qayıdanda....

Bəli, onu, beşmərtəbə “xruşşovka” ilə palçıqlı xəndəyin arasında qərar tutmuş üzgün görünüşlü köhnə “Moskviç”i...

Hər gördüyümdə anlayıram ki, onunla sərt və amansız davranılmış, avtomobil lazımsız dəmir qalağı, zibil yığını kimi həmişəlik tərk edilmişdir. O, hər gün, səhərdən-axşamadək ora-bura tələsən, şəhər sakinlərini acı tüstüylə boğan, qarın-qarına girərək hər yerdə tıxaclar yaradan modern avtomobillərlə rəqabət apara bilməyəcəyini anlayan sahibi tərəfindən atılmışdır.

Avtomobilin halı olduqca acınacaqlıdır. Qapısının biri əzilib, kapotu içəri batıb, müxtəlif iqlim dəyişikliyi, rütubət, külək və korroziyanın təsirində metal gövdə, torpağa yaxın hissələr çürüyüb, labüd aşınmaya məruz qalıb. Bəzi yerləri eybəcər hala düşüb, bəzi yerlərdə dəmir səthi toz basıb, bufer əyilərək sallanıb.

Məhəllədə futbol oynayan uşaqların çoxsaylı top zərbələri, korafəhm atılan sapand daşlardan arxa-qabaq şüşələr sınıb, çatlayıb, zədələnib. Təkərləri boşaldığına görə təbii müvazinətini itirmiş avtomobil, indi saya oturub batmaq üzrə olan gəmini, bir böyrü üstə əyilmiş məşhur Pizza qülləsini xatırladır. Onun içindən yağ, benzin və müşəmbə iyi gəlir.

Bütün üzücü, məyusedici məqamlara rəğmən, avtomobilin üzərində pozitiv, məzəli məqamlar da tapmaq mümkündür. Əgər ona yaxınlaşıb yan şüşəyə gözümüzlə qıyqacı baxsaq, əks şüşədə maraqlı illüziya oyunu, optik aldanış müşahidə edərik: obyektivdə yaranan ilğım həyətdəki çiçəkləmiş albalı ağacını çoxaldır, təsviri bir-birinin üstünə mindirir və qəribə, oynaq kaleydoskop əmələ gətirir.

Başımızı ehtiyatla tərpətdikdə ağaclar möcüzəvi şəkildə hərəkətə gəlir, sanki yallı gedirmiş sayaq fırlanırlar. Bir dəfə həyətdəki uşaqları yanıma çağırıb, tapıntımı onlara da göstərdim. Bu məzəli təsvir uşaqları həm əyləndirdi, həm də güldürdü.

“Moskviç” günlər, aylar, fəsillərlə silahlanmış zaman ordusu ilə daimi və əbədi döyüşdədir. Avtomobil vaxt çayının aramsız, sabit axınına tabe olsa da, arxayın, qayğısız ömür sürməyə çalışır. Pəncərə-gözün yorğun qırışlarını, yarıaçıq kapot-dodağın kənarındakı narahat büküşləri, ağır, sallaq döşləri, rezinlə dartılmış qarın və budları əvəz edən bufer, disk və deflektorlara külək, şaxta, fırtına belə təsir etmir.

Payızın əvvəlləri əsən tozlu küləklər maşının üstünü çirk təbəqəsiylə örtür. Bu zaman onun həqiqi rəngini seçmək, ayırd etmək çətin olur. Payızın sonlarında isə fasiləsiz yağan noyabr yağışı maşını yuyub təmizləyir, onu uzaq yaylaq səfərinə hazırlaşan yorğa kəhər ata bənzədir.

Qışın ayazlı, qarlı günlərində qoca avtomobil gecənin öldürücü sazaq-boranından xilas olmağa can atan evsiz-eşiksizlərə, “bomj”lara fərqli formatda xidmət göstərir, hostel statuslu havayı salonunu səxavətlə təklif edir. Neçə-neçə insanı amansız şaxtadan qoruyur, bahalı-ucuz həyatları ölümün labüd pəncəsindən xilas edir.

İsti fəsillərdə, havalar qızmağa başlayanda həyətdə oynayan uşaqlar köhnəlmiş maşının üzərinə dırmaşır, atılıb-düşür, müxtəlif dəcəlliklər edirlər. Yeniyetmə və gənclər onun ətrafına toplaşır, kapotun üstündə şahmat, nərd oynayır, yaxud banın üstünə dırmaşaraq ayaqlarını saya sallayıb siqaret çəkirlər. Zarafatlaşır, bir-birlərinə yumruq-təpik atır, aşıb-daşan tükənməz enerjilərini hədər yerə sərf edirlər.

Səhərlər səyyar meyvə-tərəvəz satıcısı alma, şaftalı, ərik yeşiklərini, göyərti torbasını, yetişmiş boranı və qarpizları kapot-piştaxtanın üzərinə düzür. Kepkasını gözünün üstünə basır, yerə çömbəlir və damağındakı tüstüləyən siqaretlə növbəti müştərini səsləyir.

Günorta toyuqlar, ördəklər, qazlar əyilmiş buferin saldığı ensiz tünd zolağa çəkilib dincəlirlər. Axşamlar isə orada yaşlı qadınlar, qoca arvadlar, ahıl, ələngə qarılar qərarlaşır. Onlar avtomobilin kölgəsində oturub tum çırtlayır, məhəllədə olub-keçmiş və baş verəcəklər barədə qeybətləşirlər.
Bir gün bütün gecəni əsən coşqun və azğın xəzri yaxınlıqdakı qoca küknarı köhnə avtomobilin üzərinə aşırdı. Avtomobil yoğun gövdənin, tozlu iynə yarpaqların arxasında görünməz oldu. Qonşu mənzili təmir edən fəhlələrlə köməkləşib, onu ağır yükün altından çıxardıq.

Mən “Moskviç”in yanında dayanıb, üst-başımı çırpıb təmizlərkən qəfil, qeybdən peyda olmuş helikopter-cırcırama diqqətimi cəlb etdi. Səsimi içimə çəkib tərpənmədim, onu ürkütməməyə çalışdım. Cınqırımı belə çıxarmadan, heykəl kimi donub qaldım. Həşərat isə məni vecinə almadan havada yarımdairə cızaraq, qövsvari aerodinamik hərəkətlə ehmalca kapotun üzərinə qondu. O, küləyin sərt nəfəsindən büzüşmüş, öz bozumtul şəffaf plaş-qanadlarına sıx-sıx bürünmüşdü.

Oynaq, zarafatcıl külək onun sarı-yaşıl gövdəsini tərpədir, cırcırama xoş təmas, incə nəvazişdən vəcdə gəlir, xoşhallanır, nazik ip qırığına oxşayan quyruğunu qarnına tərəf qıvırıb, axına uyğun titrətdirdi.

Birdən, fəhlələrdən birinin ehtiyatsız, qəfil hərəkəti - üzünümü qaşıdı, ya əlini alnınamı çəkdi - həşəratı qorxutdu. O, qanadlarını küləyin yüngül axınına təslim edərək havaya pərvazlandı, uçub məchulluqda yoxa çıxdı. Kapotun bozumtul narın tozun üzərində canlının kədərli, solğun izi qaldı.

Vaxt keçdikcə münasibətlər isinişməyə başladı və mən köhnə avtomobillə dost oldum. Səhər oynadıqda, axşam işdən qayıtdıqda, yaxud həyətə düşdükdə tez onun yanına gəlir, gün ərzində başıma gələnlər, müxtəlif hadisələr, gündəlik qayğı və problemlərdən danışıb ürəyimi boşaldırdım.

O da yöndəmsiz və sallağı oturuşuyla öz dərdini mənimlə bölüşür, bir vaxtlar ona tamaşa edənləri heyrətə salan, ağılları başdan çıxaran dövrlərdən qeyri-adi əhvalatlar nəql edirdi.

“Zavoddan yenicə çıxmış qırmızı “böcək” hər iki tərəfdən paslanmayan nikel ramkayla əhatələnib. Hər şey hamar və təptəzədir – qalın rezin şinlər, parıldayan xrom bamper. Massiv yan güzgülər yırtıcı bəbirin qulaqları kimi şəklənib, dimdikdir. Zil qara təkərli avtomobilin gözqamaşdıran metal örtüyü günəşin şəfəqlərində bərq vurur. Avtomobilin parıltılı hərflərlə yan qapılarına həkk olunmuş adı qibtə dolu baxışları qamaşdırır.

“MOSKVİÇ”

Sürücü dodağında xəfif təbəssümlə, gözlərindəki heyran baxışlarla ona yaxınlaşır, çömbəlib pencəyinin qolyula faraları silir. Ayağa qalxır, qapını ehtiyatla açıb, oturur, şəstlə dəri söykənəcəyə yayxanır. Sonra bir əlini pəncərədən çıxarıb, o biri əliylə sükandan yapışır.
Açar burulan an mühərrikimin həzin uğultusu eşidilir. Sürücü ayağını akseleratorun üzərinə qoyub, basınca avtomobil kiçik təkanla azacıq tullanır və hərəkətə gəlir.

Avtomobil böyük şəhərin əzəmətli, işıqlı, gen prospektlərində alışıb yanan faralarla, özündən razı görkəmlə şütüyür, gəlib-keçənlərə təşəxxüs satır. Qarşıdan gələn çoxsaylı avtomobilləri sevinclə qarşılayır, salamlayıcı siqnallar verir.

Onun üçün hər şey maraqlıdır - dolanbac küçələr, işıqlı prospektlər, geniş magistrallar - hətta kriminal qoxulu qaranlıq tinlər də...”

Köhnə “Moskviç” xoşbəxt düşüncələrə dalmışdı. Həmin an onun tam bir meditasiya vəziyyətində olduğunu, bütünlüklə öz düşüncələrinə qapıldığını anlayırdım. O, gözlərini yumaraq, nə açıq-aşkar etiraz, nə də itaətkarlığı büruzə verən duyğulu görkəmlə dayanmışdı.

Mən həssas məqamdan istifadə edərək ehtiyatla geri addımladım, kənara çəkildim və öz qəhrəmanımı ötən möhtəşəm günlərin şirin xatirələriylə baş-başa buraxdım.

# 1086 dəfə oxunub

Oxşar xəbərlər

Qulu Məhərrəmli:  "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə

Qulu Məhərrəmli: "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə

21:00 4 dekabr 2024
Elnarə Akimovanın yeni kitabı çap olundu

Elnarə Akimovanın yeni kitabı çap olundu

18:47 4 dekabr 2024
Füzuli ilə bağlı yeni kitab nəşr edildi

Füzuli ilə bağlı yeni kitab nəşr edildi

18:40 4 dekabr 2024
Akademik Milli Dram Teatrının dekabr repertuarı

Akademik Milli Dram Teatrının dekabr repertuarı

16:56 4 dekabr 2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi

Azərbaycanlı gənc yazıçı vəfat etdi

15:40 4 dekabr 2024
"Səriyyə" filmi təqdim edildi

"Səriyyə" filmi təqdim edildi

14:25 4 dekabr 2024
# # #